• cümə axşamı, 18 aprel, 14:39
  • Baku Bakı 22°C

Bankların girovuna çevrilmiş ailələr...

26.12.13 11:29 1566
Bankların girovuna çevrilmiş ailələr...
Cəfərovlar ailəsi bankların girovuna çevriliblər. Üst-üstə 7 banka 9 kredit ödəyirlər. Özlərinin, yaxın qohumlarının adına müxtəlif məbləğlərdə götürdükləri istehlak kreditlərinin ümumi aylıq ödənişi 2000 manatdan çoxdur. Ailənin xanımı Həcər deyir ki, gecələri-gündüzləri yoxdur: “Artıq ödəmək imkanımız tükənib, əlimizə gələn hamısı kreditə gedir. Bir evimiz var, qeydiyyatsızdır, sənədi yoxdur deyə real qiymətinin yarısını da verən yoxdur ki, sataq kreditlərimizi bağlayaq. Banklar da ki, heç bir möhlət tanımırlar”.
Həcər dediklərini inandırıcı etmək üçün bir-bir borcları bankları da sadalayır: “Bank of Baku”dan 9 min manat götürmüşük aylıq ödənişi 470 manatdır, bu bankdan 800 manat da qaynatamın adına götürmüşük ayda 85 manat ödəyirik. 1000 manat “Unibank”dan götürmüşük ayda 100 manat ödəyirik, 1700 manat “Əmrahbank”dan götürmüşük ayda 120 manat ödəyirik, 5 min manat “Azərturkbank”dan götürmüşük 260 manat ödəyirik. 5 min manat “Rabitəbank”dan götürüb ayda 300 manat, 5 min manat “İnkişaf üçün Maliyyə”dən götürüb ayda 340 manat, 3 min manat “Azəriqazbank”dan götürüb ayda 125 manat, 3 min manat “TBC kredit”dən götürüb ayda 153 manat ödəyirik. Prezidentin saytına müraciət edib yardım istəmişik, görək baxan olacaqmı”.
Bu ailənin durumunda olan çox ailə var. İnsanlar ev tikmək, əşya almaq, uşaqlarının təhsilhaqqını vermək və s. digər bu kimi səbəblər üçün banklardan kreditləri alır, daha sonra onların girovuna çevrilirlər. Çünki ölkədə bank müştərilərinin hüququnu qoruyan qanun yoxdur. Yeri gəlmişkən, Rusiyada uzun müddət davam edən müzakirələrdən sonra “İstehlak kreditləri haqqında" qanun qəbul edilib. Qəbulu hər dəfə müxtəlif səbəblərlə təxirə salınan qanuna nəhayət ki, yaşıq işıq yandırıldı. Yeni qanun 2014-cü il iyulun 1-dən qüvvəyə minəcək.
Banklar üzrə ekspert Samir Əliyevin sözlərinə görə, qanun banklar tərəfindən vətəndaşların pozulan hüquqlarının qorunması baxımından çox vacib aktdır: “Yeni qanuna görə, istehlak kreditinin dəyəri Mərkəzi Bank tərəfindən hesablanan ölkə üzrə orta faizin 1/3-dən çox ola bilməz. Bundan başqa, müştəri vaxtından əvvəl və bankı qabaqcadan xəbərdar etmədən krediti qaytara bilər. İstehlakçının istəyinə əsasən bankı məlumatlandırmadan krediti 14 gün ərzində geri qaytara bilər-həmin günlərin faizi ödənilməklə”.
Kredit müqaviləsi ümumi və xüsusi olmaqla 2 hissədən ibarət olacaq. Xüsusi hissə hər müştəriyə uyğun olaraq fərdi tərtib ediləcək. Müştərinin kredit qabiliyyətinin qiymətləndirilməsi pulsuz olmalıdır. Bundan başqa, istər banklar, istərsə də kollektor şirkətləri kredit borcuna görə müştəriləri ancaq qanunla müəyyən edilmiş zamanlarda narahat edə bilər: “Kredit təşkilatları tərəfindən göstərilən müqavimətə rəğmən Rusiya bu addımı atdı və müvafiq qanun qəbul etdi. Fikrimcə, bu qanun ölkəmiz üçün də aktualdır. Artıq uzun müddətdir ki, Azərbaycanda “İstehlak kreditləri haqqında” qanunun qəbulunun vacibliyini səsləndiririk. Müşahidələr göstərir ki, bir sıra banklar kreditə ehtiyacı olan şəxslərə düzgün olmayan və ya natamam məlumatlar verir. Dövrü mətbuatda və şəhərin müxtəlif yerlərində sərfəli şərtlərlə kreditlərin təklif olunduğu reklamlara rast gəlirik. Ancaq banka müraciət etdikdə məlum olur ki, reallıqda kredit şərtləri reklamda göstəriləndən xeyli fərqlənir. Çünki banka müraciət edən şəxslər ya əlavə komisyon haqq ödəməli olur, ya da yüksək faizlə kredit götürmək məcburiyyətində qalır. Əsas problemlərdən biri də müqavilə şərtləridir. Müqavilələr birtərəfli qaydada banklar tərəfindən tərtib edilir və sənəddə müştərilərin hüquqları nəzərə alınmır. Nəticədə bank məhsullarının istehlakçısı olan müştərilər çoxlu sayda problemlərlə üzləşirlər. Bu hüquqları normal müdafiə edən qanun isə yoxdur. Mövcud bank qanunvericiliyi kredit təşkilatlarının fəaliyyətlərini tənzimləyir və daha çox onların hüquqlarını qoruyur. Müştərilərin hüquqları isə qanunlardan kənarda qalıb. İstehlakçıların hüquqlarını qoruyan yeganə hüquqi akt - ”İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun tələbləri bank müştərilərini qoruya bilmir”.
Ekspertin sözlərinə görə, inkişaf etmiş ölkələrdə istehlak krediti məsələləri ayrıca qanunvericiliklə tənzimlənir: “ABŞ-da bu, həm federal, həm də ştat səviyyələrində qanunvericiliklə tənzimlənir. Bir sıra sənədlər federal səviyyədə istehlakçıların hüquqlarını qoruyur. Avropa Birliyinin üzv ölkələri üçün milli qanunvericilikdə və istehlak krediti sahəsində 2002/65/EC adlı direktiv qüvvədədir. Böyük Britaniyada istehlak kreditləri 1974-cü ildən “Consumer Credit Act” adlı hüquqi aktla tənzimlənir. MDB ölkələrində də istehlak kreditləri haqqında qanunlar var. Rusiya, Ukrayna, Özbəkistanda istehlak kreditləri ayrıca qanunla tənzimlənir”.
S.Əliyev bildirir ki, Azərbaycanda da oxşar qanunun - “İstehlak kreditləri haqqında” qanunun qəbuluna ehtiyac var. Ölkə üzrə istehlak kreditlərinin həcmi 5,9 milyard manata bərabərdir. Bütün kreditlərin 39%-i istehlak kreditlərinin payına düşür. İstehlak kreditindən yararlanan müştərilərin sayı ildə-ilə artır və onların sayı artıq 2 milyon nəfərə çatmaq üzrədir. Bu qədər müştəri hazırda müdafiəsiz qalıb və onların hüquqları heç bir qanunla tənzimlənmir. Hər halda, aidiyyəti qurumlar bu barədə düşünməlidir.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər