“Balıqçılığın yazılmamış qanunları var” - Gənclərə məsləhət
Yəqin ki,
bir çoxlarınız balıq yeməyi sevirsiniz. Amma budəfəki yazımızda balığın
faydaları haqda yazmaq niyyətində deyilik. Çünki balığın faydaları haqda az-çox
hamı məlumatlıdır. Məşhur atalar sözündə də deyildiyi kimi, mənə balıq yeməyi
yox, balıq tutmağı öyrət. Bəs görəsən, balıqçılığın özünəməxsus sirləri varmı?
Ümumiyyətlə, hər balığı ovlamaq olarmı?
Həmsöhbətimiz
15 yaşından bəri həvəskar balıqçılıqla
məşğul olan "Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədlidir. Müsahibim
deyir ki, gündüzlər vaxtı olmadığına görə, adətən, gecələr balıq tutmağa gedir:
"Əslində mən peşəkar yox, həvəskar balıqçı hesab edilirəm. Adətən qarmaqla
dənizdən, yaxud axar çaylardan balıq tutmağı xoşlayıram. Balıq tutmaq mənim
üçün beynimi dincəltmək üçün ən yaxşı vasitələrdəndir. Bundan başqa, balıq
tutduğumuz zaman təbiətlə təmasda oluruq ki, bu da mənim həm ruhən, həm də
fiziki olaraq sağlamlığımı qoruyur. Vaxtın çox məhdud olmasına baxmayaraq, balıqçılığa olan həvəsim o
qədər çoxdur ki, gecə də olsa, balıq
tutmağa çalışıram. Adətən balıq mövsümü başlayanda həftədə ən azı bir dəfə öz
sevimli hobbimlə məşğul olmağa çalışıram. Gündüzlər vaxtım olmadığına görə,
gecələr fanar və projektorlarımı götürür, dənizin sakit bir yerinə üz tuturam”.
Həmsöhbətim
balıq tutmağın sirləri haqda da söz açdı: "Təəssüf ki, Azərbaycanda
balıqçılığın qaydalarına 90 faiz hallarda düzgün əməl edilmir. Bəzən hətta
peşəkar balıqçılar belə bu qaydalara bilərəkdən və ya bilməyərəkdən əməl
etmirlər. Əslində, balıqçılığın qanunla tənzimlənən normaları var. Müəyyən
ölçüdə olduğu halda, balıq tutmağa icazə verilir. Məsələn, mənim ən çox
sevdiyim balıq kütümdür. Kütüm balığı 43 santimetrdən kiçikdirsə, onu mütləq
suya qaytarmaq lazımdır. Çünki bu ölçüdən kiçik olan balıqlar hələ tam
yetişməyib və nəsil artırmayıb. Amma bir çox hallarda balıqçılar xırda
balıqları tuturlar. Bəzən hətta evə aparmasalar belə, onları gölün qırağına
atırlar. Həmçinin, kürülü balığı tutduqdan sonra suya buraxmaq lazımdır. Bu həm
də insanın daxili vicdan məsələsidir. Yəni balıqçılığın yazılmayan qaydaları
var. Hətta bir neçə dəfə mən özüm də balıqçılardan belə balıqları suya
qaytarmalarını tələb etmişəm. Çünki kürülü balıq bir aydan sonra 500-dən artıq
balıq deməkdir. Hətta elə olub ki, özüm tutduğum balığı həmin balıqçılara
vermişəm ki, təki, kürülü bağlığı suya buraxsınlar. Belə hallara özüm də çox şahidlik etmişəm.
Əksər balıqçılar balıqları öz əyləncələri xətrinə qurban vermirlər. Biz elə
etməliyik ki, gələcək nəsillərimiz də balıq tuta bilsin. Son illər ərzində su
hövzələrində balıqların qıtlığı müşahidə olunur. Sevindirici haldır ki, son iki
ildə bu məsələlərə ciddi nəzarət olunmağa başlayıb. Balıqartırma işi
intensivləşib. Su hövzələrinə elektrik verməklə balıqları məhv edən
"quldurlar”la sərt mübarizə aparılır. Biz özümüz də çalışırıq ki, onları
müəyyən etdikcə, hüquq-mühafizə orqanlarına bildirək. Gücümüz çatdığı qədər bu
vəhşiliklərin qarşısını almağa çalışırıq. Çünki bu, hər bir vətəndaşın
borcudur. Balıq ən gözəl nemətlərdən biridir. Biz onları məhv etməməli, əksinə
artmasına çalışmalıyıq”.
Müsahibimiz
balıq tutmaq həvəsində olan gənclərə bu məsələlərdə prinsipiallıq
göstərmələrini tövsiyə etdi: "Balığa təkcə qida kimi yanaşmaq düzgün deyil.
Balıqçılıq əyləncə ilə yanaşı, insanın təbiətlə təmasıdır. Çalışmaq lazımdır
ki, balıq tutduğunuz məkanları zibilləməyəsiniz. Orta nəsil təmizlik
qaydalarına riayət etsə də, gənclər bəzən buna əhəmiyyət vermir. Dəfələrlə
balıq tutduğumuz yerlərin çirkləndiyinin şahidi olmuşuq. Sanitar qaydalara əməl
etmək ən vacib məsələlərdəndir. Bu məsələlərə kortəbii yanaşmaq olmaz. Balıq
tutmaq, təbiəti məhv etmək deyil. Gənclərin böyük hissəsinin əyləncə anlayışı
bir qədər fərqlidir. Əksəriyyət gününü kafelərdə, çayxanalarda keçirməyi sevir.
Onlara tövsiyə edərdim ki, daha çox təbiətlə təmasda olsunlar”.
Şəbnəm