• cümə, 19 Aprel, 13:12
  • Baku Bakı 25°C

Bankların real sektora dəstəyi reallaşacaqmı?

17.07.14 11:38 1079
Bankların real sektora dəstəyi reallaşacaqmı?
Prezident İlham Əliyev keçirdiyi son müşavirədə yenə banklarla bağlı sərt çıxış etdi. İ.Əliyev ölkədə fəaliyyət göstərən bankların daha çox istehlak kreditlərinə meyllənməsini, real sektora kredit ayırmaqda maraqlı olmamasını tənqid edib. Başqa ölkələrin təcrübələrinin araşdırıldığını deyən prezidentin sözlərinə görə, bir çox inkişaf etmiş ölkələrdə banklar real sektora böyük miqdarda kredit ayırır: “Bizdə də belə olmalıdır, amma deyil. Bu sahəyə çox ciddi fikir verilməlidir. Bu gün dövlət büdcəsində banklara güzəştli şərtlərlə nəzərdə tutulan 300 milyon manat kreditlər verilir ki, banklar bu vəsaiti sahibkarlara paylasınlar. Yəni, bu, bankların öz resursları deyil, dövlətdən verilən resurslardır. Banklar bunu paylayır, eyni zamanda, hələ pul da qazanırlar”. İ.Əliyev vurğulayıb ki, bu gün banklar daha çox istehlak krediti verərək pul qazanmaq haqda düşünürlər. Bunu normal qarşıladığını deyən prezident həmçinin dövlət siyasətinin də nəzərə alınmalı olduğunu diqqətə çatdırıb: “Yoxsa dövlət onlara niyə dəstək göstərməlidir? Ona görə, burada çox ciddi islahatlar aparılmalıdır. Birinci növbədə məsələ təhlil edilməlidir. Yəqin ki, bu təhlil var. Mənə məlumat verilməlidir ki, Azərbaycanın özəl bankları iqtisadiyyatın real sektoruna hansı həcmdə, nə qədər vəsait qoyur. Onların kredit portfelində iqtisadiyyatın real sektoruna ayrılan vəsait ya investisiya, ya kredit şəklində nə qədərdir və onlar digər sahələrə nə qədər kredit ayırırlar? Mən bunu bilməliyəm və ondan sonra öz qərarımı verəcəyəm”.
Mərkəzi Bankın baş direktoru Rəşad Orucov məsələ ilə bağlı açıqlama verərkən deyib ki, qurum bu cür yüksək kredit faizlərindən heç də məmnun deyil və banklar istəsə bu faizləri aşağı salmaq imkanları var.
Parlamentin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli moderator.az-a açıqlamasında bildirib ki, Mərkəzi Bank faiz dərəcələrinə birbaşa müdaxilə imkanına olmasa da, istəsə bu problemi həll edə bilər: “Mövcud qanunvericiliyə görə, Mərkəzi Bank kommersiya banklarına faiz dərəcələrinin aşağı salınması barədə birbaşa göstəriş verə bilməz. Bununla belə, müxtəlif vasitələrdən istifadə edərək kommersiya banklarında faiz dərəcələrinin aşağı salınmasına təsir göstərə bilər. Amma müəyyən dərəcədə. Çünki Azərbaycanın bank sisteminin görünməyən tərəfləri bu sistemin maraqlarının dövlətin və cəmiyyətin maraqları ilə uzlaşmasına imkan vermir. Faiz dərəcələrinin əsaslı surətdə aşağı salınmasından ötrü obyektiv monitorinqlər vasitəsilə bank sistemində yaranmış əcaib vəziyyət ortaya qoyulmalı, bu əsasda maliyyə-kredit, bank sistemində əsalı islahatlar aparılmalı, rəqabət mühiti yaradılmalı, bankların faiz dərəcələrinin aşağı salınmasını stimullaşdıran tədbirlər həyata keçirilməlidir.”
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev də prezidentin açıqlamasından doğan bəzi məqamları şərh edib. Ekspertin sözlərinə görə, qısa zamanda bankların real sektora üz tutacağı gözlənilən deyil: “Nə qədər ki, real sektorda yüksək risklər mövcuddur kredit təşkilatları həmin sahəyə pul yönəltməkdə maraqlı olmayacaqlar. Hökumətin narahatçılığı başa düşüləndir. Azərbaycanda istehlak kreditlərinin payı durmadan artır. 2005-ci ildə istehlak kreditlərinin ümumi kredit qoyuluşunda payı 27 faiz olduğu halda hazırda bu rəqəm 41 faizə yüksəlib. 2014-cü ilin 5 ayında kredit qoyuluşunda müşahidə edilən 1,2 milyard manatlıq artımın 0,5 milyard manatı istehlak kreditlərinin payına düşür. Azərbaycan kimi ölkələrdə isə istehlak kreditlərinin indiki surətlə artımı iqtisadiyyat üçün təhlükə yaradır. Çünki əhali borclanmaya gedir, istehlak kreditləri yerli yox, xarici istehsalı stimullaşdırır. Məsələn, Almaniya, Fransa, Yaponiya, Cənubi Koreya və hətta Rusiya kimi ölkələrdə istehlak kreditləri əsasən yerli istehsalın dəstəklənməsinə yönəldilir. Həmin ölkələrdə istehsalı dəstəkləmək üçün istehlak krediti vasitəsilə tələbat yaradılır. Azərbaycanda situasiya fərqlidir. Əhali götürdüyü istehlak krediti ilə alman avtomobili, Cənubi Koreya telefonu, Fransa məişət texnikası, yapon televizoru və s. alır. Yerli sahibkarlar isə istehsal etmək üçün pul tapa bilmir. Ya da şərtlər o qədər ağır olur ki, sahibkar kredit götürməkdə maraqlı olmur”.
S.Əliyev deyir ki, kredit ölkədə iqtisadi inkişafı şərtləndirən amillərdəndir. Zəruri həcmdə kreditin olmaması iqtisadi aktivliyi azaldır və ölkə iqtisadiyyatında tənəzzül yaranır. Onsuz da yüksək olmayan kredit qoyuluşunun 40 faizinin istehlaka, 15 faizinin ticarət və xidmət sektoruna yönəldilməsi real sektora yönəldilən vəsaitin nə qədər az olduğunu göstərir: “İnzibati tədbirlər də heç bir səmərə verməyəcək. Əksinə, inzibati metodlar bank sektoruna zərbə vura bilər. Ona görə də stimullaşdırıcı tədbirlər barədə düşünmək lazımdır. Əgər banklar real sektoru birbaşa maliyyələşdirməkdə maraqlı deyillərsə, bu halda onları dolayı maliyyələşdirməyə stimullaşdırmaq olar. Real sektoru dolayı maliyyələşdirməyin yolu yerli malların alınması üçün banklar tərəfindən kreditlərin verilməsidir. Ölkədə az-çox inkişaf edən sahələrdən biri mebel sənayesidir. Bu sahəyə istehlak krediti verməklə həm əhalinin mebel tələbatını ödəmək olar, həm də mebel istehsalını dəstəkləmək. Sumqayıt Texnologiyalar Parkını götürək. Parkda hazırda avadanlıqlar istehsal edilir və gələcəkdə onların çeşidi artırılacaq. Belə olan halda həmin məhsulların, məsələn günəş kollektoru, nəyə görə kreditlə alışı təmin edilməsin? Bəzi banklar tərəfində “indi al, pulunu hissə-hissə ödə” prinsipi ilə işləyən taksit kartları verilir. Həmin kartlar vasitəsilə yerli geyim mallarının alışını təmin etmək olar. Artıq adları əcnəbi dildə olan yerli brendlər formalaşır, onları dəstəkləmək lazımdır”.
Ekspertin fikrincə, real sektorun maliyyələşdirilməsi vacib olduğundan bu məsələ gündəmdə saxlanılmalıdır: “Bununla bağlı təkliflərimizi dəfələrlə bildirmişik. Ancaq ilkin dövrdə hökumət yerli istehsalı dəstəkləyən istehlak kreditləşməsinin stimullaşdırılması barədə düşünməlidir. İstehlak kreditləşməsinin ağırlığı xarici mallardan yerli mallara keçməlidir. Banklarla şirkətlər arasında bu sahədə əməkdaşlıq başlamalıdır”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər