Bank VTB (Azərbaycan) işlək kredit portfelini 15%-dən çox artırıb
2020-ci
ilin birinci yarımilliyinin nəticələrinə görə bank VTB (Azərbaycan)-ın işlək
kredit portfeli 15,1% artıb və 82,7 mln manata çatıb. Maliyyə təşkilatının
aktivləri ilin əvvəlindən 7% artaraq 168 mln manatı keçib.
İlin əvvəlindən
fiziki şəxslərin kredit portfeli 11,7% artaraq 34,4 mln manat təşkil edib.
Artım ipoteka, nağd kredit, eləcə də kredit kartlarının verilməsi hesabına baş
verib. Kredit portfelinin böyük hissəsi ipotekanın payına düşür. Birinci
yarımilliyin nəticələrinə görə, bankın ipoteka portfeli 14% artaraq 18,4 mln
manata çatıb.
Hesabat
dövrü ərzində bank VTB (Azərbaycan) hüquqi şəxslərin kredit portfelini 17,7%
artıraraq 48,3 mln manata çatdırıb.
Bankın
depozit portfeli təxminən 5% artıb və 73,7 mln manat təşkil edib. Depozit
portfelinin yarısından çoxu hüquqi şəxslərin və maliyyə təşkilatlarının vəsaitlərinin
payına düşür. İlin əvvəlindən bu,15% artaraq 40,3 mln manat olub. Fiziki şəxslərin
depozitləri 33,4 mln manat təşkil edib.
Birinci
yarımillikdə bank 1,5 mln manat məbləğində xalis mənfəət qazanıb. Faiz gəliri
4,1 mln manat, qeyri-faiz gəliri 1,3 mln
manat təşkil edib. Bankın məcmu kapitalı59,5 mln manata çatıb. Məcmu
kapitalın və 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı Azərbaycan Respublikası
Mərkəzi Bankının tələblərinə cavab verərək müvafiq olaraq47,1% və
44,97% təşkil edib.
"COVİD-19
pandemiyasının əhalinin və şirkətlərin fəallığına təsir göstərdiyinə baxmayaraq, ikinci rübdə bankınəsas göstəricilər
üzrə stabil artımı davam edib. Reallaşdırdığımız texnoloji transformasiya karantin
rejimi dövründə də müştərilərimizi keyfiyyətli xidmətlə təmin etməyə imkan
verdi. Biz Azərbaycan əhalisi üçün maliyyə alətlərinin əlçatanlığını artırmağa
istiqamətlənmiş yeni rəqəmsal xidmətləri tətbiq etməyə davam edirik,” – deyə
bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin bildirib.
Hesabat
dövrü ərzində bank kredit müraciətlərinə baxılması və rəsmiləşdirilməsi
prosesini optimallaşdırıbvə avtomatlaşdırıb. Nəticədə qərar qəbul edilməsi və fiziki şəxslərə kredit verilməsini sürətləndirmək
mümkün olub.
İyulda
bank VTB (Azərbaycan) Facebook-da kreditin məsafəli rəsmiləşdirilməsi üzrə yeni
xidmət işə salıb, analoji servisin WhatsApp platformasında da işə salınması
bankın planlarındadır. Bundan başqa, NFC texnologiyası əsasında təmassız ödəniş
xidmətinin tətbiqi üzrə iş aparılır.