• cümə axşamı, 25 aprel, 00:07
  • Baku Bakı 19°C

Bayandur Rzayev: Qurbanlıq heyvan hər cəhətdən qüsursuz olmalıdır

17.08.18 13:00 731
Bayandur Rzayev: Qurbanlıq heyvan hər cəhətdən qüsursuz olmalıdır
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti respublika ərazisində heyvanlar və quşlar arasında 13 xəstəliyə qarşı profilaktiki peyvəndləmə işi aparır. Bu xəstəliklərə qarşı mübarizə dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.
Bu sözləriAZƏRTAC-a müsahibəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Bayandur Rzayev deyib.
Dövlət Baytarlıq Xidmətinin rəisi heyvan və ya quşlar üzərində özbaşına müalicə və digər baytarlıq-sanitariya tədbirlərinin aparılmamasını məsləhət görüb. Həmçinin iri heyvandarlıq təsərrüfat sahiblərinə daim heyvanların saxlanıldığı və gəzdirildiyi yerlərdə profilaktiki dezinfeksiya tədbirləri aparmağı tövsiyə edib.
Bayandur Rzayev qarşıdan gələn Qurban bayramı ilə əlaqədar vətəndaşlara qurbanlıq heyvan seçimi ilə bağlı tövsiyələr də verərək deyib: "Qurbanlıq heyvanlarla əlaqədar onu demək istəyirəm ki, vətəndaşlar heyvanların duruşuna, sağlamlığına xüsusi fikir versinlər. Qurbanlıq heyvan hər cəhətdən qüsursuz olmalıdır”.
"Qonşu ölkələrdə baş verən xəstəliklərin ölkəmizə keçməməsi üçün hansı profilaktiki tədbirlər görülür” sualına cavabında isə bildirib ki, bu ölkələrdə hər hansı xəstəlik qeydə alınarsa, onlara qarşı mübarizə aparılır. Ölkə ərazisində müəyyən xəstəliklərə qarşı profilaktiki peyvəndləmə həyata keçirilib. Bu tədbirlər mərhələlərlə görülür və hazırda ölkəmizdə iti yoluxucu xəstəliklərə görə epizootik sabitlik qorunur.
Xidmət rəisi payız fəslində heyvanların necə saxlanılmalı olduğu barədə suala cavabında deyib: "Fermerlər payız fəslində heyvanlar üçün yem ehtiyatı əldə etməlidirlər. Saxlanılan heyvanların sayına uyğun olaraq qış fəsli üçün yem toplanmalıdır. Bir də məsləhətim odur ki, heyvanları yemləmək üçün qüvvəli yemlərə üstünlük versinlər. Heyvanların saxlanma, bəslənmə və havalanma şəraitinə diqqət yetirmək vacibdir. Birinci növbədə vətəndaşlardan, fermerlərdən xahişim ondan ibarətdir ki, heyvanların sağlamlığına fikir versinlər. Əgər bir şübhəli hal baş verərsə, dərhal yerli baytarlıq idarələrinə və sahə baytarlıq məntəqələrinə müraciət etmək lazımdır. Çünki sağlam heyvan olmadıqda, sağlam qidadan söhbət gedə bilməz. Heyvanların sağlam olması üçün isə ilk növbədə heyvanların infeksion xəstəliklərdən qorunması və onlara qarşı mübarizə tədbirlərinin aparılması vacibdir”.
banner

Oxşar Xəbərlər