Baş tutmayan görüş

Baş tutmayan görüş

30 Oktyabr 2018, 15:45 696
Bir sorğuda "səndən soruşan olsa, deyərsən, axıra beş-üç də vəfalı dostu qalıb Əlabbasın” demişdim və o zaman, yəni altmış yaş ərəfəsində həmin cavabı verəndə nəzərdə tutduğum o vəfalılardan birinin indi haqq dünyasının əbədi sakini Sabir Bəşirov olduğu məni içdən tanıyanlara da gün kimi aydın idi. İş ondadı ki, Sabiri də tələbəlik illərinin (1973–1978) amanatı olan digər say-seçmə dostlarım – Həsən (Batıyev), Nadir (Rzayev), Arif (Əmrahoğlu), Səməndər (Faxralı), Vaqif (Əjdəroğlu), Şəhla (Gündüz), İslam (Zahirov) kimi sınamağa, dişə vurmağa nəinki ehtiyac, vaxt belə qalmadı. Hərəsi dünyanın bir başından gələn "uşaqları” həyatın özü bir-birinə sirdaş elədi. 
Demək, belə... 2014-cü ilin iyul ayının sonlarıdı. Arif Əmrahoğlu haqqa qovuşub. O vaxtlar hüzrə vaxtında gəlib çatmayan Sabir gündə Yardımlıdan zəng vurur ki, xəcalət oldum, bu nədi belə, burdan-bura gəlib çıxa bilmirəm. İş onda idi ki, o ərəfədə Sabir özü infarkt olmuşdu. Həkim uzaq səfərlərə, illah da maşınla getməyi ona qadağan eləmişdi. Amma heç bir loğman, təbib qarşısını kəsə bilmədi. Bir də baxdım ki, yayın cırhacırında özünü Bakıya yetirdi. İlk işi də Arifin qəbrini ziyarət etmək oldu. Danlaq-dansağımı görüb, atla da olsaydı, gəlməli idim, dedi, məni qınama, gəldim bir az rahatlandım. Axır sözündən sonra isə tam təslim oldum: "Yaxşı, sən gəlmə, mən gəlməyim, bəs kim gəlsin? Sonra dostların üzünə necə baxım? Oğul-uşaq bizdən nə götürsün?” 
Bunu niyə xatırladıram? O cür hərəkətlərin illah da yaşın bu çağında məndən ötrü başqa bir anlamı var. Bəlkə də, bu mozaik xatirə yazısını oxuyanlar Sabirin monoqrafiyalarından, tədqiqat əsərlərindən, ümumən, elmi yaradıcılığından gen-bol söz açacağımı gözləyirdilər. Amma Sabir Bəşirov tanınmış, məşhur imzadı, haqqında dəfə-daraq açmağa lüzum yox, ikincisi, bu barədə az-çox yazılıb (Anar, Sabir Rüstəmxanlı, Firuz Mustafa, Nəriman Əbdülrəhmanlı, Əlirza Xələfli, bu sətirlərin müəllifi və digərləri), içimdə dərin bir inam var ki, "səksən və doxsanıncılar”a müraciət edənlər gec-tez mütləq Sabirin tədqiqatlarına üz tutmalı olacaqlar. Sabir tək o dövr haqqında ilkin fikir formalaşdıranlardan yox, həm də müstəqillik dövrü ədəbi tənqidimizin yaranması, inkişafı və tərəqqisində halal payı olan alimlərimizdəndi. Ən azı o dövrün ədəbi-nəzəri düşüncəsində özünə yer edən əsərləri unudulmağa qoymayanlardan idi o. Bunun üçün əlindən gələni əsirgəmədi, nə elədisə, ədəbiyyat adına elədi, özü də heç bir təmənna güdmədən. Hərdən düşünürəm ki, bu işdə Sabirin "şəhərli” olmamağı da öz işini görmüşdü. Bu isə o deməkdi ki, gündə min adamla və deməli, ən azı min beş yüz sifətlə üz-üzə gəlmirsən, kimdənsə söz götürmürsən, hansısa minnət xatirinə yazı yazmırsan. O da kənddə oturub öz işini görür, yalnız bəyəndiyi əsərləri saf-çürük eləyirdi: belə-belə müxtəlif mövzulu on beş kitab bağlamışdı. Hələ 94-də işıq üzü görən "Anar” və "60-cılar nəsrinin etik problemləri”ndən (2006) söz açmıram. 
Sözümün canı odu ki, tələbəlikdə Sabirlə pudla duz yeyənlərin bir çoxu nəinki yasında, heç "qırx”ında da gözə görükmədi. Bəla da ondadı ki, bu qafillərin, ömrün gün qüruba gedən çağında da, deyəsən, ayılmaq fikirləri yoxdu. Sınamışam: belələri taledən də yarıyır, nəsə qəribə şeydi. 
Az danışanda Sabirlə həftədə üç dəfə danışardıq. Bərk darıxdığını, fikir bölüşməyə bir Allah bəndəsi tapmadığını deyər və bəzən o zənglərlə vaxtımı aldığını düşünüb üzr də istərdi. Biləndə ki, o cür bəndələrdən indi burda, Bakıda da yoxdu, varsa da çox azdı, əlimyandıda özüm də onları axtarıram, həə, deyərdi, bax bu, faciədi, adəm çox, adam az. 
Bu il görüş ili idi. Artıq qırx ilin dəbidi bu və bu proyektin ideya müəlliflərindən biri də Sabir idi. Tələbə dostlar hər beş ildən bir yığışar, dərdləşər, olub-ötənləri yad elər, qəm-qüssə içində təzə çəkilən şəkilləri və videokasetləri götürüb dağılışar və beş il uşaq kimicə o dadlı təəssüratları paylaşmaqla baş qatardılar. 
 O görüşləri adətən iyun ayına salardıq ki, əksəriyyəti müəllim olan sabiq tələbə yoldaşlarımızın işinə maneçiliyi olmasın. Amma bu dəfə iyunun qəfil istiləri işimizə pəl vurdu. Görəndə ki, yaşı altmışı keçən "uşaqları” o istidə bir yerə yığmaq mümkün olmayacaq, son qərarımızı verdik: görüş sentyabrın son şənbəsi, ayın 29-u olacaq. 
 Ayın 20-də isə nahara yaxın Nəriman zəng vurur. Bilirsən nə olub, soruşur. Nə də ağlıma gəlsəydi, bir Sabirə nəsə olduğu gəlməzdi: səhər-səhər danışmışdıq onunla, məktəbə gedirəm, dedi, dərsim var. Sağlıq olsun, təqaüdə çıxıb yaxşı-yaxşı dincələcəm, bərk yorulmuşam. 
 İndi gəl inan ki, bu dünyaya elə-belə şeylərinə görə namərd deməyiblər! Yoxsa belə də amansızlıq olar? Bircə dəqiqənin içində, gözlərin önündə nələr baş vermir? 
 Əslində Sabir o gün, göndərdiyim kitab bağlamasının içərisində Ə.Topçubaşovun kitabı olmadığını demək üçün telefon açmışdı. Xasiyyəti idi: bir də baxırdın zəng vurub ki, mənə filan kitabı tap göndər, filan qəzetin filan nömrəsi lazımdı... İndi desəm, Sabir o on beş kitabı çap makinası və komputeri olmadan, əldə yazıb, bəlkə də, bir çoxunuza qəribə gələcək ki, biz hansı zəmanədə yaşayırıq, nə danışırsan sən? Səbəb tək bu olmasa da, məsələ beləydi ki, Sabir istər həyatda, istərsə də yaradıcılıq məsələlərində, sözün yaxşı mənasında, mühafizəkarlığa meylli insan idi. İçmir, çəkmir, namaz qılır, oruc tutur, ibadətindən qalmırdı. Oğul-uşaq məsələsində də müsəlman ənənəsinə sadiqliyi ilə seçilən bu ağırtaxtalı adam köhnə kənd kişilərinin getdiyi yolla gedib yeddi uşaq araya-ərsəyə gətirdi, böyüdüb, oxudub, tərbiyə elədi. 
Bir dəfə ona xatırlatdım ki, Anar müəllim atasının, böyük Rəsul Rzanın yazı makinasını yüzlərlə dostunun içində məhz sənə əmanət eləyib. Nə əcəb barı indi yazılarını onda yazmır?
– Bilirsən,– dedi, – fikirləşəndə ki, "Qızılgül olmayaydı”, "Rənglər”, Vaxt var ikən” o makinada dünyaya gəlib, xof məni basır. Təzədən onu öyrənəsi, onda yazı yazası… Ömür lazımdı buna. Mən onu yadigar saxlasam, yaxşıdı.
 Sabir yazılarını mənə, Nərimana, son vaxtlarsa Əlirzaya əlyazısında göndərərdi. Bu sözü ona hələ tələbə ikən demişdim ki, xətti "Kommunist” qəzetindən də gözəldi, gərək xəttat olaydı o. 73-dən üzübəri mənə yazdığı məktublara göz gəzdirirəm, sanki onları palatino şrifti ilə qələmə alıb. 
 Özümlə bağlı bir çox məqamda da o arxaik, amma böyük məna kəsb eləyən münasibətin şahidi oldum. Mənə həsr etdiyi qalın-qayım kitabının adı ("Əlabbas: Sözün köhnə kişisi”) və mündəricəsi sonrakı yazılarının da çox vacib bir elementinə çevrildi. "Köhnə kişi” bir tənqidçi kimi Sabirin tapıntısı idi, əsərin yazıldığından az qala iyirmi il keçəndən sonra, axır ki, onu peşəkar təhlil müstəvisinə çəkən bir Allah bəndəsi ortaya çıxmışdı: "Köhnə kişi” ədəbiyyat tariximizin qızıl fondunda yeri olan əsərlərdəndir. Povest elə sənətkarlıqla işlənib ki, belə əsərləri təkcə "Azərbaycan nəsrində yox, dünya ədəbiyyatının bizə məlum olan örnəklərində də barmaqla saymaq olar” 
 Bəlkə də, Sabir lazım olan tərifi qədərindən çox eləmişdi, bəlkə də, çox ifrata varmışdı, amma əsərin onu heyran elədiyini heç cür gizlədə bilmir və niyə axı, soruşurdu, gerçəyi deməkdən qorxuruq? Başqalarının tərifini göylərə qaldırır, özümüzünkülərə çatanda lal oyunu oynayırıq. Əslində, əsərin müəlliflərindən biri də tənqidçidi. Ortada Belinski nümunəsi var. 
Sadə, rəvan, anlaşıqlı bir dillə, aydın məntiqlə, heç bir əllaməçiliyə yol vermədən, cümləpərdazlığa uymadan yazdığı o kitabda Sabir ənənəvi, klassik tənqidin prinsiplərinə sədaqətlə əməl etdi. Onun tək bu monoqrafiyası yox, bütün yaradıcılığı plakat ritorikasından uzaq təhlilləri ilə yadda qalır. 
Təxminən on-on iki il əvvəl Nəriman, Vaqif, mən sözləşdik ki, gedib Sabirin ata yurduna baş çəkək. Anar müəllim Anar müəllimliyi ilə ondan az qala iyirmi yaş balaca olan dostunu yad etmək üçün durub burdan dünyanın lap o qurtaran yerinə, götürüb onun haqda özündən kitab yazan Sabiri görməyə getməyi şəxsinə rəva bilmişdisə, daha biz niyə bilməyəydik? Olub-ötənlərlə bahəm, o bir həftəlik unudulmaz səfərdən mənə bir hekayə də yadigar qaldı: "Arvanada dəfn”. Əsərin mövzusu biz Demandan qayıdanda, yolda ikən, öz-özünə yarandı. Sabir dərənin dibində təkcə damları və çardağı görünən, beş-on evdən ibarət Arvana adlı balaca bir köyü göstərib, orda elə adam var, doğulandan kənddən qırağa ayaq qoymayıb, dedi, təsəvvür eləyirsən? Yardımlı onunçün dünyanın ən möhtəşəm şəhəridi. Adam var ki, soyuducunun nə olduğunu hələ də bilmir. 
 Denən əsl yaylaq həyatıdı ki! Əsəbi yerində, stressdən bixəbər, depressiyadan uzaq. Amma dərhal ağlımdan qara günü də keçdi o kəndin. Belə-belə mövzuya planetar məzmun verən fon da yarandı: qışın qar-qiyamətində kəndin sağ qalan vur-tut üç nəfər kişisindən birini qadınlar (bəli, bəli, qadınlar!) yuyub, kəfənləyib dəfn etməyə aparırlar. O yazının bütöv nüvəsi və cövhəri də məhz bu məqama köklənib. 
 Arvana adını da ona görə olduğu kimi saxladım ki, o mənim çox sevdiyim əsərlərdən birinin (S.Sanbayevin "Ağ arvana”sı) adıdı. Bunu bilmək Azərbaycan oxucusu üçün həm də yeni bir söz öyrənmək deməkdi. Arvana iki hürküclü, dişi dəvə balasına deyirlər. 
 Hekayədəki Dəftər obrazını da orda, Sabirgilin kəndində elə ilk baxışdan "görüb bəyəndim”. Yolda təsadüfən rastımıza çıxan əlidəryazlı yekəpər kənd qadının uca boyuna və qan daman sifətinə işarə ilə:
 – Nə tipik qadın obrazıdı bu?! – dedim və hekayədə eskizini necə var, elə də cızdım: "Allaha pay aparan qadın qar üstə yolboyu uzanıb gələn naxışlı ləpirlərin sonunda əcaib nida işarəsi tək ucalırdı”
 Sonralar, Bakıdakı görüşlərimizin birində Sabir gülə-gülə, Dəftəri dərhal tanıdım, deyəndə bildim ki, ovaxtkı o təsadüfi mənzərə və dadlı-duzlu söhbətimiz hələ də yadından çıxmayıb. 
 – Ağca da anamın obrazıdı.
  – Onu bilmirdim, – dedi. 
 Sabir onu bilmirdi, mən də onu ki, illər sonra tənqidçi Elnarə Akimova götürüb yazacaq: "Cəsarətlə demək olar ki, "Arvanada dəfn” yalnız Əlabbasın öz yaradıcılığında deyil, ümumən, hekayəçiliyimizdə hadisə sayıla bilər” 
Gələn il də iyun olacaq, o biri il də... və o güllü yaz ayının bundan sonra daha kimlərin görüş ayı olacağını bilmədiyim kimi, tələbə dostları yığmaq üçün Tanrının bizlərə bir daha möhlət verib-verməyəcəyini də bilmirəm. Dəqiq olan bir odu ki, Həsən, Nadir, Arif və Sabirsiz o görüşlərin də dadı-duzu daha biz istəyən olmayacaq. 
Elə bilirsiniz, bu etibarsız dünyaya namərd damğasını elə-belə, heç nədən vurublar? 
 
ƏLABBAS
22.10.2014