• şənbə, 20 Aprel, 08:46
  • Baku Bakı 14°C

Bayağı musiqilər zövqü və əsəbləri korlayır

28.05.14 10:51 4571
Bayağı musiqilər zövqü və əsəbləri korlayır
“Səni məndən, məni səndən edən
Nənən ölsün, baban ölsün.
Amin deməyən dillər qurusun,
Yandım ay qız, öldüm ay qız...”
Artıq bir neçə gündür ki, səhər işə gələndə qonşuluqda yaşayan taksi sürücüsünün bu musiqinin (?) sədaları altında maşınını təmizlədiyini görmək “nəsib”im olur. Bu azmış kimi, ardınca da mindiyim marşrutda başqa birinin ifasında daha zövqsüz bir musiqinin sədaları altında yol getməli oluram. Sözlərdəki bayağılıq bir tərəfdən, ritm də bir tərəfdən o qədər pis təsir edir ki, gün ərzində əhvalımı düzəltməkdə bəzən çətinlik çəkirəm. Təəssüf ki, tək deyiləm. Mənim kimi bu vəziyyətdən əziyyət çəkən insanlar minlərlə, hətta on minlərlədir. Bayağı musiqilərin bu qədər kütləviləşməsi, az qala gündəlik həyatımızın tərkib hissəsinə çevrilməsi artıq ciddi bir problemə çevrilib. Hələ üstəlik, onların bəzilərinin narkomaniyanı, alkoqolu, pis vərdişləri təbliğ etməsi, bəzən isə pis ifadələrlə meyxanaların səsləndirilməsi problemi daha da dərinləşdirib və aktuallaşdırıb. Bu cür musiqilərin kəskin dərəcədə kütləviləşməsi nə ilə bağlıdır? Bunun qarşısını necə almaq olar?
İncəsənət xadimindən həyəcan təbili
Tanınmış bəstəkar, incəsənət xadimi Faiq Sücəddinovun sözlərinə görə, bu gün musiqilərimiz çox acınacaqlı bir vəziyyətə gəlib çıxıb: “Yazılan sözlər də, bəstələnən musiqilər də çox bəsitdir. Musiqini, şeiri başı çıxan şəxs yazmalıdır. Tək qafiyə xətrinə nə isə yazmaq düzgün deyil. Musiqi çox dərin bir elmdir. Musiqi nəzəriyyəsindən hər bəstəkar, şair baş çıxara bilmir. Əvvəlki illərdə yazılan mahnılar bu gün də unudulmur, dinlənilir. Ona görə ki, o dövrlərdə söz də, musiqi də, ifaçı da bir-birini tamamlayırdı. Lakin bu gün mahnı oxunur, 3-5 gündən sonra unudulub gedir. Çünki söz də ucuzdur, musiqi də, ifaçı da. Mən o vaxtlar mahnı bəstələyəndən sonra onu Şövkət xanıma, bir çox dəyərli sənətkarlara göstərirdim. Çünki musiqinin ölçüsü var, elmi var, hər bir sözün üzərində saatlarla, aylarla işlənməsi var. Lakin indi bir saata mahnı bəstələnir, təqdim olunur ifaçıya. Müğənni də onu bir saata yazdırır, tamaşaçıya təqdim edir. Daha ifasının, düzgün deyilişin üzərində işləmir. Nəyinsə xatirinə söz yazmaq, musiqi bəstələmək yaxşı deyil”.
F.Sücəddinov problemin həddən artıq böyüdüyünü deyir. Bildirir ki, vəziyyət dəyişməyəcəyi təqdirdə bayağı mahnılar get-gedə xalq və əsl bəstəkar mahnılarını sıradan çıxaracaq: “Bu gün əsl bəstəkar mahnısı yox dərəcəsindədir və olanlar da səslənmir. Get-gedə bayağı mahnılar özlərinə daha çox yer tutacaqlar, bəstəkar və xalq mahnıları isə yox olacaq, tamamilə silinəcəklər. Bizim mahnıları gürcülər, dağıstanlılar, ermənilər oxuyurlar. Biz isə qulaq asırıq”.
Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu da vəziyyətdən ciddi narahatdır. Onun sözlərinə görə, bu gün professionallar mahnı janrında fəal iştirak etmədiklərinə görə musiqilərimiz bərbad duruma düşür. Şair bildirir ki, bayağı mahnıların şair və bəstəkarları öz məhsullarını müğənnilərə çox yüksək məbləğə sata bilirlər: “Həmin bəsit mahnıları alan alıcı müğənninin də səviyyəsi satıcı kimidir. Zər qədrini zərgər bilər. Gərək alıcı zər qədrini bilsin ki, aldığı nədir. Əldəqayırma şairlər, bəstəkarlar, müğənnilər o zövqü kütlənin zövqünə formalaşdırıblar. Kütləni arxanca hara istəsən apara bilərsən. İstəyirsən işıq gələn tərəfə apar, istəyirsən qaranlığa”.
Nəqliyyatda qadağalar fayda vermir
Bayağı musiqilər insanların əsəblərini pozmaqla yanaşı, zövqünü də korlayır. Bu isə həm xoşagəlməz, həm də təhlükəli tendensiyadır. Əsəbi və zövqsüz insan özünə, yaxınlarına, eyni zamanda cəmiyyətə müsbət heç nə aşılaya bilməz. Bunu biz özümüzdən demirik, bu, psixoloqların, mütəxəssislərin gəldiyi qənaətdir. Bu cür musiqilərin daha çox yayıldığı yer ictimai nəqliyyatdır. Paytaxtda fəaliyyət göstərən marşrut avtobuslarda işə gələn və işdən gedən vaxtlarımızda əsəblərimizin korlandığı məqamlar çox olur. Bir müddət əvvəl mətbuatda Nəqliyyat Nazirliyinin avtobus sürücülərinə nəzarəti gücləndirməsi ilə bağlı xəbər yayılsa da, vəziyyət yenə də həmənkidir. Qeyd edək ki, Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov avtobuslarda siqaret çəkən, musiqi cihazları olan, sərnişinlərlə mübahisə edən sürücülərin ciddi cəzalandırılacağını demişdi: “Sürücülərə ciddi nəzarət etmək üçün bütün avtobuslarda “Taxoqraf” adlanan və “qara qutuya” bənzəyən cihazlar quraşdırılacaq. Bundan sonra sürücülərə nəzarət daha da gücləndiriləcək”.
Göründüyü kimi, müvafiq nəzarət mexanizmi var, amma işləmir. N.Həsənov isə deyir ki, avtobuslarda Motsartın musiqiləri səsləndirilsə, sərnişinlər bunun da söndürülməsini tələb edəcəklər. O, mətbuata açıqlamasında bildirib ki, avtobuslarda maqnitofonlardan istifadə nəqliyyat sistemində ağrılı məsələdir. Mətbuat katibinin fikrincə, əslində insanın mənəviyyatını qanunla yox, vicdanla tənzimləmək lazımdır: “Avtobuslarda bayağı musiqiyə görə sürücünü danlayan adamın həmin musiqiyə özünün qulaq asdığının şahidi olmuşam. Hətta bayağı musiqini irad tutanların “zəngimcell”i elə həmin bayağı musiqidir. Ancaq avtobusda belə musiqi səslənəndə, bunu problem kimi ortaya qoyurlar. Mən də ictimai nəqliyyatda bayağı musiqilərin səsləndirilməsi ilə razı deyiləm. Amma belə çıxır ki, bu, mental xüsusiyyətlərdən irəli gəlir. Biz sürücü və sərnişin olaraq səviyyəmizi artırmalıyıq”. N.Həsənov deyib ki, avtobusu idarə edərkən məhz bayağı musiqi səsləndirdiyinə görə xətdən uzaqlaşdırılan sürücülər olub: “Sürücü maşına oturanda elə bilir ki, ağadır. Bu düşüncə tərzini dəyişmək lazımdır. Bu məqsədlə onları tədris-kurs kombinatlarına dəvət edirik. Təəssüf ki, buna nail ola bilmirik. Gələcəkdə sürücüləri işə götürəndə, sahibkarlara lisenziya verəndə qarşıya qoyulan əsas şərtlərdən biri sürücülük vəsiqəsi ilə yanaşı, onun mədəni səviyyəsi də əsas götürüləcək.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər