• cümə, 19 Aprel, 04:50
  • Baku Bakı 18°C

Başını başlara qoşmaq istəyən Ermənistan

19.08.20 20:54 2947
Başını başlara qoşmaq istəyən Ermənistan
Politoloqların fikrincə, Türkiyə əleyhinə harada fəaliyyət varsa, Ermənistan mütləq şəkildə çalışır ki, orda "payı” olsun

Regionda işğalçılıq siyasətini bu gün də davam etdirən Ermənistan Tovuz hadisələrindən sonra diplomatik uğursuzluğunu düzəltməyə çalışır. Amma başını başlara qoşmağa çalışan Ermənistan verdiyi əcaib bəyanatlarla özünü daha çox gözdən salır. Belə ki, bu günlərdə Ermənistanın siyasi rəhbərliyi Şərqi Aralıq dənizi ilə bağlı bəyanat verib və Türkiyəni ittiham edib. Məsələ ondan ibarətdir ki, bu regionda baş verən gərginliyin nə siyasi, nə coğrafi anlamda Ermənistana heç bir aidiyyatı yoxdur. Bəs niyə Ermənistanın siyasi rəhbərliyi belə bir bəyanatla çıxış edir? Niyə Türkiyənin əleyhinə olan ittifaqlara qoşulmağa cəhd edir?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Nəzakət Məmmədova bildirdi ki, Ermənistan rəhbərliyi hansısa diplomatik addım atanda və ya bəyanat verəndə beynəlxalq hüququ nəzərə almır: "Yəni mövcud beynəlxalq hüquqa görə kimin haqlı olub-olmadığını müəyyən edə bilmir. Ermənistan hər zaman öz maraqlarını nəzərə alır. Eyni zamanda Ermənistan tabe olduğu Fransa, Rusiya kimi güc mərkəzlərindən gələn təlimatlara uyğun olaraq o istiqamətdə bəyanatlar verir. Konkret olaraq, Şərqi Aralıq dənizi məsələsinə gəlincə, əlbəttə ki, bu ərazi coğrafi olaraq Ermənistandan uzaqdır. Amma Ermənistan Türkiyə əleyhinə harada bir fəaliyyət varsa, mütləq şəkildə çalışır ki, onun da "payı” olsun, anti-Türkiyə mövqeyini ortaya qoya bilsin. Bununla da Türkiyənin beynəlxalq maraqlarına zərər vursun. Rəsmi İrəvan bu bəyanatı həm də ona görə verir ki, Türkiyəyə nifrəti ilə yanaşı, Ermənistan Şərqi Aralıq dənizi regionunda Türkiyə əleyhinə qruplaşan dövlətlərin dostudur. Bunların sırasında Yunanıstan, Misir, Rusiya və Fransa var. Yəni adları qeyd edilən ölkələr Ermənistanın ya müttəfiqidir, ya da dostlarıdır. Ona görə də ermənilər bu məsələdə canfəşanlıq göstərirlər”.

N.Məmmədova Krım hadisələrini xatırladaraq qeyd etdi ki, Rusiyanın bu ilhaqını Ermənistan dəstəklədi: "Baxmayaraq ki, bu, beynəlxalq hüquqa zidd idi. Amma Ermənistan Rusiya ilə müttəfiq olduğuna görə bu addımı atdı. Bilirik ki, beynəlxalq təşkilatlarda da Ermənistan həmişə öz müttəfiqlərinin lehinə səs verir, beynəlxalq hüququ tanımır. Ona görə də Ermənistan beynəlxalq hüquqa uyğun olaraq yox, öz mənfur milli maraqlarından çıxış edir. Şərqi Aralıq dənizi məsələsində də eyni addımı atır. Yəni Türkiyə əleyhinə nə qədər çox diplomatik bəyanatlar verilsə, Ermənistan hesab edir ki, bu yolla Türkiyəni zəiflədə, yaxud da onun beynəlxalq mövqeyinə zərbə vura bilərlər. Ona görə də Ermənistan bu məsələdə aktivdir və olaya beynəlxalq hüquq prizmasından yanaşmır. Hüquqa hörmət edən dövlət işğalçılıq siyasəti aparmaz. Əgər bir dövlət işğalçılıq siyasəti yürüdürsə, deməli, ondan qanunauyğun bir addım gözləmək lazım deyil”.

Beynəlxalq idarəetmə üzrə araşdırmaçı Əhməd Əlili bildirdi ki, Şərqi Aralıq dənizi ilə bağlı baş verənlər özü bir maraq kəsb edir: "Hazırda demək olar ki, Avropa İttifaqı, ABŞ-ın liderləri məsələyə münasibət bildirib. Bildiyimiz kimi, son aylarda baş verən hərbi proseslər, xüsusilə beynəlxalq sərhədimizin Tovuz rayonu istiqamətindən keçən hissəsində iğtişaşlardan sonra Avropadakı qərarvericilər üçün aydın oldu ki, Rusiya- Ermənistan hərbi ittifaqı Ermənistanı bütünlüklə Rusiyanın nəzarətinə keçirib. Hətta Rusiya Ermənistana tam dəstək verməsə də, KTMT çərçivəsində soyuq münasibət göstərdiyi halda belə Ermənistan tamamilə Rusiyanın təsir zonasındadır. Azərbaycan isə NATO ölkələri ilə əməkdaşlıq etməyə üstünlük verir. Xüsusilə də, Türkiyə ilə bağlı olan məsələlərdir ki, bu istiqamətdə Azərbaycan-Türkiyə münasibətləri tədricən Azərbaycan-NATO münasibətlərinə transformasiya edir. Bu istiqamətdə də pozitiv dinamika yaratmağa çalışır. Ona görə də son bir neçə ildə Ermənistan rəhbərliyi özünü bütün vəchlə avropalılara yaxın göstərmək istəyir. Rusiya ilə olan münasibətlərini çalışır ki, Avropa nəzərə almasın. Ermənilər bu baxımdan son vaxtlar "sivilizasiyon yaxınlıq” terminindən istifadə edirlər. Bu terminlə də ermənilər özlərini Avropaya yaxın göstərmək istəyirlər. Bax, Şərqi Aralıq dənizi məsələsində Türkiyənin əleyhinə getməklə və Yunanıstanın mövqeyini dəstəkləməklə Ermənistan özünü bir növ aktiv göstərməyə çalışır. Özünün Avropadaxili işlərdə belə üzdə olduğunu biruzə verir və çalışır ki, Rusiya ilə sıx bağlılığı arxa, anti-Türkiyə ilə bağlı bəyanatları ön plana keçsin”.
Ə.Əlili vurğuladı ki, Tovuz hadisələri, ümumiyyətlə, son hərbi eskalasiyalar zamanı Avropanın bir neçə ölkəsi Azərbaycana dəstək ifadə etdi: "Həmin ölkələr tək Azərbaycanla bağlı yox, həm də Ukrayna, Moldova və Gürcüstanın ərazi bütövlüyü ilə bağlı birmənalı mövqe nümayiş etdirirlər. Lakin Tovuz hadisələri ilə bağlı əksər Avropa ölkələri neytral mövqedə qaldı. Misal üçün, biz istərdik ki, Yunanıstan kimi ölkə Azərbaycana tam dəstək bildirsin. Amma bu ölkənin neytral münasibət bildirməsi Ermənistanın xarici siyasəti üçün ölümcül məqamdır. Türkiyə ilə münasibətləri gərgin olan Yunanıstan Ermənistana dəstək verməkdən imtina edirsə, rəsmi İrəvan təcili formada özünə yaxın hesab etdiyi ölkələrlə münasibət qurmalıdır ki, bir müddətdən sonra onlardan daha artıq dəstək ala bilsin. Ona görə də düşünürəm ki, Ermənistanın Yunanıstana verdiyi dəstək diplomatik bonus qazanmaqdır. Əlbəttə ki, Azərbaycan Ermənistanın bu fəaliyyətini başa düşdü və öz mövqeyini qəti şəkildə göstərdi”.

BƏXTİYAR

banner

Oxşar Xəbərlər