• cümə axşamı, 18 aprel, 20:10
  • Baku Bakı 21°C

Bankla sahibkar arasında etibarlılığı təmin edəcək fond

20.09.17 10:15 1562
Bankla sahibkar arasında etibarlılığı təmin edəcək fond
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb. Belə ki, fərmanla "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və Azərbaycan Prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən hüquqi şəxs olduğu müəyyən edilib. Bəs görəsən belə bir fondun yaradılmasının daha hansı əhəmiyyətli rolu olacaq?
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) eksperti Ayaz ÇaparlıTrend-ə açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” sahibkarların kommersiya banklarından milli valyuta ilə aldıqları kreditlərə təminat verən və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsini subsidiyalaşdıran hüquqi şəxs kimi çıxış edəcək: "Bu tədbir "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapmış islahatlardan biridir. Hesab edirəm ki, Kredit Zəmanət Fondunun yaradılması real sektorla maliyyə sektoru arasındakı iqtisadi tarazlığın bərpa olunması, maliyyə risklərinin bölünməsi, bankların dayanıqlığının və real sektora maliyyə axınının gücləndirilməsi və əks-dollarlaşmanın stimullaşdırılmasına nail olmaq üçün mühüm bir addımdır. Fond maliyyə inklüzivliyinin artırılması, maliyyə xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası, habelə sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə xidmətlərindən istifadənin yaxşılaşdırılmasını təmin edəcək. Ölkədə maliyyə inklüzivliyinin artımına nail olunması iqtisadi fəaliyyətin dəstəklənməsinə, sahibkarlığın inkişafına, məşğulluğun artırılmasına, ev təsərrüfatlarının istehlak imkanlarının genişlənməsinə və gəlir bərabərsizliyinin aradan qaldırılmasına əlavə dəstək verə bilər”.
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovbildirdi ki, belə bir fondun yaradılması çox vacib idi: : "Prezident 2016-cı ildə "Strateji Yol Xəritəsi”ni imzalayanda 11 sahə üzrə prioritetləri müəyyən etdi. Bank sistemində olan mövcud vəziyyət nəzərə alınaraq, belə bir fondun yaradılması qərara alındı. Bu gün Azərbaycanda kredit məsələləri ilə bağlı çoxlu problemlər var. Vaxtı keçmiş kreditlərin məbləği artıq 1,8 milyard manata çatıb. Bu işlə məşğul olan bank təşkilatları kreditləri azaltmaq əvəzinə, daha da artırırlar. Sahibkarlar isə kredit almaq üçün çox böyük əziyyətlər çəkirlər. Bütün bunları nəzərə alaraq, belə bir fond yaradıldı. Sözügedən fondun yaradılmasında məqsəd ilk növbədə sahibkarlara kömək etmək və kreditlərin əlçatanlığını təmin etməkdir. Digər tərəfdən, iri təsərrüfat yaradan sahibkarlara subsidiyaların verilməsi təmin edilir. Hətta ola bilsin ki, faizlər dövlət hesabına silinsin. Yəni burada sahibkarla çoxlu güzəştlər edilir. Düzdür, indi nizamnamə təsdiq olunmayıb. Ona görə də bu haqda tam detallı danışmaq üçün tezdir. Ümumilikdə götürdükdə isə bankla sahibkar arasında kredit məsələsini həll etmək, etibarlılığı təmin etmək və eləcə də bankların vəziyyətini yaxşılaşdırmaq üçün belə bir fondun yaradılması çox vacib idi. Fondun kiçik və orta sahibkarlığın inkişafında ciddi rol oynayacağını düşünürəm”.
İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, bu haqda uzun müddət idi ki, müzakirələr gedirdi: "Hələ bir neçə il bundan öncə bu təkliflər hökumətə təqdim edilmişdi. Fondun yaradılmasında əsas məqsəd maliyyə əlçatanlılığını artırmaqdır. Bildiyiniz kimi, Azərbaycanda kiçik və orta sahibkarların bir sıra hallarda kredit əlçatanlılığı xeyli aşağıdır. Çünki bəzi hallarda kreditlərin verilməsində girov, yaxud böyük biznes dövriyyələri tələb olunur. Əsasən regionlarda sahibkarların təqdim etdiyi girov - daşınmaz əmlak banklar tərəfindən qiymətləndirilmir. Çünki sonrakı dövrlərdə kreditin ödənişi ilə bağlı problem yarandıqda, banklar bu əmlakın bazarda satışını təmin edə bilmirdi. Regionlarda daşınmaz əmlak bazarında durğunluq bu sahədə ciddi problemlər yaradırdı. Zəmanət fondunun yaradılması məhz bu kimi hallarda sahibkarlara zəmanətlərin verilməsi yolu ilə onların banklardan kredit götürmək imkanlarını genişləndirir. Belə bir məqamda kommersiya banklarının real sektora qoyuluşlarının həcmi də arta bilər. Eyni zamanda, bu proses sahibkarlıq subyektlərinin fəaliyyətini təşviq etməklə, kiçik və orta sahibkarlığın inkişafını da şərtləndirə bilər. Burada əsas məqamlardan biri məhz budur. İkinci bir məqam isə faizlərin subsidiyalaşdırılması məsələsidir. Bildiyiniz kimi, uzun müddətdir ki, Azərbaycanda bank kredit faizlərinin yüksək olması biznesin inkişafında əsas əngəllərdən biri hesab olunur. Düzdür, bu problemin aradan qaldırılması üçün müxtəlif mexanizmlər var. Məsələn, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara daha aşağı faizli kreditlər təklif olunur. Amma dövriyyənin kiçik olması və digər məqamlar bazarda tələbi ödəmir. Sahibkarlığa Kömək Milli Fondu il ərzində 100-150 milyon kredit təklif edə bilir ki, bu da bazarın tələbini ödəmir. Belə bir şəraitdə daha az vəsaitlə bu prosesi inkişaf etdirmək və yaranmış problemi aradan qaldırmağın yollarından biri də faizlərin subsidiyalaşdırılmasıdır. Bu o deməkdir ki, sahibkar Kredit Zəmanət Fondunun zəmanəti əsasında bankdan kredit alırsa, bu kreditlərin faizlərinin müəyyən hissəsi qədər kompensasiya olunur, yəni dövlət tərəfindən ödənir. Bu isə sahibkarlıq xərclərinin azalması ilə yanaşı, mənfəət normasının yüksəldilməsinə və iqtisadi aktivliyin artmasına gətirib çıxara bilər. Bütövlükdə götürdükdə, belə bir fondun yaradılması və onun təklif etdiyi xidmətlərin son nəticədə Azərbaycanda kredit əlçatanlılığının artırılması istiqamətində müsbət dəyişikliklərə səbəb olacağını düşünürəm. Həmçinin fond, kiçik və orta sahibkarların üzləşdiyi müəyyən problemlərin aradan qaldırılmasını və maliyyə axınının sürətlənməsini təmin edə bilər”.
Şəbnəm MEHDİZADƏ
banner

Oxşar Xəbərlər