AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bayden qütbləşdirən yox, birləşdirən prezident olacaq?

Bayden qütbləşdirən yox, birləşdirən prezident olacaq?

Təfsilat
14 Noyabr 2020, 16:25 2079
ABŞ-ın milli və təhlükəsizlik maraqları Türkiyə ilə əməkdaşlığı diktə edir
 
 
Ötən həftə Birləşmiş Ştatlar tarixinin ən sürpriz və gərgin keçən seçkilərindən biri baş tutdu. Gözləntilərin əksinə olaraq Ağ Evin hazırkı rəhbəri Donald Tramp Demokratlar Partiyasının namizədi Cozef Baydenə məğlub oldu. Tramp, nəticələri hələ ki, qəbul etməsə də, demokrat namizədin Ağ evin növbəti 46-cı prezidenti olacağı aydındır. Dünya mərkəzləri hazırda yeni prezidentin daha çox xarici siyasətinin necə olacağı üzərində baş sındırırlar. Düzdür, xarici siyasət məsələləri ABŞ-da prezidentliyə namizədlərin seçki kampaniyasının diqqət mərkəzində olmadı. Və əsasən koronavirus pandemiyası və onun nəticəsi olaraq iqtisadi tənəzzül müzakirə olundu. Buna baxmayaraq, dünyanı daha çox yeni liderin onlara olan münasibəti maraqlandırır. Beləliklə, Donald Trampın yürütdüyü siyasət bəlli idi - əsasən ölkənin daxili problemlərini həll etmək və xarici siyasətdə ABŞ maraqlarına uyğun siyasət yürütmək. Tramp qalib gələcəyi təqdirdə, ABŞ-ın xarici siyasətində ənənəvi kursun davam etdiriləcəyi gözlənilirdi. Baydenin isə ondan fərqli siyasət yürüdəcəyi gün kimi aydındır. Böyük ehtimalla, Bayden Trampın Avropa ilə gərginləşən münasibətlərini normallaşdırmağa çalışacaq. Əsasən Çinlə münasibətlər, çox güman, əsas xətt kimi keçəcək. Beləliklə, ölkənin "qütbləşdirən deyil, birləşdirən prezident” olacağını vəd edən Bayden sərt ritorikanı kənara qoyacaq və hərarəti azaldacaqmı?
 
Co anti-Türkiyə siyasətinə son qoyacaqmı?
 
Şübhəsiz ki, ən önəmli məsələlərdən biri yeni prezidentin Türkiyə ilə münasibətləri necə quracağıdır. Bəllidir ki,  demokrat prezidentliyə namizəd Co Bayden dəfələrlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında tənqidi fikirlər səsləndirməsi ilə yadda qalıb. Və bu ittihamlar da cavabsız qalmayıb. Lakin bütün bunların seçkiqabağı bir təbliğat vasitəsi olduğu gün kimi aydındır. Elə ABŞ mediasında da dərc edilən məqalələrdə Baydenin hakimiyyəti dövründə ölkə siyasətinin köklü şəkildə dəyişəcəyinə inanan azdır. Yəni dəyişiklik ehtimalı var, amma kəskin olmayacaq. Bayden administrasiyası yenə də Ərdoğanla iş aparacaq və Türkiyəni Transatlantik çevrədə saxlamağa çalışacaq. Bu səbəbdən də radikal bir gediş gözləmək düzgün deyil.  Türkiyə, demokratların əksər prezidentləri dövründə ABŞ-ın strateji maraqları üçün çox vacib ölkə olub. Yəni tarix bu günə qədər hər iki paytaxtdan çıxan qəzəbli səs-küylərə baxmayaraq, praqmatizmin üstünlük təşkil edəcəyini göstərib. Baydenin xarici siyasət qrupunun bir çox üzvü Obama illərində Ankara ilə sıx əməkdaşlıq edib və yaxşı əlaqələr qurub. Anlayırlar ki, Türkiyə çox önəmlidir və kimsə ona dirsək göstərə bilməz. Xüsusilə indi, hamının ona daha çox ehtiyacı olduğu halda. Türkiyənin sözü, dünən olduğu kimi, bu gün də hər kəs tərəfindən dinlənəcək. Geopolitik önəmi olan, NATO-nun 2-ci ordusuna sahib bir ölkəni yox saymaq və ya tam olaraq üstünə getmək ehtimalı, xüsusilə də Şərqi Aralıq dənizində daşların yenidən düzüldüyü bir dövrdə, elə də çox deyil. Təbii ki, S-400, "Xalqbank”, Şərqi Aralıq dənizi, Suriya və kürd siyasətləri ilə bağlı fikir ayrılıqları yaşanacaq. Lakin unudulmamalıdır ki, Obama ilk seçki kampaniyası dövründə qondarma "erməni soyqırımı”nı tanıyan ilk prezident olacağını söyləmişdi, ancaq bu yöndə heç bir addım atmadı. Ayrıca, unudulmasın ki, ölkələrin dostluqları, düşmənçilikləri yoxdur, maraqları var. Çünki Türkiyə ilə münasibətlərə önəm vermək məcburiyyətində idi. Yəni istənilən ermənipərəst konqresmen prezident olsa belə, həmin şəxs Amerikanın milli və təhlükəsizlik maraqlarından çıxış etməlidir. ABŞ-ın milli və təhlükəsizlik maraqları isə Türkiyə ilə əməkdaşlığı diktə edir. Avropa Xarici Əlaqələr Şurasının üzvü Asla Aydıntaşbaş hesab edir ki, Baydenin rəhbərliyi ilə ABŞ-Türkiyə münasibətlərində ənənəvi olaraq insan haqları və demokratiya haqqında daha çox danışılacaq: "ABŞ həmişə bir yandan yağlayıb, digər yandan dağlamaq siyasindən istifadə edib”.
İraq, İran və Suriyanın qonşusu olan Türkiyə ABŞ və NATO müttəfiqləri üçün strateji əhəmiyyət kəsb edir. Obama administrasiyası dövründə Bayden Ərdoğanla Suriya və digər qaynar nöqtələrlə bağlı iş aparmışdı. Ankara Bayden qalib gəlsə, onun demokratik praqmatikliyinə ümid bəsləyir. "Hökumətlər həyati maraqlarına görə də irəliləyirlər. Yalnız NATO-da deyil, həm də Yaxın Şərqdə. Türkiyə olmasa, Yaxın Şərqdə və Qara dənizdə çıxış olmaz” - deyə, Türkiyə prezidentinin müşaviri Mesut Caşın bildirib. Beləliklə, Türkiyə ilə nə ediləcəyi yaxın dörd il ərzində ən aktual və ən narahatedici problemlərdən biri olaraq qalacaq.
 
Ermənilərin arzuları yenə puç olacaq
 
Baydeni özlərinin namizədi sayan erməni lobbisinin ümidlərinin yenə də puç olacağı gözləniləndir. Bir faktı qeyd edək ki, onların sıx yaşadığı Kaliforniyanın, adətən demokrat siyasətçilərə daha çox təsiri var. Məsələn, erməni lobbisinin Konqresdəki ən güclü adamı olan Adam Şiff buradan seçilir. Lakin önəmli olan odur ki, həmin ermənipərəstlər Konqresdə fəallıq etsələr də, rəhbər vəzifələrə təyin olunanda ölkə maraqlarını əsas götürürlər. Levon Ter-Petrosyanın dediyi kimi, erməni lobbisinin gücü ABŞ-ın dövlət maraqları ilə toqquşduğu yerdə bitir. Məsələn, demokrat Klintonun 8 illik prezidentliyi ABŞ-Azərbaycan münasibətlərinin ciddi inkişaf dövrüdür. Hətta Klinton Heydər Əliyevi Vaşinqtona rəsmi səfərə dəvət etmişdi. "Əsrin müqaviləsi” məhz Klinton administrasiyasının çox mühüm siyasi dəstəyi ilə imzalandı və gerçəkləşdi. ABŞ-la münasibətlər Azərbaycan üçün bütün sahələrdə əməkdaşlığın güclənməsi, dostluğun daha yüksək səviyyəyə qaldırılması, insan haqlarının müdafiəsi sahəsində Amerikanın təcrübəsinin öyrənilməsi, o təcrübədən istifadə etməklə Azərbaycanın daha da demokratikləşdirilməsi deməkdir. ABŞ üçün isə Azərbaycan bu regionda nüfuzlu, lider bir ölkədir. Azərbaycan bu gün müstəqil daxili və xarici siyasət yeridən, təbii sərvətlərindən özünün maraqları üçün istifadə edən ölkələrdən biridir Azərbaycan bu gün regional iqtisadi layihələrin müəllifidir. Bu gün ABŞ üçün əhəmiyyət daşıyan Əfqanıstana gedən yükün 40 faizi Azərbaycandan keçir. Digər məsələlərdə də əməkdaşlıq var. Yəni iki dövlət arasındakı münasibətlər xüsusidir.
 
İrana qarşı sanksiyalar aradan qalxa bilərmi?
 
O ki qaldı gələcək İran siyasətinə - Tehrana qarşı münasibətdə demokratlar respublikaçılardan daha yumşaq mövqe sərgilələməsi ilə fərqləniblər. Birləşmiş Ştatların İrana qarşı tətbiq etdiyi siyasətin mahiyyəti bəllidir - İranı qeyri-qanuni yolla nüvə enerjisinə və silahına yiyələnməkdə ittiham edir. Bu mənada, Ağ evin rəsmi Tehranın siyasətindən narahatlığının mahiyyəti də anlaşılandır. Çünki İran nüvə silahına yiyələnəcəyi təqdirdə, bölgənin geosiyasi reallıqları kifayət qədər dəyişəcək. Tehran hakimiyyəti şiə inqilabının ixracı ilə bağlı məsələlərdə daha münasib və əlverişli imkanlar əldə edəcək. Təbii ki, bölgə dövlətlərinə münasibətlərin mahiyyətində də köklü dəyişikliklər baş verə bilər. Donald Tramp 2016-cı ildə prezident seçiləndən sonra İranla nüvə razılığından geri çəkildi və bu ölkənin iqtisadiyyatına ziyan vuran sərt sanksiyalar tətbiq etdi. 2020-nin başlanğıcında Birləşmiş Ştatlarla İranın arasında az qala,  müharibə baş verəcəkdi. ABŞ-ın bu il yanvarın 3-də iranlı general Qasım Süleymanini öldürməsi Tehranda qəzəbə səbəb oldu. İran cavab olaraq ABŞ-ın İraqdakı bazalarına raketlə hücum etdi. Həmin hücumda ABŞ-ın hərbi qulluqçuları arasında tələfat halları olmadı.
Avropa İttifaqı, o cümlədən Çin, Rusiya və İran nüvə sazişinə  əməl etdiklərini bildirir və ABŞ-ın da razılaşmaya yenidən daxil olmasına ümid edirlər.  "ABŞ-ın İran nüvə razılığından geri çəkilməsi qlobal idarəçiliyə və çoxtərəfliliyə ən böyük zərbələrdən biridir. Ona görə də, əlbəttə ki, ABŞ-ın bir vaxt razılığa geri dönəcəyinə dair ümid var” -  deyə Cenevrə Beynəlxalq Sanksiya Şəbəkəsindən Erika Moret bildirir. İsrail və Səudiyyə Ərəbistanı kimi, ABŞ-ın digər müttəfiqləri Birləşmiş Ştatların razılıqdan geri çəkilməsini dəstəkləməyə davam edirlər. Tramp razılıqdan çıxandan bəri İrana qarşı "maksimum təzyiq” kampaniyası başladıb, İranın beynəlxalq maliyyəyə çıxışını kəsmək, neft ixraclarının qarşısını almaq və iqtisadiyyatına ziyan vurmaq məqsədilə bir neçə sanksiyalar tətbiq edib. Tramp administrasiyası deyir ki, İrana güvənmək olmaz və onların davranışlarını cilovlamağın ən yaxşı yolu sanksiyalardır. "Dünya boyu bir çox ictimai və özəl şirkətlər İran kimi ölkə ilə iş görməkdən qorxurlar", - Moret deyir. Trampın rəqibi Co Bayden nüvə razılığına qayıtmaq istədiyini, amma insan haqları pozuntuları, terrorizm və İranın balistik raket proqramı səbəbilə hədəfli sanksiyalar tətbiq edəcəyini bildirib. Təhlilçi Culi Normanın sözlərinə görə, Tehran Trampın 2015-ci il razılığından geri çəkilməsindən sonra Qərbə etibar etməyə bilər. "Amerikanın etibarlılığı bu razılıq və ümumiyyətlə, sazişlər baxımından sual altındadır. Biz düşünürük ki, İran ən azından əvvəldə mənfi reaksiya verə, əlində olan son gücdən istifadə edə bilər. Eyni zamanda isə İran hazırda çətin bir vəziyyətdədir. Onların hər hansı yardıma ehtiyacları var”, - o deyib. İranda gələn ilin əvvəlində prezident seçkiləri keçiriləcək. Təhlilçilər deyir ki, buna görə də, rejimdəki sərt siyasət tərəfdarlarının hakimiyyətə gələcəklərinə dair narahatlıqlar fonunda ABŞ-ın Tehranla münasibətləri yeniləməsi üçün çox az vaxtı qalır.
Beləliklə, əksəriyyət hesab edir ki, Cozef Bayden İrana qarşı Obamanın siyasətini təkrar edəcək. Belə ki, bəllidir ki, Bayden Obama iqtidarı dövründə vitse-prezident idi. Heç şübhəsiz ki, Obamanın İranla bağlı yürütdüyü xarici siyasətin məsuliyyətinin bir hissəsi də Baydenin üzərinə düşürdü. Baxmayaraq ki, ABŞ-da vitse-prezident formal bir vəzifədir. Senatın işlərinə rəhbərlik edir və prezidentin olmadığı dönəmdə daha aktiv fəaliyyət göstərir. Amma bununla yanaşı, Obamanın sərgilədiyi siyasətə görə Bayden də məsuliyyət daşıyırdı. Şübhəsiz ki, Bayden Obama dönəmində İrana qarşı aparılan siyasətin bir daha tətbiqinin tərəfdarı olacaq. Beləliklə, Baydenin dövlət başçısı seçilməsi sürprizlərlə dolu yeniliklər vəd edir. Bütün hallarda dəqiqdir ki, yeni lider seçki kampaniyası dövründə səsləndirdiyi ritorikanı yumşaltmalı olacaq və daha çox praqmatik siyasət yürütməyə çalışacaq.
 
 
Azər NURİYEV