• cümə, 29 Mart, 18:30
  • Baku Bakı 14°C

Başı yerdə qalan Vətən...

31.01.15 06:18 1113
Başı yerdə qalan Vətən...
Müharibə dövründə Abdulla Qurbaninin bir yazısını oxumuşdum. Murovdağdan şəhid karvanını Gəncəyə gətirir, çatanda məlum olur ki, şəhərə girə bilməzlər, çünki imamların qırx günüdür.
O kitabda Qurbaninin üsyanı vardı. 72 imama tutulan yasa bu gənc, cavan ömrünü Vətən torpağına sipər eləmiş oğullar layiq görülməmişdi. Şəhidlər imamların qırx mərasimini gözləməli olmuşdular.
Dəhşətdir, elə deyilmi?!
Son günlərdə efirlərdən, heç cür uzaqlaşa bilmədiyimiz sosial şəbəkələrdən gözümüzə xitab etdirilən dini mövzular hamı kimi məni də narahat edir.
Eləcə də dünyada baş verən proseslər. Bir tərəfdə təhqiredici karikaturalar, digər yanda “Allahu-əkbər” sədaları altında heyvan başı kəsən kimi insan öldürən terror təşkilatları, hayqırtılarına, nalələlərinə qulaqlarımızı tıxadığımız uyğur türkləri və s. və i.
Dünyanın bu qədər dərdi varkən, yananın da, yamanın da Allahı çağırdığı bir məqamda bizim ağıllılar sünni-şiə məsələsini atıb ortaya.
Bir deyən yoxdur, sizə mövzu tapılmırmı? Amma deməyə nə hacət, maşallah, hamısı “ağa”larından təlimatı və maddiyyatı yaxşı alıblar ki, səsləri qulaq batırır.
Özünə alim deyən kəslər kimi din haqqında söz demək cəsarətində “bulunmaq” niyyətim yoxdur. Nə karəyəm? Amma düşüncələrimi dilə gətirmək də dədə-baba haqqımdır.
Həmişə demişəm, yenə deyirəm, istər iqtidar, istər olmayan müxalifət, istər sevmədiyim ingilis “takım”ı, erməni xaric, kim olur-olsun, Azərbaycan üçün dırnağının ucu qədər iş görə bilən hər kəsin yeri başımın üstündədir.
Mənim üçün həmişə belə olub, belə də davam edəcək. Amma...
Bu gün bütün milli və dini düşüncələrdə ayrı-seçkiliyə ciddi-cəhdlə çalışan insanların məramının nə olduğunu başa düşməkdə acizəm. Bunlar kimə çalışırlar?!
Hər halda Azərbaycana deyil.
Çünki öz ölkəsinə xidmət edən, ülküsünə sadiq olanlar bu qələtə imza atmazlar.
Yolu birdir, inamın da, imanın da!
Haqq!
Ona gedən yol da ürəkdən keçir.
Desəm, inanmazsınız, mən sünni və ya şiə olduğumu Bakıya, təhsil almağa gələndə düşünməyə başladım. “Sünnilərin quyruğu olur, sən sünnisən, ya şiə” deyə soruşmuşdular, mən də bunu dərd eləyib, tətilə gedəndə atamdan soruşmuşdum, o da həm gülmüşdü, həm də tənbeh eləmişdi: “Allah birdir, a bala, nə fərqi var, hansı yoldan gedirsən. Sən ürəyini düz tut, bəsdir”.
Elə o vaxtdan da düz tutduğum, doğru bildiyim yolu gedirəm.
Madam bu duyğular mənimlə Onun arasındadır, sənə nə, biz nə danışırıq, ay bundan narahat olan kimsə?!
Gəl sənə bir misal çəkim, bizim kəndimizin oldum olası üç mollası olub, üçü də oğullarını Qarabağ müharibəsinə göndərməmək üçün “neqodnı” kağızı alıblar, üçü də ad çıxarıb!
Bəsdimi?!
Hələ birinin Həccə getdiyini demirəm.
O baş...
molladır!
Amma mənim ən ucqar kəndimdəki iman heç kimsədə yoxdur!
Savab desən bizdə, ev-ev, ocaq-ocaq İsmayıl Qurbanı desən bizdə, acın qapısını çalıb qurbanını onun qapısında kəsən bizdə, evində Quran kitabını baştacı eləyib nəsildən-nəslə (mütləq öyrənmək şərtilə!) ötürən bizdə!
Heç kim də bilmir, şünni kimdi, şiə kim!
Yox, təkcə bizdə deyil, can Azərbaycanımın əksər kəndində, obasında bu dəyərlər qorunub saxlanılır.
Bəli, dəyərlər. Dindən-imandan böyük dəyərmi var? Hansımızın qulağına çalınmayıb “a bala, Allahdan ayıbdı”, “Allah özü bilən məsləhətdir”, “Allah səni pənahında saxlasın” kəlamları?!
Dua deyilmi? İmandan gəlmirmi?
Bu gün adına “hicab” dediyimiz baş örtüsü qadının abır-həyası üçün icad olunmayıbmı?
Dönüb analarınıza baxın. (“Müasir”lərdən bəhs etmirəm!)
Biz onu başı örpəkli sevmədikmi? Qonşudan bir ağsaqqal kişi qapını çalanda yaşmağını ağzına çəkmədimi?!
O qadını bizə sevdirən könlündəki Allah sevdasıdır. “Cənnəti ayaqlarının altına sərən” Rəbbim ona nur bəxş elədi.
Onda olandan başqasında olmadı!
Niyə sevirik kəlağayını?!
Bu misallar yüzlərlədir, adını dəyişdiyiniz hər əməlinizin kökündə Haqq kimi dəyər var!
Ondan siz belə qaça bilməzsiniz!
Ulu babasından üzübəri at çapan türk qızını hansı ərəb çadrası kölgələyə bilər?!
Əsrlərin o başında ərəbin buna gücü yetmədi, indi sizin çürük təfəkkürlərinizinmi gücü yetəcək?!
Namus da, ar da, din də, iman da, insanın şüurunda, beynindədir.
Mənim deyəcəklərim bu qədər.
Kiçik davalarda haqlı, ya nahaq olmaz, əgər davanın özü kökündən yanlışdısa.
Qiymət vermək həddən və ədəbdən deyil.
Bəli, İslam dini müqəddəsdir. Amma ərəbin təlqinilə deyil, Türkün qüdrətilə!
İndi siz deyirsiniz ki, mən gördüyümü, bildiyimi, böyüdüyümü bir kənara qoyub bu yetmiş yaşında otuzluq gəlini özünə arvad eləyən, “bu gün də ölən olmadı, xeyrimizdən qaldıq” deyə vaysınan mollalarımızamı inanım, ya cəhalətin göbəyində “ölülər” deyə hayqıran Mirzə Cəliləmi?!
Üstündən əsrlər keçdi, əsrlər!
Düşüncə eyni, məntiq eyni, təfəkkür eyni?!
Niyə vardı Mirzə Cəlil, onda?!
Niyə oxudunuz qalaq-qalaq kitabları?!
Hələ də ağı-qaradan ayırd eləməkdə bu qədər acizsinizsə, deməli işə yaramayıb!
Mənim imanım insanlıqdır.
Mənim dinim, İslam, peyğəmbərim Məhəmməddir!
Bir olana gedən yolda köməkçim də Haqqdır!
Gerisi boş, gerisi təfərrüat!
Şiə-sünni məsələsini əldə bayraq eləyən İran lazımi qədər aranı qarışdırır. Bir də siz alət olmayın. Bu Vətənin təriqətlərə, adı hər nəsə olan bölünmələrə deyil, qələbəyə ehtiyacı var.
Axı, onun qisası hələ alınmayıb...
Nigar İsfəndiyarqızı
banner

Oxşar Xəbərlər