• cümə, 19 Aprel, 14:17
  • Baku Bakı 25°C

Bağlı qapıları açanlar – Sadə peşə adamı

07.04.15 05:25 7163
Bağlı qapıları açanlar – Sadə peşə adamı
Rövşən Həsənəliyev: “Açar ustası olmaq böyük risk və dürüstlük tələb edir”
Bu sənətin sahiblərinə hər kəsin işi düşür. Çünki onların hazırladığı əşyadan evdə, işdə, maşında, bir sözlə, hər yerdə istifadə edirik. İtirdikdə və ya sıradan çıxdıqda gözümüz dərhal bu sənət adamlarını axtarır. Çünki onlar bizim aça bilmədiyimiz bütün qapıları açırlar.
“Sadə peşə adamı” rubrikasının bu dəfəki qonağı açarların təmiri və düzəldilməsi ilə məşğul olan sənətkar Rövşən Həsənəliyevdir.
Rövşən Cəbrayıl rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra açarlarla işləməyi, sənətin bütün sirlərini öyrənməyi qarşısına məqsəd qoyub. Müsahibimiz deyir ki, bu sənət ona ata-babalarından yadigardır: “Uşaqlıqda ali təhsil almağa marağım olmayıb. Çünki bizim nəslimiz sənətkar nəsli olub və biz heç bir təhsil almadan bu sənətə sahiblənmişik. Yaxşı sənətkarın həmişə çörəyi olur. Əsas odur ki, işinin , sənətinin peşəkarı olasan. Uşaq yaşlarımdan atam-babam açar təmir edirdi. Mən də onların əlinə baxır, sənətin sirlərini öyrənirdim. Hərbi xidmətdən qayıtdıqdan sonra isə peşəkar şəkildə bu işlə məşğul olmağa başladım”.
Əsas silahımız ağlımızdır
20 ildir açar təmir edən sənətkar deyir ki, bu sənət çox sirli və qeyri-adidir. Belə ki, bu sənət adamlarının aça bilməyəcəyi qapı yoxdur. Sənətinin sirlərindən söhbət açan həmsöhbətimizin sözlərinə görə, bu işin peşəkarı olmaq üçün ilk növbədə vicdanlı olmalısan: “Açar təmiri göründüyü qədər də asan iş deyil. Bu sənətlə məşğul olan adamın gərək iti gözləri olsun. Açarın dillərini kəsərkən ölçünü zərgər dəqiqliyi ilə görməlisən. Yaxşı açar ustası ilk növbədə düzgün, ikinci növbədə səbirli olmalıdır. Səbrin olmasa, o detalları vaxtında yığıb yerinə qoya bilməzsən. Bu işdə əsas silahımız ağlımızdır. Çünki ağlımız olmasa, heç bir qapını aça bilmərik. Biz açarın xarici görünüşünə baxıb, daxili görünüşünü təyin edirik. Bəzən hansı növ açar olmasını, problemin nədən ibarət olduğunu barmaqlarımızı toxundurmaqla hiss edirik”.
Vicdan və dürüstlük
Müsahibimiz deyir ki, fərqi yoxdur, insan hansı işlə məşğul olursa olsun, sənətini sevməli və onun haqqını verməlidir. Həmsöhbətimizin sözlərinə görə, bu sənət digərlərindən fərqli olaraq böyük risk və dürüstlük tələb edir. Çünki bütün qapıları aça bilən insan bu bacarığından oğurluq məqsədilə də istifadə edə bilər: “Hər bir sənətdə olduğu kimi, bu sənəti də öyrənmək üçün gərək ilk növbədə işini sevəsən. İşini sevməsən və qabında nə isə olmasa, sənət öyrənmək mümkün deyil. Mənim tələbələrim olur. Bəziləri sənəti çox asanlıqla öyrənir, bəzilərinə nə qədər deyirsənsə, başa düşmür. Çünki o, sənəti sevdiyi üçün yox, pul qazanmaq üçün öyrənməyə gəlib. Bizim işin də əsas xüsusiyyəti işi sevgiylə görməkdir. Çünki sevməsən, bu işdən başqa məqsədlər üçün də istifadə edə bilərsən. Açar təmirçiləri istənilən evin qapısını asanlıqla aça bilirlər. Məsələn, mənim üçün açılmayan qapı yoxdur. İstənilən qapını 5 dəqiqəyə, bəzilərini isə 5 saata açıram. Son nəticədə bütün qapılar bizim üzümüzə açılır. Bunun üçün vicdanlı və dürüst olmalısan ki, sənətin də haqqını verəsən və insanlar da sənə güvənə bilsinlər”.
Usta deyir ki, əvvəlki illərə nisbətən indi açar düzəltmək nisbətən asanlaşsa da, çətin tərəfləri də var. Onun sözlərinə görə, texnikanın inkişafı açar ustalarının gəlirlərinə də mənfi təsir göstərib: “Əvvəllər açarları dəmir məftillərlə düzəldirdik, əllərimizi zədələyirdi. Daha sonra aparatlar çıxdı, işimiz bir qədər asanlaşdı. Lakin müasir dövrdə elektronika inkişaf etdiyinə görə artıq mexaniki açarlar sıradan çıxmağa başlayır. Bu da bizim gəlirlərimizi azaldır. İndi isə elektron açarların təmirini, sirlərini öyrənməyə çalışırıq”.
Qapını açdım və gördüm ki...
Rövşən iş başında qarşılaşdığı maraqlı hadisələri də bizimlə bölüşdü. O deyir ki, bu sənət elə bir sənətdir ki, həm məzəli, həm də təhlükəli hadisələrlə tez-tez rastlaşırlar: “Bir dəfə vəzifəli şəxslərdən biri evinin qapısını açmaq üçün mənə müraciət etdi. Deməli, bu şəxs evdən çıxıb həyətə düşdükdə nə isə yadından çıxıb geri qayıdıb. Lakin qapını aça bilməyib. Mən gəlib qapını açmağa başlayanda, hiss etdim ki, içəridən kimsə qapını bağlayır. Sən demə, evdə oğru var imiş. Ev sahibi qapının ağzından ayrılmadığı üçün oğru da evdən çıxa bilmirmiş. Biz qapını açdıqca, o da içəridən bağlayıb. Nəhayət, qapını açdım və gördük ki, həmin şəxs içəridədir. Polisə müraciət etdik, oğrunu yaxaladılar”.
Həmsöhbətimiz deyir ki, onlar evlərə, qapını açmağa çox vaxt polis nəzarəti ilə gedirlər. Çünki heç kim təminat verə bilməz ki, açar ustasına müraciət edən şəxs öz evinin qapısını açdırır. Məlum məsələdir ki, bu, oğru da ola bilər. Belə hadisələrdən biri müsahibimizin başına gəlib: “Bir dəfə iki gənc oğlan mənə yaxınlaşdı ki, qapımız açılmır, mən qapını açım. Bunlarla birlikdə evə yollandıq. Lakin oğlanların hərəkəti mənə şübhəli gəldi. Binaya daxil olmamışdan əvvəl bunlarla birlikdə sahə polisinin yanına getdik. Elə polislə danışırdım ki, arxamı çevirdim, gördüm oğlanlar yoxdur. Sən demə, bunlar ev sahibləri yox, oğru imişlər. Belə hallarla qarşılaşmamaq üçün diqqətli olmaq lazımdır. Hər qapını aça bilmək o demək deyil ki, hər evə daxil ola bilərsən”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər