• cümə, 29 Mart, 05:08
  • Baku Bakı 7°C

“Bank VTB (Azərbaycan)” ABŞ-ın sanksiyasına münasibət bildirdi

30.07.14 15:49 1204
“Bank VTB (Azərbaycan)” ABŞ-ın sanksiyasına münasibət bildirdi
ABŞ Ukrayna hadisələri ilə əlaqədar Rusiyanın “Moskva Bankı”, “VTB” və “Rusiya Kənd Təsərrüfatı Bankı”na qarşı maliyyə sanksiyası tətbiq edib. “APA-Economics”in xəbərinə görə, bu barədə məlumat ABŞ maliyyə Nazirliyinin saytında yerləşdirilib.
Maliyyə sanksiyasına əsasən, ABŞ vətəndaşları və şirkətlərinə Rusiyanın bu üç bankı və törəmə şirkətlərinə 90 gündən artıq müddətə kredit ayırmaq qadağan edilir.
Bu arada Avropa Birliyi (AB) ölkələri də Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqi barədə yeni sənədi razılaşdırıb. İqtisadçılar bu məhdudiyyəti Rusiya iqtisadiyyatına qarşı ilk mühüm zərbə kimi qiymətləndirir. AB-nin sanksiyaları Rusiyanın maliyyə, neft və müdafiə sənayelərini əhatə edir.
“Bank VTB (Azərbaycan)”dan isə “APA-Economics”ə bildirilib ki, ABŞ-ın sanksiyasına baxmayaraq, bankın Azərbaycan nümayəndəliyi bank kartlarından istifadə etməklə maliyyə vəsaitləri və hesabların köçürülməsi də daxil olmaqla, depozit və kredit müqavilələrində nəzərdə tutulan bütün xidmətləri təqdim etməklə adi qaydada fəaliyyət göstərir.
“Tətbiq edilən bu sanksiyalar heç bir halda bizim müştərilərimizə təsir göstərmir. Əvvəllər olduğu kimi, bankımız bütün valyutalar üzrə təqdim etdiyi xidmət və öhdəliklərini tam həcmdə yerinə yetirməkdə davam edir. “Visa” və “Mastercard” artıq bəyan edib ki, həm ölkə ərazisində, həm də xaricdə bankımızın kartlarından istifadədə heç bir məhdudiyyət olmayacaq”, - deyə bankdan qeyd edilib.
“Bank VTB (Azərbaycan)”ın mətbuat xidmətinin rəhbəri Polad Həmidov “APA-Economics”ə açıqlamasında deyib ki, narahatlığa əsas görmür: “ABŞ-ın bu qərarının üstündən bir gün keçməyib. AB isə sanksiyalarla bağlı isə hələlik qərar verməyib. Ona görə də hələlik bununla bağlı detallı məlumat yoxdur. Bilirik ki, müştərilərimiz də narahatdır. Narahatlığın qarşısını almaq üçün bu məlumat kifayətdir. Bizim mövqeyimiz hələlik bundan ibarətdir. Hesab edirik ki, indiki məqamda həm mövqe, həm də münasibət baxımından istər VTB qrupunun, istərsə də “Bank VTB (Azərbaycan)” tərəfindən kifayət qədər məlumat verilib”.
Qeyd edək ki, Rusiyanın “VTB” bankı da məsələyə münasibət bildirib. ABŞ-ın maliyyə sanksiyalarına cavab olaraq bankın saytında yerləşdirilən bəyanatda qeyd edilir ki, VTB Amerika hakimiyyətinin bankın kapital cəlbinin məhdudlaşdırılması ilə bağlı qərarını təəssüflə qarşılayır: “Fikrimizcə, VTB bütün qanunvericilik normalarına, o cümlədən ABŞ-ın tənzimləyici orqanlarının tələblərinə ciddi şəkildə əməl edir və onlar bundan xəbərdardırlar. Bununla belə, xüsusi siyasi bəhanə olan bu qərarı ədalətsiz, hüquqi əsaslara zidd və ikitərəfli iqtisadi ziyana səbəb olacaq qərar kimi qiymətləndiririk.
Rusiyanın güclü kredit institutu sistemini yaradan VTB sabit maliyyə vəziyyəti ilə beynəlxalq səviyyədə təmsil olunur. ABŞ-ın ayrı-seçkilik salan bu qərarına baxmayaraq, VTB öz səhmdarları və müştəriləri qarşısında bütün öhdəliklərini yerinə yetirir. ABŞ-ın VTB-nin kapital bazarına çıxışını məhdudlaşdıran bu qərarı bankın fəaliyyətinə və kredit ödəmək qabiliyyətinə təsir etməyəcək. Biz əminik ki, təkcə qərb bazarlarında deyil, dünya sərmayəçiləri arasında müsbət nüfuza malik VTB lazım olan təqdirdə vəsait cəlb edə biləcək”.
Qeyd edək ki, dəfələrlə əlaqə saxlanılsa da, Azərbaycan Mərkəzi Bankından məsələyə münasibət öyrənmək mümkün olmayıb.
banner

Oxşar Xəbərlər