• cümə, 29 Mart, 13:05
  • Baku Bakı 14°C

Bankların faiz dərəcələri niyə yüksəkdir?

03.02.20 18:42 4244
Bankların faiz dərəcələri niyə yüksəkdir?
İqtisadçılar bildirir ki, dünya praktikasına görə, banklar üzrə kredit faizləri Mərkəzi bankların uçot dərəcəsinə əsaslanır

Son dönəmlər iqtisadi sahədə aktual olan mövzulardan biri də bankların yüksək faiz dərəcələri ilə bağlıdır. Belə ki, vətəndaşların böyük əksəriyyəti banklarda faizlərin yüksək olmağından şikayətlənir. Devalvasiya dövründən bu günədək faizlərdə müsbət istiqamətdə bir nəticənin əldə olunmamağı maraq doğurur. Buna görə də iqtisadçılarla bu mövzuda həmsöhbət olub, bank faizlərinin hazırkı səviyyəsinin nə dərəcədə aşağı və ya yüksək olduğunu öyrənməyə çalışdıq.

İqtisadçı Rəşad Həsənov qeyd edir ki, bank faizlərinin yüksək olmağı mühüm problemlərdən biridir: "Ümumiyyətlə, real sektorun kreditləşməsi məsələsi ilə bağlı dövlət başçısı da bir neçə dəfə münasibətini bildirib. Amma məsələ ondan ibarətdir ki, faizlər bazarda tələb-təklif əsasında formalaşır. Hazırkı şərtlər daxilində banklar faizləri aşağı salmaqda elə də maraqlı deyil, çünki risk səviyyəsi real biznesdə, həm də istehlak kreditlərində qalmaqdadır. Kreditlərə zəmanət mexanizminin tətbiqi müəyyən mənada kreditləşmə prosesini sürətləndirmə məqsədi daşıyırdı. Amma görünən odur ki, hələlik bu istiqamətdə kütləvi maliyyələşmə imkanlarını tam təmin etmək mümkün olmayıb. Çünki cəmi 60-70 milyon manat həcmində kreditə zəmanət verilib ki, bu da 15 milyardlıq bir portfeldə kiçik göstəricidir. Faizlər devalvasiyadan sonra kəskin şəkildə artdı. Amma sonrakı dövrdə mərhələli şəkildə azalmağa başladı. Düzdür, azalma sərt şəkildə getmir, yenə də region ölkələri ilə müqayisədə bizdə vəsait kifayət qədər bahadır. Lakin burada bir tendensiya müəyyən qədər formalaşıb. Xüsusilə də devalvasiyadan sonra problemli müştərilərin artması bank sektorunun çox kiçik bir müştəri kontingenti ətrafında rəqabətini artırıb. Çünki sağlam müştərilərin sayı azalıb. Bu da özlüyündə faizlərə müəyyən qədər təsir göstərir. Buna baxmayaraq, paralel olaraq da hökumətin əlində bəzi alətlər var, o, bundan istifadə edir. Məsələn, Mərkəzi Bank son iki ildə davamlı olaraq uçot dərəcəsini azaltmaqdadır. Hətta 3 gün bundan öncə də sonuncu dəfə uçot dərəcəsini aşağı saldı. Təbii ki, bu, alət olaraq bazara zəif təsir göstərir. Amma yenə də son nəticədə depozit hərraclarında faizlərin aşağı düşməsinə gətirib çıxarır ki, bu da dolayısı ilə bankların izafi vəsaitlər yerləşdirməsini məhdudlaşdırır. Beləliklə də bu vəsaitlərin biznesə, real bazara yönəlməsi üçün çağırış formalaşır. Bu tendensiya yəqin ki, növbəti dövrlərdə də davam edəcəkdir. Mərkəzi Bankın hesabatlarına görə, faizlər indiki halda biznesdə 11 faiz, fiziki şəxslərdə isə 16-17 faiz ətrafında dəyişir. Amma bunu da nəzərə almaq lazımdır ki, bu, real göstəriciləri tam əks etdirə bilmir. Çünki burada güzəştli şərtlərlə dövlət vəsaiti hesabına verilən kreditlər, həmçinin ipoteka faizləri də öz əksini tapır ki, bu da ümumi göstəricini aşağı salır. Reallıqda isə biznesin indiki halda kreditə çıxış imkanı real olaraq 16-20 faiz arasında dəyişir. Bu da mənfəət normasının azaldığı bir dövrdə o qədər də cəlbedici faiz deyil. Eyni zamanda problemli kreditlərin yaranması üçün də ciddi əsaslar yaradır. Düşünürəm ki, istənilən halda fundamental işlərin görülməsinə ehtiyac var. Rəqabət bazarı artırılmalı, bank sektoru tamamilə liberallaşdırılmalıdır. Xarici maliyyə resurslarının bazara daxil olması üçün əlverişli şərait yaradılmalıdır. Bu, böyük təcrübənin ölkəyə gətirilməsinə, həmçinin iri xarici vəsaitlərin ölkə iqtisadiyyatına cəlb edilməsi üçün əhəmiyyətli şərait yarada bilər. Nəticə etibarilə faizlər də aşağı düşər.

İqtisadçı Pərviz Heydərovun sözlərinə görə, banklarda faizlərin yüksək olması Mərkəzi Bankın resurslarının kommersiya banklarında azlığından irəli gəlir: "Kredit faizləri həmişə yüksək olub. Bu da bilavasitə biznes kreditlərinin təmin edilməsində ən mühüm və ciddi problem sayılıb. Təəssüflər olsun ki, Mərkəzi Bankın uçot dərəcəsi, yəni ümumi kreditlər üzrə qiymət səviyyəsinin dəyişdirilməsi siyasəti heç vaxt bizdə kredit faizlərinə ciddi şəkildə təsir göstərməyib. Xüsusilə də keçən və ondan əvvəlki ildən etibarən uçot dərəcəsinin aşağı endirilməsinə başlanılıb. Hər dəfə 0.25 faiz dərəcəsində enmə olur. Keçən il 8 dəfə bu məsələyə baxılıb, 7-də uçot dərəcəsinin səviyyəsi aşağı salınıb. Bu il də bir neçə gün öncə uçot dərəcəsi 0.25 faiz endirilərək 7.25 səviyyəsinə çatdırıldı. Halbuki, 2015-ci ildə devalvasiya dövründə Mərkəzi Bank məcbur olub kredit siyasəti yeritmişdi və uçot dərəcəsini 15 faizədək saldırmışdı. Amma indi 2 dəfədən çox uçot dərəcəsinin endirilməsinə baxmayaraq, bankların verdiyi kreditlər üzrə son faiz dərəcələrinə diqqət yetirsək, görərik ki, çox cüzi azalma var. Bu onu göstərir ki, Mərkəzi Bankın uçot dərəcəsi ilə kommersiya banklarının kreditləri arasında birbaşa əlaqə yoxdur, yaxud da olsa belə zəifdir. Bu, çox mənfi haldır. Əslində, dünya praktikasında bütün inkişaf etmiş ölkələrdə banklar üzrə kredit faizləri Mərkəzi bankların uçot dərəcəsinə əsaslanır. Bizdə isə əsaslanma yoxdur. Banklar arasında lazımi əlaqənin olmamağının səbəbi Mərkəzi Bankın resurslarının kommersiya banklarında az olmasıdır. Biz əgər tələb ediriksə ki bankların faizləri aşağı ensin, bu zaman Mərkəzi Bankın vəsaitləri kommersiya banklarının kredit verdiyi resurslarda 50-60 faizdən çox olmalıdır. Düzdür, hazırda bəzi bankların faizlərində enmə müşahidə edilir, amma bu çox zəif xarakter daşıyır. Biznes kreditlərinin verilməsi üçün hələ də faiz dərəcələri yüksəkdir”.

Günel Azadə
banner

Oxşar Xəbərlər