• cümə, 29 Mart, 17:36
  • Baku Bakı 14°C

Balığı sal qəfəsə ki...

15.11.18 09:30 933
Balığı sal qəfəsə ki...
"Xəzər dənizində qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklərin edilməsi lazımdır”. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib. M.Axundov bildirib ki, dənizdə qəfəslərin quraşdırılması üçün hüquqi baza kifayət qədər təkmil deyil. İnstitut direktorunun sözlərinə görə, hazırda qanunvericilikdəki boşluqlar qəfəs tipli balıq təsərrüfatları yaratmağa imkan vermir. Dənizdə qəfəslərin qurulması üçün dövlət qurumlarından icazə alınmalıdır: "Amma başqa ölkələrdə sahilyanı dəniz akvatoriyalarından istifadə ilə bağlı qanunlar olur. Akvakulturanın inkişaf proqramına biz bu məsələni daxil edəcəyik və qanunvericilikdəki o boşluqları götürəcəyik. Çünki başa düşürük ki, Azərbaycanda akvakulturanın inkişafı daha çox marikultura, yəni dəniz vasitəsilə olacaq. Dənizdə qəfəslərin yaradılması üçün ilk növbədə hüquqi baza olmalıdır”. M.Axundov hesab edir ki, dənizdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün Türkiyənin təcrübəsindən istifadə etmək olar: "Türkiyə Qara dəniz, Egey, Aralıq, Mərmərə dənizlərində qəfəs quraşdırıb. Onların 4 dənizdə qəfəs tipli marikultura fermaları mövcuddur. Biz o təcrübədən istifadə etməliyik”.
Qeyd edək ki, "Akvakulturanın həyata keçirilməsi” qaydasına əsasən, sənaye akvakulturasının, o cümlədən marikulturanın həyata keçirilməsi üçün Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində, təbii balıqçılıq obyektləri olan çaylarda, göllərdə, su anbarları, su təchizatı kanalları və digər yerüstü su axınlarında, sututarlarda yerləşdirilmiş balıqçılıq qəfəslərindən, akvariumlardan, xüsusi üzmə qurğularından, qapalı su təchizatı qurğularından və digər yerlərdən istifadə edilə bilər.
Bu qəfəslərin növbəti mərhələdə balıqçılığın inkişafında hansı effektləri verəcəyini öyrənməyə çalışdıq.
Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun hidrobiologiya laboratoriyasının müdiri Adil Əliyev qeyd etdi ki, belə qəfəslərin yaradılması mümkündür: "Üstünlükləri də ondan ibarətdir ki, bir tərəfdən Xəzərdə nadir növə çevrilən balıq növlərinin artırılması, o biri tərəfdən isə iqtisadi əhəmiyyəti olan balıq növlərinin də yetişdirilməsi və bazara çıxarılması baş verəcək. Akvakultura dənizdə olan balıqların iqtisadi əhəmiyyətli növlərinin çoxaldılıb bazara çıxarılmasıdır. Bir tərəfdən də onların təbii ehtiyatının artırılması baş verəcək. Balıqlar arasında elə növlər var ki, onların nəsli kəsilmək üzrədir. Məsələn, nərəkimilərin sayının azalması hiss olunur və onların bu qəfəslərdə artırılıb təbiətə buraxılması, bazara çıxarılması yaxşı olar. Dünya miqyasında bu iş artıq çoxdandır ki, gedir. Bizim respublikada da bu istiqamətdə ilk addımlar atılır”.
Azərbaycan Ekologiya Standartlarının Monitorinqi Fondunun müdiri Rauf Soltanovbildirdi ki, bu təklif balıqçılığın inkişaf etdirilməsi üçün atılmış çox gözəl addımdır: "Qəfəs təsərrüfatlarında yetişdirilən balıqların əti qida təhlükəsizliyi baxımdan olduqca əhəmiyyətlidir. Qəfəslərdə çoxaldılan və yetişdirilən balıqlar gigiyenik baxımdan daha etibarlı olacaq. Bu tipli təsərrüfatlarda balıqlara nəzarət də asan başa gələcək. Balıqçılığın kortəbii şəkildə inkişaf etdirilməsi deyil, bu tipli təsərrüfatların yaradılması hesabına inkişaf etdirilməsi daha məqsədəuyğundur. Bu təcrübə xüsusilə də kapitalist ölkələrində daha çox yayılıb. Qeyd edilən üsul kifayət qədər əlverişlidir. Xəzər olduqca zəngin dənizdir. Burada həmin qəfəslərin qurulması üçün hər cür şərait var. Balıqçılığa belə qayğı göstərilməsi, onun inkişafı üçün müəyyən addımların atılması dənizkənarı ölkələr üçün iqtisadi baxımdan əhəmiyyətlidir. Dənizkənarı digər ölkələrə nisbətən, Azərbaycanda bu sahənin inkişafı üçün çox yaxşı imkanlar var. Biz bundan istifadə etməklə nəinki yerli bazarı təmin edər, həmçinin balığın xarici bazarlarda satışına da nail ola bilərik. Düşünürəm ki, bu sahənin inkişafında dövlət dəstəyi çox vacibdir. Buna görə də nazirliyin təklifi ilə tam razıyam”.
Günel Azadə
banner

Oxşar Xəbərlər