• cümə axşamı, 28 mart, 16:34
  • Baku Bakı 16°C

Başlı-başına qalan liftlər Araşdırma

26.06.13 08:40 3508
Başlı-başına qalan liftlər Araşdırma
- Doqquz ildir doqquzmərtəbəli binanın 9-cu mərtəbəsində yaşayıram. Bu illər ərzində sakinlərin hesabına 2 dəfə tros dəyişilib. “Lift-Təmir” İstehsalat Birliyi bu 9 ildə bir “şrup”a da pul xərcləməyib. Ən xırda problemi belə pul yığıb özümüz həll edirik. Bu sözləri bizimlə söhbətində Xətai rayonunda Neapol küçəsi, bina 10-da yaşayan Ramil Əhmədov bildirdi. Onun sözlərinə görə, 3 son il ərzində hansısa qurumdan gəlib yoxlama aparmayıblar ki, istismar müddətini başa vuran doqquzmərtəbəli binanın lifti nə vəziyyətdədir.
Lift təsərrüfatına ayrılan vəsait çoxalsa da...
Qeyd edək ki, bu il də daxil olmaqla ötən 3 il ərzində ölkə prezidentinin Ehtiyat Fondundan lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 5 milyon manat ayrılıb. Bundan əlavə, dövlət büdcəsindən sözügedən sahəyə ayrılan vəsaitin miqdarı ilbəil artır. Amma buna baxmayaraq, sovet dövründən qalan binalardakı liftlərə nəzarətsizlik ucbatından hər il 2-3 nəfər xəsarət alır, hətta ölüm halları da olur. Belə ki, ötən iln oktyabrında Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan 13 yaşlı Orxan Rüstəmov, həmin ilin dekabrında isə Xətai rayonu ərazisində 16 mərtəbəli binada yaşayan 51 yaşlı polkovnik-leytenant Məhərrəm İzzətov lift şaxtasına düşərək həyatını itirmişdi.
Bir neçə gün öncə isə Hövsan qəsəbəsində 9 mərtəbəli yaşayış binasının liftini təmir edən iki usta liftin altında qalıblar. Nəticədə usatalardan biri aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib, digəri isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
Başlı-başına qalan sahə
Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, bir müddət binaların təhvil alınması üzrə Dövlət Komissiyasının üzvü olan Sahib Məmmədov sherg.az-a açıqlamasında qeyd edib ki, binalardakı liftlərdə faciələrin yaşanmasının bir neçə səbəbi var: “Liftlərdə baş verən faciələr bu sahəyə diqqətsizliyin, məsuliyyətsizliyin və keyfiyyətsizliyin göstəricisidir. Lift elə-belə xidmət növü deyil. Bu, çox böyük məsuliyyət və ehtiyatlılıq tələb edir. Liftin yoxlanma qaydası belədir: lift hansı ağırlığa hesablanıbsa, 3 qat həmin ağırlıqda yüklə yoxlanır. Liftin trosları da dartılıb yoxlanır. Bu, trosdur, kəndir deyil ki, ağırlıq çox olsa, qırılsın. Onun da öz yoxlanma mexanizmi var. Digər tərəfdən, liftlərin avtomatik əyləc və avtomatik paraşüt sistemi olur. Lift xarab olursa, o, uzaqbaşı yarım metr sürüşüb dayanmalıdır. Bizdə isə çox zaman eşidirik ki, lift şaxtaya düşüb. Lift şaxtaya düşməməlidir. Normal liftlər “"pereqruzka” olanda, ümumiyyətlə, hərəkət etmir, dayanır”.
S.Məmmədovun fikrincə, əsas problem binaların idarə olunmasında özbaşınalığın hökm sürməsidir: “Sovet vaxtı tikilmiş binaların demək olar ki, əksəriyyəti artıq dövlət balansında deyil. Ona görə ki, hamı mənzilini özəlləşdirir. Bir binada 100 sakindən bəlkə də 90-ı mənzilini özəlləşdirib. Burada artıq başqa qaydalar tətbiq edilməlidir. Kollektiv idarəetmə sistemi olmalıdır və kommunal məsələlərin həlli də sakinlərin iştirakı ilə həyata keçirilməlidir. Amma bu işlərin heç biri görülmür. Mənzil-kommunal islahatları başlı-başına qalıb, bu sahədə özbaşınalıqdır”.
İldə bir dəfə texniki baxış?
Bakı şəhər İcra hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin “Lift-Təmir” İstehsalat Birliyinin texniki şöbəsinin rəisi Mehdi Hüseynov bizimlə söhbətində bildirdi ki, sözügedən birlik 5219 liftə texniki xidmət göstərir. M.Hüseynov sovet dövründə tikilən kooperativ binalara və yeni tikililərdəki liftlərə nəzarət etmədiklərini dedi. Onun sözlərinə görə, hazırda Bakıdakı liftlərə “Lift-Təmir” İB ilə yanaşı, Mənzil İstismar idarələri və Fövqəladə Hallar Nazirliyinin xüsusi agentliyi nəzarət edir. 5219 liftin təxminən 50-60 faizinin 25 illik istismar müddətini başa vurduğunu deyən şöbə rəisi bildirdi ki, həmin liftlərin hamısı işlək vəziyyətdədir: “Çünki onların texniki istismar qaydalarına riayət olunur. Yeni proqram əsasında liftlər hissə-hissə dəyişdirilir. Liftlərin texniki təhlükəsizliyi üzrə istismarına nəzarəti təkcə biz gerçəkləşdirmirik. Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin tərkibindəki müfəttişlik ildə bir dəfə respublika ərazisindəki bütün liftləri baxışdan keçirir. Bu zaman istismara yararsız liftlər dayandırılır. Ehtiyac olduğu təqdirdə, dəyişdirilir və yaxud hər hansı avadanlıqları təmir olunur”.
M.Hüseynovun sözlərinə görə, 2013-cü ilin yanvarına qədər Bakıda ümumilikdə sovet dövründən qalma 400-ə yaxın lift dəyişdirilib: “Bu il ərzində isə 139 lift dəyişdirilib, 135-i dəyişdirilmək üzrədir. Bu ilin avqustun sonlarına qədər 274 lift quraşdırmağı planlaşdırmışıq”.
“Lift Təmir” 1 qəpik də xərcləmir
Bəs təmirə ehtiyac olduqda, liftin motoru yandıqda və s. hallarda xərci kim çəkir? Bunu öyrənmək üçün heç də uzağa getmək lazım deyil. Bakı şəhərindəki bir neçə doqquzmərtəbənin sakinləri ilə söhbətləşmək kifayətdir. Nizami və Qaradağ rayonlarında olduğumuz doqquzmərtəbələrdə sakinlər dedilər ki, liftlə bağlı hansısa problem olanda aidiyyəti qurumlar bir qara qəpik belə xərcləmirlər. Sahil qəsəbəsi M.Seyidov küçəsindəki 13 nömrəli binanın sakinlərinin dediyinə görə, problem olan kimi, “Lift-Təmir” İstehsalat Birliyinin işçiləri gəlir və problemi həll etmək üçün hansı avadanlığa ehtiyac olduğunu və bu avadanlığın qiymətini deyib gedirlər: “Biz də pulu yığıb aparırıq və “Lift Təmir”dən gəlib lifti düzəldirlər. Özü də hər ay vaxtında adambaşına düşən 20 qəpiyi ödəyirik. Prezident Fondundan ayrılan pulların isə hara getdiyini bilmirik”.
Ödəniş 80 faizdən yuxarıdırsa, problem yoxdur
“Lift-Təmir” İB-nin şöbə rəisi Mehdi Hüseynovsa bildirir ki, vətəndaşların aylıq xidmət haqqı hesabına lazımi xidmət pulsuz göstərilir: “Amma hansı yerdə ki, sakinlərin borcu var, orda lifti pulsuz təmir edə bilmirik. Ümumiyyətlə, liftlərdə xidmət haqqının ödənilməsində problemlə rastlaşırıq. Qonşulardan biri aylıq ödənişi verir, digəri vermir. Lift nə sudur, nə elektrik enerjisidir ki, hər mənzilə ayrıca çəkilsin. Liftdən istifadə ümumi olduğuna görə bir qonşu pul ödəyib, digəri ödəməyəndə anlaşılmazlıq yaranır ki, “mən xidmət haqqımı vermişəm, niyə lift işləməməlidir”. Blokda ödəniş 80 faizdən yuxarıdırsa, həmin lift işləyir”.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, nazirlik sözçüsü Tural Müseyibov gün ərzində telefon zənglərimizə cavab vermədi.
Kassa ilə işləyən lift
Qeyd edək ki, sakinlərin bəzilərinin aylıq ödənişi etməməsi problemini həll etmək üçün bir çox ölkələrdə olduğu kimi, kart sistemindən, yaxud xırda pulları qəbul edən kassa aparatından istifadə etmək mümkündür. Məsələn, qonşu Gürcüstanda binaların əksəriyyətinə aparat qoyulub və liftdən istifadə etmək istəyən adam oraya 5 qəpik, yaxud 10 qəpik atmalıdır. Yalnız bundan sonra lift hərəkətə gəlir. M.Hüseynovun sözlərinə görə, bu sistemi Azərbaycanda da tətbiq etmək mümkündür: “Ancaq bunun üçün çox vəsait lazımdır. Tədricən bu sistemə keçmək olar”.
Liftlərdə digər problem liftlərə baxanların bu sahədən başının çıxıb çıxmaması ilə bağlıdır. Söhbətləşdiyimiz Bakı sakinlərinin sözlərinə görə, binalarda liftə nəzarət edənlərin əksəriyyətinin, ümumiyətlə, liftin işləmə mexanizmindən xəbəri yoxdur. M.Hüseynov isə deyir ki, “Lift-Təmir” İstehsalat Birliyində işçi qıtlığı yoxdur: “Amma kifayət qədər vakansiyalarımız var. Yeni liftlər quraşdırırıq. Buna görə ixtisaslı kadrlara qapılarımız açıqdır”.
“Liftləri birdəfəyə dəyişmək mümkün deyil”
Uzun müddət “Lift-Təmir” İstehsalat Birliyində texniki şöbənin rəisi kimi çalışan İqbal Səfiyev qəzetimizə açıqlamasında bildirdi ki, dövlət tərəfindən lift təsərrüfatı üçün ayrılan vəsait ilbəil artırılır: “Amma buna baxmayaraq, Bakıdakı 25 ili tamam olan liftlərin hamısını birdəfəyə dəyişmək mümkün deyil: “Bu, nəinki maliyyələşmə, həmçinin işçi qüvvəsi və vaxt baxımından da mümkün deyil. Bir liftin dəyişməsi bir aydan çox vaxt tələb edir”.
İ.Səfiyev sakinlərin lifti natəmiz saxlamasından da şikayətləndi. Onun sözlərinə görə, sakinlər liftə öz malları kimi baxmırlar: “Hansı ki, hər gün liftdən istifadə edirlər. Amma təəssüflər olsun ki, bəzi liftlərə pis qoxudan girmək mümkün deyil”.
Göydələnlərdə sabit enerji problemi
İ.Səfiyev yeni elektron liftlərdə problem yarandığını qeyd etdi. Elektron liftlərin qeyri-sabit elektrik enerjisi ilə işləyə bilmədiyini deyən müsahibimiz bildirdi ki, Bakıda sabit enerjinin ötürülməsi problemi var: “Elektron liftlər 380 kv. elektrik enerjisinin müqabilində işləyir. Təəssüflər olsun ki, bəzən elektrik enerjisində gərginlik dəyişir. Bu zaman lift öz-özünə dayanır. Sabit elektrik enerjisi respublikamızda yeni elektron liftlər üçün çox ciddi problemdir”.
Qeyd edək ki, sovet dövründən qalma doqquzmərtəbəli binalardakı liftlərlə müqayisədə göydələnlərdə liftlərə daha çox diqqət ayrılır. Amma bu o demək deyil ki, göydələnlərin hamısında lift problemi idealdır. Mirəli Qaşqay küçəsindəki “Aslan” MTK-ya məxsus çoxmərtəbəli yeni tikilinin sakini Aygünün dediyinə görə, lift işləməyəndə binanın nəzarətçisi onların “hay”ına çatır və çox sadə şəkildə bu problemi həll edir: “Bir dəfə liftin qapısı örtülmürdü ki, yuxarı qalxaq. Binanın nəzarətçi liftə minərək xeyli hoppandıqdan sonra qapılar örtüldü və lift işə düşdü”.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər