• şənbə, 20 Aprel, 10:13
  • Baku Bakı 14°C

Banklar tələbələrə kredit verməzsə...

31.08.16 14:27 1883
Banklar tələbələrə kredit verməzsə...
Ödənişli əsaslarla I kursa qəbul olunan tələbələrin təhsil haqqını ali məktəblərdə tədris başlayana qədər ödəmələri ilə bağlı qoyulan şərt bir çox ailələri çətin duruma salıb. Üstəlik özləri də çətin duruma düşən bankların tələbələrə kredit verməkdən imtina etmələri vəziyyəti daha da gərginləşdirib. Əgər valideynlər bundan əvvəl problemi həll etmək üçün banklardan istehlak kreditləri götürməklə çıxış yolu tapırdılarsa, indi onların əlləri istehlak kreditlərindən də üzülüb. Banklar tələbələrə kreditləşməni tamamilə dayandırıb. Ümumiyyətlə, indi banklarda tələbələr üçün nəzərdə tutulan bütün məhsulların satışının dayandırılması valideynləri digər maliyyə mənbəyi axtarışına çıxmaq problemi ilə üz-üzə qoyub. Son 6 il ərzində 7 min tələbənin təhsil haqqını ödəyə bilməməsi üzündən oxuduğu ali məktəblərlə vidalaşması isə vəziyyətin nə qədər çətin olduğunu təsdiqləyir. Hərçənd Təhsil Nazirliyinin təşəbbüsü ilə yaranan və 10 ali məktəbin qoşulduğu Maarifçi Tələbə Kredit Fondu (MTKF) sırf aztəminatlı tələbələrə kreditlərin verilməsinə dəstək olsa da, bu, problemin cüzi həllidir.
Bəs problemi necə həll etməli? Bankların tələbələrin kreditləşməsindən imtinası zamanı xilas yolu üçün hansı alternativ tədbirlər görülə bilər? Ümumiyyətlə, dünya praktikasında tələbələrə kredit verilməsi ilə bağlı məsələlər necə həll olunur?
Bankların tələbələrin kredit məsələsinə münasibətlərini öyrənmək istərkən əsasən mənfi cavablarla qarşılaşdıq. «Access Bank»dan sorğumuza cavab olaraq tələbələrə kredit verilmədiyi bildirildi: «Biz yalnız arayışla islehlak kreditləri veririk. İnsanlar onu hansı məqsədlə istifadə etdiklərini isə özləri müəyyənləşirirlər”.
«Ekspress Bank»ın "Elmlər Akademiyası” filialından da tələbələr üçün hər hansı məhsulun nəzərdə tutulmadığını öyrəndik: «Hələlik planda tələbələr üçün kreditin açılması yoxdur. İndiyə qədər də olmayıb. Gələcəkdə belə bir məhsulun satışının olub-olmayacağını deyə bilmərik”.
Gəncləri özbaşına buraxmaq olmaz
Təhsil ekspertləri isə bütün hallarda tələbəyə dəstək göstərilməsinin vacib olduğunu qeyd edirlər. Yəni dövlət öz gəncinə sahib çıxmalı, onun qayğısına qalmalı, təhsil probleminin həllinə çalışmalıdır.
Dövlətimizin siyasətində təhsilin prioritet sahə olduğunu qeyd edən professor Şahlar Əsgərovun fikrincə, dövlət təhsil sahəsinə həmişə dəstək olmalıdır: «Tələbə kreditləri 10-15 il bundan əvvəldən başlayaraq Qazaxıstanda verilirdi. Bu, «Təhsil haqqında” qanuna daxil edilmişdi. Tələbə yaxşı oxuyanda aldığı krediti ona güzəştə gedirdilər. Tələbə başa düşürdü ki, kredit götürüb ödəniş edirsə, yaxşı oxuyacağı təqdirdə həmin kredit silinə bilər. Bu, onlarda oxumağa stimul yaradırdı. İndi isə çoxu tələbənin varlığından istifadə edib gəlir götürmək istəyir. Gəncləri özbaşına buraxmaq olmaz. Dövlət kredit məsələsində onlara dəstək olmalıdır”. Bankların tələbəyə güzəştə getməməsinə gəlincə, ekspert bildirir ki, valideyndən daha çox dövlət tələbəyə sahib çıxmalıdır. Belə ki, yaşı 17-i keçmiş bütün gənclərə təhsil üçün şərait yaradılmalıdır. İmkanlı gənclər özəl təhsilə yiyələnməli, kasıb tələbəyə isə dövlət sahib çıxmalıdır.
Banklar insanlara təhsil almaqda mane olur
Tələbələrin təhsil haqlarını ödəyə bilməməsinin təhsilin inkişafına maneə yaratdığını deyən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, bu il ali məktəbə qəbul olunan 500-dən çox tələbə maddi imkanı olmadığına görə təhsilini davam etdirə bilməyib və təhsil almaqdan imtina edib: "Bu, dövlətə ikitərəfli itkidir – dövlət həm 500 vətəndaşın dövlət büdcəsinə ödəyəcəyi minimum 2000-dən çox gəliri, həm də 500-dən çox istedadlı gəncini itirdi”. Azərbaycanda təhsil haqqının bir sıra dövlətlərdən fərqli olaraq kifayət qədər aşağı olduğunu bildirən ekspert kreditin ödənilməsində qonşu ölkələrin – Türkiyə və Gürcüstanın təcrübəsindən istifadə edilməsini məqsədəuyğun hesab edir: "Bizdə Təhsil Nazirliyi yeni yaratdığı Maarifçi Tələbə Kredit Fondu vasitəsilə tələbələrin təhsilində kreditləşməni öz üzərinə götürüb. Tələbə may ayında orta məktəbi bitirir, ali məktəbə qəbulun nəticələri isə avqustun əvvəlində məlum olur. Tələbə qəbul nəticələrindən bir həftə sonra qeydiyyata getməli olur. Bu qısa müddət ərzində valideyn üçün 2000 və ya 2500 pul toplamaq qeyri-realdır. Türkiyə və Gürcüstanda təhsil haqları tam şəkildə tələbələrdən yığılmır. Tələbənin qəbul olduğu ixtisas üzrə ödəniş nə qədərdirsə, onun müəyyən faizi əvvəlcədən ödənilir, qalan hissəsi isə təhsil kursu bitdikdən sonra ödənilir. Əgər biz kadr yetişdiririksə, ona maddi gəlir mənbəyi kimi baxmamalıyıq. İlk növbədə ona insani dəyər verməliyik”. Universitetlərin maliyyələşməsinə baxış tərzinin dəyişməsini vacib hesab edən ekspertin fikrincə, hər hansı tələbə ali məktəbə qəbul olarsa, bir il oxumalı və təhsil haqqının müəyyən hissəsini ödəməlidir. Qalan hissəsini isə təhsilini davam etdirərsə, ödəyə bilər.
K.Əsədov bankların tələbə krediti verməkdən imtina etməsini normal hesab edir. Yəni onlar özəl təşkilatlardır və gəlirlərini risk altına almaq istəmirlər: "Bu gün ölkədə problemli kreditlərin məbləği 1 milyard manata yaxındır. Bu, kifayət qədər böyük məbləğdir və bu vəsaiti banklardan götürən valideynlərdir. Bu gün Azərbaycanda 180 minə yaxın tələbə var. Təsəvvür edin, əgər tələbə kreditləri verilsə, yenidən xeyli borclanma ortaya çıxa bilər. Banklar bu problemdən özlərini sığortalamaqdan ötrü kredit verməkdən imtina edirlər. Digər tərəfdən isə banklar insanlara təhsil almaqda mane olurlar”. Türkiyədə tələbələrə cüzi tələbə təqaüdü verildiyini qeyd edən ekspertin sözlərinə görə, orada tələbə təhsil aldığı müddətdə həmin təqaüdü ödəmir, yalnız ali məktəbi bitirdikdən sonra işləyəcəyi təqdirdə onun gəlirindən müəyyən faiz tutulur: "Dövlət öz insanına uzunmüddətli güvən vəd edir. Qadınlar təhsil aldıqları müddətdə ailə həyatı qurarlarsa, dövlət tərəfindən onlara verilən kreditlər avtomatik olaraq bağışlanılır. Hesab edirəm ki, ölkəmizdə də banklar tələbələrin maliyyələşməsinə ciddi şəkildə qayğı göstərməlidirlər. Həm də gələcəkdə bankların savadlı kadra ehtiyacı olanda onlar həmin məzunlarla özlərini təmin edə bilərlər”. Ekspert hesab edir ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan Maarifçi Tələbə Kredit Fondu bütün ali məktəbləri əhatə edərsə, problem aradan qalxa bilər. Belə ki, bu gün təhsil haqqını ödəyə bilməyib ali məktəblərdən uzaqlaşan tələbələrin qəbul olduğu ali təhsil müəssisələrinin əksəriyyətini özəl universitetlər təşkil edir: "Nəzərə alaq ki, universitetlərin gəlirləri təkcə təhsil haqlarından ibarət deyil. Həm də tələbələr semestrlərdə hər hansı fəndən imtahan verə bilməyəndə kreditlərini ödəyə bilməsələr, yenidən təhsil haqqı ilə bərabər əlavə ödəniş etməli olurlar. Üstəlik tələbələr alt dərslərə yazıldıqlarına görə həmin kreditlərdən də əldə edilən vəsait universitetlərin gəlirlərinə daxilddir”. Ekspertin fikrincə, əgər bütün təhsil müəssisələri dövlət tərəfindən tanınırsa, bu qərar heç bir fərq qoyulmadan bütün ali məktəblərə şamil edilməlidir. K.Əsədovun sözlərinə görə, bu ilin iyun ayında fəaliyyətə başlayan MTKF çox sayda olmasa da müəyyən qisim tələbələrin ödəniş haqlarının kredit şəklində verilməsinə nail olub: "Bu, uğurlu layihədir. Ancaq tələbələrə verilən kreditlərin şərtləri olduqca yüksəkdir. Valideynlərin gəlirləri ilə bağlı sənədin tələbi və digər sənədləşmə prosesi ağırdır. Sənədə görə, valideynin əmək haqqı 1000 manatdan çox olmalıdır. Ancaq orta statistik azərbaycanlının dövlət orqanlarında əmək haqqı heç də 1000 manat civarında deyil. Bu tələb reallığı əks etdirmir. Əgər valideynin rəsmi əmək haqqı bu məbləğdə olarsa, onun kreditə nə ehtiyacı ola bilər? Hesab edirəm ki, bu tələb heç də tələbələrin təhsilinə və kreditləşməsinə kömək etməyəcək. Məncə, proses kifayət qədər sadələşməlidir”. Ekspert hesab edir ki, MTKF kimi qurumlar heç olmasa qonşu Türkiyədə bu sistemin necə sadə çalışdığını araşdırmalı, dünya praktikasından yararlanmalıdırlar: "Bizdə fəaliyyət göstərən qurumlar xaricdə fəaliyyət göstərən qurumların adını götürsələr də, prinsiplərini dünyada qəbul edilmiş qaydalar əsasında həyata keçirmirlər». Ekspertin fikrincə, hər şeyi dövlətdən gözləmək düzgün olmadığından özəl şirkətlər bu məsələdə maraqlı olmalıdırlar. Belə ki, keçirdikləri müsabiqələrlə özlərinə lazım olan kadrları həvəsləndirməkdən ötrü qaliblərin təhsil haqlarını öz üzərlərinə götürməlidirlər: "Eyni zamanda, adlı təqaüdlərə verilən məbləğlər artırılmalıdır. Bu, həmçinin ödənişli əsaslarla oxuyanlara şamil edilməlidir. Bunun üçün də Türkiyə təcrübəsini götürmək lazımdır. Bu, qısa vaxt ərzində təhsilin inkişafına səbəb olacaq».
Maarifçi Tələbə Kredit Fondundan sualımıza cavab olaraq hər tədris ili üzrə cəlb oluna biləcək borcun üst həddinin 4000 manat olduğu bildirildi. Belə ki, Fondun birinci elan sessiyası 03-25 iyun 2016-cı il tarixində keçirilib: "Elan sessiyası çərçivəsində 22 kredit müqaviləsi imzalanıb”. Fondun fəaliyyət dairəsinin genişlənəcəyinə gəlincə, gələcəkdə yeni universitetlər Fonda qoşula və tələbə dairəsi genişlənə bilər: "Fondda təhsil haqqı kreditlərindən əlavə tələbələrə yataqxana haqqı, tədris materialları, elmi tədqiqatlar və s. kimi ehtiyac və təyinata görə kreditlər təqdim etməyi planlaşdırırıq”.
Bununla belə, Fond fəaliyyət dairəsini tam formalaşdırana qədər yenə də sual açıq qalır: bankların kredit verməyəcəyi təqdirdə aztəminatlı ailələr övladlarının təhsil haqqını necə ödəməlidir? Uşaqları hansısa kursda institutla vidalaşmalı, ev-eşiklərini satıb övladlarını sonacan oxutmalı, xeyriyyəçilərin və ya iş adamlarının tapılacağına ümid etməli, yoxsa bütün dövlət və özəl ali məktəblərin Maarifçi Tələbə Kredit Fondunun ətrafında birləşəcəyi günü səbirsizliklə gözləməlidirlər?
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər