• cümə, 19 Aprel, 11:30
  • Baku Bakı 13°C

Baş nazir Serj Sarkisyan üçün başağrısına çevrilir

27.10.16 14:08 840
Baş nazir Serj Sarkisyan üçün başağrısına çevrilir
Serj Sarkisyanın hökumət başçısı vəzifəsinə təyin etdiyi Karen Karapetyan getdikcə onun özü üçün ciddi problemlər yaradır. Belə ki, baş nazir qalmaqallı açıqlamaları ilə diqqət cəlb etməyə başlayıb. Ölkənin düşdüyü ağır iqtisadi və siyasi vəziyyətdən çıxmaq üçün təkliflərlə çıxış edən baş nazirə qarşı hakim partiya və rəhbərlikdə narazılıqlar artır. Hətta belə bir söhbət də gəzir ki, S.Sarkisyan yeni baş nazirin qərarlarına təsir gücünə malik deyil və ölkədə hakimiyyət büsbütün Karapetyana verilib.

Bu dəfə rəhbərlik etdiyi yeni hökumətin fəaliyyət planını təqdim edən Karen Karapetyan korrupsiyanı ən başlıca problem adlandırmaqla gündəmə gəlib. Bu isə birbaşa Serj Sarkisyana qarşı çıxmaq deməkdir. Ölkədə hamı gözəl bilir ki, baş korrupsioner elə prezidentin özüdür. Parlamentdə çıxışında baş nazir korrupsiya ilə yanaşı, kölgə iqtisadiyyatına qarşı qətiyyətlə mübarizə aparacaqlarına, vergi və gömrük xidmətlərinin imiclərini kökündən dəyişəcəklərinə söz verib. O, hüquq-mühafizə orqanı əməkdaşlarının vəzifə səlahiyyətlərini aşması ilə bağlı heç bir faktın cəzasız qalmayacağını bildirib.

Ölkədə toplanan vergilər korrupsiyaya qurşanmış rəsmilər və məmurlar tərəfindən mənimsənilir və bununla bağlı çoxsaylı fakt var. Məsələn, prezidentin qardaşı Aleksandr Sarkisyanın iş adamlarından gəlirlərin yarısını aldığı vurğulanır. Qeyd olunur ki, büdcənin 30 faizi dövlət satınalmalarına, yəni ayrı-ayrı dövlət strukturlarının öz ehtiyacları üçün sifariş verdiyi mal və xidmətlərə xərclənir. Ancaq araşdırmalar göstərir ki, bu sifarişlər, bir qayda olaraq, heç bir tender keçirilmədən eyni şirkətlərə verilir."Çiçəklənən Ermənistan” fraksiyasının rəhbəri Naira Zohrabyanın "Biz elə hey korrupsiya, kölgə iqtisadiyyatı, inhisarçılıq deyirik. Sanki bunlar qarşısı alınması müşkül bir kabusdur. İnhisarçıların bir neçəsi elə bu parlamentdə əyləşib. Hamımızın yaxşı tanıdığımız həmin inhisarçılarla necə mübarizə aparacaqsınız” sualına baş nazir lakonik cavab verib: "Necə mübarizə aparacağımızı görəcəksiniz”. Baş nazirin təqdim etdiyi 33 səhifəlik proqramda dövlət rəsmilərinin "qanunsuz varlanmasının”kriminallaşdırılması da nəzərdə tutulub.

Baş nazirin ən gülməli qərarlarından biri isə dövlət idarələrinin bütün əməkdaşlarına, tutduqları vəzifədən asılı olmayaraq, sosial şəbəkələrdən istifadəni qəti şəkildə qadağan etməsi olub. "İş vaxtı sosial şəbəkələrdən istifadə etmək üçün yalnız mətbuat xidmətlərinə icazə verilir ki, bu da onların peşə funksiyalarının bir hissəsidir. Yeri gəlmişkən, dövlət sistemində əməkdaşların kompüter biliklərinin də yoxlanılmasına başlanıb, burada söhbət əsasən yığım surətindən gedir”, - Ermənistan mətbuatı yazır.

Müxalifət lideri Levon Ter-Petrosyan isə bəyan edir ki, görülən tədbirlərə baxmayaraq, Ermənistanı tezliklə real iqtisadi fəlakət gözləyir: "Özü də bu dəfə gözəl defolt adı altında”. O, yazılı açıqlamasında bildirib ki, Karapetyanın səmimiliyinə inanır: "Ancaq onun vədlərinə əməl edə bilməsindən ötrü hökumət korrupsiyasına qarşı iki konkret addım atılmalıdır. Bunlardan biri bütün nazirliklərin və digər dövlət qurumlarının büdcədənkənar fondlarının ləğvi, digəri isə BMT-nin Korrupsiya və vəzifəli şəxslərin qanunsuz varlanmasına qarşı mübarizə haqqında Konvensiyasının ratifikasiyasıdır. Əgər bu iki məsələ hökumətin fəaliyyət proqramına daxil edilməsə, onda Ermənistanda iqtisadi vəziyyətin yaxşılaşacağına ümid etməyə dəyməz. Belə olan halda, baş nazir nə qədər qabiliyyətli olsa da, hökumət qurbanlıq qoyuna çevrilərək, əvvəlki iki hökumətin acı taleyini yaşayacaq. Çünki Ermənistanın bütün bəlalarının kökündə məhz korrupsiya durur”.

Bundan bir qədər əvvəl müxalifət lideri demişdi ki, ölkənin iqtisadi fəlakətin astanasında olduğu bir vaxtda prezident Sarkisyan hakimiyyətini necə əbədiləşdirməyin yollarını axtarır. O, hakimiyyətin səylərini"islahatların imitasiyası”adlandırmışdı.

Gəlinən qənaət budur ki, Ermənistanda hökumət üzvlərinin böyük əksəriyyətinin yeni şəxslərlə əvəz edilməsindən sonra belə, bu ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşacağına yenə də heç bir ümid yoxdur. Əksinə, dövlət idarəçiliyində naşı olan bu şəxslərin vəziyyəti daha da pisləşdirəcəyi, ölkəni iqtisadi xaosa sürükləyəcəyi qaçılmaz sayılır. Məsələnin bu tərəfinə diqqət çəkən deputat Zaruhi Postancyan bildirir ki, Ermənistan hakimiyyətinin yeni nazirləri küçədən gəlib və onların heç birinin dövlət idarəçiliyi və siyasi təcrübəsi yoxdur. Deputatın fikrincə, yeni nazirlərin onlara tapşırılan sahələrdən xəbəri yoxdur: "Deyirlər, onlar menecerdirlər və biznesdən gəliblər. Lakin hökuməti idarə etmək menecmentlik deyil, bu, siyasətdir. İqtisadiyyat Nazirliyinin adını dəyişib İnvestisiyalar Nazirliyi qoyub və ölkəyə sərmayələrin axacağını gözləmək lazım deyil. Düzgün rəqabət şəraiti lazımdır. Yalnız onda 10 milyonluq erməni diasporu sərmayəni Gürcüstana deyil, Ermənistana yatıracaq”.

Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın ümumi dövlət borcu ilin əvvəlindən 5,3 faiz və yaxud 267,5 milyon dollar artaraq ilk yarımillikdə 5 milyard 345,2 milyon dollar təşkil edib. Ekspertlərin proqnozlarına görə, 2016-cı ilin yekunlarına əsasən dövlət borcunun həcmi 5,569 milyard dollar təşkil edəcək. Bu həcmdə borcu isə Ermənistan sadəcə ödəmək iqtidarında deyil, çünki ölkədə iqtisadi inkişaf üzrə heç bir ciddi proqram həyata keçirilmir. Borcun artıq ümumi daxili məhsulun yarısına çatması isə Ermənistanda defoltu qaçılmaz edir.

Yeni Ermənistan Partiyasının lideri Andrias Qukasyan da bildirir ki, misli görünməmiş böhranda olan erməni cinayətkar oliqarxiyası oğurladığı əmlakın xilası yollarını axtarır: "Xalq buna imkan verməməlidir. Ermənistanda konstitusiya qayda-qanununun bərqərar olunmasına çalışan və xalqın iradəsini əks etdirən xadimlər artıq bu gün birləşməlidirlər ki, növbədənkənar prezident seçkiləri təyin ediləcəyi təqdirdə, ölkəmizi məhvə aparan qüvvələrin toparlanmasına qarşı dura bilsinlər”.

Azər

banner

Oxşar Xəbərlər