• cümə, 19 Aprel, 06:36
  • Baku Bakı 13°C

Başın sağ olsun, Türkiyə!

16.05.14 09:35 1648
Başın sağ olsun, Türkiyə!
...Mən Türkiyəyə küsmüşdüm neçə gündü. Yazı yazacaqdım. “Qara dənizi yadlara ad eləyib çırpındırmayın yatağında” deyəcəkdim. Hikkəmi tökəcəkdim sətirlərə, Türkə yaraşmayan hərəkətlər eləməyin, düşmənin ağzına söz verməyin deyəcəkdim.
...Sabah bir açıldı, pir açıldı. “Somada qara gün” dedilər, “qara kömürlə çalışanların iş yerləri başlarına uçdu” dedilər. Bir anlıq belim büküldü, yaddaşımın bir küncündə bərk-bərk saxladığım 20 yanvarı xatırladım. O gündə də hamı öz doğmasını axtarırdı, analar bala deyin, balalar ana deyin ağlaşırdılar. Bir fərq vardı, burda uçqun altında qalanların arasında qadın yoxdu. İki yüzdən çox ailənin ocağına od düşdü, iki yüzdən çox qadın dul, dörd yüz, beş yüz uşaq atasız qaldı...
O qadınlar səhər obaşdan işə yolladılar kişilərini. Qapqara kömürdən ağ üzlə çörək çıxarmağa. Axşama qalmadan qara xəbərləri gəldi.
Ən ağrılısı şaxtadan çıxarılan bir yaralı işçinin sözləri oldu, ”çəkmələrimi çıxarımmı, arabanız kirlənməz ki?” İlahi, bu adam üstünün toz-torpağından utanırdı!
Ürəyim ağrıyır, başa düşürsüz?! Ağrıyır...
Bir tikə çörək dərdinə minlər, milyonlar ölür. Bu, hansı haqqa, hansı imana sığır axı?
Nədir bu canların günahı? Niyə qarışqa sürüsü kimi məhv olmağa məhkumdular? Niyə qurduqları dövlətlər onları doyurmaqda bu qədər acizdilər? Və niyə hər yanda belə ucuz ölüm sadəcə Türklərin taleyində var?!
Almaniyada üç mədən işçisi öldü deyə ölkənin bütün kömür mədənləri bağlandı. Amerika vətəndaşının ştatlardan minlərlə km. uzaqda belə burnu qanaya bilməz, çünki o Amerika vətəndaşıdır və ona kimsə toxuna bilməz. Bəs niyə türklər bu qədər qiymətsizdir? Tribunalardan bar-bar bağıran dövlət “sahib”lərinin gözü hara baxır?! Niyə axı niyə?!
Əsəb ürəyimi dağıdır. Ölən Türkdür. Öldürülən Türkdür. Nə fərqi Krımda, Türkiyədə, ya da Azərbaycanda. Ömrü boyu çilə çəkib sonda bir ucuz ölümlə dünyadan getmək alnımızamı yazılıb? O “üzüqara” insanların qarşısında nə cavab verəcəksiz Haqq dünyasında?!
Savaşdamı, durduğu yerdəmi... Fərqi yoxdur. Sadəcə rənglər dəyişir. Nəticə eynidir. Ölən Türkdür! Bu dünyanın lənət ermənisinə nə gəlib ki, bizim qanımız axıdılır?! Nə üstündə? Bir tikə çörək üstündə. Çörək! Hansı dəliqanlılıqdan danışırsız? Əsgərimizi kürd, erməni, kişilərimizi ehtiyac qırırsa?! Hansı mərdlikdən söhbət gedir?! Ey dabanbasaraq Somaliyə yardıma gedənlər, indi də Somaya tutun üzünüzü. Bir dəfə də Fələstin yerinə Qarabağa yol alın. Çoxmu çətindi?!
Bu millət bir-birini başqasının ətəyində buraxan, itə-qurda möhtac edən deyil. Əslində siz əqidəsizlər bizdən yaxşı bilirsiz ki, Türkün Türkdən başqa dostu yoxdur. Sadəcə başınız qarışıb Sayat Novalara tac qoymağa, Hrant Dinklərə abidə ucaltmağa. Onlar yaltaqlanmağı bacarırlar deyə bizə dönən gözünüz tutulub. Güneyə kor Türkiyə, bir başını çevirib öz vətəndaşına baxsa görəcək Türk əsgərinin Güneydoğudakı halını, üzünü çevirsə qardaş dediyi Azərbaycana, görəcək, Güney Azərbaycanda qırx milyon Türkün fars əsarətində olduğunu. Üzü Türkiyəyə yalvardığını.
Görmək istəsə görəcəyi çox şey var amma...
İstəsə!
Başın sağ olsun, Türkiyə!
Rəbbim çörəyi daşdan çıxan insanlara rəhm eləsin!
Və Allah Türkü Türkdən başqasına möhtac eləməsin!
Nigar İsfəndiyarqızı
banner

Oxşar Xəbərlər