• cümə, 19 Aprel, 05:29
  • Baku Bakı 18°C

Bankların şişirtmə faizləri

23.10.13 10:10 2352
Bankların şişirtmə faizləri
Bankların yüksəl kredit faizi tətbiq etməsi məsələsi yenidən gündəmə gəlib. Bu dəfə problem Milli Məclisin diqqətindədir. Belə ki, parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bankların faiz dərəcələrini azaltmalı olduğunu deyib. Komitə sədrinin sözlərinə görə, kredit faizlərinin aşağı salınması ilə bağlı Mərkəzi Bankla birgə müzakirələr aparılmalıdır. Millət vəkili hesab edir ki, ölkə iqtisadiyyatı inkişaf etdikcə, sahibkarlıq fəaliyyətini yaxşılaşdırmaq üçün istər hüquqi, istərsə də fiziki şəxs kimi fəaliyyət göstərən sahibkarlıq subyektlərinin kredit bazarına müraciətlərini asanlaşdırmaq üçün həyata keçirilən çoxsaylı kompleks tədbirlər nəzərə alınmalıdır. Bu istiqamətdə isə atılacaq ilk addımlardan biri bank faizlərinin aşağı salınmasıdır. Z.Səmədzadə həmçinin əlavə edib ki, MM-in yaz sessiyasında İqtisadi siyasət komitəsi büdcə paketinin müzakirəsindən əvvəl banklarla görüş keçirəcək və bu məsələləri müzakirə edəcək.
Qeyd edək ki, bir müddət əvvəl bank amnistiyası haqda məsələ qaldırılmışdı. Parlamentin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimlinin fikrincə, Azərbaycanda problemli kreditlərin artması narahatçılıq doğursa da, kritik həddən çox uzaqdır: “Ona görə də əsas diqqəti faiz dərəcələrinin aşağı salınmasına yönəltmək daha məqsədəuyğun olardı. Bank amnistiyası real görünmədiyindən, geniş münasibət bildirməyə ehtiyac duymuram”.
Ə.Məsimlinin sözlərinə görə, Azərbaycanda əhalinin 1,8 milyon nəfərindən artığı kreditdən istifadə edir və onun bir hissəsinin banklara bu və ya digər dərəcədə kredit borcu var: “Çünki insanların bir hissəsi mənzilini, maşınını, məişət texnikasını almaq, eləcə də iş qurmaq, biznesini genişləndirmək üçün bank kreditlərindən istifadə etməyə başlayıb və həmin adamların heç də hamısı aldığı krediti müqavilə şərtlərində göstərildiyi şəkildə vaxtında qaytara bilmir. Ona görə də istehlak kreditlərinin həcminin sürətlə artmasının müsbət tərəfi insanların tələbatının ödənilməsinin sürətləndirilməsi olsa da, faiz dərəcələrinin yüksək olması ciddi problemlər doğurur. Amma vaxtında qaytarılmayan kreditlərin əksər hissəsi istehlak kreditləri deyil”.
Banklarda faiz dərəcələrinin həddindən artıq yüksək olması məsələsinin bundan əvvəl də qaldırıldığını vurğulayan millət vəkili Vahid Əhmədov təklif edir ki, Milli Məclisdə ayrıca bir komissiya yaradılsın və ciddi araşdırmalar aparılsın: “Fakt budur ki, Azərbaycan banklarında vətəndaşlara verilən kreditlərin faiz göstəriciləri həddindən artıq yüksəkdir. Hesab edirəm ki, bu məsələyə ciddi yanaşmaq lazımdır. Az qala hər ailənin banklara borcu var. Bank faizləri 30-32 faizə yaxın olduğu üçün vətəndaşlar banklara borcunu ödəməkdə çətinlik çəkir. Nəticədə də problemli kreditlərin həcmi artır. Digər bir tərəfdən, Azərbaycanın kifayət qədər valyutası var. Bizim dövlət bu baxımdan çox irəlidədir. Əgər kredit faizlərini aşağı salmaq mümkün deyilsə, bu zaman dövlət öz valyuta ehtiyatından müəyyən qədər maliyyə ayıra bilər. Başqa sözlə, banklara kreditlər verilə və deyilə bilər ki, dövlət sizə 2-3 faizə kredit verir, siz də bunun üzərinə 3-4 faiz qoyub paylaya bilərsiniz. Amma məsələ bunu deməklə həll olunmur. Oturub müzakirə aparmalı və hansı variantın effektiv olması müəyyən edilməlidir”.
V.Əhmədovun fikrincə, banklarda bu qədər yüksək faizlə kredit verilməsinin səbəbləri araşdırılmalıdır və problem mütləq Milli Məclisdə müzakirəyə çıxarılmalıdır: “Əgər bank vətəndaşlardan 10-12 faizlə depozit götürürsə, niyə 30-32 faizlə kredit verməlidir? Belə çıxır ki, bankların kredit verəndə 20 faiz xərci çıxır? Bütün bunların hamısı şişirtmə faizlərdir. Biz də tələb edirik ki, müzakirələr açılsın və banklar bizə başa salsınlar ki, hansı əsasla bu qədər yüksək faizlə kredit verirlər. Əgər doğrudan da bankların aşağı faizlə kredit vermək imkanı yoxdursa, ehtiyat fonddan onlara vəsait ayrılsın. Faiz dərəcələri əgər bu cür qalarsa, əhalinin əksər hissəsinin mənzilləri, maşınları banklarda qalacaq. Bu qədər insafsız bank faizləri olmaz. Bizim məqsədimiz bankların işinə müdaxilə etmək deyil. Biz istəyirik ki, banklar bu qədər yüksək faizin səbəbini bizə əsaslandırsınlar. Əgər sən 30 faizlə kredit verirsənsə, niyə əmanətləri 12 faizlə götürməlisən? Bir sözlə, burada bir neçə iqtisadi məsələ var ki, onları yoluna qoymaq lazımdır. Bu zaman bankların maddi ehtiyacları, dövriyyə vəsaiti və imkanları diqqətdə saxlanmalıdır. Bundan sonra isə kredit faizlərinin nə qədər endirməyin mümkünlüyünü demək olar”.
Millət vəkilinin fikrincə, Azərbaycanın iqtisadi gəlirləri və inkişaf göstəriciləri imkan verir ki, banklarda kredit faizləri 15-20 faizdən yuxarı olmasın: “Ən yüksək faizlə kredit verən banklarda faiz dərəcəsi 17-20 faizdən yuxarı olmamalıdır”.
Qeyd edək ki, Azərbaycanda banklar və digər kredit təşkilatları tərəfindən verilən kreditlər üzrə faiz dərəcələrinin yuxarı həddinin dövlət tərəfindən tənzimlənməsi təklifi də gündəmdədir. Bir sıra mütəxəssislər düşünürlər ki, dövlət kredit faizləri üzrə tavan müəyyən etməli və həmin həddən yuxarı faizlə kredit verilməsini qadağan etməlidir. İqtisadçı ekspert Samir Əliyev faiz tavanının müəyyənləşdirilməsinin əleyhinədir. Onun fikrincə, belə bir limit tətbiq edilsə, ondan banklar deyil, kredit götürənlər daha çox əziyyət çəkəcək. Ekspert qeyd edir ki, hazırda kreditlər üzrə faiz dərəcəsi yüksək olsa da, bankların mənfəəti 3-4 faizdir. Bunun səbəbi isə S.Əliyevə görə, kredit üçün istifadə edilən vəsaitin baha olmasıdır: “Əgər yüksək faiz dərəcələrinə görə limitlər olsa, banklar həm az kredit verəcək, həm də kreditlər üzrə komission haqları qaldırılacaq. Əks halda, banklar heç bir mənfəət əldə edə bilməz. Buna görə də əsas diqqət maliyyə resurslarının ucuzlaşdırılmasına yönəldilməlidir. Mərkəzləşdirilmiş kreditlərin həcmi artırılmalı, bankların xarici təşkilatlardan ucuz kreditlər əldə edilməsinə köməklik edilməli və depozitlər üzrə faiz dərəcəsi aşağı salınmalıdır. Fikrimcə, vəziyyətdən ən optimal çıxış yolu budur”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər