• cümə, 19 Aprel, 16:16
  • Baku Bakı 25°C

Banklar real sektora niyə biganədir?

22.10.14 12:47 1248
Banklar real sektora niyə biganədir?
Bir sıra bankların 9 aylıq yekunlarına nəzər saldıqda aydın olur ki, bu maliyyə qurumları yenə də daha çox istehlak kreditlərinə pul ayırıblar. Rəqəmlər onu göstərir ki, banklar tərəfindən real sektora lazımı qədər diqqət ayrılmayıb. Qeyd edək ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışı zamanı bankları real sektora kredit ayırmağa çağırmışdı: “Ölkəmizdə sənayenin, iqtisadiyyatın və kənd təsərrüfatının inkişafını sürətləndirmək üçün dünyada olan təcrübəni öyrənirik və görürük ki, orada banklar bu sahədə çox müsbət rol oynayır. Banklar iqtisadiyyatın real sektoruna vəsait ayırır. Bizdə də belə olmalıdır. Bizdə isə belə deyildir. Bu sahəyə çox ciddi fikir verilməlidir”.
Ölkə başçısı qeyd edib ki, dövlət büdcəsində banklara güzəştli şərtlərlə nəzərdə tutulan 300 milyon manat kreditlər verilir ki, banklar bu vəsaiti sahibkarlara paylasınlar: “Yəni, bu, bankların öz resursları deyil, dövlətdən verilən resurslardır. Banklar bunu paylayır, eyni zamanda, hələ pul da qazanırlar. Yəni, bu, Azərbaycan dövlətinin özəl banklara olan böyük bir imtiyazıdır, güzəştidir. Hansı ölkədə dövlət özəl banklara pul verir, özü də bu şərtlərlə?! Amma bizdə Mərkəzi Bank lazım gəldikdə özəl banklara kredit resursları verir ki, onlar pul qazansınlar”.
İlham Əliyevin Azərbaycan banklarını nəzərdə tutaraq səsləndirdiyi “Pul qazanmaq üçün yalnız istehlak kreditləri verirlər” fikri isə bu gün təsdiqini tapmaqdadır: “Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə banklara hər il 300 milyon manat verilir ki, pul qazansınlar. Bəs onlar nə üçün iqtisadiyyatın real sektoruna kreditlər ayırmırlar? Nə üçün daha çox istehlak kreditləri verirlər? Pul qazanmaq üçün. Mən etiraz etmirəm, ancaq dövlətin siyasəti var və dövlət özəl bankları dəstəkləyir. Qeyd etdiyim kimi, dövlət kreditlər verir, şərait yaradır ki, pul qazansınlar. Onlar da öz məsuliyyətini dərk etməlidirlər. Dövlət siyasətini, xüsusilə ölkəmizin inkişafı ilə bağlı olan siyasəti görərək kənarda durmaq nə dərəcədə mümkündür?!”
Bəs ekspertlərin hansı müşahidələri var? Banklar real sektora maraq göstərirmi? Bu sahədə vəziyyət necədir? İqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə, real sektorun, xüsusən də qeyri-neft sektorunun inkişafı üçün bankların kreditləşməni artırması vacibdir: “Lakin təəssüf ki, hələlik əsas ağırlıq istehlak kreditləşməsinin üzərində düşür. Banklar tərəfindən real sektoru maliyyələşdirməklə bağlı müəyyən təşəbbüslər göstərilir. Bankların diqqəti müəyyən qədər real sektora yönəlib. Ancaq hələlik konkret nəticə görə bilmirik. Çünki real sektor daha çox vəsait tələb edir. Yəqin ilin sonunda müəyyən mənzərə yaranacaq və bankların nə dərəcədə real sektora üz tutduğunu müəyyənləşdirə biləcəyik”.
S.Əliyev deyir ki, son on ildə istehlak kreditlərinin payı kəskin artıb: “2005-ci ildə iqtisadiyyata yönəldilən hər 100 manatın 27 manatı istehlak krediti şəklində verilirdi, hazırda isə bu rəqəm 41 manata çatıb. Hökumət konkret addımlar atmasa, bu rəqəm daha da artar. İstehlak kreditləşməsi ildırım surəti ilə artır. 16,6 milyard manatlıq kredit qoyuluşunun 6,7 milyard manatı bu kreditlərin payına düşür. Bank sektoru faktiki olaraq istehlak kreditlərinin üzərində dayanıb. Mərkəzi Bankın məhdudlaşdırıcı tədbirləri ciddi nəticə vermir. İstehlak kreditinin indiki surətlə artımı iqtisadiyyat üçün təhlükədir”.
Ekspert bildirdi ki, istehlak kreditləşməsinin artımı problemi əksər MDB ölkələrində aktualdır: “Bu gün real sektorun maliyyələşdirilməməsinin günahını təkcə banklarda görmək düzgün olmazdı. Real sektorda risk həddindən artıq yüksəkdir. Biznesin uğur qazanma əmsalı çox aşağıdır. Banklar da bunu görür. Çünki biznesə pul yönəldəndə təklif edilən biznes-planları qiymətləndirir. Digər məsələ vəsaitin həcmidir. İstehlak kreditlərindən fərqli olaraq biznes daha çox vəsait, həm də daha çox güzəşt tələb edir. Bankların resursları irihəcmli biznesi maliyyələşdirməyə kifayət etmir. Həmin vəsaitin yönəldilməsi və geri qaytarılmaması bank üçün ölümcül zərbə ola bilər. İstehlak kreditlərində vəsait az olduğundan geri qaytarılmada problem ciddi təsir göstərmir. Ancaq bir neçə yüz milyon manatlıq kredit portfelinə malik olan bank bir neçə müştəriyə kredit verib özünü risk altına salmaz”.
Azərbaycanda kiçik və orta sahibkarlığa kifayət qədər pul xərclənir. Ancaq istehsal biznesinə maraq azdır. Kənd təsərrüfatı sektorunda risk daha çoxdur. Mütəxəssislərin fikrincə, nə qədər ki, sığorta sistemi təkmil deyil, kreditlərin sığortalanması mexanizmləri yoxdur, aqrar sahəyə kreditlər ayrılmayacaq.
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ayrılan kreditlərə gəlincə, S.Əliyevin sözlərinə görə, bu kreditlərin həcmi hələ ki, bazarda azdır. Fond artıq son dövrlərdə kiçik və orta sahibkarlığı yox, iri sahibkarlığı maliyyələşdirməyə başlayıb. Digər tərəfdən, müştəriyə kredit verilməsində fond banka sərbəst qərar imkanı verməsə də, məsuliyyəti tamamən bankın üzərinə qoyur. Bu isə bankların daha ehtiyatlı davranmasına gətirib çıxarır. Nə qədər ki, real sektorda risk səviyyəsi yüksəkdir, banklar bu sektora pul yatırmaqda maraqlı olmayacaqlar. Axı bankların verdikləri pul da onlara məxsus deyil. Bu qurumların əmanətçilər və digər maliyyə qurumları qarşısında öz öhdəlikləri var”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər