AZE | RUS | ENG |


Batalyonun azərbaycanlı qızı - Fotolar

Batalyonun azərbaycanlı qızı - Fotolar
95 yaşını qeyd edən müharibə və əmək veteranı Fatma Səttarova: “Mən xoşbəxt insanam”

«Həyatım enişli-yoxuşlu, keşməkeşli keçib. Amma çətinliklərdən çıxmağı bacarmışam. Mübarizələr məni möhkəmləndirib”. Oddan-alovdan keçən həyat yolunu gözləri yol çəkə-çəkə vərəqləyir. Hərdən doluxsunur, hərdən qürurunu ifadə edən sevinc üzünü işıqlandırır. Yaddaşından heç vaxt silinməyən xatirələri var. Danışdıqları kinolardakı kimi olsa da, əslində həqiqətdir.

95 yaşını qeyd edən müharibə və əmək veteranı Fatma Səttarova "Mən xoşbəxt insanam” deyir. Gerçəkdən fəxr olunası ömür yolu var. Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın  «Analar anası», Rusiya prezidenti Vladimir Putinin "Mənim azərbaycanlı anam” deyə əzizlədiyi Fatma xanım "Kaspi"nin "Həyat söhbəti”nə hekayətini danışır. 
 
 

İtkilər, təhlükə, ölüm qorxusu

- Fatma xanım, siz gənclərə örnək olan həyat yaşamısınız. Böyük Vətən müharibəsinin od-alovundan keçən və bu gün barmaqla sayılacaq qədər sayı olan veteranlardan birisiniz. Xüsusən qadın olmağınız həyat hekayətinizlə bağlı daha böyük maraq doğurur.
- Ailənin yeganə qızı idim. 1937-ci ildə Bakıdakı Tibb Texnikumuna daxil oldum. Texnikumda hərbi kafedramız vardı. Məktəbi qurtaranda bizə diplomla bərabər kiçik leytenant rütbəsi və hərbi bilet verdilər. 1941-ci ilin yanvar ayında ailə həyatı qurdum. Evliliyimizdən 5 ay keçəndən sonra müharibə başladı. Müharibə hər kəs kimi mənim də gələcəyə dair planlarımı alt-üst etdi. Bizə verilən hərbi biletin arxasında «Əgər müharibə başlayarsa ikinci gün hərbi komissarlığa getməlisiniz» sözləri yazılmışdı. Mən də həyat yoldaşımla birlikdə hərbi komissarlığa gəlib könüllü olaraq cəbhəyə getmək istədiyimizi bildirdik. Həyat yoldaşım Maşınqayırma zavodunun direktoru idi.  O zaman üçün zavod öz profilini dəyişib, hərbi təyinatlı silah-sursat istehsalına keçməli idi. Ona görə də yoldaşım burada qaldı, mən isə cəbhəyə yollandım.
 
 

- Döyüş yolunuz haralardan keçdi? Yəqin ki, həmin günlərlə bağlı dəhşətli xatirələr sizi heç zaman tərk etmir.
- Sentyabrın əvvəlində əsgər və zabitləri, o cümlədən tibb işçilərini eşelonlarla yola saldılar. Moskva ətrafındakı döyüşlərə gəlib çıxdıq. O  döyüşlər mənim həyatımın ən ağrılı günləri olub. Briqadada 2 tibb bacısı və 3 sanitar var idi. Ətrafımızda bombalar partlayır, insanlar ölür, yaralanırdı. Biz isə hər vəziyyətdə ayıqlığımızı saxlamalı və onlara yardım etməli idik. Hər an ölümlə üz-üzə qalsaq da, ehtiyacı olan hər kəsə kömək etməyə tələsirdik. Gənc qızlar və oğlanlar üçün çox çətin idi - müharibə, qan, yaralılar, ağrıdan qıvrılan insanlar, itkilər, təhlükə, ölüm qorxusu… Rostov ərazisində güclü atışma olmuşdu. Biz oradan yaralıları çıxarıb, ilk tibbi yardım göstərməyə çalışır, onlara vaqonlarda qulluq edirdik. Bir dəfə bir az aralıda bir əsgərin ağır yaralandığını gördük. O çox qan itirmişdi. Mən onun ayağındakı, rəfiqəm isə başındakı yaralarını sarıdıq. Elə bu an yanımızda mərmi partladı. Yanımdakı şəfqət bacısı gözlərimin önündə can verdi. Mən isə ayağımdan ağır yaralandım. İndiyə qədər də çəlikdə gəzirəm. Yaralandıqdan sonra azca özümə gələndə dəhşətli uğultunun içərisindən bir səs eşitdim. Ağır yaralı əsgərin köməyə çağırdığını eşitdim. Sürünüb ona çatdım, səngərdə idi. Elə o anda üstümüzdən tanklar keçməyə başladı. Qorxudan dilim tutulmuşdu. Gecəni səngərdə qaldıq, yalnız səhər bizi və digər yaralıları hospitallara apardılar. Mənə bir həftəlik məzuniyyət vermək istəsələr də, imtina etdim. Çünki o vaxt dincəlmək haqqında fikirləşə bilməzdim. Özümü gərəkli saymaq mənə ruh yüksəkliyi verirdi. Yaşca böyük əsgərlər məni «qızım» deyə çağırırdılar. Bəziləri hətta, «batalyonun azərbaycanlı qızı» deyirdilər. Moskvaətrafı döyüşlər zamanı yaranan Panfilovun ordusu almanları Moskva ətrafından qovub çıxartdı. Ordu döyüşə-döyüşə Leninqrada gəlib çatdı. Almanlar Leninqradı mühasirəyə almışdılar. Biz Ladoqa gölü ilə hərəkət edib şəhərə daxil olduq. Başımızın üzərində alman təyyarələri uçur, hər tərəfi bombalayırdılar. Dəhşətli günlər idi. Əsgərlər təkcə bombardmandan deyil, həm də acından ölürdülər. 50 qram qara çörək və jımıx yeyərək birtəhər davam gətirirdik. Mən 4 ay yarım Leninqradda qaldım. Artıq aclıqdan halım qalmamışdı. 20 yaşım var idi. Çiynimdəki sanitar çantası çəkimdən ağır idi. Ordunun səyi nəticəsində Ladoqa gölü açılandan sonra biz yaralıları balaca gəmilərlə Leninqraddan çıxarmağa başladıq. Özümüz də mühasirədən çıxdıq. Məni Stalinqrad cəbhəsinə göndərdilər. Ordu həmin cəbhədən Berlinə qədər hücuma keçdik. Mən isə Macarıstana çata bildim və orada xəstələndim. Məni ordudan tərxis etdilər. Şəfqət bacısı kimi Bakıdan cəbhəyə gedəndə 7 qız idik. Ancaq onlardan 5-i həlak oldu, yalnız ikimiz qayıda bildik. Yaralıları eşelonlara doldurdular və 1945-ci ilin fevralında onları Bakıdakı hospitallara gətirdik. O zaman Bakıdakı bütün məktəblər hospital kimi fəaliyyət göstərirdi.  
 
 
 
Müharibədən sonrakı həyat

- Müharibədən qayıdandan sonra harada çalışdınız?
- Müharibədən qayıdanda xeyli zəifləmişdim. Çəkim 38 kiloqram idi. Arıq, yorğun və zəif idim. Cəbhədə 42 ölçüdə çəkmə geyinirdim. Balaca ayaqlarım üçün bu əsil işgəncə idi. Amma cəbhədən qayıdandan sonra artıq sərbəst idim. Şkafdan həyat yoldaşımın toydan sonra mənə hədiyyə etdiyi məxməri paltarımı və xoşuma gələn ayaqqabılarımı geyindim. Uzun müddət sonra ilk dəfə həyat yoldaşımla qol-qola şəhəri gəzməyə çıxdıq. Müharibədən sonra yeni həyata başladım. Dekabr ayında isə oğlum dünyaya gəldi. Sonuncu - 4-cü övladım dünyaya gələndə 28 yaşım vardı. Mircəfər Bağırov bizi dəvət etdi. Onun göstərişi ilə bizi ali məktəblərə imtahansız qəbul etdilər və müəyyən vəzifələr verildi. Mən Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat, o cümlədən Q.V.Plexanov adına universitetin filialında ticarətin idarə edilməsi fakültəsində qiyabi təhsil aldım. Bizə güzəşt edir, bəzən heç imtahan da götürmürdülər. Həm işləyir, həm də oxuyurduq. Mən ictimai iaşəyə rəhbərlik edirdim. O vaxt rayon komitəsi, partiya komitəsi, xalq nəzarəti və s. orqanlar rəhbər işçiləri incidirdilər. İşimizə ciddi nəzarət vardı, məsuliyyət də yüksək idi. Həyat yoldaşım tez rəhmətə getdi. 4 uşaqla tək qaldım. Onların təlim-tərbiyəsi, təhsili ilə tək məşğul oldum. Onlarla həmçinin dost oldum. Övladlarım böyüyüb ali məktəblərə daxil oldular. Həyatımı onların tərbiyəsinə, böyüyüb ailə qurmalarına həsr elədim.
 
 
 
- Siz çətin vəziyyətdən necə çıxdınız? Hər halda ailə başçısı olmadan dörd uşaqla qalmaq bir qadın üçün asan deyildi? 
- Heç kəsim yox idi. Vaxtilə evin tək övladı olmuşdum – nə bacım, nə qardaşım var idi. Ona görə də bütün çətinlikləri tək qarşılamalı idim. Ailəvi dostlarım çox idi. Onların hamısı zəhmətkeş insanlar idilər. Həyat yoldaşım Məmməd Səttarov son dərəcə qayğıkeş, səmimi insan idi. Onunla 25 il xoşbəxt həyat sürdüm. O mənə, mən də ona həmişə güvənib yaşadıq. Onun ölümündən sonra övladlarımı boya-başa çatdırmaq üçün çox mübarizə apardım. Həyatın daşlı-kəsəkli yollarını keçdim. Yaşadığım əziyyətləri sözlə ifadə etməyə çətinlik çəkirəm. Bütün həyatım boyu tək güvəncim Tanrı olub. Böyük oğlum Xarici Dillər Universitetini, ortancıl və kiçik  oğlum Neft-Kimya İnstitutunu bitirdilər. Ortancıl oğlum doktorluq işini müdafiə etdi. 35 il həmin institutun kafedra müdiri kimi çalışdı. Akademikdir. Hazırda Amerikada yaşayır. Qızım isə Xalq Təsərrüfatı İnstitutunu bitirdi. 4 övladım, 11 nəvəm, 21 nəticəm var. Hamısı ali təhsillidir. Böyük oğlumun 70 yaşı var. İndi də mənimlə məsləhətləşir. Mən öz bəxtimdən, taleyimdən çox razıyam.
 
 
 
Döyüşə hazıram

- Bu yaxınlarda Moskva ətrafı döyüşlərin 75 illiyi qeyd edildi. Siz də həmin döyüşlərin iştirakçısı kimi Moskvada keçirilən tədbirə dəvət almışdınız. Döyüş yoldaşlarınızdan sağ qalanlar varmı? 
- Moskvaya tez-tez dəvət alıram. Tədbirlərdə Rusiya prezidenti Vladimir Putin mənimlə «Mənim azərbaycanlı anam»  deyərək görüşür. Dekabrın 4-dən 7-ə qədər mən Moskvaətrafı döyüşlərə həsr olunan tədbirdə iştirak etdim. Moskva şəhərinin meri bizi qəbul etdi. Keçmiş ittifaq respublikalarının həmin döyüşlərdə iştirak edən bütün veteranları tədbirdə iştirak edirdilər. Azərbaycandan isə təkcə mən həmin tədbirdə iştirak edirdim. Bizim batalyondan olan veteranlardan biri məni tanıdı. Xeyli söhbət etdik, cəbhə günlərini xatırladıq. 
 
 

- 95 yaş... maşallah uzun ömürdür, həm də şərəfli. Özünüzü necə hiss edirsiniz? 
- Dövlətimin mənə göstərdiyi qayğıdan çox razıyam. Prezident İlham Əliyev mənə ev, avtomobil hədiyyə edib. Ölkənin birinci xanımı Mehriban Əliyeva ilə tez-tez görüşürəm. Ölkə başçısı ilə görüşəndə hesabatlarımı verirəm. Bu günlərdə yubileyimlə bağlı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən tədbirdə prezidentin köməkçisi Əli Həsənov Prezidentin Fəxri Fərmanını mənə təqdim etdi. Təşkilatın Nərimanov rayon İcra Hakimiyyəti ilə birlikdə yubileyimlə bağlı keçirdiyi tədbirində sədr müavini, polkovnik Cəlil Xəlilov veteranlar adından xoş sözlərini söylədi. Rusiyanın Azərbaycandakı səfirliyi də bu yaxınlarda yubileyimi qeyd edəcək. İnsana daha nə lazımdır? Yaşadığım ömrə, keçdiyim həyat yoluna baxıb qürur duyuram. Lazım gələrsə Qarabağ torpaqlarının azad olunması üçün də döyüşməyə hazıram. Gənclərimizə də tövsiyəm odur ki, Vətəni sevsinlər, onun uğrunda döyüşə, torpaqlarımızı azad etməyə hər an hazır olsunlar. 
  
Təranə Məhərrəmova


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN