• şənbə, 20 Aprel, 06:45
  • Baku Bakı 14°C

Baş nazirin müavini partlayış olan binanın sakinləri ilə görüşdü

25.09.14 17:37 1163
Baş nazirin müavini partlayış olan binanın sakinləri ilə görüşdü
Bu gün baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov sentyabrın 8-də Xırdalandakı partlayış nəticəsində mənzilləri dağılmış məcburi köçkünlərlə görüşüb. Komitədən Lent.az-a verilən xəbərə görə, görüş evləri dağılmış məcburi köçkünlər üçün müvəqqəti olaraq ərazidə Fövqəladə Hallar Nazirliyi tərəfindən quraşdırılmış çadırlarda keçirilib. Görüşdə Qanlı göl ətrafında məskunlaşan məcburi köçkünlər də iştirak edib.
Əvvəlcə Qanlı göl ətrafında məskunlaşan məcburi köçkünlərlə görüşən Əli Həsənov bildirib ki, Bakının baş planına əsasən bu ərazinin də tam abadlaşdırılması nəzərdə tutulduğundan məcburi köçkünlər yaxın günlərdə həmin yerdən onlar üçün Yasamal rayonunda tikilmiş binaya köçürüləcəklər.
Əli Həsənov prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə kifayət qədər diqqət və qayğı göstərdiyini söyləyib. Görüşdə işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları da iştirak edib.
Sonra Əli Həsənov Abşeron, Qubadlı, Zəngilan, Füzuli və Cəbrayıl rayon icra hakimiyyətlərinin başçıları ilə birlikdə Xırdalan şəhəri ərazisində FNH tərəfindən qurulmuş çadırlardakı vəziyyətlə yerində tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib.
Əli Həsənov həmçinin qeyd edib ki, hazırda partlayış olan binanın iki blokunda təmir-bərpa işləri davam etdirilir. Tezliklə həmin iki blokdan köçürülən məcburi köçkünlər öz yerlərinə qaytarılacaq.
Partlayış nəticəsində tam yararsız hala düşmüş digər bir blokun sakinləri isə yaxın vaxtlarda yeni mənzillərlə təmin olunacaqlar.
Baş nazirin müavini Əli Həsənov onların nəzərinə çatdırıb ki, baş vermiş hadisə nəticəsində yaranmış vəziyyət ilk gündən ölkə başçısının diqqət mərkəzindədir.
Qeyd edək ki, ərazidə tibb məntəqəsi, yeməkxana və digər zəruri xidmət məntəqələrinin normal fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb, onlar zəruri avadanlıqlarla təchiz edilib, məcburi köçkünlərin gündəlik tələbat mallarına ehtiyaclarının təmin olunması üçün müvafiq tədbirlər həyata keçirilib.
Həmçinin, onlar gündə üç dəfə isti yeməklə və digər zəruri ərzaq məhsulları ilə, yataq dəstləri ilə, digər avadanlıqlarla da təmin ediliblər.
banner

Oxşar Xəbərlər