• cümə, 29 Mart, 19:34
  • Baku Bakı 14°C

Baş toksikoloq: “Azərbaycanda əsasən ənənəvi narkotiklərlə zəhərlənmə hallarına rast gəlinir”

08.06.16 12:49 1393
Baş toksikoloq: “Azərbaycanda əsasən ənənəvi narkotiklərlə zəhərlənmə hallarına rast gəlinir”

"Müasir toksikoloji narkologiya” adlı konfrans narkotikdən zəhərlənmələrə həsr olunub. İsmayıl Əfəndiyevin sözlərinə görə, narkotikdən zəhərlənmə bütün dünya üçün aktual bir problemdir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, təkcə opiat tərkibli narkotiklərdən hər il 70 min insan dünyasını dəyişir. 15 milyon insan isə hazırda narkotik asılılığından müalicə alır: "Konfransda Azərbaycanda bu sahədə mövcud vəziyyətlə bağlı məruzəylə çıxış etdik və digər ölkələrlə müqayisə apardıq. Məsələn, hazırda Rusiyada əsas problem "metadon” və "buterad” kimi narkotiklərlə zəhərlənmədir. Hələ ki, Azərbaycan üçün belə bir problem yoxdur. Avropa ölkələri üçün isə sintetik narkotiklərdən zəhərlənmə böyük bir problemdir. Onlardakı kokain, eksetezite narkotikləridir. Bütün toksikoloji mərkəzlər üçün yeni bir problem üzə çıxıb ki, bunlara da yeni "dizayner narkotikləri” deyilir. "Dizayner narkotik” həmin sintetik narkotikin başqa bir adla insanlara satılması deməkdir. Məsələn, hamam duzu və ya qəlyan tütünü kimi və s”.

İ. Əfəndiyev bildirdi ki, tərkibində narkotik maddələr olan 400-ə yaxın kimyəvi məhsul aşkarlanıb: "Ən təhlükəli olanı sintetik kanaviz - yəni nəşəyə bənzər bir maddələrdir və yeni qrupdur ki, bunlara da "kationlar” deyilir. Biz buna hazır olmalıyıq. Çünki, hazırda bu, Avropa və Qərb ölkələri üçün böyük problemdir, həddindən artıq çox yayılıb. İnternetdə həmin maddələr satılır, poçt vasitəsilə qeyri-leqal şəkildə ölkəyə çatdırılır”.

Dekanın sözlərinə görə, Azərbaycanda əsasən ənənəvi narkotiklərlə zəhərlənmə hallarına rast gəlinir: "Bunlar ilk növbədə xaşxaşdan alınan tiryək və sintetik kimyəvi yolla ondan alınan heroin kimi narkotiklərdən zəhərlənmələrdir. Bu halda zəhərlənmə çox ağır keçir, asılılıq da tez yaranır. Hətta heroindən 1-2 dəfə istifadə etdikdən sonra artıq insanda həm fiziki, həm də psixoloji asılılıq yaranır ki, bundan da insan özü qurtula bilməz. Getdikcə doza çoxalır və bədənin narkotikə tələbatı artır. Axırda o həddə çatır ki, həmin şəxsdə kəskin zəhərlənmə olur, komaya düşülür və bu peredozla xəstəxanaya düşür”.

Müsahibimizin fikrincə, ən böyük problemlərdən biri insanların xarici ölkələrdən narkotik maddələri öz mədə traktında Azərbaycana keçirməyə çalışmasıdır: "Bu yaxınlarda belə bir hadisəylə rastlaşdıq. Bir xəstə İran sərhədini keçərkən, Biləsuvar rayonunda qəflətən huşunu itirib, komaya düşmüşdü. San aviasiya yolu ilə Toksikologiya Mərkəzinə gətirilib və onun mədə-bağırsaq traktından 35 ədəd xüsusi sellofana bükülmüş heroin konteynerlər çıxarılıb. Bu xəstə müalicədən sonra ayıldı və Hüquq Mühafizə Orqanlarına təhvil verildi”.


İsmayıl Əfəndiyev təəssüflə qeyd etdi ki, xəstələr arasında məktəblilərə də rast gəlinir: "Bu məsələlərdə ilk növbədə valideynlər diqqətli olmalıdırlar. Əgər uşaq özünü qeyri-adekvat aparırsa, yuxuludursa, göz bəbəkləri daralıbsa, sual verdikdə çox ləng cavab verirsə, nəfəsində nəsə dəyişiklik varsa, o halda təcili şəkildə həkimə müraciət etmək lazımdır. Çünki nə qədər tez bunun üstünə düşülərsə, o qədər tez sağalma ehtimalı artır”.

Həkim bildirib ki, narkotik istifadəçilərinin müalicəsi bütün dünyada çox böyük bir problemdir: "Biz toksikoloqlar əsasən zəhərlənməni qandan təmizləyirik və fizioloji asılılığı müalicə edə bilirik. Lakin xəstəni psixoloji asılılıqdan azad etmək psixoloqların işidir. Eyni zamanda, xroniki narkomanlar üçün hazırda dövlət tərəfindən metadon proqramı həyata keçirilir. Onlar rəsmi qeydiyyata düşürlər və hər gün pulsuz metadon maddəsi qəbul edirlər. Bu müalicə növü sayılmır, sadəcə vurulan ziyanın azalması - yəni "farm redaction”-ı təmin edir”.

İ. Əfəndiyev əlavə edib ki, bu proqram üzrə ölkəmizdə yüzlərlə insan qeydiyyatdadır.
banner

Oxşar Xəbərlər