• cümə, 19 Aprel, 09:51
  • Baku Bakı 13°C

Bank VTB (Azərbaycan) yubileyini qeyd edir

25.12.14 17:08 1231
Bank VTB (Azərbaycan) yubileyini qeyd edir
“Bu 5 il ərzində biz yüksək nailiyyətlər əldə etmişik, bank bazarının bütün sahələrində liderə çevrilmişik. 5 ildə keçdiyimiz yol asan olmayıb. Uğurlu fəaliyyətin nəticəsi kimi, bank Azərbaycan iqtisadiyyatının inkişafında əsas rol oynayan banklardan birinə çevrilib”. Azərbaycanın bank xidmətləri sahəsində öz fəaliyyətinin 5 illiyini qeyd edən Bank VTB (Azərbaycan) qazandığı uğurları jurnalistlərlə paylaşdı. Bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri Yuriy Yakovlev bank aktivlərini 10 dəfə, kredit portfelini 18 dəfə, depozit portfelini 11 dəfə artıraraq fəaliyyətinin bütün əsas istiqamətləri üzrə yüksək göstəricilər əldə etdiyini qeyd etdi. Belə ki, uğurlu fəaliyyətin nəticəsi kimi bank Azərbaycan iqtisadiyyatının inkişafında əsas rol oynayan banklardan birinə çevrilib.
2010-cu ildən başlayaraq bank aktiv şəkildə müştərilərinə geniş spektr bank xidmətləri göstərməyə başlayıb. Bu müddət ərzində bankın aktivləri 10 dəfə artaraq 1 dekabr 2014-cü il tarixinə 280 mln. manat təşkil edib. Fəaliyyəti ərzində bankın kredit portfeli təqribən 18 dəfə artıb. Əgər 2010-cu ildə kredit üzrə portfel 15,2 mln. manat təşkil edirdisə, 1 dekabr 2014-cü il tarixinə bu göstərici 272 mln manatı ötüb. Bankın mütəxəssislərinin proqnozlarına görə, 2014-cü ildə bankın kredit portfeli 286 mln. manatı keçib. Bunlardan 58,5 mln manat kooperativ biznesin payına, 228,5 mln. manat isə pərakəndə biznesin payına düşüb.
5 il ərzində depozit portfeli 11 dəfə artaraq, 1 dekabr 2014-cü ilin tarixinə təxminən 20 mln. manata çatıb. Bankın mənfəəti 4 mln. manatı keçib.
Y.Yakovlevin sözlərinə görə, hesabat dövründə müştərilərin sayı 24265 çatıb. Onlardan 479 nəfər kooperativ müştərilər, 23785 isə pərakəndə müştərilərdir: “Universal maliyyə institutu kimi, Bank VTB (Azərbaycan) bu illər ərzində bütün spektr bank xidmətləri təklif edib və həm hüquqi, həm fiziki şəxslərə xidmət göstərib”.
5 il ərzində bankın şəbəkəsi inkişaf edib genişləndikcə əməkdaşlarının sayı da sürətlə artıb. Əgər 2010-cu ildə bank 94 əməkdaşdan ibarət idisə, 2014-cü ildə bu göstərici 400 nəfəri keçib.
Bu gün Bank VTB (Azərbaycan) 12 filial və baş ofis yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunub. 2014-cü ildə bank 8 filial açıb ki, onlardan ikisi Bakıdan kənarda – Sumqayıt və Xırdalan şəhərlərindədir. Yaxın vaxtlarda bank Gəncə şəhərində filial açmaq niyyətindədir. 2015-ci ildə filial şəbəkəsinin genişləndirilməsində əsas diqqət regionlara yönəldiləcək. Hazırda Bank VTB (Azərbaycan) iqtisadiyyatın real sektoruna investisiyaların cəlb edilməsi üzərində aktiv iş aparır. “Fəaliyyətə başladığımız ilk il «Bazarda öz layiqli yerimizi necə tutaq» - deyə düşündük. Bu gün Azərbaycan bazarında 43 bank işləyir. Bu bazara girmək, bizə öz yerimizi müəyyənləşdirmək lazım idi. İndi biz artıq yerimizi müəyyənləşdirmişik. Öz müştərilərimizə normal şəkildə işləyirik. Biz bundan sonra da universal kommersiya bankı kimi inkişaf etmək niyyətindəyik”. Sədrin sözlərinə förə, bu gün VTB (Azərbaycan)-ın daxil olduğu VTB Qrupu 20-dən çox ölkədə 30 bank və maliyyə şirkətlərini özündə birləşdirən unikal beynəlxalq şəbəkəyə malikdir. Bank VTB Qrupun nümayəndəliklərinin fəaliyyət göstərdiyi xarici bazarlara çıxmaqda Azərbaycan şirkətlərinə yardım etməyə hazırdır. Ümid edirik ki, bizim əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcək» - deyə Yuriy Yakovlev bildirdi.
Bank sədrinin bildirdiyinə görə, VTB ölkədəki Rusiya ilə əlaqəli işləyən şirkətlərə və istehsal müəssisələrinə kredit vermək niyyətindədir. Həmçinin Rusiyada yaşayan azərbaycanlıları stimullaşdırmaq üçün layihələr həyata keçirəcək: «Bu, ikitərəfli ticarət və iqtisadi əlaqələrin möhkəmlənməsinə kömək edən amil olacaq». Rus rublunun qiymətdən düşməsinə münasibət bildirən sədr bunu bank üçün o qədər təhlükəli hesab etmədiyini bildirdi: «Böhran bizim üçün o qədər də təhlükəli deyil. İstənilən iqtisadi böhran müvəqqətidir. Biz avqust və oktyabr aylarında rublla yaxşı işləmişik. Hətta, bank sentyabrda rublla kreditlər verməyə başladı. Bizim müştərilərimiz həmin kreditlərdən məmnun qalıblar. Çünki bu cür kredit təklifi bazarda çox azdır».
BTV (Azərbaycan)-ın 2015-ci ili kiçik və orta biznesə dəstək ili elan etdiyini qeyd edən bankın İdarə Heyətinin üzvü Tural Vəliyev VTB-nin gələn il regionlarda yeni filiallar açmaq niyyətində olduğunu diqqətə çatdırdı: “Bank gələn ay Gəncədə, yaxın gələcəkdə isə Quba və Salyanda filial açmaq niyyətindədir. Məqsəd regionlarda sahibkarların biznesinin inkişafına kömək etmək və həmin sahibkarların Rusiya bazarına çıxmasına dəstək verməkdir”.
Həmçinin bankın ipoteka proqramlarında aktiv iştirak edəcəyi də vurğulandı. Qeyd edildi ki, VTB (Azərbaycan) ölkəmizdə mədəni və idman tədbirlərinə dəstək verəcək, sosial yönümlü layihələr həyata keçirəcək.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər