• cümə, 29 Mart, 01:53
  • Baku Bakı 7°C

Barak Obama İlham Əliyevi təbrik etdi

07.11.13 17:15 1463
Barak Obama İlham Əliyevi təbrik etdi
ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda İlham Əliyevin üçüncü dəfə Prezident seçilməsi ilə bağlı təbriklər əksini tapıb. Bu məktub Azərbaycanla ABŞ-ın bir çox sahələrdə yaxından əməkdaşlıq etməsinin sübutu kimi qiymətləndirilməlidir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ABŞ-la sıx əməkdaşlıq əlaqələri qurub. İki ölkə dünyada sülhün və sabitliyin təmin olunması, terrorçuluğa qarşı mübarizə, insan haqlarının qorunması və s. sahələrdə müttəfiqlik nümayiş etdiriblər. Barak Obamanın ölkəmizdəki Prezident seçkilərindən sonra göndərdiyi bu təbrik məktubu da ABŞ-ın Azərbaycanı öz strateji tərəfdaşı hesab etdiyini bir daha sübut etmiş oldu. Aydın oldu ki, bilərəkdən ortaya atılan spekulyasiyalara baxmayaraq, qarşıdakı illərdə ABŞ Prezidenti də iki ölkə arasındakı əlaqələri daha da inkişaf etdirmək əzmindədir.
Qeyd etmək lazımdır ki, Azərbaycanın ABŞ-la birlikdə dünyada sülhün və sabitliyin təmin edilməsinə verdiyi töhfələr, dünyanın müxtəlif münaqişəli bölgələrində ABŞ-ın antiterror əməliyyatlarına dəstək verməsi Vaşinqtonda həmişə yüksək qiymətləndirilib. Təsadüfi deyil ki, təbrik məktubunda ABŞ Prezidenti xüsusi olaraq vurğulayır ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə iki ölkə arasında inkişaf edən əlaqələr regional sabitliyə mühüm töhfələr verib. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünya birliyi tərəfindən etiraf edilən uğurlu sosial və iqtisadi tərəqqi dövrünü yaşayır, mühüm nailiyyətlər əldə edilib. ABŞ Prezidenti həm ikitərəfli formatda, həm də son illər BMT Təhlükəsizlik Şurası çərçivəsində iki ölkə arasında əməkdaşlığı yüksək qiymətləndirib.
Məktubda ABŞ Prezidenti öz administrasiyasının ortaq çağırışlar üzrə iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirmək siyasətinə sadiq qaldığını da ifadə edib. Bu isə yaxın gələcəkdə Azərbaycan və Amerika arasında müxtəlif istiqamətlərdə əməkdaşlın inkişafı ilə bağlı addımların atılacağı anlamına gəlir.
Məktubda Azərbaycanın regiondakı mövqeyi ilə bağlı da xüsusi vurğulamalar var. Barak Obama Azərbaycanın regionda və dünyada sülh və sabitliyin təmin olunmasına, beynəlxalq terrorizmə qarşı mübarizəyə töhfəsini xüsusi qeyd edərək dəyərləndirib.
Təbrik məktubunda Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. ABŞ Prezidenti öz ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan Prezidenti ilə əməkdaşlıq etməyə hazır olduğunu ifadə edib və qarşıdan gələn dövrdə Azərbaycan və Ermənistan dövlət başçılarının görüşmək barədə qərarlarını alqışlayıb. Münaqişənin həlli ilə bağlı vasitəçilik siyasətini həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədri olan bir dövlətin Prezidentinin öz məktubunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi qeydlər etməsi yüksək qiymətləndirilməlidir. Bu, ABŞ Prezidentinin münaqişənin həlli ilə bağlı Azərbaycanın səylərini dəstəkləməsi anlamına gəlir. Barak Obama məktubundakı bu qeydlə həm də ABŞ-ın münaqişə ilə bağlı hazırkı status-kvonu qəbul etmədiyini göstərmiş olub.
Barak Obama təbrik məktubunda Azərbaycanın müəllifi olduğu və regionun, Avropanın enerji təhlükəsizliyinin təminatında vacib rol oynayacaq enerji layihələrinə toxunub, bu layihələrin həyata keçirilməsinə ABŞ-ın dəstəyini ifadə edib. Məlum olduğu kimi, Azərbaycan son illər Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi rol oynayan etibarlı tərəfdaşa çevrilib. Çoxsaylı təzyiqlərə baxmayaraq, Azərbaycan öz neft və qazının Avropaya çatdırılması ilə bağlı siyasətində ardıcıllıq nümayiş etdirir. Bu yaxınlarda Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TAP layihəsi ilə bağlı razılaşmanın əldə olunması da ölkəmizin bu sahədəki siyasətinə sadiq qaldığını göstərmiş oldu. Təbii ki, bu tipli layihələrin icra olunmasında ABŞ kimi böyük dövlətlərin dəstəyinin də xüsusi rolu olub. Barak Obamanın məktubunda qeyd olunun məqamlara əsaslanaraq, ABŞ-ın bundan sonrakı proseslərdə Azərbaycana yaxından dəstək verəcəyini iddia etmək olar. Prezident Obama mühüm transmilli enerji layihələrinin reallaşdırılmasında, iqtisadiyyatın şaxələndirilməsində, regional sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsində və digər məsələlərin həllində Prezident İlham Əliyevlə sıx əməkdaşlıq siyasətinə sadiqliyini ifadə edib və bunun davam etdirilməsini səbirsizliklə gözlədiyini bildirib.
Prezident Obama iki ölkə arasında əməkdaşlıq və tərəfdaşlığın tam potensialına nail olmaq məqsədilə, habelə Azərbaycanın uzunmüddətli sabitliyi və inkişafının təmin edilməsi üçün demokratik proseslərin daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Bütün bunlar ABŞ-ın regionun ən güclü dövləti olan Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini göstərir. Aydın olur ki, Prezident Barak Obama da bütün bu istiqamətlər üzrə əlaqələrin inkişafına öz töhfəsini verməyə hazırdır.
banner

Oxşar Xəbərlər