BATE möcüzəsi davam edir

BATE möcüzəsi davam edir

İdman
03 Oktyabr 2012, 17:42 1290
Turnirin qrup mərhələsinin 2-ci turu çərçivəsində ilk oyun günündə keçirilən matçlarda qonaqların üstünlüyü diqqət çəkdi. Meydana bu statusla çıxan komandalardan 5-i qələbə qazandı. Yalnız F qrupunda yarışan iddiaçılar ev sahibi statusunu maksimum doğrultdu. BATE-nin "Bavariya"nı məğlub etməsi günün, bəlkə də turun ən böyük sensasiyası kimi tarixə düşəcək. Şübhəsiz ki, "Seltik"in Moskvadan evə maksimum nəticəylə dönməsi də gözlənilmirdi.

E qrupu

Yuventus (İtaliya) - Şaxtyor (Ukrayna) 1:1 (1:1)
Bonuççi, 25 - Aleks Teyşeyra, 23.

Massimo Karrera, "Yuventus"un baş məşqçi köməkçisi: "Matçın əvvəlində bir qədər əsəbi görünürdük. Çünki "Şaxtyor"un təhlükəli rəqib olduğunu yaxşı bilirdik. Qapısında ilk qolu görən komanda biz olsaq da, tezliklə hesabı bərabərləşdirdik. Ötən mövsüm qitə kuboklarında yarışmamışdıq. Görünür, indi bu üzdən yorğun təsiri bağışlayırıq. Bir həftə ərzində iki oyun keçirməyə hələ ki, alışmamışıq. Qrupumuzda həqiqətən də çox güclü komandalar var. Amma mən "Yuve"nin sona qədər mübarizə aparacağına əminəm".
Mirça Luçesku, "Şaxtyor"un baş məşqçisi: "Yuventus"un necə oynayacağını yaxşı bilirdik. Ona görə də ilk dəqiqələrdən öz gücünə əmin olan komandanı xatırladırdıq. Matça nəzarət böyük ölçüdə bizim əlimizdə oldu. Rəqibin çox aqressiv olduğunu məşqçi kimi mən də yaxşı bilirdim. Etiraf edim ki, çətin səfər oyunu üçün planımız alındı: biz rəqiblə müqayisədə qapı qarşısında demək olar ki, 3 dəfə çox real qol vəziyyətləri yaratdıq. Yetirmələrimin cəsarətli oyunu çox xoşuma gəldi. Əlbəttə, hardasa nəticə də məni qane etməlidir. İndi "Çelsi"ni məğlub etməyə çalışacağıq".

Norşellan (Danimarka) - Çelsi (İngiltərə) 0:4 (0:1)
Mata, 33; 82. David Luis, 79. Ramires, 89.

Roberto Di Matteo, "Çelsi"nin baş məşqçisi: "İlk hissədə çox ləng oynayırdıq. Amma sonradan sürəti artıraraq inamlı qələbə qazandıq. Matçın ən önəmli epizodlarından biri Çexin seyvi oldu. Qapıçımız hesab 1:0 olarkən "ölü" topu götürdü. Qapımızın toxunulmazlığını təmin etməklə 3 xal qazandığımıza görə çox sevinirəm".

1. Çelsi 2 1 1 0 6-2 4
2. Şaxtyor 2 1 1 0 3-1 4
3. Yuventus 2 0 2 0 3-3 2
4. Norşellann 2 0 0 2 0-6 0


F qrupu

Valensiya (İspaniya) - Lill (Fransa) 2:0 (1:0)
Jonas, 38; 75.

Maurisio Pelleqrino, "Valensiya"nın baş məşqçisi: "Bu gün nümayiş etdirdiyimiz oyun çox xoşuma gəldi. Belə davam etsək, qələbələrimizin ardı gələcək. İrəlidə rəngarəng çıxış etdik. Yalnız bir məqam məni narahat edir: 90 dəqiqə ərzində bəzən konsentrasiyanı itiririk. "Bavariya" həmin səhvlərdən istifadə edə bilmişdi. Bu dəfə sözügedən boşluq o qədər də nəzərə çarpmadı. Amma yenə də çatışmayan cəhətlərimiz vardı".
Rudi Qarsiya, "Lill"in baş məşqçisi: "İlk yarıda yaxşı çıxış etdik və qol vəziyyətləri yaratdıq. Amma özümüz fərqlənə bilmədiyimiz məqamda qol buraxdıq. Belə oyunlarda ilk qol çox önəmlidir. Fasiləyə üstün durumda yollanan komanda ehtiyatlı oynayır. İkinci yarıdakı çıxışımızdan isə narazı qaldım. ÇL-də ardıcıl iki məğlubiyyət çox pis startdır. Yalnız böyük komandalar bundan sonra özünə gələ bilər. Qarşıdakı oyunlarda bizim nə dərəcədə bu səviyyəyə aid olunduğumuz bilinəcək”.

BATE (Belarus) - Bavariya (Almaniya) 3:1 (1:0)
Pavlov, 23. Rodionov, 78. Bressan, 90+5 - Riberi, 90+1.

Viktor Qonçarenko, BATE-nin baş məşqçisi: "Bəxtimiz gətirir. Əlbəttə, belə qələbədən sonra emosiyalarımı gizlədə bilmirəm. Xarakter nümayiş etdirən komandam fantastik nəticəyə imza atıb. Hamını qələbə münasibətiylə təbrik edirəm. Amma eyforiyaya qapılmıram. Qol vuranı, yaxud ötürmə verəni fərqləndirmək istəməzdim. Komanda olaraq "Bavariya"nı yenmişik! Meydanın mərkəzində çox səhvə yol verdik. Amma bunu əks-hücumlarımızla sığortaladıq".
Yupp Haynkes, "Bavariya"nın baş məşqçisi: "Qarşımıza güclü və yaxşı təşkilatlanmış komanda çıxacağını bilirdik. Bunu hələ qrup mərhələsi başlamamışdan anlayırdıq. BATE-nin "Lill"i yenməsi komandanın gücünün daha bir göstəricisi idi. Rəqib müdafiədə çox yaxşı oynayır. Hesabda geri düşdükdən sonra bərabərlik yaratmaq üçün şanslarımız vardı. Müller və Kroos imkanlarını qaçırdı. Sona doğru tez-tez əks-hücumlara yaxalandıq. Rəqibin heyətində ən yaxşı futbolçu qapıçı idi. Bəzən bəxtimiz də gətirmirdi. Kroos dirəyi, Riberi isə tiri nişan aldı. Bütün bunlar üst-üstə yığıldı və rəqib qalib gəldi. İndi bununla barışmalıyıq".

1. BATE 2 2 0 0 6-2 6
2. Bavariya 2 1 0 1 3-4 3
3. Valensiya 2 1 0 1 3-2 3
4. Lill 2 0 0 2 1-5 0


G qrupu

Spartak (Rusiya) - Seltik (Şotlandiya) 2:3 (1:1)
Emenike, 41; 48 - Huper, 12. D.Kombarov, 71-öz qapısına. Samaras, 90.

Unay Emeri, "Spartak"ın baş məşqçisi: "15 oyuna 30-dan çox qol buraxmışıq? Müdafiədə bərbad oynamağımızın səbəblərini araşdırmalıyıq. Təkcə müdafiəçiləri yox, komandanın bütün oyunçularının müdafiə yönündəki cəhətlərini təhlil etmək lazımdı. Həmçinin hücum xəttində də problemlər var. Biz nə qədər çox qol vursaq, rəqibin bir o qədər qol vurmaq şansı azdı. Azlıqda qaldıqdan sonra De Zevu çıxarıb Brızqalovla müdafiə xəttini gücləndirmək istədim. Hər halda, bu oyunu təhlil etmək lazımdır. Belə məğlubiyyətdən sonra toparlanmalıyıq. Növbəti oyunlarda yalnız qələbə üçün oynayacağıq".
Nil Lennon, "Seltik"in baş məşqçisi: "Oyunçularıma təşəkkür etmək istəyirəm. Onlar bu gün möhtəşəm idi. Hesabda geridə olduğumuz halda nəyinki məğlubiyyətdən qaçdıq, hətta qələbə də qazandıq. Həm müdafiə, həm də hücumda yaxşı oynadıq. Əks hücumlara çox yaxşı keçirdik. Huperin qoluna söz ola bilməzdi. Ümumiyyətlə, bu oyunçuya layiqli qiymət vermirlər. Eləcə də bu söz "Seltik"ə də aiddir. Bizə yuxarıdan aşağı baxanlar üçün bu bir növ dərs olmalıdır. Pley-offa yüksəlmək üçün əla şansımızın olduğunu söyləyə bilmərəm. Qarşıda bizi "Barselona"yla 2 oyun gözləyir. Bunun bizim üçün nə demək olduğunu yaxşı bilirsiniz".

Benfika (Portuqaliya) - Barselona (İspaniya) 0:2 (0:1)
Aleksis Sançes, 6. Fabreqas, 56.

Tito Vilanova, "Barselona"nın baş məşqçisi: "Qələbə bizim gücümüzü əlimizdən aldı, amma biz Lissabonda önəmli 3 xal qazandıq. Nəticədən çox razıyam. Çoxdandır ki, "Benfika"nı burda məğlub edə bilmirdik. İlk hissədə rəqib kəskin əks-hücumlarla bizi yaxalamaq istəyirdi. Əlbəttə, erkən qol işimizə yaradı. Ancaq bu oyun bizim üçün çox çətin oldu. Aleksis Sançes növbəti dəfə inkişaf etmək istədiyini sübut etdi. Mövsümün əvvəlində Fabreqasın, indi isə Aleksis Sançesi artırdığını gördük. Puyolu itkisi müdafiə xəttimizə ciddi zərbə vuracaq. İnanmıram ki, "Real"la oyuna Pike də yetişə bilsin. Mark Bartranın xidmətindən yararlanmalı olacağıq. Problemlər var, ancaq biz onları həll edəcəyik".
Jorje Jezuj, "Benfika"nın baş məşqçisi: "Benfika" çox yaxşı oynadı. Biz hər oyun topa nəzarəti 70 faiz əlinə keçirən dünyanın ən yaxşı komandasıyla oynadıq. İlk hissədə heç də pis deyildik və fasiləyə məğlub şəkildə yollanmamalıydıq. Qapı istiqamətinə 10 zərbə endirdik və fərqlənmək şanslarımız var idi. "Barselona"nın qol imkanları az olsa da, effektiv oynadılar. Oyunun taleyini məhz bu məqam həll etdi".

1. Barselona 2 2 0 0 5-2 6
2. Seltik 2 1 1 0 3-2 4
3. Benfika 2 0 1 1 0-2 1
4. Spartak 2 0 0 2 4-6 0


H qrupu

Qalatasaray (Türkiyə) - Braqa (Portuqaliya) 0:2 (0:1)
Ruben Mikael, 27. Alan, 90+4.

Fatih Terim, "Qalatasaray"ın baş məşqçisi: "Rəqib demək olar ki, ilk ciddi hücumdaca qol vurdu. Əslində pis oynamırdıq. Ancaq qol vura bilməyən komanda təbii ki, məğlub olmağa məhkumdur. ÇL fərqli səviyyədə turnirdir. Superliqadakı oyunla burda xal qazanmaq mümkün deyil. Bəzi əsas oyunçular məhz ÇL-də özlərini göstərməlidir. "Braqa" bizdən elə də güclü komanda deyil. "Qalatasaray" belə məğlubiyyətləri yaşaya-yaşaya təcrübə toplayacaq. Qrupdakı şansımız azalsa da, sona qədər döyüşəcəyik".
Joze Pezeyru, "Braqa"nın baş məşqçisi: "Qalatasaray" bizim gözlədiyimiz kimi oynadı. Özümüzü buna hazırlamışdıq. Müdafiədə bir an olsun sayıqlığı itirmədiyimiz üçün hər şey istədiyimiz kimi getdi. Layiqli qələbə qazandıq. ÇFR bizi, biz isə "Qalatasaray"ı məğlub etdik. Ona görə də "Qalatasaray" da ÇFR-i məğlub edə bilər. Yəni bu komandanın hələ qrupdan çıxmaq şansı var".

ÇFR (Rumıniya) - Mançester Yunayted 1:2 (1:1)
Kapetanos, 14 - Van Persi, 29; 49.

Aleks Ferqyuson, MY-nin baş məşqçisi: "Təbii ki, bu nəticə bizim hamımızı sevindirdi. Son illər səfər matçlarında bir xeyli çətinliklərlə üzləşirik. Üstəlik, bu gün hesabda geri düşdükdən sonra qələbə qazanmaq ikiqat sevindiricidir. Rəqibdən daha yaxşı oynadıq. Düzdü, De Xea bir-iki epizodda bizi xilas etdi".

1. MY 2 2 0 0 3-1 6
2. ÇFR 2 1 0 1 3-2 3
3. Braqa 2 1 0 1 2-2 3
4. Qalatasaray 1 2 0 0 2 0-3 0