Baş redaktorların istirahət planları
Artıq yayın ikinci ayını yaşayırıq. Bu isə o
deməkdir ki, hamı öz məzuniyyət planları haqda düşünür. Yeni mövsümə daha yaxşı
başlamaq üçün hamının bir müddətlik də olsa, işdən uzaqlaşıb, isti havanın
dadını çıxarmağa ehtiyacı var. Xüsusilə də yaradıcı işlə məşğul olanlar üçün
istirahət çox vacibdir. Bəs görəsən
jurnalistlər yay tətilini necə keçirmək istəyir? Bu suala cavab tapmaq üçün
kiçik sorğu təşkil etdik.
"İki Sahil”
qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə deyir ki, hələlik
vaxt məhdudiyyətinə görə istirahətə çıxa bilməyib: "İmkan tapan kimi doğulduğum
Culfa rayonunun Saltaq kəndinə gedib ailəmlə vaxt keçirmək niyyətindəyəm.
Hələlik iş başındayıq. Qarşıdan Milli Mətbuat günü gəlir. Həmkarlarım kimi mən
də həmin günə hazırlaşıram. Mətbuat günü ilə bağlı müxtəlif tədbirlər
keçirilir. Bütün günümüz işdə keçir. Ona görə də, hələlik dəqiq qərar
verməmişəm. Amma istirahət mənim üçün
ailəmlə vaxt keçirmək deməkdir. Bir neçə gündən sonra ortancıl oğlum hərbi
xidmətə yollanacaq. Yəqin ki, onu yola saldıqdan sonra məzuniyyət haqqında
düşünə bilərəm. Azərbaycanın çox sayda görməli, gəzməli yerləri var. Təəssüflər
olsun ki, vaxtım az olduğuna görə, bu yerlərin hamısını gəzib görmək imkanımız
olmur. Çalışacağam ki, müxtəlif rayonlara səyahət edim”.
"APA Holding” MMC-nin rəhbəri Vüsalə Mahirqızı da məzuniyyətsiz
işləyənlər sırasındadır: "Bu
il demək olar ki, fasiləsiz işləyirəm. "APA Holding”də əmək məcəlləsinə uyğun
olaraq əməkdaşlarımız hər il məzuniyyətlə təmin olunurlar. Hər kəs yayda
dincəlmək, istirahət etmək, vaxtını xoş keçirmək istəyir. Amma iş rejimimiz bir
qədər operativlik tələb edir. Ona görə də, əməkdaşlarımız növbə ilə məzuniyyətə
çıxırlar. Amma hələlik özüm haqda bunu deyə bilməyəcəyəm. Çünki məzuniyyətə
çıxmaq haqda düşünmürəm. Əslində buna vaxtım yoxdur. Çünki bu yaxınlarda APA TV
fəaliyyətə başlayacaq. Hazırda var qüvvəmizlə hazırlıq işləri ilə məşğuluq. Ona
görə də, bu yay məzuniyyətsiz işləməli olacağam. İstirahətə isə yalnız şənbə və
bazar günləri vaxt ayırmağa çalışıram. Turizmin inkişaf etdiyi bölgələrimizə
səyahət etməyi çox sevirəm. Xüsusilə Quba və Qəbələdə vaxt keçirmək, istirahət
etmək çox xoşuma gəlir. Qəbələnin turizm infrastrukturu çox möhtəşəmdir. Həftə
sonları çalışıram ki, ailəmlə bu bölgələrdə vaxt keçirim. Tərslikdən, bu il
həftə sonları demək olar ki, hava şəraiti küləkli olur, dənizə gedə bilmirik.
Hazırda bağda yaşayıram. Çalışıram ki, axşamlar dəniz havası qəbul edim. Yəqin
ki, yayın sonuna qədər istirahətim bu formada olacaq”.
Modern.az saytının baş
redaktoru Elşad Eyvazlıqeyd etdi ki,istirahət kəlməsi ona yad gəlir: "İnternet mediasında çalışan jurnalistlərin
məzuniyyət məsələsi bir qədər çətindir. Xüsusilə, əgər sən rəhbərsənsə, deməli,
məsuliyyətin işçilərə nisbətən daha çoxdur. Əməkdaşlarımız məzuniyyətə getdikdə
çalışıram ki, onların boşluğunu kompensasiya edə bilim. Çünki internet mediası
operativlik tələb edir. Ona görə də, tətil müddətində harasa getmək niyyətində
deyiləm. Çünki texniki olaraq buna imkanım yoxdur. Çalışıram ki, həftə
sonlarını yaxşı dəyərləndirim. Düzdür, il ərzində çox yoruluruq. Hamı kimi
bizim də məzuniyyətə ehtiyacımız var. Amma yəqin ki, hələlik məzuniyyət haqda
düşünmək üçün bir qədər tezdir. Dincəlmək, istirahət etmək, əslində, mənə bir
qədər yad kəlmələrdir. Mənə elə gəlir ki, biz işləyə-işləyə dincəlirik. Özümü
yorğun hesab eləmirəm. Mənim üçün məzuniyyət və istirahət təbiət qoynunda təmiz
hava qəbul etməkdir. Çalışıram ki, həftə sonları təmiz havada vaxt keçirim”.
"Azxeber.com” saytının baş redaktoru Hacıbəy
Heydərli bildirdi ki, harada olmasından asılı olmayaraq, yay tətilini ailəsi ilə birgə keçirməyə üstünlük
verir: "Çox vaxt müxtəlif bölgələrə səyahət edirik. Azərbaycanın bir çox
rayonlarında gözəl şərait yaradılıb. Ümumiyyətlə, ailə ilə keçirilən vaxt insan
üçün ən böyük istirahətdir, deyə düşünürəm. Turizm regionlarımız günü-gündən
inkişaf edir. Həmçinin, Bakıda da müvafiq infrastruktur yaradılıb. Bu il də yay
tətilimi ölkəmizdə keçirmək niyyətindəyəm. Planda xaricə səfər etmək yoxdur.
Əvvəllər hər kəs məzuniyyətini xaricdə keçirməyə üstünlük verirdi. Çünki o
zamanlar Azərbaycanda istirahət mərkəzlərinin sayı az idi. Amma indi buna
ehtiyac yoxdur. Hər kəs ölkəmizdə istirahətini gözəl şəkildə təşkil edə bilər”.
"Azadinform”
İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev qonşu ölkələrdən birinə səyahət etməyi düşünür: "Ənənəvi
olaraq bu il də yay tətilim Bakıda keçir. Hələlik gərgin iş rejimi ilə
işləyirik. Ola bilsin ki, qısamüddətli də olsa işdən uzaqlaşaraq sanatoriyaya
getdim. Çünki yaş ötdükcə orqanizmimiz öz sözünü deyir, müəyyən ağrılar
başlayır. Yəqin ki, uzunmüddətli məzuniyyətə vaxt və imkan olmayacaq. Ona görə
də, hələlik müəyyən araşdırmalar edirəm. Gedəcəyim yer haqqında konkret bir
qərara gəlməmişəm. Yəqin ki, qonşu ölkələrdən birinə gedərəm. Ümumilikdə,
məzuniyyətin bir hissəsini doğma kəndimizdə və sanatoriyada keçirəcəyimi
düşünürəm”.
Şəbnəm