• şənbə, 20 Aprel, 02:52
  • Baku Bakı 15°C

Başqalarının dili ilə çatdırılan narahatçılıq

25.04.15 05:34 986
Başqalarının dili ilə çatdırılan narahatçılıq
Son zamanlar rəsmi mətbuatda ABŞ-ın xarici siyasətdə yol verdikləri ikili standartlar və standartlardan kənar davranışları haqda müxtəlif yazılar dərc olunur. Həmin məqalələrdə xüsusilə də ABŞ-ın Azərbaycanla bağlı siyasəti kəskin tənqid olunur. Maraqlıdır ki, hələlik ABŞ rəsmi səviyyədə bu yazılara reaksiya verməyib. Məqalələrin dərcindən sonra ABŞ-ın Azərbaycandakı səfirliyi rəsmi mediada Birləşmiş Ştatları ittiham edən məqalələrə qeyri-müəyyən bir cavab verib. Cavabda qeyd edilib ki, «ABŞ dialoqu, fikir mübadiləsini və əsaslandırılmış tənqidi alqışlayır. Xarici hökumətlərin Birləşmiş Ştatlarda baş verən hadisələri izləmək və ya şərh etmək fəaliyyətini də ABŞ-ın daxili işlərinə müdaxilə kimi qiymətləndirmir».
Belə görünür ki, ABŞ haqqında yazılanlarla maraqlanmayan kimi davranmaq və belə mövqe nümayiş etdirmək istəyir.
Reallıq və faktlar isə başqa söz deyir. Məsələn, hazırda ABŞ-da olan Demokratiya və Rifah Hərəkatı sədri Qubad İbadoğlu bu mövzuya münasibət bildirərkən deyib ki, amerikalıların ölkəmizdəki qəzetlərin ABŞ-ı və Barak Obamanı tənqid edən yazıları barədə operativ və təfsilatlı məlumatları var: “Amerikanın Azərbaycan mediasında, xüsusən rəsmi mediada yazılanlarla maraqlanmadığını düşünənlər yanılırlar. Vaşinqtonda Azərbaycanla maraqlanan analitiklər və institutlar ölkədə baş verən bütün məsələlərə dair məlumatlıdırlar. Bu zaman onların daha çox diqqət yetirdiyi mənbələrdən biri də rəsmi mənbələrdir. Odur ki, iqtidar qəzetlərinin ABŞ-ı və Baraka Obamanı tənqid edən yazıları barədə məlumatlıdırlar. Bununla yanaşı, alternativ fikirləri öyrənmək üçün digər mənbələrdə də dərc edilən yazılar maraq kəsb edərsə, onunla da tanış olurlar”.
Məsələnin mahiyyətinə diqqət edənlər yəqin ki, bu açıqlamanın səbəbsiz olmadığını anlamaqda çətinlik çəkmədilər. Çünki hazırda ABŞ-da yaşayan və oradan maliyyələşən bir şəxsin bu cür fikirlər bildirməsi təsadüfi deyil. Onun bundan sonra da hələ bir müddət Amerikada yaşayacağı sirr deyil. Onu da nəzərə çatdıraq ki, bir müddət öncə mətbuat ABŞ-ın Azərbaycan müxalifətində məhz Qubad İbadoğluna stavka etdiyi barədə xəbərlər yayılmışdı. Belə ki, Azərbaycandakı status-kvonun dəyişməsində maraqlı olan ABŞ-ın 2018-ci il prezident seçkiləri ərəfəsində məhz Q.İbadoğlundan “faydalanacağı” bildirilirdi.
Bundan əlavə, bir neçə gün əvvəl də hazırda Amerikada yaşayan digər bir azərbaycanlı - Qorxmaz Əsgərov da “Azərbaycan” qəzetində dərc olunan tənqidi məqaləylə bağlı “Azadlıq” radiosuna müsahibə vermişdi. O, bu müsahibədə rəsmi mediada dərc olunan məqalələrdəki demək olar ki, bütün fikirlərə münasibət bildirmiş, narazılıq ifadə etmişdi.
Bütün bunlar ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi qəzetlərdə dərc olunan tənqidi məqalələrlə bağlı mövqeyinin heç də səmimi olmadığını göstərir. Əslində bu məqalələrin davamlı şəkildə diqqətlə izlənildiyi şübhə doğurmur. Onlar sadəcə, öz mövqelərini rəsmi şəkildə deyil, qubad ibadoğluların, qorxmaz əsgərovların dili ilə verməyə çalışırlar. ABŞ rəsmilərinin susqunluğu isə arqumentsizliklə də əlaqələndirilə bilər. Başqa sözlə desək, rəsmilər yazılanlara cavab vermək üçün əks-arqument tapa bilmirlər. Çünki qeyd edilən məqalələrdə real faktlara əsaslanılır və gerçəklik əks etdirilir. Müəlliflər Amerikanın dünyada, xüsusilə də Cənubi Qafqazdakı qeyri-adekvat davranışı və ədalətsiz siyasəti barədə elə faktları açıqlayırlar ki, onları inkar etmək mümkün deyil. Beləliklə, görünən odur ki, Amerika qeyd olunan məqalələrlə bağlı narahatlıq keçirir. Sadəcə olaraq, bu narahatlığı hazırda orada yaşayan və təsiri altında olan azərbaycanlıların dili ilə çatdırır.
H.Əsgər
banner

Oxşar Xəbərlər