• çərşənbə, 24 Aprel, 06:25
  • Baku Bakı 13°C

Banklardan kredit almaq çətinləşəcək

16.01.14 13:42 1308
Banklardan kredit almaq çətinləşəcək
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə banklarından iş yerindən arayış olmadan istehlak kreditlərinin verilməsini dayandırmağı tələb edib.
Ölkənin bank sektorundakı mənbələrin Trend-ə verdiyi məlumata görə, AMB ölkədə fəaliyyət göstərən banklara iş yerindən arayış olmadan istehlak kreditlərinin verilməsinin dayandırılması barədə göstərişlə bağlı məktub göndərib.
Keçirilən monitorinqlərdə banklar tərəfindən fiziki şəxslərə təminatsız kreditlərin verilməsi zamanı bir sıra hallarda müştərinin risklərinin dəqiq qiymətləndirilməməsi və gəlirlərini təsdiq edən rəsmi sənədlərin tələb edilmədiyi müəyyən edilib.
Mərkəzi Bank qeyd edir ki, belə hallar "Banklarda kreditlərin verilməsi Qaydaları"nın 4.1.7 və 4.1.8-ci bəndlərinin tələblərini pozur və müştərilərin maliyyə vəziyyətinin dəqiq qiymətləndirilməməsi bankların kredit portfelində riskli müştəri bazasının artmasına və sistem risklərinin akkumulyasiyasına səbəb ola bilər.
AMB vurğulayır ki, tənzimləyicinin tələblərinin yerinə yetirilməməsi qanunvericiliyə uyğun tədbirlərin tətbiqinə gətirib çıxara bilər.
Mənbə bildirib ki, bu, gələcəkdə mümkün risklərin aradan qaldırılmasına yönəlmiş ilkin qabaqlayıcı tədbirdir: "Əhaliyə kreditlərin verilməsi üzrə təsdiqlənmiş prosedur mövcuddur, orada iş yerindən arayışın təqdim edilməsinin vacibliyi göstərilib. Bu bənd pozulmayıb, lakin Mərkəzi Bankın fikrincə, onun yerinə yetirilməsinə nəzarət kifayət qədər deyil və banklara qaydaların yerinə yetirilməsinə nəzarət etmək tapşırılıb".
Qeyd olunur ki, AMB-nin tələbləri bankların kredit portfelinin keyfiyyətinin pisləşməsi, yaxud problemli kreditlərin artımı ilə bağlı deyil: "Ölkənin iri banklarının portfellərinin keyfiyyəti yüksək səviyyədədir. Eyni zamanda, borc yükü artır və bu, AMB-də xəbərdarlıq tədbirləri ilə bağlı tənzimləmə istəyi yaradır. Baxmayaraq ki, Azərbaycanda bu göstərici qonşu ölkələrlə, o cümlədən Rusiya ilə müqayisədə xeyli aşağıdır".
Azərbaycanda 43 bank fəaliyyət göstərir.
banner

Oxşar Xəbərlər