Başsız atlı - Fotolar
Məşhur rus və Amerika aktyoru Oleq Borisoviç Vidov ötən həftə ABŞ-da
vəfat edib. Kaliforniya ştatında yaşayan 74 yaşlı aktyor onkoloji xəstəlikdən
dünyasını dəyişib. Həyat yoldaşı Coan Borstin mətbuata açıqlamasında «Oleq
Vidov - sevimli həyat yoldaşım, dostum vəfat edib» - deyə kədərini bölüşüb.
Vidov RSFSR-in əməkdar artisti idi. O,
sovet tamaşaçılarının yaddaşında daha çox «Başsız atlı»dakı Moris Cerald rolu
ilə qalıb. 1973-cü ildə Mayn Ridin romanı əsasında SSRİ və Kuba
kinematoqrafçılarının birgə çəkdiyi film aktyora böyük şöhrət gətirmişdi.O.Vidov 1943-cü ildə Moskva vilayətində doğulub. Anası Varvara
İvanovna məktəb direktoru idi. Atası Boris Nikolayeviç Qarneviç iqtisadçı kimi
tanınırdı. Leninqrad Maliyyə İqtisad İnstitutunu bitirmişdi. İşi ilə əlaqədar
müxtəlif məkanlarda çalışdığından, Oleqin uşaqlığı da SSRİ-də, Monqolustanda və
Şərqi Almaniyada keçmişdi.
"Qaçdı, xəyanət elədi...”
Oleq 1960-cı ildə «Mənim dostum Kolka» filmində epizodik rola çəkilir.
Bu rol onun kinoya vizit kartı olur. 1960-cı ildə Ümumittifaq Kinematoqrafiya
İnstitutunun aktyorluq fakültəsinə daxil olan aktyor 1963-cü ildə rejissor
Vladimir Basovun «Tufan» filmində Vladimir rolunda oynayır. Bir il sonra isə
artıq rejissor ona «Adi möcüzə» filmində baş rolu etibar edir. İnstitutu
qurtaranda Vidovun bioqrafiyasında bir neçə epizodik və baş rollar var idi. O həmyaşıdı
olan aktyor-tələbələrlə müqayisədə böyük şöhrət qazanmışdı. Artıq onu
institutun dəhlizlərində barmaqla göstərirdilər. Yaraşığı ən gözəl qızların
diqqətindən belə yayınmırdı. Kinoda da «Alicənab yaraşıqlı» kimi şöhrət
qazanmışdı. 1971-ci ildə isə «Uğur centlemenləri» və «Şirin Qəbri» filmlərinə çəkilən
aktyorla xarici kinostudiyalar da maraqlanmağa başlayırlar.Vidov 1983-cü ildə Yuqoslaviyaya gedərək orada bir neçə filmdə və iki
televiziya serialında rol alır. Ancaq onun xaricə getməsini əngəlləyir, daha
çox ölkə daxilində çəkilişlərdə iştirakına icazə verirdilər. Oleq Vidov isə yaşının
ən enerjili vaxtlarını yaşayır, konodan zövq almaq istəyirdi.Aktyor Yuqoslaviyada çəkilişlərdə iştirak edən zaman Avstriyaya,
İtaliyaya yollaynır və nəhayət, 1985-ci ildə Amerikaya gedir. Milyonlarla sovet
tamaşaçısının sevimlisinin birdən-birə ölkəni tərk etməsi hamıya təəccüblü
görünür. Dostları onu Avstriya sərhədindən avtomobilin yük yerində gizli yolla keçirirlər.
«Qaçdı, xəyanət elədi» - deyə sovet qəzetləri onun haqqında yazırdı. Ancaq Oleq
özü başa düşürdü ki, Amerika yaşamaq və işləmək üçün ona şans verən ölkədir. O,
Amerikada jurnalist Coan Borstinlə evlənir. Coan Borstlinlə evənənə qədər Oleq
Vidov iki dəfə ailəli olub. Rəssam Marina Vidova, həmçinin gözəl Natalya Fedotova
ilə evlilikləri çox da uzun sürməyib.
Coan Borstinlə Oleqin «Film Spaylav» - sevgidən yaranan filmlər adlı
firmaları fəaliyyət göstərirdi. Həmin firma SSRİ-də çəkilən filmlərin prokatını
təşkil etmək üçün lisenziya alır. Köhnə animasiyaları dünya bazarına çıxarmaq
üçün «Soyuzmultfilm»lə bağladıqları müqavilə dəfələrlə uzadılır. Filmlərin səsləndirilməsi
üçün isə onlar məşhur Hollivud aktyorlarını – Şirli Maklein, Cesika Lenk,
Timoti Dalton və Con Hyuston kimi aktyorları dəvət edirdilər. O, rus filmlərinə
Amerika tamaşaçılarının diqqətini yönəltməyə çalışırdı. Aktyor səhv etmədi.
Köhnə rus animasiya filmlərinə dünyanın bir çox ölkələrində baxırdılar. Ancaq
«Soyuzmultfilm»lə aktyor arasında yaranan münaqişədən sonra o, artıq bütün
kolleksiyasını milyarder Alişir Usmanova satmalı olur.
Ulduzların son mənzili
Oleq Vidov SSRİ-ni tərk edəndən sonra «Oleq geriyə qayıtmaq istəmirmi?»,
«Okeanın o tayında o, necə yaşayacaq?» - deyə suallar qəzetlərin gündəmindən
düşmürdü. Ölümündən sonra yaxın dostu İqor Kokarev 50 illik həmfikri haqqında
ilk dəfə olaraq «Moskovskiy kolmsomolets»ə danışıb: «Oleq beyin xərçəngindən əziyyət
çəkirdi. Bu xəstəlik son 5 ildə onu əritmişdi. Ancaq o, heç vaxt bunu büruzə
vermirdi. Biz də onun əziyyət çəkdiyinə inanmaq istəmirdik. Amerika tibbinə
onun işləməyinə, hətta həyat yoldaşı ilə səyahət etmələrinə görə minnətdar
idik. Onlar sonuncu tətillərini Tailandda keçirdilər. Oleq xoşbəxt idi. Bazar
günü isə həyat yoldaşı mənə məktub göndərdi: «Tez gəl, Oleq ölüm ayağındadır.
Daim yatır, bəlkə daha oyanmayacaq...»
- Aktyor sizi tanıdı?
- Onun şüuru yerində idi, hamını tanıyırdı. Ancaq göz qapaqlarını
qaldırmaq üçün gücsüz idi. «Oleq, məni eşidirsən?» - deyə soruşdum. O, gözərini
yarı açdı və bir neçə dəfə qırpdı. Mən onun əlini əlimə aldım. Gənclik illərimizi
xatırladım. Həmin anda onun kipriklərinin necə titrədiyini hiss etdim. Sonra isə
tanış həkim gəldi və onu hospitala göndərməyin əhəmiyyətsiz olduğunu bildirdi.
Bizə gözləmək qalırdı. Bir neçə saatdan sonra isə Oleq artıq yox idi... Biz Oleqlə 50 ildən çoxdur ki, dost idik.
- Fikirlər var ki, məhz
Fedotova ilə nikahı Oleqi emiqrasiyaya məcbur edib. Guya Natalya "KQB”
generalının qızı imiş.
- O, ümumiyyətlə Brejnevin qəyyumluğa götürdüyü qızı idi. Leonid İliç
yaxın dostu öləndən sonra Natalyanı qızlığa götürərək tərbiyəsi ilə məşğul
olmuşdu.
- Həm də deyirlər ki, məhz
bu uğurlu nikaha görə Oleqə yaxşı rollar təklif edirdilər.
- Siz nə danışırsınız? O evlənənə qədər artıq sovet
kinematoqrafiyasının ulduzu idi. Axı, o, 16 yaşından kinoda idi. Hər şeyi öz
istedadı və zahiri yaraşığı sayəsində qazanmışdı. Məhz bu keyfiyyətlərə görə
rejissorlar onu filmlərə dəvət edirdilər. Evlənəndən bir il sonra o, "Nataşa
pul qazanmaqdan ötrü məni konsertlərdə çıxış etməyə məcbur edir”- deyə gileyləndi.
Amma onun ürəyi kinoda idi. O, ictimaiyyət qarşısında çox görünməyi xoşlamırdı.
Bir növ ev uşağı idi. Bununla belə, kinoda çəkilməyə pərəstiş edirdi.
- Nataşadan ayrılandan sonra
ona rol vermirdilər?
- Bu, fikir də həqiqətdən uzaqdır. Həmin vaxt o, artıq dünyaca məşhur
idi. Onu Avropa ölkələri dəvət edirdilər. «Qoskino» isə onu buraxmırdı. Ona
yalnız sosialist ölkələrinə getməyə icazə verirdilər.
- Ancaq o, Yuqoslaviyadan
qaçmağı qərara aldı...
- Hə... Dostu onu avtomobilinin yük yerində sərhəddən keçirib
Avstriyaya apardı. Artıq onu həmin ölkədə aktyorun üçüncü arvadı olacaq məşhur
jurnalist Coan gözləyirdi. O bu qadınla Amerikada ömrünün sonunacan yaşadı.
Qadın Oleqə sadiq idi. Oleq onunla evliliyindən gileylənmiridi. Bəlkə də
axtardığı xoşbəxtliyi tapmışdı.
- Oleq Borisoviç SSRİ-dən
qaçmağına təəssüflənirdi? Vətənini xatırlayırdı?
- Daim xatırlayırdı... Bizim hər görüşümüzdə, hər telefon
danışığımızda o, Rusiyadan bəhs edirdi. O, gedişini çox ağır yaşadı. Onun bütün
şeirləri itirilmiş Vətən haqqında idi. Onun evi həmişə Rusiyadan gətirilən
suvenirlərlə dolu olurdu. Hətta Rusiyadan gətirilən "Marko Polo” adlı qara cins
iti vardı. Amerikaya gələn digər ruslardan fərqli olaraq, o, həmişə rus olaraq
qaldı. O, assimiliyasiya olmağı xoşlamırdı, dilini və mədəniyyətini unutmurdu.
İngiliscə ləhcəsiz danışığına, ona verilən rolları çox asanlıqla oynamasına görə,
Rusiya kino məktəbinə minnətdarlığını gizlətmirdi. Ancaq vəfat edəndə serb
dilində pıçıldayırdı. Bu dili çəkiliş zamanı öyrənmişdi.
- Bəs o niyə miqrasiya
etdi?
- Oleqi xaricə çəkilişlərə buraxmadıqlarına görə qəlbinin dərinliklərində
özünü təhqir olunmuş hesab edirdi. Deyirdi ki, bu, mənim ürəyimə tüpürməkdir.
"Mən çiçəklənən vaxtımdayam və çəkilməyə hazıram. Məni çoxlu Avropa ölkələri dəvət
edir. Mən nə qədər təklifləri dəfn etmişəm»- deyə hirslənirdi. Digər, daha
ciddi bir səbəb isə onun çox az danışdığı xəstəliyi ilə bağlı idi – o zaman
onda xərçəng aşkarlamışdılar. SSRİ-də onun üzərində əməliyyat aparmışdılar, hətta
ona 20 ildən çox yaşamaq şansı verilmişdi. Bu illər ərzində o, çox ciddi
dietada idi və dərmanlar qəbul edirdi. Mən hətta bir neçə dəfə onun özünə iynə
vurmasını görmüşdüm. Düşünürəm ki, onun Amerikadakı karyerası ona görə dondu
ki, onun əməliyyatdan qabaqkı gücü artıq qalmamışdı.
- Amerikadakı çəkilişlərdən əlavə
Oleq Borisoviç nə ilə məşğul olurdu?
- Coanla birgə onlar sovet cizgi filmlərinə ikinci can vermişdilər.
Onu dünyaca məşhur etmişdilər. O zamanlar mən onların evində tez-tez qonaq
olurdum. Xatırlayıram ki, bütün ev boyu kasetlər tullanmışdı. Animasiyalar
amerikalı ulduzların səsi ilə verilirdi. Bundan ötrü Oleqlə Coan böyük pullar xərcləyirdilər.
Bunun müqabilində isə onları müəllif hüquqlarının pozulmasında günahkar
sayırdılar. Hətta mühakimə də olunmuşdular. Mən dəqiq bilirəm ki, onlar
sahibkarlara pul ödəyirdilər. Yadımdadır ki, Norşteynin özü onlara qonaq gəlmişdi...
Bir də yadımdadır ki, onlar sərxoşluğa və narkomaniyaya qarşı klinika da təşkil
etmişdilər. Bunun da axırı pis qurtardı.
- Oleqlə Coanın uşaqları yox
idi?
- Yox, amma onlar Oleqin Odessa kinostudiyasındakı aktrisa ilə
romanından sonra doğulmuş Sergeyi doğma oğulları kimi tərbiyə etmişdilər. Bu
barədə Oleq oğlanın doğulmasından bir neçə il sonra xəbər tutmuşdu. Onu tanıdı
və Amerikaya gətirdi. Bütün bu illər Seryoja atası ilə yaşayırdı. Həmçinin
Oleqin Natalya ilə evlilikdən də də bir oğlu var. Boşanmadan sonra Natalya ata
ilə oğulun görüşməsinə qadağa qoymuşdu. Onlar uzun illər sonra Malaxovun
tok-şousunda görüşmüşdülər. Bu çox həssas məqam idi. Sonra Oleq bu oğlunu da
Amerikaya apardı. Amma oğlan orada yaşaya bilmədi. Nəticədə Rusiyaya qayıtdı.Oleq Vidov rus vətənpərvəri idi. Vətənini sevən, onun uğrunda can
yandıran, ancaq özünə qarşı haqsızlıqlara dözə bilməyən cəsarətli insan idi. Təəssüf
ki, SSRİ dövründə onun istedadından daha çox istifadə edə bilmədilər.Oleq Vidovu Hollivudda –
simvolik adı «Hollywood Forever» olan qəbiristanlıqda dəfn etdilər. Bu o qəbiristanlıqdır
ki, sonunda bütün Amerika ulduzları ora yığışır. Bura ulduzların son mənzilidir.
Rusiya mətbuatından tərcümə etdi:
Təranə Məhərrəmova