• çərşənbə, 24 Aprel, 03:02
  • Baku Bakı 14°C

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib

07.02.14 16:20 1195
Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib
Ötən il xidmətdə fərqlənən 193 işçi mükafatlandırılıb, 49 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, 3 əməkdaş isə tutduğu vəzifələrdən azad olunub

Dünən Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2013-cü ildə «Prokurorluq haqqında» qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kollegiya iclasında çıxış edən baş prokuror Zakir Qaralov bildirib ki, 2013-cü ildə prokurorluq orqanları digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə əlaqəli şəkildə fəaliyyət göstərərək ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa, xüsusən də onun mütəşəkkil təzahürlərinə qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsini təmin edib.
Qeyd edilib ki, 2013-cü ildə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyəti daha uğurlu olub ki, bu da qanunla müəyyən edilmiş digər səlahiyyətlərlə yanaşı, idarəyə korrupsiya ilə bağlı olan cinayətlər üzrə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək hüququnun verilməsi, idarənin yüksək təşkilati əsaslara və çevik struktura malik ixtisaslaşmış mühüm dövlət qurumu kimi formalaşması ilə əlaqədar olub. İdarənin “Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyətinin düzgün qurulması müsbət nəticələr verib.
Xidməti fəaliyyətlərində müsbət iş göstəricilərinə nail olmaqla təşkilatçılıq bacarığı nümayiş etdirmiş 15 nəfər, o cümlədən 8 nəfər, ilk dəfə müstəqil vəzifəyə irəli çəkilərək rayon prokuroru vəzifələrinə təyin edilib, 111 prokurorluq işçisi yuxarı təsnifatlar üzrə müxtəlif vəzifələrə irəli çəkilib, xidmətdə fərqləndiklərinə görə 193 işçi mükafatlandırılıb. Rəhbər vəzifələrə irəli çəkilən şəxslər içərisində müsabiqə yolu ilə qulluğa qəbul edilən gənc hüquqşünasların nisbi çəkisi artıb. Zakir Qaralov bildirib ki, prokurorluq orqanlarında ciddi tələbkarlıq şəraitinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, 2013-cü ildə icra və əmək intizamının pozuntusuna, işində və xidmətdən kənar fəaliyyətində kobud qanunsuzluqlara yol verdiklərinə görə 49 əməkdaş intizam məsuliyyətinə cəlb edilməklə, 32 nəfərə şiddətli töhmət və töhmət elan olunub, 3 əməkdaş tutduğu vəzifələrdən azad edilib.
Baş prokuror tərəfindən respublikanın müxtəlif bölgələrində prokurorluğun rəhbər işçilərinin iştirakı ilə vətəndaşların qəbulu keçirilməklə, qaldırılan məsələlərin yerində həll edilməsi və əsaslı müraciətlərin təmin olunması istiqamətində hərtərəfli tədbirlər həyata keçirilib. Bu tədbirlər mütəmadi xarakter daşımaqla, hesabat ilində 612 vətəndaş qəbul edilməklə müraciətlərinə baxılıb.
2013-cü ildə prokurorluğun maddi-texniki təminatının gücləndirilməsi sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin milli memarlıq üslubunda yeni inzibati binasının tikintisi yekunlaşdırılaraq istifadəyə verilməsi təmin edilib, Bakı şəhər prokurorluğunun inzibati binası əsaslı təmir edilib, Zaqatala hərbi, Bakı şəhərinin Yasamal və Sabunçu rayon prokurorluqlarının inzibati binalarının tikintisi başa çatdırılıb.
Bildirilib ki, Baş Prokurorluğun rəhbərliyinin daim diqqət mərkəzində olmaqla və ciddi narahatlıq doğuran məsələlərdən biri kimi qaz sızması və partlayışı, habelə dəm qazından zəhərlənmə ilə əlaqədar insanların ölümü və sağlamlığına zərər vurulması hadisələri ilə bağlı digər aidiyyəti qurumlarla əlaqəli şəkildə məqsədyönlü tədbirlər həyata keçirilib.
“Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli Fərmanının qeyd-şərtsiz icrası prokurorluq orqanlarının qarşısında duran əsas vəzifələrdən biri kimi müəyyənləşdirilməklə, Baş Prokurorluğun əlaqədar qurumları və bütün tabe prokurorlara həmin Fərmanın və Baş Prokurorluq üzrə müvafiq əmrin yerinə yetirilməsi istiqamətində zəruri işlərin davam etdirilməsi, aşkarlanan korrupsiya hüquqpozmaları üzrə qətiyyətli tədbirlərin görülməsi və qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması hər bir prokurorluq əməkdaşından tələb edilib.
Kollegiyada qeyd edilib ki, son illər aktuallığı və narahatlığı ilə diqqəti çəkən məsələlərdən biri də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri və bu hadisələr zamanı ölən və yaralananların sayının yüksək olmasıdır. 2012-ci illə müqayisədə respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayı 102 min ədəd artaraq 2013-cü ilin sonuna təqribən 1 milyon 300 minə çatması fonunda yol-nəqliyyat hadisələrinin sayının 1,6 faiz, qəzalarda həlak olan şəxslərin sayının 0,3 faiz, yaralanların sayının isə 1,6 faiz azalması müşahidə edilib.
2013-cü ildə 16 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi açılmamış qalıb ki, bu da 2012-ci illə müqayisədə 7 hadisə və ya 30,4 % azdır. Açılmayan ölümlə nəticələnən yol-nəqliyyat hadisələrindən 6-sı Bakı şəhərində, 10-u isə respublikanın digər şəhər və rayonlarında qeydə alınıb. Açılmamış ölümlə nəticələnən yol nəqliyyat hadisələri ilə bağlı istintaqı aparılan cinayət işləri Baş Prokurorluğun müvafiq idarələri tərəfindən öyrənilməklə müzakirələri aparılıb, cinayətlərin açılması istiqamətində Daxili İşlər Nazirliyi ilə zəruri tədbirlər davam etdirilir.
Kollegiya iclasına yekun vuran Baş prokuror Zakir Qaralov Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli "Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında" sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar yol-nəqliyyat hadisələrinin təhqiqatında və istintaqında, açılması təmin edilməmiş ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı əməliyyat-axtarış və istintaq hərəkətlərinin həyata keçirilməsində qanunların icrasına nəzarətin gücləndirilməsi, yol-nəqliyyat hadisələri ilə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması ilə bağlı zəruri tədbirlərin görülməsinə dair konkret göstərişlər verib.
Baş prokurorun müavini-Respublika Hərbi prokuroru Xanlar Vəliyev, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Bakı şəhər prokuroru Əziz Seyidov, Laçın rayon prokuroru Ceyhun Almasov çıxışlarında 2013-cü il ərzində cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində müvafiq tabe struktur qurumlar tərəfindən görülmüş işlər barədə ətraflı məlumatlar verməklə, “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, prokurorluq orqanlarının işinin müasir məzmunda təkmilləşdirilməsi və mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəldilmiş konkret təkliflər irəli sürüblər.
banner

Oxşar Xəbərlər