• cümə axşamı, 28 mart, 12:06
  • Baku Bakı 16°C

«Başqalarının pulunu xərcləmirəm» - Şou-biznes

02.06.14 09:37 6946
«Başqalarının pulunu xərcləmirəm» - Şou-biznes
Şou biznes gənclərin diqqətində, marağında olan bir sahə olduğu üçün hər kəs bu sənətə, ən azı o səhnəyə bir dəfə çıxmaq üçün can atır. Onlar bu aləmə gələrkən fərqli olacaqlarını, eynilik yaratmayacaqlarını deyərək digər şou aləminin nümayəndələrinə meydan oxumağa çalışırlar. Ancaq zaman keçdikcə tez parıldayan “ulduzların” tez də sönməsinin şahidi oluruq. Belə ki, bu gün şou biznesdə fərqli üslubu ilə gənclərin sevimlisi olmaq və zirvəni, sevgini qoruyub saxlamaq heç də asan məslə deyil.
“Gənclik qəzeti” bu həftəki qonağı məhz gənclərin sevərək dinlədiyi, fərqli imici ilə marağa səbəb olan “Gold Star” Sevinc Musayevadır. Səhnəmizin “Gold Star”ı, çılğın qız kimi tanınan Sevinc Musayeva bizimlə söhbətində aparıcılıq təklifləri aldığını, ancaq tərəddüd etdiyini deyir: “İki kanaldan mənə aparıcılıq təklifi gəlib. Hələ ki, təkliflər qalıb, çünki mən aparıcı kimi fəaliyyət göstərmək istəmirəm. İllərimi bu sənətimə həsr etmişəm, bu sənətə gəlmək üçün çox əziyyət çəkmişəm. Aparıcılıq mənim üçün ikinci dərəcəli şeydir”.
- Sevinc xanım, bu yaxınlarda türk prodüseri Əhməd Akkaya ilə işbirliyinizin olacağını eşitdik. Türkiyədə məşhurlaşmaq eşqinəmi düşmüsünüz?

- Bəli, düz eşitmisiniz. Türkiyədə məşhur olmaq asan deyil. Bunun üçün külli miqdarda pul lazımdır. Əhməd Akkaya mənə iş təklif etdi və səsimin maraqlarına səbəb olduğunu söylədi. Onlar qeyd etdilər ki, Azərbaycanda o qədər pulu, sponsoru olan müğənnilər var ki, onların heç birinin səsi onları cəlb etməyib. Onlara söyləyiblər ki, Azərbaycandakı bütün müğənnilərin sponsoru var və onlar külli miqdarda pul qazanırlar. Ancaq mən elə də dəstəkli müğənni deyiləm. Özüm qazanıb, özüm xərcləyirəm. Mənə kənardan maddi dəstək olunmur. Bunların da öz səbəbləri var. Azərbaycanda çox az dəstəkli şəkildə peşəkar müğənni var. Müğənnilərimizin əksəriyyəti özləri qazanırlar, təşkilatçılığı da özləri edirlər. Nə konsertdən, nə də albomdan gəlir əldə edə bilmirlər. Bəlkə Azərbaycanda elə müğənnilər var ki, onlar da türk təşkilatlarından dəvət gözləyirlər. Ancaq onlar məhz məni seçdilər. Seçməkdə də əsas səbəb isə səsimlə görünüşüm onları cəzb etməsi olub.
- Türk mütəxəssisləri ilə birlikdə hansı yeni layihələri həyata keçirməyi düşünürsünüz?

- Ola bilsin ki, gələcəkdə konsertlərimiz olsun, o da hələ dəqiq deyil. Çünki onlarla hələ ki, bir masa ətrafında əyləşib bu mövzunu müzakirə etməmişik. Onlar bizə öz təkliflərini söylədilər. Biz də söylədik ki, hələ ki, onlara qoşulmaq üçün bizim madiyyatımız yoxdur. Əslində çox istəyirəm türklərlə işləyim çünki onlar iş prosesində çox dəqiq olurlar. Mən türklərdə çox səmimiyyət gördüm. Onlar nə varsa onu deyirlər. Onların iş prinsipində yalan vədlər, böyük danışmaq kimi xüsusiyyətlər yoxdur. Bizim şou biznesdə özlərinə prodüser deyənlərdən fərqli olaraq onların təşkilatçılarında düzgünlük gördüm. Onsuz da Azərbaycanda prodüser deyilən bir peşə yoxdur. Bizimkilər çox vəd verir, ancaq onları yerinə yetirmir. Onlar dedilər ki, biz sizin səsinizi bəyəndik, sizə klip hədiyyə edə bilərik ancaq o klipdəki texnikaya görə siz 10 min manat verəcəksiniz. Həmin 10 min manat sadəcə olaraq texnikaya sərf olunacaq, burada əmək haqqı yoxdur. Onlar necə keyfiyyətli iş görülər ki, ancaq texnikaya 10 min manat pul verirlər. Ancaq bizdə 10 minə çəkilən kliplərdə həm texnika, həm də zəhmət haqqı var. Bizim sistemlə onların sistemi arasında çox fərq var. Məqsədim Azərbaycan şou-biznesini pisləmək deyil, sadəcə onu deyirəm ki, mən fərqi gördüm.
- Türkiyə şou-biznesinə qatılan müğənniləri həmkarları tərəfindən qınağa səbəb olurlar. Söyləyirlər ki, külli miqdarda pul verib xarici telekanallara çıxırlar, ancaq az da olsa tanınmırlar. Bu qınaqlara tab gətirməyə hazırsınızmı?

- Bizim ifaçılarımız Türkiyə şou-biznesinə qoşulanda, oraya külli miqdarda pul xərcləyirlər. Kim deyir ki, Türkiyə şou-biznesinə xərcləməmişəm, istər xalq artisti, istər adi ifaçı olsun fərqi yoxdur. Türkiyə şou-biznesində pulsuz xarici ifaçıların yeri yoxdur. Mütləq şəkildə pul ödəməlidirlər ki, xarici kanalda klipləri yayımlansın, efirlərə dəvət alsınlar. Burada söhbət 10-20 mindən getmir, külli miqdarda puldan gedir. Bunu bilin türklər pulsuz heç kimə heç nə etmirlər. Onlar bizim qara qaş-gözümüzə aşiq deyillər.
Türkiyə şou biznesində vəziyyət bizdən qat-qat fərqlidir. Orada sənətin, səsin, maddiyyatın, yaxşı dəstəyin varsa, sən qabağa gedə bilərsən. Ancaq bizdə hər şey əksinədir. Səsin yoxdursa, yalnız madiyyatın varsa da qabağa gedə bilərsən.
- Türklərə sponsorunuzun olmadığını necə izah etdiniz?

- Onlar mənim sənətimə çox hörmətlə yanaşdılar. Görəndə ki, mənim sponsorum yoxdur məyus oldular. Onlar məni bataqlıqda ağ su zanbağı kimi gördüklərini dedilər. Söylədilər ki, sizin yaxşı maddi dəstəyiniz olsa, siz yaxşı bir müğənniyə çevrilə bilərsiniz. Əslində istəsəm, günü bu gün mənim sponsorum olar. Gizlətmirəm, mənə sponsor olmaq üçün təkliflər də gəlir. Ancaq onların içində sağlam təklif görmürəm. Mən yalnız sağlam təkliflərə «hə» deyərəm. Sağlam təklif olmadığı üçün sponsorum yoxdur. Ona görə hər zaman sənətimdə çətinliklər olub və olacaq da. Mənim özümə qoyduğum qadağalar var. Bunun heç kimə aidiyyəti yoxdur. Sevinc Musayeva olaraq bunu özüm özümə qoymuşam. Bu da mənim Allaha dildə yox, əməlimdə bağlılığımı göstərir. Mən günahları və savabları ayıra bildiyim üçün hər şeyə həssas yanaşıram. Mən öz ayağımı hər zaman yorğanıma görə uzatmışam. İstəmirəm nə yorğanımdan ayağım çıxsın, ya da yorğanım o qədər uzun olsun ki, ayağım onun içində bükülü qalsın. Mən özümü aldatmıram ki, hər şey yaxşı olacaq. Özümü təsəlli etməyə çalışmıram. Kimlər ki, deyir hər şey yaxşı olacaq, o özü-özünü aldadır. Allah nəyi məsləhət bilsə o da olacaq. Mən bu günümə şükür edirəm və heç nədən də narazı deyiləm. İnsan ildə bir dəfə dönüb arxasına baxmalıdır ki, bu bir ildə nələr etmişəm. Görəndə ki, bu bir ildə öz alın tərimlə xeyli nailiyyətlərə nail olmuşam, öz işimdən çox həzz alıram. Heç kimə zərər vermədən, heç kimi tapdalamadan yüksəlməyi sevirəm.
- Biz həmişə sizin fərqli imiclərinizin, qeyri adi ifa tərzlərinizin şahidi oluruq. İndi tamaşaçıları nə ilə təəccübləndirəcəksiniz?

- Mən fərqli görünməyi sevirəm. Eyni üslubda uzun müddət qalanda darıxıram. İnsanlara pozitiv enerji ötürürəm. İmic, səliqə-sahman hamısı xanımlara aiddir. Bütün xanımlara tövsiyə edirəm ki, tez-tez imiclərini dəyişsinlər, həm ailəyə, həm də kənara müsbət enerji saçsınlar.
- Şou biznesin qayda-qanunları deyəsən sizə işləmir?

- (Gülürük) Şou-biznesdə elə qayda-qanunlar var ki, mən onların heç birini saymıram. Çünki o qayda-qanunları yaradan elə şou-biznes əhlidir. Qayda-qanun mənim üçün insanlıqdır. İnsan kimi sənətdə fəaliyyət göstərirsənsə, sənin yerin mənim gözümün üstündədir. Yox əgər insanlıqdan kənar çıxıb özün qayda-qanun yaradırsansa sən mənim üçün yox dərəcəsindəsən. Mən səni heç görmürəm belə. İnsan cəmiyyətdə mövqeyini özü təyin edir. İllərlə əziyyət çəkərək bu gün Sevinc Musayeva olmuşamsa, iki saniyənin içərisində o hörməti məhv edə bilərəm. Hər şey mənim öz əlimdədir. Hər şeyi ağılla götür-qoy edirəm. Ağılsız insan boş çuvala bənzəyir. Boş çuval isə heç nəyə yararlı deyil. Mən istəyirəm ki, insanlarımız cəmiyyətə yararlı olsunlar.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər