• cümə, 29 Mart, 17:00
  • Baku Bakı 14°C

“Bataqlığın tam içindədirlər”

28.01.14 11:32 2262
“Bataqlığın tam içindədirlər”
Özlərini demokratik qüvvələr elan edənlərin Milli Şurasında demək olar ki, hər toplantı, hər yığıncaq qalmaqalsız, dava-dalaşsız keçmir. Sonuncu dəfə də belə oldu. Tərəflərin bir-birinin fikrinə hörmətsiz yanaşması əlbəyaxa davaya qədər gətirib çıxardı. Son günlər isə Milli Şura bu qurumu tərk edənlərlə yenidən gündəmə gəldi. Tanınmış müxalifət liderlərinin, partiyaların ardınca, təşkilatın formalaşmasında əsas rollardan birini oynayan Eldar Namazov da qurumdan istefa verdi. Milli Şurada yaşanan son hadisələr, müxalifət cəbhəsində qarşılıqlı ittihamlar, beynəlxalq təşkilatların qərəzli mövqeyi və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev cavablandırır.
-Elşən müəllim, son günlər müxalifət düşərgəsində baş verən prosesləri necə qiymətləndirirsiniz?
- Məncə, müxalifət düşərgəsindəki proseslər artıq qiymətləndirmə mərhələsini çoxdan keçib və özündə daha çox sterilizə mərhələsinin əlamətlərini daşıyır. Amma sterilizə deyərkən heç də onların öz içindən təmizlənməsini deyil, həmin ünsürlərin ümumən ictimai-siyasi proseslərdən təmizlənməsini nəzərdə tuturam. Biz illər uzunudur deyəndə ki, İsa Qəmbər, Əli Kərimli, eyni zamanda bu tip müxalif başbilənlər həmin düşərgəni metostaz kimi daxildən yeyir, qarşı tərəf üzərimizə adekvat olmayan aqressiya ilə gəlirdi. Oysa baxın və görün, hal-hazırda eyni şeyləri özləri bir-birinə deyir. Yəni, bu dəfə biz sadəcə seyrçiyik.
- Milli Şuranın növbəti sessiyası keçirilib və kinorejissor Rüstəm İbrahimbəyov yenidən qurumun fəxri sədri seçilib, şuranın daha da möhkəmlənməsi üçün yeni üzvlərin cəlb olunması müzakirə olunub. Amma Rauf Arifoğlu ehtimal edir ki, Milli Şuradakı daha iki böyük qüvvə də faktiki olaraq bu qurumdan gedib. Lakin onlar AXCP sədri Əli Kərimlinin şantaj və böhtanlarından qorxub indiki halda geri çəkilmək istəmirlər. Bütün bunları nəzərə alsaq, Milli Şuranın artıq bitmiş bir qurum, yoxsa getdikcə daha da güclənən təşkilat saymaq olar?
- Ümid heç də hər zaman sonda ölmür, bəzən o elə ölü doğulur. Bu fikir isə sanki Milli Şura üçün deyilib. Və ya bu qurumda təmsil olunanların hamısı-həm təşkilat həm də fərd olaraq siyasət aləmində yenidən zühur etmək arzusunda olanlardır. Sadəcə, bir məsələni unudurlar ki, sıfırın üstünə sıfır gələndə də, həmin sıfırları toplayanda da, böləndə də, çıxanda da nəticə dəyişmir, sıfırın kölgəsindən çıxmaq olmur. Yəni, mahiyyət necə vardısa, elə də qalır. Odur ki, belə olan halda nə Rauf Arifoğlunun, nə də digərlərinin fikirlərini, ehtimallarını dəyərləndirməyə düşünürəm ki, ehtiyac yoxdur. Haqqında danışdığınız İbrahimbəyov isə ta əvvəldən bu günə qədər hələ də anlamış deyil ki, Milli Şuraya niyə gəlmişdi, oradan niyə getdi və niyə qayıtdı. O ki, qala Əli Kərimlinin şantajlarına, fikrimcə, ən azından indiki mərhələdə bu mümkün olacaq şey deyil. Niyə? Çünki adamın öz boynunda bəs-bəlli faktlarla sübut olunmuş 150 minlik maxinasiyanın məsuliyyəti var. Hazırda Əli Kərimlinin başı özünə qarışıb və kimisə şantaj, ittiham edəcək durumda, qüvvədə deyil.
- Yeri gəlmişkən, Sizin də qeyd etdiyiniz kimi Əli Kərimliyə qarşı 150 min dollarlıq maxinasiya ittihamı səsləndirilməkdədir. Bu barədə müxalifət mətbuatında da materiallar dərc olunur. Sizcə, AXCP sədrinin bu barədə susması deyilənlərin həqiqət olduğuna dəlalət edirmi?
- Mən də hesab edirəm ki, AXCP sədri Əli Kərimli ona ünvanlanan ittihamlarla bağlı təcili açıqlama verməlidir. Çünki, bu onun ən azından mənəvi borcudur – təbii əgər belə bir borcun bu həyatda ümumən mövcudluğundan, var olmasından xəbərdardırsa. Düz 20 ildir biz bu adamın – yəni Əli Kərimlinin əsl kimliyindən, maskalı sifətindən, nə qədər saxta biri olduğundan, müxtəlif mərhələlərdə hətta öz lideri Əbülfəz Elçibəyə belə etdiyi inanılmaz xəyanətlərindən bəhs edirik. Söylədiklərimizin qarşılığı olaraq isə Əli Kərimli və onun tərəfdarları ya isterik reaksiya, ya da qeyri-adekvat mövqe ilə mövzudan yayınmağa çalışıblar. İndi isə durum fərqlidir. Bilirsinizmi niyə? Çünki bu dəfə ittiham artıq evin içindən gəlir. Və ya hazırda Əli Kərimlini o insanlar ifşa edir ki, onlar AXCP sədrinin bütün sirlərini və maxinasiyalarını ən kiçik detallarına qədər bilirlər. Əli Kərimli və onun himayəsində olan “Azadlıq” qəzeti bütün fəaliyyəti boyu kimlərəsə iftira və çamur atıb, onları haqsız yerə qaralamağa çalışıb. Və bu fəaliyyət yəqin həm də o məqsəd daşıyıb ki, bu gün ortaya çıxan və illər uzunu özləri tərəfindən həyata keçirilən maxinasiyaları gizlətmək, sığortalamaq mümkün olsun. Amma artıq gecdir. Çünki bataqlığın tam içindədirlər. Bu bataqlıqdan onları bundan yüz il sonra da kimsə xilas edə bilməyəcək. Digər tərəfdən, zamanında biz soruşanda ki, Əli Kərimlinin sərəncamında olan bu qədər mülk, bu qədər avtomobil, cangüdən, muzdlu yazarlar haradandır? - anındaca söhbətin istiqamətini dəyişirdilər. İndi isə artıq eyni adla ittihamlar özləri tərəfindən bir-birinə tuşlanır və istiqamətlənir. Ya da belə deyək: Bunlar hələ müxalifətçi ola - ola yüz minlərin, milyonların haqq-hesabını edirsə, görün əllərində hakimiyyət olsa nə oyunlar çıxararlar, bu ölkənin sərvətini hansı formada talan edərlər.
- Milli Şuradan bu vaxta qədər bir neçə müxalifət lideri, partiya istefa verib. Amma sonuncu dəfə Müsavat Partiyası bu qurumdan çıxanda keçmiş müttəfiqlər arasında böyük narazılıq, qarşılıqlı ittihamlar geniş vüsət aldı. Hətta müsavatçıların iqtidarla gizli danışığa getdiyi, onlara bir neçə mandat söz verildiyi də qeyd olundu. Sizin bu baş verənlərlə bağlı münasibətiniz necədir?
- Müsavat Partiyası kimdir ki, hakimiyyət onunla danışığa getsin? Bu partiyanın yanı başında iki cüt bir tək adam qalmayıb. Onlar da ora-bura getmək üçün özlərində üz qoymayanlardır. Oysa, imkanları olsa bu dəqiqə gedərlər hətta. Sadəcə, hərraclıq, bazarlıq qiymətləri də qalmayıb. Əlbəttə ki, belə bir şey yoxdur və ola bilməz. Sadəcə Əli Kərimli və onun emissarları həm Milli Şuranın heç bir zaman olmayan nüfuzunu qorumaq, həm də ənənəvi rəqiblərindən qisas almaq üçün bu illüziyaları mətbuatda tirajlayırlar. Amma nə edirlər etsinlər fayda olmayacaq. O təşkilata yüz İsa Qəmbər səviyyəsində biri gəlsə, yaxud da getsə vəziyyət dəyişməyəcək. Niyə? Çünki, bu adamlar ölü doğulan bir ideyanın ardınca irəliləyirlər. Daha doğrusu, həmin ideyanın ardınca çabalayırlar.
- Eldar Namazov da Milli Şuradan istefa verib. Diqqət çəkən məqam budur ki, o, bu qərarı verməzdən bir gün əvvəl ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarla görüşüb. E.Namazovun son addımında xarici diplomatın təsirinin və ya tövsiyəsinin olması nə dərəcədə mümkündür?
- Eldar Namazov ömrü boyu buyruq qulu olub. Və ya təəccüblü o zaman olardı ki, Namazov dediyinizin əksini edərdi. Yəni, Namazovun əzəli xislətidir bu: Alınmaq, satılmaq, əmri icra etmək, idarə olunmaq. Odur ki, belə olan halda heç şübhəsiz haqqında danışdığınız görüşün də atılan addımlara müəyyən və hətta müstəsna təsiri ola bilər. Çünki söhbət Eldar Namazov kimi reneqatdan, öz maraqlarını reallaşdırmaq üçün bütün dəyərləri tapdaq altına almağı bacaran bir insandan gedir. Onu da qeyd edim ki, bu adam Mili Şuradan getmək üçün çoxdan vurnuxurdu, bəhanə axtarırdı. Yəqin Morninqstarla görüş həmin o çoxdan bəri beynində tutduğu fikri reallaşdırmaq üçün zəmin yaradıb.
- “Yeni Müsavat” və “Azadlıq” qəzetləri üzərindən AXCP-Müsavat funksionerlərinin, xüsusən də Əli Kərimli tərəfdarları ilə Rauf Arifoğlunun söz savaşı bitmək bilmir. Sizcə, müxalifəti gözdən salmağa yönələn bu savaşının kökündə nə dayanır?
- Radikal müxalifətin bütün aqressiyasının kökündə ilk öncə onların uğursuzluğu dayanır - 20 ildən bəri davam edən uğursuzluğu! İkinci nüans İsa Qəmbərlə Əlİ Kərimlinin bir-birinə olan potoloji nifrətidir. Onlar həqiqətən müxalifətin üz qarasıdır və əgər diqqət yetirsəniz görərsiniz ki, həmin düşərgədə baş verən hər nə qədər ziddiyyət, konflikt, söz atışması varsa, bu iki insanla bir şəkildə bağlıdır. İnanın, tam səmimi deyirəm, hazırda bir-birinə ən ağır ittihamları yağdıran həmin şəxslər 3 gün sonra yenidən barışıb qardaş olduqlarını bəyan eləsələr, mən buna təəccüblənmərəm.
- “Freedom Hause”, “Human Rights Watch” təşkilatları bu günlərdə növbəti dəfə Azərbaycanla bağlı qərəzli hesabatla çıxış ediblər. Sizcə, bu hesabatların yayılmasında məqsədi nədir?
- Bu beynəlxalq təşkilatlar çoxlarına yaxşı məlumdur. Əslində onların həqiqətən beynəlxalq təşkilat, yoxsa radikal müxalifətin xaricdəki bürosu olduğu şübhəlidir. Bunlar hər kvartalın sonunda Azərbaycan hakimiyyəti əleyhinə hesabatlar və bəyanatlar verirlər. Həmin “cızma-qaralar”ın növbətisi isə son günlər mətbuatda dərc edilib. Həmin hesabatı oxuyandan sonra belə qənaətə gəlmişəm ki, bu gün beynəlxalq dairələrdə pul silməyin ən gözəl yolu elə bu tərz təşkilatları ərsəyə gətirməkdir. Hərəsinin də təhkim olunduğu bir ölkə var və “Human Rigts Watch”-ın da ürəyi Azərbaycan iqtidarını söyməkdən keçir. Həm də birmənalı şəkildə. Fikrimcə, “Freedom Hause” və “Human Rights Watch” bəlli qüvvələrin tapşırığını icra edən, sırf Azərbaycana təhkim olunmuş və ölkədə aranı qatmaq üçün təlimat almış destruktiv qurumlardur. Eyni zamanda həmin qüvvələrin beynəlxalq büdcədən “pul silmə” vasitəsidir. Vəssalam.
- Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus da adıçəkilən təşkilatlarla eyni mövqeni bölüşür, hətta ölkəmizdə 134 siyasi və vicdan məhbusunun olması barədə açıqlamalar verir. Sizin bu məsələyə münasibətiniz necədir?
- Leyla Yunus azərbaycanlı olduğunu çoxdan unutmuş biridir. Bu adam sanki öz ölkəsinə, öz vətəndaşına nifrət edir. Amma bu nifrət hardandır? Bax əsl bunu müəyyənləşdirmək, bu faktın mənbəyini arayıb-araşdırmaq, bu səbəbiyyətin ardınca getmək lazımdır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər