AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Baydenin Cənubi Qafqaz siyasəti necə olacaq?

Baydenin Cənubi Qafqaz siyasəti necə olacaq?

Təfsilat
25 Dekabr 2020, 17:00 296
ABŞ-ın yeni prezident regiondakı reallığı qəbul etmək məcburiyyətindədir 
 
 
Donalda Trampın Co Baydenlə əvəzlənməsinin, tək ABŞ daxilində deyil, xarici siyasətdə də köklü dəyişikliklərə səbəb olacağı şübhəsizdir. Bu siyasət ABŞ-ın yaxın qonşularından tutmuş ən ucqar yerlərə kimi təsirsiz ötüşməyəcək. Yeni administrasiya son dörd ildə Birləşmiş Ştatların sürətlə düşən qlobal mövqelərinə qarşı mübarizə aparacaq. Co Baydenin siyasi keçmişini və onun son bəyanatlarını nəzərə alsaq, ABŞ-ın xarici siyasəti əsas etibarilə qlobal liderliyə, beynəlxalq nizamın müdafiəsinə əsaslanacaq. Geosiyasi səviyyədə başlıca əhəmiyyət kəsb edən məsələ Avrasiyada qüvvələr balansına əməl edilməsi olacaq. Bu  da o deməkdir ki, 2017-ci il Milli təhlükəsizlik və 2018-ci il Milli müdafiə üzrə strategiyalar Vaşinqtonun xarici siyasətində əsas prioritet olacaq. Daha çox diqqət Çin, İran və Rusiya kimi dövlətlərlə rəqabət üzərində qurulacaq. Bu həm də o deməkdir ki, Tramp administrasiyasından fərqli olaraq Baydenin dövründə Amerikanın dünya boyu hərbi ittifaqlarda, o cümlədən NATO-da rolu və tərəfdaşlığı artacaq. NATO-nu "köhnəlmiş təşkilat” adlandıran Trampdan fərqli olaraq Bayden vəziyyəti nizamlamağa, Alyansın dünya işlərində rolunu qeyd etməyə çalışacaq. NATO-ya dəstək o demək olacaq ki, Rusiyanı Şərqi Avropada (ola bilsin Cənubi Qafqazda da) qarşısını almaq üçün daha çox alətlər ortaya çıxacaq. Belə bir mövqe Baydenin Rusiyaya qarşı sərt mövqe tutacağına işarədir. O, Rusiyanı birbaşa "düşmən” və "təhlükə” adlandırır. 2020-ci ilin əvvəlində Bayden "Foreign Affairs” jurnalında yazırdı ki, Rusiya aqressiyasının qarşısını almaq üçün Alyansın hərbi potensialını yüksək səviyyədə qoruyub saxlamaq, eləcə də, qeyri-ənənəvi təhlükələrə - silahlı korrupsiya, dezinformasiya və kibermənimsəmə hallarına qarşı hazır olmaq gərəkdir.
 
Geosiyasi landşaft radikal şəkildə dəyişib
 
Beləliklə, NATO-ya dəstək məsələsində də Bayden Trampdan fərqlənəcək. Yeni administrasiya əvvəlki hakimiyyətin transatlantik əlaqələrini yaxşılaşdırmağa çalışacaq.
Vaşinqtonun nəzərində Qafqaz ABŞ-ın beynəlxalq sabitliyinə təhdid yaradan Yaxın Şərqlə qonşu region kimi görünür. Cənubi Qafqaz heç vaxt ABŞ administrasiyasının diqqət mərkəzində olmayıb. Bundan sonra da bunu gözləmək olmaz. Lakin indi vəziyyət bir qədər fərqlidir. Artıq Qarabağ münaqişəsi həll olunmuş sayılır. Bölgədə geosiyasi landşaft radikal şəkildə dəyişib. ABŞ, sadəcə regionda aktiv iştirak və regionun təhlükəsizliyində fəallığının təmin olunmasını istəyə bilər. ABŞ-ın ümumi xarici siyasi yanaşması da dəyişəcək.  

Xatırladaq ki, Birləşmiş Ştatların Cənubi Qafqazda aktivliyi ötən əsrin 90-cı illərindən start götürüb. İndi isə məsələ ondadır ki, görəsən ABŞ qüvvələr balansını, son bir neçə ildə işləyib hazırladığı siyasətinə yenidən baxılması aspektində həyata keçirə biləcəkmi? Düzdür, ümumi geosiyasi kontekst Cənubi Qafqaz üçün o qədər də əlverişli olmaya bilər. Çünki, ABŞ Yaxın Şərq və Əfqanıstanda hərbi iştirakını ixtisar edir. Son illərdə daha çox ölkə daxilinə diqqət ayırır.
Bəs yeni administrasiyanın Cənubu Qafqazla bağlı siyasətində nələr gözlənilir? Regionun geosiyasi landşaftında radikal dəyişikliklər olacaqmı? Bayden regionda kimi dost dövlət seçəcək? Bəllidir ki, Bayden keçmişdə ermənipərəst mövqedən çıxış edib və 90-cı illərdə Azərbaycana qarşı bədnam 907-ci düzəlişin  açıq müəlliflərindən biri olub və erməni lobbisi ilə açıq əlaqələri var. Trampa gəldikdə, onun Azərbaycanla çox sıx əlaqələri var idi və o, Bakının əhəmiyyətini anlayırdı. Lakin Bayden prezident olandan sonra "ermənilərin mövqeyini dəstəkləyəcək” demək də düz deyil. Digər prezidentlər kimi Amerikanın milli və təhlükəsizlik maraqlarından çıxış etmək məcburiyyətindədir. Azərbaycan ABŞ-ın milli təhlükəsizlik maraqları olan dairədə ciddi dəstək verib. ABŞ da Azərbaycanın enerji layihələrini dəstəkləyib. Ona görə də, bu istiqamətlərdə ikitərəfli əməkdaşlıq çox uğurla həyata keçirilib.
 
Türkiyənin ayrılması ABŞ üçün qəbuledilməzdir
 
Bir önəmli məsələ də var. Azərbaycanla ABŞ münasibətləri daha çox Türkiyə-ABŞ münasibətlərindən asılı olacaq. Bəllidir ki, ABŞ bir neçə gün bundan əvvəl Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib və Azərbaycan Xarici İşlər Nazirliyi bunu pisləyən bəyanat verib. Lakin iki NATO ölkəsi arasında əvvəllər də problem olub. Daha çox da problemlər namizədlərin seçki kampaniyaları zamanı səslənib. Elə ki, həmin qüvvə qalib olurdu, dərhal da mövqe dəyişirdi. Sözsüz ki, ABŞ, Türkiyə kimi qüdrətli və güclü təsirə malik bir dövləti itirmək istəməz. Türkiyənin Avroatlantik ailəsindən ayrılması ABŞ üçün qəbuledilməzdir, baxmayaraq ki, bu NATO müttəfiqi Amerikanın digər müttəfiqləri ilə ( Fransa, Yunanıstan) bir o qədər də yaxşı münasibətdə deyil. İllər uzunu ABŞ-la Türkiyə arasında münasibətlər pik həddə olub. Sadəcə son vaxtlar ABŞ-ın ikili siyasət yürütməsi, PKK və ona oxşar təşkilatları dəstəkləməsi Ankarada ciddi narahatlıq yaradıb. Ankaranın Moskva ilə yaxınlaşması, bu ölkədən C-400-lər alması da Vaşinqtonda narazılıq yaradıb. Ümid etmək olar ki, Bayden hakimiyyəti dövründə problemlər arxada qalacaq. Əks təqdirdə, bundan itirən Türkiyə ilə yanaşı, Birləşmiş Ştatlar da olacaq. Ən önəmli olan odur ki, ABŞ əsas diqqəti xarici siyasət məsələlərinə yönəldəcək. Burada isə Türkiyəsiz çətin ola bilər.

O ki qaldı Ermənistana, əvvəlki hakimiyyətlər dövründə də ABŞ Ermənistanda aktiv idi. Təsadüfi deyil ki, Yerevandakı səfirliyinin əməkdaşları 2 min nəfərdən çoxdur. Müqayisə üçün bildirək ki, dünyada ən çox amerikalı diplomat İraqdakı səfirlikdə cəmləşib. Sonrakı yerdə Ermənistan gəlir. Bundan əlavə, Ermənistanda ABŞ biolaboratoriyaları mövcuddur və onlar dəfələrlə Yerevanla Moskva arasında gərginlik yaradıb. Lakin Azərbaycanın Qarabağda zəfər müharibəsinin nəticələri köklü şəkildə vəziyyəti Rusiyanın xeyrinə dəyişib.  Düzdür, Ermənistanda inqilab zamanı ABŞ fəal iştirak etdi və bunun nəticəsi kimi rusiyayönümlü iqtidar devrildi. İndi Ermənistanda ABŞ-a daha yaxın siyasi qüvvələr hakimiyyətdədir. Lakin hakimiyyətdə olan baş nazir Nikol Paşinyanın mövqeyi laxlayır. İndi Rusiya bu ölkədə az qala xilaskar kimi qəbul edilir. Bu səbəbdən də ABŞ Ermənistana o qədər də diqqət ayırmayacaq. Bundan əlavə, Ermənistanda Rusiyanın hərbi bazası var və NATO üzvü Türkiyə ilə sərhədini rus əsgərləri qoruyur. Bu səbəbdən də onun üçün vəziyyət bu qədər qəlizdir.
 
Daha çox Gürcüstan narahatlıq keçirir
 
O ki qaldı Gürcüstana, sözsüz ki, ABŞ əsas diqqətini bu ölkəyə ayıracaq. Gürcüstana fəal şəkildə NATO-ya can atan ölkə kimi baxılır ki, bu da ABŞ üçün çox əlverişlidir. 2009-cu ilin yanvarında iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Tbilisi Moskvanın rəqibi kimi qəbul edilir və Abxaziya, Cənubi Osetiya ilə bağlı vəziyyət bu iki bölgənin milli müqəddəratını təyinetmə prizmasından deyil, bir növ Rusiyanın ərazi genişləndirilməsinin bir hissəsi kimi nəzərdən keçirilir. Eks-prezident Mixail Saakaşvili son müsahibəsində bildirib ki, Baydenin ABŞ prezidenti seçilməsi bölgədə regional siyasətə yenidən baxmağa imkan verəcək.
Saakaşvili 2009-cu ildə kənardan özünə qarşı böyük təzyiqlər başlayanda Baydenin yenidən Gürcüstana qayıdaraq, onu inadla dəstəklədiyini bildirib.

Gürcüstan sözün əsl mənasında qərbyöbümlü dövlət kimi Amerikanın diqqət mərkəzində olacaq. Lakin bunun üçün əsas məsələ ikitərəfli əlaqələrin yenidən qurulması olacaq. Vaşinqtona Gürcüstan və bütövlükdə Cənubi Qafqazda aktiv iştirakını bərpa etmək üçün vaxt gərək olacaq. Bundan əlavə, Çinin iqtisadi və hərbi inkişafı da bundan sonra Ağ evin diqqətini cəlb edəcək. Bunun ardınca Çin və ABŞ arasında rəqabətin artacağını gözləmək mümkündür. Amerikalı siyasətçilərin diqqəti artacaq və milli resurslar Hind-Çin regionuna yönələcək. Lakin məsələ ondadır ki, regionda daha çox Gürcüstan narahatlıq keçirir. Ehtiyat edir ki, uzunmüddətli perspektivdə Tbilisinin NATO-ya üzvlüyə can atması məsələsində ABŞ xarici siyasətinin dəyişməsi çətinliklər yarada bilər. Adətən, Tbilisinin milli təhlükəsizlik məsələsində ABŞ-dan asılılığı pik həddə olub. 1990-cı illərdə Amerika siyasətinin imperativlərindən biri Gürcüstanda dəyişən hökumətlərə dəstək olub. Onun geosiyasi vəziyyətindən enerji və nəqliyyat dəhlizlərində istifadə edilirdi. Gürcü dəhlizinin effektivliyi həm də daha irimiqyaslı prizmada nəzərdən keçirilir. Söhbət Transxəzər dəhlizdən gedir. Vəziyyət yaxşılaşacağı təqdirdə layihə geosiyasi reallığa çevrilə, türkmən qazı Avropaya düşə bilər.
 
Qarşıdakı dörd il ərzində, ola bilsin Gürcüstan bütün Avrasiya boyu yaradılan iki texno-iqtisadi bloklar arasında seçim etməli olacaq. Onlardan biri ABŞ-la, digəri  böyük mənada Çinlə bağlıdır. Gürcü siyasiləri diplomatik kanatlarla getməyə məcbur olacaq -  nə Çini qəzəbləndirməli, nə də Qərblə əlaqələri dayandırmalıdır. Lakin Amerikanın Çinə qarşı mövqeyinin sərtləndiyini nəzərə alsaq, bu balansı qoruyub saxlamaq çətin olacaq. Beləliklə də, Bayden administrasiyası və onun xarici siyasəti üçün daha bir əhəmiyyətli məsələ Gürcüstanla bağlı siyasətin qurulması olacaq. Onun Çinlə yaxınlaşmasına imkan verməmək əsas xətt kimi keçəcək.
Bütün bunlara rəğmən, Cənubi Qafqazda ABŞ Gürcüstanı demək olar ki, tam şəkildə Rusiyadan qoparıb. Gürcüstanda ABŞ hərbi bazasının qurulması məsələsi gündəmdədir. Gürcüstan NATO-ya üzv olmağa can atır. Yaxın illərdə bütün bunlar baş verə bilər.
 
Beləliklə, bütün bunlardan bu nəticəyə gəlmək olar ki, ABŞ öz strateji xəttinə sadiq qalmağa üstünlük verəcək.  Fəlakət həddində olan Ermənistan çalışacaq ki, Baydenin dəstəyinə nail olsun. Amma Bayden, Ermənistana görə regionda işğala, separatizmə, Rusiyanın mövqeyini gücləndirən siyasətə üstünlük verməyəcək. Çünki regionda vəziyyətin nəzarətdən çıxması Kremlin maraqlarına cavab verir. ABŞ isə Yaxın Şərqdə qeyri-sabitlikdə maraqlı olsa da, Cənubi Qafqazda maraqlı deyil. Ona görə də Baydenin seçilməsi ilə regionda Ermənistanın istədiyi siyasətin tətbiqi gözlənilmir. Reallıq odur ki, Azərbaycanın Qarabağ müharibəsində qalibiyyəti regionda vəziyyəti tam dəyişib. Azərbaycan artıq 90-cı illərin Azərbaycanı deyil. Beynəlxalq qərarları təkbaşına yerinə yetirən dövlətdir. Və ABŞ da bunu nəzərə almaya bilməz.
 
Azər NURİYEV