• cümə axşamı, 25 aprel, 15:04
  • Baku Bakı 23°C

Baramaçılığı dirçəltmək üçün geniş imkanlar var

29.04.16 12:56 1843
Baramaçılığı dirçəltmək üçün geniş imkanlar var
Aprelin 27-də kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev və Kənd Təsərrüfatı Nazirliyi aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdovun iştirakı ilə Qax rayonu, Ənbərkənd kəndindəki Damazlıq İpəkçilik Stansiyasında barama istehsalı məqsədilə inkubasiya mərhələsi keçən barama toxumlarının fermerlərə təqdim olunmasına həsr olunmuş tədbir keçirilib.
Barama qurdları Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Ağcabədi, Ağdaş, Bərdə, İmişli, Kürdəmir, Sabirabad, Ucar, Yevlax və Zərdab rayonlarından olan kümçülərə (baramaçılara) ödənişsiz olaraq paylanılıb. Nazirlik barama toxumlarını İran və Çindən alıb. Yüksək keyfiyyətli barama toxumları Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya müddətini tamamlayıb. Qax Damazlıq İpəkçilik Stansiyasında barama qurdlarını kümçülərə təhvil verən nazirlik nümayəndələri maarifləndirici materialları da onlara çatdırıblar.
Bəs baramaçılıq hazırda ölkəmiz üçün nə dərəcədə perspektivlidir? Baramaçılıq məhsulları ancaq yerli tələbatı ödəmək üçünmü nəzərdə tutulub? Azərbaycanın barama ixracatçısına çevrilməsi nə dərəcədə realdır?
Mövzu ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı öz fikirlərini bildirdi. O qeyd etdi ki, son illərdə bu sahədə tənəzzül nəzərəçarpacaq dərəcədə olsa da, baramaçılığın yenidən inkişafı üçün geniş imkanlarımız var: "Azərbaycan barama istehsalına görə keçmiş SSRİ-də ikinci, dünyada isə səkkizinci yeri tuturdu. İstehsalın həcmi 80-ci illərdə 5 min ton civarında idi. Lakin sonralar müxtəlif səbəblərə görə bu sahəyə olan diqqət bir qədər azaldı. Əslində baramaçılıq çox faydalı və gəlirli bir sahədir. Bəhs etdiyim dönəmdə bu sahə təxminən 150 min insanı işlə təmin edirdi. Çünki həmin vaxt 7 barama toxuma zavodu, iki damazlıq ipəkçilik stansiyası, 30-dan çox barama qurutma məntəqəsi, 70-dən çox barama tədarükü üçün emal müəssisələri fəaliyyət göstərirdi. Azərbaycanda təxminən 40-a yaxın rayonda barama istehsal olunurdu. Hər kolxoz və sovxozun nəzdində ayrıca tut bağları var idi və bu bağlar ipək böcəyinin başlıca yem bazasını təşkil edirdi. 2000-ci illərin əvvəllərində istehsal azalaraq təxminən 57 tona, 2014-cü ildə isə 10 tona kimi endi. Lakin bu sahəni yenidən dirçəltmək üçün bizim geniş imkanlarımız var. Bunun üçün isə hər şeydən öncə tut bağlarının bərpa olunması, ölkəyə yüksək keyfiyyətli barama qurdlarının gətirilməsi lazımdır. Bu sahədə həm də qardaş Türkiyə, Özbəkistan və İranla əməkdaşlıq olunarsa, yenidən dirçəlmə baş verə bilər. Nümunə üçün deyim ki. Türkiyədə illik istehsal təxminən 140 ton civarındadır. Özbəkistan isə 2009-cu ilə qədər dünyada bu sahədə üçüncü yerdə gedirdi”.
Ekspert bildirdi ki, fermerləri stimullaşdırmaq üçün təşviqatçılıq işi gücləndirilməlidir: "Baramaçılığın ən üstün cəhəti odur ki, fermerlər 40-45 gün ərzində hazır məhsul əldə edib satışa verə bilirlər. Baramaçılığın yenidən dirçəldilməsi rayonlarımızda yeni iş yerlərinin açılmasında böyük rol oynaya bilər. Əvvəllər Azərbaycanda üç böyük ipək fabriki var idi. Zaqafqaziyada ən böyük fabrik Şəkidə, digər iki böyük fabrik isə Ordubadda və Xankəndində idi. Bu sahənin yenidən dirçəldilməsi və həmin səviyyəyə çatdırılması üçün dövlət qayğısı və bu sahəyə olan sərmayənin artırılması mütləqdir. Bundan başqa, fermerlərdən alınan baramaların qiymətinin yüksəldilməsi lazımdır ki, fermerdə bu işə maraq olsun. Çünki barama çox əziyyətli bir işdir. Baramaçılıqla məşğul olan insanları stimullaşdırmaq üçün geniş təşviqat işi aparılmalıdır. Kreditlərin aşağı faizlə və uzun müddətə verilməsi də bu işdə böyük rol oynaya bilər. Bundan başqa, rayon yerlərində fermerlərə maarifləndirici treninqlərin keçirilməsi müəyyən qədər müsbət nəticə verə bilər”.
Q.Bayramlının sözlərinə görə, Azərbaycan əvvəlki istehsal səviyyəsində - beş min tondan daha artıq barama istehsal edərsə, o, bununla həm yerli bazarı təmin edə, həm də xarici ölkələrə məhsul ixrac edə bilər: "Bu, əslində çoxtərəfli bir prosesdir. Əgər ipəkçilik sahəsi dirçəldilirsə, bununla yanaşı, əvvəlki barama toxuma zavodlarının, ipəkçilik stansiyaların və barama qurutma məntəqələrinin yenilənməsi lazımdır. Bütün bunlar hamısı bir-biri ilə əlaqəlidir. Əgər bu baş verərsə, kompleks şəkildə gəlir əldə etmək olar. Bundan başqa, dövlət fermerlərə təminat verməlidir ki, yetişdirilən baramalar fermerlərə sərf edən qiymətlərlə alına bilsin. Həmin fermerlərə sərf edən məqbul qiymətlər təklif etmək bu sahədə inkişaf yarada bilər. İstehsalın aşağı düşməsinin əsas səbəbi məhz qiymətlərin sərfəli olmamasıdır. Bu qiymətlər ən azı 3-4 dəfə artmalıdır ki, fermerlərdə buna maraq yaransın. Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə pulsuz barama verməsi məhz təşviqat işinin gücləndirilməsi məqsədi daşıyır. Lakin təkcə bununla kifayətlənmək olmaz. Əsas olan baramanın yetişdiriləndən sonra alıcılıq qiymətinin yüksək olmasıdır. Bundan sonra Azərbaycan həm daxili bazarını təmin edə, həm də xaricə öz məhsulunu ixrac edə bilər”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər