AZE | RUS | ENG |

Baş nazir Moldovada qayda-qanun yaratmağa söz verdi

Baş nazir Moldovada qayda-qanun yaratmağa söz verdi
Sandu separatçı Dnestryanı bölgədə də bu arzusunu reallaşdırmağa çalışır

Moldovanın baş naziri Mayya Sandu Moldovada, o cümlədən  Kişinyovun nəzarəti altında olmayan separatçı Dnestryanı bölgədə də qayda-qanun yaratmağa qərar verib. Baş nazir bildirib ki, bu məqsədlə bütün vasitələri işə salacaq. Tanınmamış qurumda isə baş nazirin fikirlərini bölüşmürlər. Orda, sadəcə, Kişinyovun onlar üzərində rəhbərlik etmələrini istəmirlər. Separatçıların lideri Vadim Krasnoselski bildirib ki, Moldova ilə siyasi dialoqa əsas görmür. Ardınca da bəyan edib ki, Moskva da bu mövqeyi bölüşmür. Bütün bu iradları Sandu, Moskvaya səfəri zamanı Rusiya tərəfinə çatdırmağı düşünür. Bu səfər isə sentyabr ayına planlaşdırılır. Baş nazir bildirib ki, səfər zamanı Rusiyaya meyvə və tərəvəz ixracı, eləcə də qazın qiyməti məsələsini müzakirə edəcək. Maraqlıdır ki, onun səfərindən bir qədər əvvəl, daha dəqiq desək, bu ayın ortalarında prezident İqor Dodon Moskvaya səfər edəcək.
Öz növbəsində, moldovalı politoloq Anatol Çaranu hesab edir ki, Dnestryanı münaqişənin həlli istiqamətində real olaraq Sandu deyil, səlahiyyətləri genişlənən prezident İqor Dodon məşğul olacaq. Bəlli olduğu kimi, rusiyapərəst qüvvələrdən ibarət Sosialistlər Partiyası hakim koalisiyada təmsil olunur. Koalisiyada qərbyönümlü sağların partiyası ACUM da var. Hər iki partiyanın Dnestryanı münaqişənin həllinə münasibəti fərqlidir. "Politicon” strateji tədqiqatlar və siyasi konsaltinq mərkəzinin rəhbəri Anatol Çaranu hesab edir ki, məhz bu səbəbdən də koalisiya çat verə bilər: "Düzdür, hakim koalisiyaya daxil olan qüvvələr bu birliyin qorunub saxlanılması üçün razılığa gəlməyə çalışırlar. Uğur əldə ediləcəyi təqdirdə, ölkə qazanacaq - sabit işləyən hökumət və sabitlik əldə edəcək”. Moldovalı ekspertin qənaətincə, bu, çətin ki, baş versin. Səbəb də odur ki, koalisiya bir-biri ilə ziddiyyətdə olan partiyalardan ibarətdir: "Oktyabrda keçiriləcək seçkilərə qədər bu alyans qalacaq, lakin sonra onu qarşısıalınmaz ayrılıq gözləyir”. Sosioloji sorğuların nəticələrinə görə, sosialistlərin reytinqi artır. Əgər seçkilər bu gün keçirilsə, onda onlar 48 deputat yeri əldə edərdilər. Hazırda isə onlar 101 yerlik parlamentdə 35 yerə malikdirlər. Sosialistlərin səslərinin yanına proporsional seçki sistemi üzrə mümkün nəticələri də daxil etmək gərəkdir. Son seçkilər qarışıq sistem üzrə keçirilmişdi. Bu da parlamentə o qədər də populyar olmayan Demokrat Partiyasının keçməsinə səbəb olmuşdu. Bir vaxtlar hakim partiya olan bu qurumu qanundan kənar elan etməyə hazırlaşırlar. Onun lideri Vladimir Plaxotnyuk hökuməti, prokurorluq və məhkəmələri nəzarət altına almışdı. Bir növ, Moldovanın "ağası” statusunda idi. Yeni koalisiya qurulan kimi, onun partiyasını və sədrini hakimiyyətdən uzaqlaşdırdılar, partiyanı təmsil edən nazirləri işdən qovdular. Artıq partiya funksionerlərinə qarşı qalmaqallı cinayət işləri başlanılıb. Rusiyapərəst prezident İqor Dodon rəsmən bəyan edib ki, korrupsiyalaşmış demokratlar hər ay 40 mln. dollar rüşvət toplayırmışlar. Mayya Sandu vəd edib ki, ölkədən qaçan Plaxotnyuk Moldova həbsxanasında cəza çəkəcək. Hazırda o, Birləşmiş Ştatlardadır. Əgər Plaxotnyuk və onun ətrafı barəsində sosialistlər və ACUM bloku bir mövqedən çıxış edirsə, Dnestryanı bölgə barəsində fikirlər haçalanır. Bu günlərdə reinteqrasiya üzrə nazir Vasili Şova (sosialistlərin nümayəndəsi) bildirib ki, Dnestryanı bölgə sakinlərinin hüquqlarının genişlənməsi istiqamətində qanun layihəsi hazırlayırlar. Baş nazir Mayya Sandu da mövqeyini ortaya oyub. Onun sözlərinə görə, ilk növbədə bölgədə qayda-qanun yaratmaq gərəkdir. Bunun üçün qaçaqmalçılığın qarşısı alınmalı, qaz, elektrik enerjisi ödəmələrinin bərpasına nail olunmalıdır: "İqtisadi stimulları dəyişmək gərəkdir. Yeni iş yerləri yaradılmalıdır, insanların həyat şəraiti yaxşılaşdırılmalıdır, sxemlər yox. O zaman Dnestrin hər iki sahili arasında qarşılıqlı etimad yaranacaq, münaqişənin nizamlanması istiqamətində danışıqlar başqa cür aparılacaq. Dnestryanı bölgə üçün bütün ticarət rejimləri açılıb. Moldova da orada iştirak edir. Dnestryanı bölgə Avropa İttifaqı ilə azad ticarət zonasında aktiv iştirak edir və bu da regionun iqtisadiyyatı üçün çox vacibdir. Bu proses  Moldovanı sağ sahilindən daha əlverişli şərtlərlə həyata keçirilir.”
Yeri gəlmişkən, Moldovanın Avropa İttifaqı ilə vizasız gediş-gəliş barədə razılaşmasının olmasına baxmayaraq, ölkə vətəndaşlarının çoxu hələ də Rusiyaya işləməyə gedirlər. Baxmayaraq ki, Avropa İttifaqı ölkələrində qazanmaq şansı daha genişdir. Sadəcə Qərbin əmək bazarında əcnəbi dili bilmək zəruri olduğundan, moldovanlar Rusiyanı seçirlər. Moldova Mərkəzi Bankının yaydığı məlumata görə, bu ilin ikinci rübündə Rusiya Avropa İttifaqının 20 ölkəsi arasında ölkəyə pul göndərilməsində birinci yerdə qərarlaşıb. Onun ardınca İsrail və İtaliya gəlir. Bankın məlumatına görə, ilin ikinci rübündə Rusiya Federasiyasından daxil olan vəsait 70 mln. dollar təşkil edib. "Noi.md” xəbər verir ki, bu vəsaitin 98 faizi pul köçürmələri ilə, yerdə qalan 2 faiz isə müxtəlif ödəmə sistemləri - SWIFT və s. vasitəsilə həyata keçirilib. İkinci və üçüncü yerdə qeyd edildiyi kimi, İsrail və İtaliya, sonrakı yerləri isə ABŞ (25 mln dollar), Almaniya (24), Böyük Britaniya (22), Fransa (16), İrlandiya (5), İspaniya (4), Çexiya (4), Rumıniya (3), Türkiyə (2), Birləşmiş Ərəb Əmirlikləri (1,75), Ukrayna (1,39) və Qazaxıstan (0,49) gəlir. Bu statistikanın coğrafiyasına nəzər salanda görünür ki, moldovanlar bütün dünyaya səpələniblər. Təqribən 200 min moldovalı Avropa İttifaqı ölkələrində, 500 min isə (Moldova hakimiyyət orqanlarının son statistik rəqəmlərinə görə) Rusiyada çalışıb işləyirlər. Onların bir çoxu artıq Rusiya pasportu alıblar. Belə ki, Moldovada ikili vətəndaşlığa icazə verilir. Maraqlı olan detal odur ki, əvvəllər moldovanlar Rusiyada pul qazanıb evlərinə dönmək barədə düşünürdülərsə, bu gün artıq onların çoxu bu ölkədə qalıb həyatlarını qurmağa çalışırlar.
 
Azər NURİYEV
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946