Barışdıraq ki, boşanmasınlar...
Boşanmaq istəyənləri məhkəmələrdə barışdırmaq üçün "Mediasiya
haqqında” qanun qəbul edilə bilər. Milli Məclisində Ailə, qadın və uşaq məsələləri komitəsinin
təşkilatçılığı ilə "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz”
silsiləsindən "Ailə institutunun formalaşmasında qanunvericiliyin rolu”
mövzusunda ictimai dinləmə keçirilib. Tədbirdə
dövlət qurumlarının, Bakı şəhər rayonları üzrə icra hakimiyyətlərinin və
qeyri-hökumət təşkilatlarının təmsilçiləri, KİV nümayəndələri iştirak ediblər.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri
Aqiyə Naxçıvanlı milli mentalitetdən, Azərbaycan dövlətində ailə institutuna
verilən dəyərdən danışıb. Müasir
ailələrdə boşanmalar, məişət zorakılığı və s. kimi problemlərin qarşısını almaq
üçün qanunvericilik sahəsində görülən işlərdən söz açan A. Naxçıvanlı bildirib ki, ictimai dinləmədə
məqsəd bu sahədəki hüquqi bazanı daha da təkmilləşdirməkdir. Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman
Əmiraslanov deyib ki, nikahdan öncə tərəflərin mütləq qaydada tibbi müayinədən
keçməsi sayəsində son 3 ildə ölkədə talassemiya, hemofiliya kimi qan
xəstəlikləri ilə dünyaya gələn uşaqların sayı 45 faiz azalıb. O vurğulayıb ki, Milli Məclisin payız sessiyasında
qəbul edilməsi nəzərdə tutulan "Reproduktiv sağlamlıq haqqında” qanun da ailə
modelinin qorunmasında mühüm rol oynayacaq. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran
Hüseynova öz çıxışında boşanmaq istəyən ailələr üçün məhkəmələrdə barışdırıcı
mexanizmin tətbiqini təklif edib. Hicran
Hüseynova bildirib ki, müasir dövrün aktual problemlərindən hesab edilən
ailədaxili münaqişələrin həlli ailə təsisatının davamlılığı baxımından olduqca
vacibdir: "Əfsus ki, bu gün biz
münaqişəli ailələrin sayının artdığını müşahidə edirik. Bu da çox zaman boşanma
ilə nəticələnir. Aparılan təhlillər göstərir ki, belə ailələrin boşanma
səbəbləri bəzən həll ediləndir. Lakin barışdırma mexanizminin olmamağı və
tərəflərin bir çox hallarda bir-birinə barışmaz mövqedə dayanması problemi daha
da dərinləşdirir. Buna görə də, məhkəmələrdə barışdırıcı mexanizmin tətbiq
olunmasına ehtiyac var. Bu da "Mediasiya haqqında” qanunun qəbul edilməsini
zəruri edir”.
Komitə sədri qeyd edib ki, mediasiya mülki, əmək
və ailə hüquq münasibətlərindən yaranan mübahisələrin tənzimlənməsi məqsədilə
tətbiq olunur. Bu qanun mübahisələrin həllinin alternativ üsuludur. Hicran
Hüseynova əlavə edib ki, komitə bununla bağlı bir sıra müsbət təcrübələri,
əsasən də alman təcrübəsini araşdırıb: "Hazırda Komitənin mərkəzlərində pilot
layihə keçirilir və çox müsbət nəticələr əldə olunub. Almaniya Beynəlxalq
Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində ölkəyə ekspertlərin dəvət
olunması və yerli mütəxəssislərin hazırlanması ilə bağlı təklif irəli sürülüb. Düşünürük
ki, təklif reallaşarsa, yerli səviyyədə mediatorların hazırlanması və bu
xidmətin ölkə üzrə göstərilməsinə nail olacağıq”.
Milli Məclisin Gənclər və idman komitəsinin
sədri Ülvi Quliyev qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə "Gənclər
siyasəti haqqında” qanuna mühüm dəyişikliklər edildiyini bildirib.Sonra dinləmədə boşanmalar, qeyri-rəsmi
nikahlar, erkən nikahlar, məişət zorakılığı kimi problemlər barədə geniş fikir
mübadiləsi aparılıb.Deputat Tahir Rzayev ailənin qorunmasında
mənəviyyatın mühüm rolu olduğunu qeyd edib. İcra hakimiyyəti strukturlarının və
QHT-lərin nümayəndələri mediasiya haqqında qanunun qəbul edilməsinin
vacibliyini vurğulayıblar.
Barışıq mexanizminin necə tətbiq
ediləcəyini, hansı effektləri verəcəyini öyrənməyə çalışdıq.
Milli QHT Forumu Gender mərkəzinin rəhbəri, "Qadın və Gənc Ailələrin
Sosial İnkişafı” ictimai birliyinin sədri Tünzalə Cavadova bildirdi ki,
məhkəmə prosesinin istənilən mərhələsində tərəflər barışıq edə bilərlər: "Son
bir neçə ildə Azərbaycanda boşanma hallarının çoxaldığı müşahidə edilir.
2017-ci ilin statistikasına baxsaq, ölkədə 14.514 boşanma halı olub ki, onların
da çoxunda nikahın davam etmə müddəti 5 il çəkib. Boşanmaların qarşısını almaq
üçün ilk olaraq ailənin hər bir fərdi, barışığa cəhd göstərməlidir. Həmçinin ailənin
digər üzvləri də boşanmaya qarşı olmalıdırlar ki, ortalığa nə isə bir nəticə
çıxara bilsinlər. Əslində, belə mexanizm Bakı şəhər Apelyasiya Məhkəməsində də
var. Burada "barışıq skamyası” qoyulub. Bu skamya xüsusilə məhkəməyə boşanma
ərizəsi ilə müraciət edənlər üçün nəzərdə tutulub. Barışıq, məhkəməyə müraciət
edən tərəflərin hüququdur. Məhkəmə prosesinin istənilən mərhələsində bu
barışığı edə bilərlər. Bu barışıq skamyasının qoyulmasında məqsəd odur ki,
tərəflər bu skamyada oturub fikirlərini dəyişə bilsinlər”.
Həmsöhbətimiz
qeyd etdi ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə
əsasən, nikahın pozulması haqqında tərəflərdən birinin razılığı olmazsa,
barışmaq üçün məhkəmə 3 ay müddət verir: "Bu müddətdə bəzi cütlüklərin boşanmaq
fikrindən daşınması mümkündür. 3 aylıq dövrün ayrılması boşanmaların sayının
azalmasında müsbət bir hal kimi dəyərləndirilir. Bu müddətin 6 aya qədər
uzadılması isə bir çox boşanmaların qarşısını ala bilər. Həmin müddətdə
fikirlərini dəyişə bilərlər. Qadın və kişi ayrı yaşayır, ola bilər ki, bunlar
hansısa çətinliklər görürlər, övladlarının psixoloji durumunda dəyişiklik hiss
edirlər. Beləliklə, bütün bunlar onlara boşanmadan vaz keçmələri üçün təsir
göstərə bilər. Lakin təəssüf hissi ilə qeyd edim ki, bütün bunlara baxmayaraq,
boşanma ilə nəticələnən evliliklər də var”.
T.
Cavadova deyir ki, bu sahədə də Avropa təcrübəsindən yararlanmalıyıq: "Mənə elə
gəlir ki, cütlükləri barışdırmaq üçün sosioloq və psixoloqlarla iş
görülməlidir. Hər iki tərəfə psixoloji olaraq təsir göstərilməlidir ki, bunun təsirdən
sonra onlarda hansısa fikirlər dəyişsin. Bildiyimə görə, hazırda Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsində də bu barədə pilot layihə həyata
keçirilir. Xaricdən ekspertlərin dəvət olunması, yerli mütəxəssislərin
hazırlanması ilə bağlı müxtəlif təkliflər var. Düşünürük ki, əgər təklif
reallaşarsa, yerli səviyyədə də mediatrların hazırlanması, bu xidmətin ölkə
üzrə yayılması boşanmaların azalmasına
çox böyük təsir edəcək”.
Sosioloq Əhməd
Mansurov bildirdi ki, əgər
ölkəmizdə də mediasiya haqqında qanun qəbul edilərsə, mütləq şəkildə sosial
işçilər burada yer almalıdırlar: "Mediasiya ilə bağlı təkliflər beynəlxalq
təcrübəyə əsaslanır. Bir çox ölkələrdə də bu müşahidə olunub. Ən yaxşı
təcrübənin tətbiq edilməsi üçün işini bilən ekspertlərə, hazırlıqlı kadrlara
ehtiyacımız var. Bu mövzu ilə bağlı ən çox sosial işçilər məşğul olur. Əgər
ölkəmizdə də mediasiya haqqında qanun qəbul edilərsə, mütləq şəkildə sosial
işçilər burada yer almalıdırlar. Çünki onlar hər iki tərəfin fikirlərinin
qiymətləndirilməsini düzgün apara biləcək və uyğun olan təklifləri irəli
sürəcəklər. Əslində, yalnız ailədaxili münaqişəyə fokuslanmaq olmaz. Eyni zamanda
ər və arvadın psixo-sosial, hüquqi, məşğulluq problemlərinin də həllinə
köməklik göstərilməlidir. Yoxsa, görülən işdə istənilən nəticə əldə olunmaz.
Ona görə, mediasiya xidmətinə həmin şəxslərin inkişaf proqramları daxil
edilməli, fərdi qayğı planları hazırlanmalıdır. Həmçinin şəxslərin sosial
ehtiyaclarının qiymətləndirilməsi aparılmaqla bərabər, onları işə cəlb etmək
lazımdır. Bəzi ölkələrdə mediasiya xidmətini qeyri hökumət təşkilatları keçirir.
Digər əsas nüans isə cəmiyyətin buna inanmasıdır. Yəni insanlar mediasiya
xidmətinə inanmalı, güvənməli və buna müraciət etməlidirlər. Onlar inanıb bu
xidmətə müraciət etməlidirlər ki, həmin ailələrlə işləyən sosial işçilərin,
psixoloqların işi effektiv olsun. Ailələrlə işləyəcək şəxslər də xüsusi
hazırlığa malik olmalıdırlar. Çünki ailədaxili problemlərə müdaxilə etmək üçün
tərəflərə yanaşma peşəkar şəkildə olmalıdır. Günümüzdə insanlar ailədaxili
problemlərini həll etmək üçün mütəxəssisə müraciət etməyə çəkinirlər. Ona görə,
mediasiya xidmətinin də işləməsi üçün cəmiyyətdə maarifləndirici işlər
görülməlidir”.
Günel
Azadə