• çərşənbə axşamı, 16 aprel, 20:48
  • Baku Bakı 18°C

Bankirlər üçün çətin il

09.01.15 09:35 1486
Bankirlər üçün çətin il
Ötən iki ili – 2013 və 2014-cü illəri banklar sanki sıxılmış vəziyyətdə başa vurdular. Mərkəzi Bank tərəfindən məcmu kapitala qoyulan tələb banklara əl-qol açmağa imkan vermədi desək, yanılmarıq. Artıq 2015-ci il başlayıb. Məcmu kapital tələbini ödəyə bilən banklar yeni maliyyə ilinin ilk günlərindədir, ödəyə bilməyənlərin taleyi hələ ki, qaranlıqdır. Bu arada ölkənin bank bazarına daha bir bank gəldi – Türkiyənin “Ziraat Bankası” artıq Azərbaycandadır.
Bir sıra ekspertlər neftin dünya bazar qiymətində gedən proseslərə əsaslanaraq 2015-ci ili maliyyə cəhətdən gərgin il kimi qiymətləndirirlər. Bəs Azərbaycanın bank sektorunda durum necə proqnozlaşdırılır?
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimlinin sözlərinə görə, 2014-cü il Azərbaycanın bank sektoru üçün kifayət qədər gərgin keçib: “Əvvlcə arayışsız kreditlər ləğv edildi. Bu qərar həm əhalinin banklardan asanlıqla kredit almağa öyrəşmiş təbəqəsinə problem yaratdı, həm də daha çox istehlak kreditləri verən bankların gəlirlərinə mənfi təsir göstərdi. Həmin addım avtomobil kreditlərinin verilməsi şərtlərinin də dəyişdirilməsi ilə müşayət olundu. Bu dəyişiklik daha çox avtomobil kreditləri verməklə məşğul olan bankların verdikləri kreditlərin həcmini və deməli, həm də onların gəlirlərini əhəmiyyətli dərəcədə aşağı saldı.
Ötən ilin mayından etibarən Azərbaycanda qorunan əmanətlər üzrə faiz dərəcəsinin maksimum həddi 10%-dən 9%-ə endirildi. Lakin bu addım ölkədə depozit faizlərinin aşağı düşməsinə gətirib çıxrmadı. Əksinə, bu addım birbaşa qorunmayan əmanətlərinn məbləğinin artmasına, dolayısı ilə isə qorunmayan əmanətlər 9 faizdən yüksək faizlə cəlb edildiyindən, ondan kredit kimi istifadə olunduqda həmin sahədə faiz dərəcələrinin bir qədər də artmasına gətirib çıxartdı. Ötən ilin 9 ayının nəticələrinə görə, Azərbaycanda fiziki şəxslərin əmanətləri 6,6 milyard manat (ötən ilin sonuna bu məbləğ 7 milyard manata yaxın olmuşdu), qorunmayan əmanətlər 3,1 milyard manat, qorunan əmanətlər 3,4 milyard manat, sığortalanan əmanətlər isə 1,8 milyard manat, yəni bütün əmanətlərin 27 faizini təşkil edib”.
Ekspertin sözlərinə görə, ötən il bankların öz məcmu kapitalını artırması istiqamətində görülən işlər də xeyli gərginlik yaratdı: “Azərbaycanda banklarda və digər kredit təşkilatlarında əhalinin əmanətləri üzrə vətəndaşın əldə etdiyi gəlirlər üzrə gəlir vergisinin tutulmasına qoyulan və 1999-ci ildən fəaliyyət göstərən moratorium 2014-ci ilin sonunda başa çatdi. Bununla əlaqədar olaraq Vergi Məcəlləsinə düzəlişlər edildi. Həmin düzəlişlərə əsasən, bir bankda əmanət üzrə alınan faiz gəlirlərinin ildə 500 manata qədər olan hissəsi gəlir vergisindən azad edilib. İlkin mülahizələrə görə, bu gəlirlər üzrə vergi dərəcəsi 10 faiz təşkil etməlidir. 2014-cu ilin yanvar-noyabr aylarında əhalinin banklardakı əmanətləri üzrə dividendləri 450 milyon manat təşkil edib. Azrbaycanda 4.5 milyon nəfər ( bir nəfərin çoxsayli əmatətlərinin olması şərtilə) əmatətçinin 7 milyard manata yaxın əmatəti var.Yəni Azərbaycanda hər 1000 nəfərə 470 əmanətçi düşür.
Əmanətlərin strukturu elədir ki, əmanətçılırin 70 faizə qədərinin illik gəliri 500 manatdan aşağı olduğundan, həmin vergini verməkdən azad olacaq. Ona görə də bu verginin tətbiq edilməsi nəticəsində 2015-ci ildə Azərbaycanın dövlət büdcəsinə mətbuatda tez-tez rastlaşdığımız kimi 50-55 milyon manat yox, cəmi 5-6 milyon manat vəsaitin daxil olması gözlənilir”.
Dünya bazarında neftin qiymətinin ucuzulaşması, bir tərəfdən Azərbaycanın neft amili ilə bağlı sahələrdə gəlirlərinin azalmasına gətirib çıxaracaq, digər tərəfdən isə xarici mənbəələrdən əvvlki kimi aşağı faizlərlə maliyyə resursları cəlb etmək imkanını məhdulaşdracaq. Ə.Məsimli qeyd edir ki, banklarımız bu amilləri nəzərə almaqla daxili maliyyə mənbələrini banka cəlb etmək istiqamətində stimullaşdırıcı və müştəri cəlb edilməsini genişləndirilməsinə xidmət edən əlavə tədbirlər görməlidir: “Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, eləcə də 2015- ci ilin büdcəsinin təsdiqi ilə əlaqədar fərmanda prezident İlham Əliyev bankların faiz dərcələrinin aşağı salınması və iqtisadiyyatın real sektoruna kredit qoyulması işinə prioritet verilməsi kimi iki aktual məsələ qaldırıb. Düşünürük ki, 2015-ciildə bank sisteminin sağlamlaşdırılması, bankların kapitallaşdırılması sahəsində kəm-kəsirlərin həll edilməsi, bankların faiz dərəcələrinin aşağı salınması və iqtisadiyyatın real sektoruna kredit qoyulması işinə prioritet verilməsi sahəsində təsirli tədbirlər görülməlidir.
İqtisadçı ekspert Samir Əliyev həm nikbin, həm pessimist proqnozlar verir. Onun fikrincə, neftin dünya bazarında qiymətlərş daha da ucuzlaşarsa, bank sektorunu ciddi problemlər gözləyir. Yox əgər neftin qiyməti artarsa, ekspertin sözlərinə görə, banklar bir sıra problemlərini həll etməyə müvəffəq ola biləcəklər: “2014-cü ilə müqayisədə bu il bank sektorunu bir sıra ciddi sınaqlar gözləyir. Bu sektor hazırda təmirdən çıxmış vəziyyətdədir. 2013-2014-cü illərdə reallaşdırılan bir sıra tədbirlərdən sonra banklar yeni dövr üçün fəaliyyətə başlamalıdırlar. Lakin təəssüf ki, bu dəfə ümumi iqtisadiyyatda baş verənlər hələlik münbit şərait vəd etmir. Hökumət, xüsusilə də Mərkəzi Bank kredit faizlərini salmağı prioritet elan edib. Banklar da təbii ki, bunu etmək üçün müəyyən addımlar atmalıdırlar. İlk olaraq bu addımlar ondan ibarət olmalıdır ki, xaricdən ucuz maliyyə resursu cəlb edə bilsinlər, daha sonra xərclərini optimallaşdırsınlar. Mərkəzi Bank da öz növbəsində banklara əlavə resurs vermək imkanlarını artırmalıdır. Söhbət mərkəzləşdirilmiş kreditlərin həcminin artırılması və bunun daha geniş bank sektorunu əhatə etməsinə nail olmaqdan gedir”.
S.Əliyevin sözlərinə görə, əmanət bazarında da narahatlıqlar mümkündür: “Sığortalanan əmanətlərin faiz dərəcəsi 9 faizə endirilib, digər tərəfdən də əmanət faizlərinə vergi tətbiq olunması planlaşdırılır. Bu addımlar əhalinin bazardan qaçmasına, əmanət qoyuluşunun azalmasına, həmçinin faizlərin artmasına gətirib çıxara bilər. Faizlərin artması isə öz növbəsində kredit faizlərinin azalmasına əngəl yarada bilər”.
Dünyada baş verən proseslər ümumilikdə bank sektorunun maliyyə imkanlarının pisləşməsinə gətirib çıxara bilər. Ekspertin sözlərinə görə, bu proseslər Azərbaycanda manatı ucuzlaşdırarsa, bu, sektora ciddi mənfi təsir göstərə bilər: “Belə olarsa, əhali kütləvi şəkildə əmanətlərini xarici valyutaya, konkret olaraq dollara çevirə, yaxud geri çəkə bilər. Büdcə xərclərinin ixtisar edilməsi də əlavə pul kütləsinin azalmasına gətirib çıxara bilər. Bu baxımdan ümumiləşdirsək, bu qənaətə gəlmək olar ki, 2015-ci ildə əmanət bazarının artım tempinin azalması gözlənilir. Eyni zamanda kreditə əlçatanlığın pisləşməsi ehtimalı çoxdur”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər