Barselonada e-mail marketinq sahəsində çalışan azərbaycanlı - Uğur hekayəsi
Deyir ki, hər zaman öz yaradıcılığını qata biləcəyi işlərdə çalışmaq
istəyib. Hələ tələbəlik illərindən seçimi edib, digital marketinqə yönəlib.
Düzdür, qısa müddət dövlət işində də çalışıb, amma sonra yenidən reklam
sahəsinə qayıdıb. Hazırda isə İspaniyada e-mail marketinq istiqamətində
fəaliyyətini davam etdirir. Beləliklə, müsahibimiz İspaniyanın Barselona şəhərində "Natexo” şirkətində çalışan həmyerlimiz
Emin Həsənovdur.
Qeyd edək ki, E.Həsənov 1986-cı ildə Naxçıvan şəhərində anadan olub.
Orta məktəbin ilk illərində Naxçıvanda təhsil alıb. Bakalavr təhsili üçün isə
seçimi Bakı Mühəndislik Universitetinin (Qafqaz Universiteti) ingilis dilinin
tərcümə fakültəsi olub.
- Hazırda karyeranızı
Barselonada davam etdirirsiniz. Amma biz söhbətə ora gedənə qədərki
fəaliyyətinizlə başlayaq...
- Bakı Mühəndislik Universitetində təhsil almaq heç də asan deyildi.
Vaxtın çoxunu dərs apardığı üçün işləməyə az zaman qalırdı. Amma yenə də
işlədim, ikinci kursda "Dizayn company” adlı şirkətdə yarımştat işə başladım.
Şirkət veb-saytların yığılması ilə məşğul olurdu, mən də digital reklama maraq
göstərirdim. Həm işləyirdim, həm də öyrənirdim. Tələbə vaxtı həmin şirkətdə
çalışdım. Universiteti bitirəndən sonra isə 3-4 il "Maxcreative” reklam
agentliyində müştəri təmsilçisi və proyekt meneceri vəzifəsində çalışdım. Bir
il isə "Havas” reklam agentliyində müştəri təmsilçisi olaraq işlədim. Sonra da
təhsilimlə bağlı Avropaya - Barselonaya gəldim.
- Bir müddət dövlət işində
də çalışmısınız, deyəsən...
- "Maxcreative” şirkətində
çalışanda artıq hərbi xidmətə getməli oldum. Əvvəllər Nəqliyyat Nazirliyində
"Azeryolservis”in nəzdində Yolların Müdafiə Xidməti İdarəsi var idi, qayıdandan
sonra 8 ay orda kadrlar şöbəsində işlədim. Sonra yenidən "Maxcreative”
şirkətinə qayıtdım. Demək olar ki, Azərbaycandakı karyeramın böyük qismi
reklamla bağlıdır.
- Dövlət işində niyə davam
etmədiniz?
- Orda özümü rahat hiss etmirdim. Həmişə elə işdə çalışmaq istəmişəm
ki, ora öz yaradıcılığımı qata, müəyyən yerdə dəyişiklik edə bilim. Yəni, bir
strategiya hazırlayım, onu həyata keçirim, nəticə əldə edim və sonra nəticənin
analizini aparım. Dövlət işində isə sadəcə olaraq sənə verilən tapşırıqları
edirsən, işə özündən hər hansı bir şey qatmaq, prosesə daxil olmaq kimi şansın
yoxdur. Bu isə mənim istəklərimlə uyğunlaşmadığı üçün özəl sektora qayıtdım.
- Avropaya magistratura
təhsili üçün getdiniz?
- Bəli, 2016-cı ildə magistrratura təhsili üçün Barselonaya gəldim.
Burada "Autonomous University of Barcelona”da beynəlxalq biznesin idarə
olunması fakültəsində oxudum. Həmin təhsil müəssisəsi Avropada ilk onluqdadır.
İndi isə başqa universitetdə artıq ikinci magistr təhsili alıram.
- İkinci magistr təhsili
istəyi haradan yarandı?
- Əsas səbəb Avropadakı şirkətlərin buna tələbatı oldu. Avropada iş
elanlarının böyük hissəsi digital marketinqlə bağlıdır. Mənim onsuz da digital
marketinq sahəsində biliklərim var idi, həm onu davam etdirmək istədim, həm də
Avropadakı gələcək karyeramı düşünərək digital marketinq sahəsində də təhsil
almağa qərar verdim.
- Bəs orda işləməyə nə
vaxtdan başlamısınız?
- Birinci magistr təhsili alan vaxtlarda işləməmişəm. Təhsili başa
vurandan bir ay sonra "Google Android” proyekti üzərində çalışan bir şirkətdə
işə başladım. Şirkət "Google Android”in Türkiyə bazarı üzrə texniki dəstək
işini görürdü. "Google” şirkətinin özündə işləmirdik, ortada podratçı şirkət
idi. Bir il orda işləyəndən sonra hazırda çalışdığım e-mail marketinq üzrə
fəaliyyət göstərən "Natexo” şirkətinə keçdim. "Natexo” e-mail marketinq
sahəsində demək olar ki, Avropanın ən böyük 3 şirkətindən biridir. Şirkətin
Barselona, Paris, Milan və Nyu-Yorkda ofisləri var. Mən Barselona ofisində layihə
meneceri olaraq çalışıram.
- İşlə təhsil bir yerdə
çətin olmur?
- İşlə təhsilim arasında çaxnaşma olmur. Dərsim 4-5-6-cı günlərdir.
4-5 iş günüdür, amma dərsim axşam saat 7-dən 10-a kimidir. Altıncı günlər dərs
səhər olur, həmin günlər də işləmədiyim üçün problem yaranmır. Çətinlik yalnız
saat 6-da işdən çıxıb birbaşa universitetə getməkdir, o da həftənin iki günü
olduğu üçün, idarə edirik. Universitetə görə işdən tez çıxmaq lazım olanda da
şirkət məni dəstəkləyir. Çünki bu şirkətdə işləyənlər arasında təhsil alan tək
mən deyiləm. Şirkət digərlərində də eyni şəkildə dəstək olur.
- E-mail marketinqdən
danışaq. Maraqlı sahədir, amma bizdə heç də aktual deyil...
- Digital
marketinq müasir reklam və marketinq sahəsində əhəmiyyətli yer tutur. E-mail
marketinq isə digital marketinqin əsas qollarından biridir. Bahalı marketinq
metodu deyil, amma xərclərin qarşılığında gələn xeyir digər digital xidmətlərlə
müqayisədə daha çox olur. E-mail marketinqin digər digital marketinq sahələrinə
nəzərən ən böyük üstünlüklərindən biri odur ki, ümumi internet
istifadəçilərinin təxminən 95 faizinin e-mail adresi var. İkinci ən böyük rəqib
olaraq baxdığımız sosial media istifadəçiləri isə ümumi internet
istifadəçilərinin 60 faizini təşkil edir. E-mail marketinqdə biz istənilən
mesajı istənilən şəkildə optimizasiya edə, personallaşdıra bilirik. Öz
şirkətimizdən misal verəsi olsam, hər ölkə üzrə əlimizdə e-mail bazası var.
Məsələn, İspaniya üzrə 8, Fransa üzrə 10 milyon data baza var. Bu data bazalar
yaşa, cinsiyyətə, aylıq gəlirə, yaşadığı regiona, övladı olub-olmamasına,
heyvan saxlayıb-saxlamamasına və s digər xüsusiyyətlərə görə qruplaşdırılıb.
Bir çox kateqoriyaya görə qruplaşdırılmış e-mail bazalarımız var. Reklam
kampaniyalarını istənilən kateqoriyaya görə optimallaşdıra bilərik. Düzgün
optimallaşdırma edildiyi zaman çox yüksək konvertasiya faizləri əldə etmək
olur. E-mail marketinqin başqa bir üstünlüyü ondan ibarətdir ki, məktub göndərildiyi
zaman inboksda qalır, silinmir, müştərinin orada onu görmə ehtimalı daha çox
olur.
E-mail marketinq Azərbaycanda nəinki aktual deyil, hətta deyərdim ki,
digital marketinqin bu qolu ölkəmizdə ümumiyyətlə, inkişaf etməyib. Çox gəlirli
və lazımlı sahədir. Azərbaycanda bu sahədə boşluq var. Bəlkə də kimlərsə bunun
üzərində işləyir, amma hazırda görünən nəticə yoxdur.
- Azərbaycanda kimsə
hansısa şirkətdə öz bacarığı ilə işə düzəlsə belə, "yəqin adamı olub” deyənlər
çox olur. Xaricdə işləyənlərlə bağlı onu deməyə çox da risk etmirlər. Sizcə,
niyə?
- Avropada yaşamış, yaxud təhsil almış insanlar daha yaxşı başa
düşərlər ki, burada həm şirkətlər, həm də insanlar arasında böyük rəqabət
gedir. Çünki eyni işi görən həddindən artıq çox şirkət var. Şirkətlər ayaqda
qalmaq, rəqabətə davam gətirmək üçün maksimum dərəcə düzgün kadrlar seçməyə
çalışırlar. Çünki yanlış kadrın səhvi şirkətə baha başa gələ bilər. Burda
şirkətlərin aylıq xərci çox böyük olur, ona görə Avropada bir şirkət ziyan
edirsə, bu, böyük rəqəmlərdə ziyan deməkdir. Bu kimi hallara görə burda
şirkətin kimisə sırf tanışlıqla işə götürməsi kimi lüksü yoxdur.
İkincisi, insanlar arasında böyük rəqabət var. Burada iş tapmaq
düşünülən kimi asan deyil. Çünki rəqabət etdiyiniz insanlar avropalılardır və
onlar azı iki-üç xarici dil bilirlər. Bir ispan rahatlıqla ingilis, italyan,
fransız dillərində danışır. Belə yerdə sadəcə Azərbaycan, ingilis, rus dili ilə
iş tapmaq bir az çətindir. Ona görə, bir az şans lazımdır, bir az da iş
müsahibələrində özünü göstərmək bacarığı. Burada iş müsahibələri də fərqli
keçir. Sizə konkret mövzular qoyulur ki, filan hadisə olduğu zaman vəziyyətdən
necə çıxış yolu taparsan? Yəni, praktiki suallar verirlər. İşəgötürmə prosesi
uzun, çətin keçir. İşə düzəlmək üçün 4-5 müsahibədən keçirsən. Burada
tanışlıqla işə düzəlmə çətin məsələdir.
- Rəqabət məsələsinə toxundunuz. Orda rəqabət
aparmaq sizə çətin olmur ki?
- İş tapmaq istəyəndə çətinliklə üzləşə bilərsən. Çünki vakansiya
olunduğu zaman CV göndərirsiniz, müsahibəyə çağırılana qədər hələ böyük rəqabət
olur. Normalda şirkətlər avropalılarla işləməyə üstünlük verir. Çünki
avropalıların təhsil aldıqları universitetlər yaxşı olur, 3-4 dil bilirlər.
Düzdür, İspaniyada türkdilli kadr axtaran şirkət də çoxdur. Burada tanıdığım
türk dostlarım var ki, sadəcə türk dilində işləyirlər. Amma dil bilikləri
önəmlidir. Müsahibə mərhələsinin çətinliyi məsələsinə də bayaq toxundum.
Amma iş mühiti cəhətdən elə çətinlik yoxdur. Kimsə kiminsə
paxıllığını etsin, kiminsə işində gözü olsun, yaxud kimsə kiminləsə sadəcə
müdriyyətə yaxşı görünmək üçün rəqabətə girsin və s. belə şeylər nə görmüşəm,
nə də eşitmişəm. Burada hər kəs öz işini görür, heç kimin başqa adamın
vəzifəsində gözü yoxdur. Avropada iki şirkətdə işləmişəm, hər birində də
şəffaflıq görmüşəm. Yaxşı işləyən adama hər zaman vəzifə verilir. O şirkətdə
qalır, maaşı, vəzifəsi artırılır.
Amma ümumilikdə, burda rəqabətə davam gətirmək üçün, şans, çox
çalışmaq, arayıb-axtarmaq, bacarıqlı olmaq lazımdır.
- Orda işə düzəlmək sizin
üçün nə dərəcədə çətin oldu?
- Birinci magistr təhsilimi bitirməyimə 3-4 ay qalmış iş axtarmağa
başladım. Bəlkə də 50 şirkətə müraciət etmişdim, 3-ü müsahibəyə çağırmışdı. İlk
müsahibəm bir italyan şirkətində oldu, maaş məsələsində razılaşa bilmədik.
İkinci "HP” şirkətindən çağırdılar. Həmin vaxt mən tələbə statusunda idim, orda
çalışmaq icazəm yox idi. Əslində, "HP”də ilk müsahibədə məndən iş icazəmin
olub-olmadığını soruşmuşdular. "Yox” demişdim. Amma müsahibəni keçirən adam
məni bəyənmişdi, dedi sizinlə davam etmək istəyərik, bu arada iş icazəsi
məsələsini həll etməyə çalışarıq. "HP” şirkəti ilə ümumilikdə dörd müsahibədən
keçdim. Sonuncu müsahibədən sonra şirkətin İR mütəxəssisi mənə yazdı ki, iş
icazəsi məsələsini həll edə bilmədiyimiz üçün başqa kadrı işə götürdük, sizi
işləmə icazəsi alan başqa bir şirkətə məsləhət görəcəm. "Google android”ə
düzəlməyim məhz o xanımın məsləhəti ilə oldu.
- Belə başa düşdüm ki,
karyeranızı Avropada davam etdirmək niyyətindəsiniz…
- Bəli. Hədəfim digital marketinq sahəsində təhsili bitirməkdir.
Sonra fransız dilini öyrənmək istəyirəm. Fevral, ya mart ayında fransız dilinə
başlayacam. Fransız dilini öyrəndikdən sonra daha böyük şirkətdə karyeramı
davam etdirmək istəyirəm. Hər halda, işləyəcəyim sahə yenə də digital marketinq
sahəsi olacaq.
- Ənənəvi sualımız:
Uğurunuzun sirri nədir?
- Çalışmaq və səbirli olmağı deyərdim. Çünki ümumi götürəndə mən səbirli
insanam və mənfi hal baş verəndə heç vaxt ruhdan düşmürəm, ümidimi itirmirəm. Çətinliklə
üzləşəndə düşünürəm ki, çalışmağa davam edim, əlimdən gələnin ən yaxşısını
etməyə çalışım, sonda bir nəticə çıxacaqdır. Bir-iki dəfə pis olacaq, amma
üçüncü dəfə yaxşı alınmalıdır. Həmişə güclü olmağa çalışıram və özümə hədəflər
qoyuram və onlara doğru irəliləyirəm.
Aygün Asimqızı