• cümə, 29 Mart, 10:34
  • Baku Bakı 5°C

Baloğlan Əşrəfov tamaşaçıları keçmiş illərə qaytarmağa hazırlaşır

31.07.18 09:00 2315
Baloğlan Əşrəfov tamaşaçıları keçmiş illərə qaytarmağa hazırlaşır
Əməkdar artist Baloğlan Əşrəfov sentyabrın 8-də Yaşıl Teatrda konsert proqramına hazırlaşır. Konsert öncəsi təəssüratlarını "Kaspi”yə bölüşən sevilən sənətçi, bizimlə söhbətində indiyə qədər nəinki konsertlərində, hətta iştirak etdiyi toylarda belə, fonoqramla oxumadığını, bundan sonrakı yaradıcılığında da oxumayacağını qeyd etdi.
- Baloğlan müəllim, isti yay günlərində harada istirahət edirsiniz?
- Bilirsiniz ki, mən cənub bölgəsindənəm. Masallıda istirahət etməyi çox sevirəm. Bu cənnət məkan, Azərbaycanda tayı-bərabəri olmayan, gözəl mənzərəsi, səfalı təbiəti ilə seçilir. Azərbaycanımızın bütün guşələri gözəldir. Boş vaxtlarımda nəinki cənub bölgəsinə, digər bölgələrə gedib istirahət edirəm, ancaq doğma məmləkətimdə istirahət etməkdən zövq alıram. Son zamanlar istirahətdən çox, yeni mahnılarım üzərində çalışıram. Çünki sentyabrın 8-də Yaşıl Teatrda olacaq "Mən də varam dünyada” adlı konsertimin məşqlərinə hazırlaşıram.
- Bu konsertdə tamaşaçılar sizdən nələr gözləsin?
- Tamaşaçılar konsertə asudə zaman keçirmək və zövq almaq üçün gəlirlər. Bizim də öhdəmizə düşən, tamaşaçılara o zövqü yaşatmaqdır. Ancaq bu o demək deyil ki, mən ansamblımla səhnəyə çıxıram və özüm də bir-iki mahnı ifa edib, işimi bitmiş hesab edirəm. Elə deyil. Konsert vermək məsuliyyətli bir işdir. İstəyirəm elə bir konsert baş tutsun ki, bizim tamaşaçılar istirahət etməklə bərabər, konsert proqramını uzun müddət xatirələrindən çıxarmasınlar. Konsertdə repertuarımda olan mahnılar yer alacaq. Hansı ki, mənim canlı ifamla tamaşaçılar keçmiş illərə qayıdacaqlar. Köhnə mahnılarımla yanaşı, yeni 10 mahnım var ki, onları ilk dəfə məhz bu konsertdə səsləndirəcəyəm. Sentyabrın 8-də baş tutacaq konsertimdə tamaşaçıları sürprizlər də gözləyəcək.
Bu konserti tamaşaçılarla canlı təmasda qurmaq istəyirəm. Hələ qarşıda bir ay var. Hazırlıqlar gedir. Elə sizin vasitənizlə tamaşaçılara onları çox gözəl proqram gözlədiyini bildirmək istəyirəm.
- Konsertin adını nə üçün "Mən də varam dünyada” qoydunuz. Elə hesab edirsiniz ki, tamaşaçılar sizi unudub?
- Bu, mənim konsertdə ilk dəfə oxuyacağım mahnının sözləridir. Dünyaya nə qədər insan gəlir və bu dünyadan doymadan köçüb gedir. Mən də bu konsertimlə tamaşaçılara bir Baloğlan Əşrəfovun var olduğunu bildirmək istədim.
- Siz cənub bölgəsindənsiniz, ancaq Lənkəranda çox az konsert veribsiniz. Səbəbi nədir?
- Əvvəllər Lənkəranda çox konsertlərim olub. Dövlət tədbirlərimiz olduqda təbii ki, sevə-sevə gedib konsert veririk. Bu il öz ansamblımla üç saatlıq konsert proqramı ilə çıxış etdim. İfam tamaşaçılar tərəfindən çox gözəl qarşılandı və oradan gözəl təəssüratla ayrıldıq. Bəzən onların çoxu lentə alınmır. Kommersiya sirri olduğu üçün bunu mətbuatda işıqlandırmırıq.
- Sizcə, konsertlər müğənninin özünün özünə hesabatıdırmı?
- Konsert verməyi özümə hesabat kimi görmürəm. Məni sevənlər üçün öz mahnılarımı oxuyuram. Onların ruhunu, zövqünü oxşamağa çalışıram. Mən nə hesabatı verəcəyəm ki? Mahnılar mənim ürəyimdən qopan nəğmələrimdir, tamaşaçılar onu dinləyir və mənəvi zövq alırlar.
- Bir zamanlar Baloğlan Əşrəfov bütün toyların bəzəyi idi və həmin dönəmlər toylarda canlı ifaya daha böyük ehtiyac var idi. İndi isə fonoqramlar toylarımızın bəzəyi olub. Belə durumda yenə də toylara mütəmadi dəvət alırsınızmı?
- Allahımdan razıyam. Bu gün də, musiqiyə dəyər verən insanlar, məni öz övladlarının toyunda görmək istəyənlər bizə müraciət edirlər. İndiki gəncləri də qınamaq olmur. Onlar da dövrün tələbatına uyğun olaraq istəyirlər ki, toylarında dinamika olsun, əylənsinlər. Ancaq onlar da yaşlanacaqlar. O gənclərin də həyatlarında elə bir dönəm olacaq ki, canlı və qulağa zövq verən mahnılara ehtiyac duyacaqlar. Arzum odur ki, həmin gənclər bir neçə ildən sonra öz toy disklərinə baxanda, xəcalət çəkməsinlər, utanmasınlar. Bu gün toylarda səviyyəli, rahat musiqilərə üstünlük verənlər də çoxdur. Biz də onların xidmətində dayanmışıq. Azərbaycanlılara xas olan formada toylarını keçirənlər də var. Allah hər kəsə can sağlığı versin. Azərbaycansayağı toylar azlıq təşkil edir. Bu gün diskoteka gəncləri daha çox əyləndirir.
- Bir zamanlar sizin kasetləriniz, daha sonra diskləriniz evlərin bəzəyi idi. Ancaq son bir neçə ildə albom çıxardığınızı xatırlamıram. Artıq o həvəsiniz qalmayıb?
- Artıq dövr dəyişib. İndi kaset dövrü deyil. Heç son dövrlər bilmirəm ki, hansı studiya kaset, albom istehsal edir. İndi gedib hər hansı studiyada mahnı yazdırırıq, onu bir dəfə efirdə oxuyan kimi, səhəri işbazlar internetə qoyurlar və mahnı beləcə, yayılmağa başlayır. Yaşımın bu vaxtı mənə yaraşmaz ki, belə şeylərə görə kimisə məhkəməyə verim. Artıq hər şey dəyişib. İndi stolun üstə nəyisə dınqıldada-dınqıldada mahnı oxuyurlar və bütün Azərbaycana yayılır.
- Sosial şəbəkələrin bu qədər aktiv olduğu bir dövrdə sizin "Facebook” və "İnstaqram” səhifəniz varmı?
- Mən o dediklərinizdən istifadə etmirəm. İnternetdən ancaq saytlardan xəbər oxumaq üçün istifadə edirəm. Azərbaycanda və dünyada baş verən hadisələri izləməyə çalışıram. "İnstaqram”ın nə olduğunu bilmirəm. Nəyə xidmət etdiyini bilmək istəmirəm. Kimlərsə özünü onun vasitəsi ilə reklam edir və tamaşaçı kütləsi toplamağa çalışır. İnternetdə baxıram ki, mənim mahnılarımdan da istifadə edirlər. Mahnılarımın, tanımadığım ifaçılar tərəfindən belə oxunduğunun şahidi oluram.
- Nəinki "Youtube”da, el şənliklərində də ifaçılar sizin mahnılarınızdan çox istifadə edirlər. Onlara hər hansı etirazınızı bildirirsinizmi?
- Əlbəttə ki, mənim onların hamısından xəbərim var. Bilirəm ki, Azərbaycan müğənnilərinin 80 faizi mənim mahnılarımı oxuyurlar. Hətta bəziləri mənə zəng edib xeyir-dua alırlar. Mən də onlara öz xeyir-duamı verirəm. Ancaq şərtimi də bildirirəm. Qeyd edirəm ki, elə oxuyun ki, mənim mahnım sizin ifanızda gözəl səslənsin və mən də fəxr edim.
- Sizcə, sizin mahnınızı sizdən gözəl oxuya bilərlərmi?
- Həyatda hər cür insanlar var. İstəyərdim ki, doğrudan da elə müğənnilər olsun ki, məndən yaxşı oxusun və mən o mahnımla fəxr edim. Əgər o mahnının bəstəkarı mənəmsə, təbii ki, əsərimin kimlərsə tərəfindən gözəl səsləndirilməsi məni sevindirər. O, mənə xeyir gətirər ki, ziyan gətirməz. Mahnını oxuyanda deyəcəklər ki, bu mahnı Baloğlan Əşrəfovundur. Ancaq elə müğənnilər də var ki, mahnılarımı çox pis oxuyurlar, onda xəcalətimdən səsim də çıxarda bilmirəm.
- Xaricdə yaşayan azərbaycanlılar öz toylarına müğənnilərimizi dəvət etməkdə maraqlıdırlar. Bəs sizi necə, həmin toylara dəvət edirlərmi?
- Xaricdə yaşayan azərbaycanlılarımızın toylarında oluruq. Allah onlara can sağlığı versin. Ancaq bəzi müğənnilərdən fərqli olaraq, mənim xaricdə toyda iştirak etməyim onlara bir az baha başa gəlir. Çünki mən təkbaşına çantamı qoltuğuma vurub, toya getmirəm. Ölkə xaricindəki toylara da öz ansamblımla gedirəm. Bir var tək gedəsən, bir də var 10 nəfərlə. Ancaq yenə də məni sevənlər dəvət edirlər.
- İndiyə qədər heç fonoqram oxumayıbsınız?
- Əgər mən fonoqram oxusam, özümlə 10 nəfəri niyə xaricə toylara aparım ki? Əslində, bu mövzu ilə bağlı çox danışmaq istəmirəm. Müğənnilər var ki, dünyanın o başına gedirlər və fonoqram oxuyurlar. Mən haram pul qazana bilmirəm. Nə qədər nəfəsim var, canlı oxuyacağam. Fonoqram oxusam utanaram, xəcalət çəkərəm. Yaşımın bu vaxtında məni təhqir etsələr, gərək gedib özümü asım.
- Ancaq bu gün toylarda fonoqramla oxuyanların qiyməti sizin getdiyiniz toylardan daha bahadır.
- Bu, toy sahibinin özündən asılıdır. Toy sahibi istəyir ki, onun övladının toyunda fonoqramla oxusunlar. Bəziləri öz toylarında müğənniləri xaricdən dəvət edirlər. O, müğənnilər gəlib bizimkilərin pullarını alıb ciblərinə qoyurlar, bir-iki fonoqram oxuyub gedirlər. Əslində bu, mənə çox ləzzət edir. Deyirəm ki, elə musiqidən anlayışı olmayanların pulunu xaricilər aparsalar yaxşıdır. Mən Allahımdan qorxuram. Nə vaxtsa canlı oxuya bilməsəm belə, fonoqramdan istifadə etmərəm.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər