Bankların birləşməsi kredit faizlərini aşağı sala bilər

Bankların birləşməsi kredit faizlərini aşağı sala bilər

İqtisadiyyat
24 Oktyabr 2012, 16:56 1863
Dünyada ən yüksək faizlə kredit verən banklar arasında Azərbaycan banklarının da adı var. Mərkəzi Bankın rəsmiləri də ölkədə kredit faizlərinin çox yüksək olduğunu deyirlər. Qərbi Avropa ölkələrində kredit faizləri 3-4 faiz civarında, Şərqi və Mərkəzi Avropa ölkələrində 10 faizdən aşağıdırsa, Azərbaycanda 20 faizdən başlayıb 30-35 faizə, hətta bank olmayan kredit təşkilatlarında bu göstərici 40 faizədək yüksəlir. Ölkəmizdə 4-8 faizlə yalnız ipoteka və sahibkarlıq üçün güzəştli kreditlər verilir. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevlə faiz dərəcələrinin yüksək olmasının səbəbləri və problemdən çıxış yolları barədə danışdıq.
- Samir bəy, Azərbaycanda kredit faizlərinin yüksək olmasının səbəbi nədir?
- Bunun bir neçə səbəbi var. İlk növbədə, kredit vermək üçün bankların cəlb etdiyi resursların dəyəri yüksək olduğundan onların verdiyi kreditlərin faiz dərəcəsi də çox olur. Araşdırma göstərir ki, bankların kredit portfelinin yarısı əhalinin əmanəti hesabına formalaşır. Bu, o deməkdir ki, banklar əhalidən əmanət cəlb etmək üçün faiz təklif edir. Bu, bir qayda olaraq 12-15 faiz arasında dəyişir. Təbii ki, 15 faizdən əmanət cəlb edən bank kredit vermək üçün götürdüyü əmanətin üzərinə heç olmasa 10 faiz qoyub 25 faizdən verməlidir.

Digər səbəb bizim bankların beynəlxalq bazara çıxışının məhdud olmasıdır. Ölkədə çox az sayda bank var ki, onların maliyyə-uçot sistemi beynəlxalq standartlara uyğun olduğundan xarici banklardan aşağı faizlə kredit götürə bilirlər. Amma belə banklar az olduğundan bazara təsir etmir. Xarici banklardan götürülən kreditlərin illik faiz dərəcəsi 3-4 faiz arasında dəyişilir. 3-4 faizlə pul cəlb edən bankla 15 faizlə pul cəlb edən bank arasında xeyli fərq var. Az faizlə pul cəlb edən bank kredit verdikdə faizi də o qədər də yüksək alınmayacaq.

Ölkədə biznes mühitinin risk səviyyəsinin yüksək olması da faiz dərəcələrinə təsir edən amillərdəndir. Risk yüksək olduğundan hansısa sahəyə kreditlər yönəldiləndə biznesin uğur qazanma ehtimalı aşağı olur və qoyulan pul batır. Belə olduqda kreditin qaytarılması böyük problem yardır. Bu gün problemli kreditlərin, yəni vaxtı keçmiş kreditlərin payı getdikcə artmaqdadır. Buna görə də banklar özlərini sığortalamaq üçün faiz dərəcələrini qaldırırlar ki, heç olmasa yüksək faiz hesabına o itkiləri azaltsınlar. Bu da son nəticədə kreditlər üzrə faiz dərəcələrinin yüksək olmasına gətirib çıxarır.
Bir sıra qeyri-rəsmi ödənişlərin də olması kredit faizlərinə təsir göstərə bilir.
- Kredit faizlərinin yüksək olmasının ölkədə istehsal və digər sahələrə təsirini necə xarakterizə etmək olar?
- Hər ay ölkədə kredit qoyuluşu artır. Son 1 ildə kredit qoyuluşu 17 faiz artıb. Amma sorğu aparsaq, görərik ki, insanlar kredit almaqda çox böyük çətinliklər çəkirlər. Kredit uçotuna diqqət yetirsək, görərik ki, kreditlərin təxminən 25 faizi ticarət və xidmət sahəsinə, 35 faizi ev təsərrüfatlarına, yəni əhaliyə verilir. Haradasa 60 faizdən çoxu birbaşa istehsal olmayan sahəyə yönəldilir, 10 faizə qədəri tikinti sektoruna gedir. Kənd təsərrüfatı kimi inkişafa ehtiyacı olan sahəyə ümumilikdə kreditlərin 5 faizi verilir. Halbuki bu gün kənd təsərrüfatının kreditlərə çox böyük ehtiyacı var. Amma sözügedən sahəyə qoyulan vəsaitin geri qaytarılmasında problemlər olduğundan banklar istehsala kredit yönəltməkdə maraqlı deyil. Digər tərəfdən, kreditin yönəldildiyi sahədən əldə olunan gəlir kreditin faiz dərəcəsindən az olduğuna görə yüksək faizlə pul götürüb iş görmək insanlara da sərf etmir.
- Avropa ölkələri ilə müqayisə edəndə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu nə qədərdir?
- Kredit qoyuluşunun çoxalması ölkədə iqtisadi aktivliyi artıran amillərdən biridir. Buna görə də dünyada, xüsusilə də böhran dövründə çalışırlar ki, ölkədə kreditinin həcmini artırsınlar, iqtisadiyyatı zəruri pul resursu ilə təmin etsinlər ki, aktivlik artsın. İqtisadi aktivliyin də əsas hərəkətverici qüvvəsi kiçik və orta sahibkarlıqdır və bu təbəqəni pulla təmin etməyə çalışırlar. Bu gün Azərbaycanda kredit qoyuluşunun ümumi daxili məhsulda payı təxminən 20 faiz civarındadır. Yəni bu gün ümumi daxili məhsulun 20 faizi həcmində ölkə iqtisadiyyatına kredit qoyulur. Amma inkişaf etmiş Avropa ölkələrində bu göstərici 60-80 faizdən başlayır, hətta 100 faiz həddini də ötür. Bu gün Azərbaycanda iqtisadiyyata cəmi 11 milyard manat kredit qoyuluşu var ki, bu, ölkəmizin iqtisadiyyatı üçün çox az puldur. Əgər iqtisadi aktivliyi artırmaq istəyiriksə, kredit qoyuluşunun həcmi heç olmasa 3 dəfə artırılmalıdır. Kənd təsərrüfatının da daxil olduğu istehsal müəssisələri kredit çatışmazlığından əziyyət çəkir. Buna görə də açılan müəssisələr çox davam gətirmir və bağlanır. Çünki onların rəqabət qabiliyyəti aşağıdır, xarici ölkədən gətirilən analoji məhsulla keyfiyyət və qiymətinə görə rəqabətə davam gətirə bilmir. Bu baxımdan ölkə iqtisadiyyatına zəruri vəsaitlər cəlb etmək üçün mütləq kredit faizlərinin aşağı salınması üçün tədbirlər görülməlidir.
- Samir bəy, kredit faizlərini azaltmaq üçün hansı tədbirlər görülməlidir?
- İlk növbədə ölkə iqtisadiyyatı üçün risklər aradan qaldırılmalıdır. Çünki bir sıra hallarda bəzi dövlət orqanları tərəfindən aparılan rəsmi və qeyri-rəsmi ödənişlər kreditin dəyərində oturur. Yəni bank məhkəmə, gömrük, yaxud digər əməliyyatlar üçün pul xərcləyirsə, həmin pul kredit faizinin üzərinə gəlir. İkincisi, bu gün bankların xaricdən resurs cəlb etmək imkanları artmalıdır. Bunun üçün şəffaflıqdan tutmuş idarəetmə sisteminə qədər banklarda dəyişikliklər olmalıdır. Yalnız bundan sonra beynəlxalq banklardan ucuz kredit əldə etmək imkanları qazana bilərlər. Üçüncüsü, ölkə üzrə əmanətlərin faiz dərəcələri aşağı salınmalıdır. Əhalidən 12-15 faizə əmanət qəbul etmək həddən artıq çoxdur. Heç bir inkişaf etmiş ölkədə əmanətə görə bu qədər faiz verilmir. Əmanətlərin faiz dərəcələri aşağı salınsa, bankların cəlb etdikləri resurs aşağı faizli olduğundan bu, kreditlərin faizlərinə təsir göstərəcək.
- Ölkədə bankların birləşmə yoluyla sayının azalacağı planlaşdırılır. Bunun kredit faizlərinə təsiri olacaqmı?
- Bu gün ölkədə bankların sayı həddən artıq çoxdur. Onların birləşməsi, sayının azaldılması bir müştəriyə göstərilən xərcin həcminin azalmasına gətirib çıxaracaq. Yəni bankların əməliyyat xərcləri də bir qayda olaraq kredit faizlərinin üzərinə gəlir. Əməliyyat xərclərinin azalması son nəticədə kredit portfelinin dəyərinin azaldılmasına gətirib çıxaracaq.
Lalə Musaqızı