Balanslaşdırılmış xarici siyasəti korrektə edilir
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 2-də
Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfiri Nikolaos Piperiqkosun
etimadnaməsini qəbul etdi. Dövlət başçısı adətən səfirləri qəbul edəndə onlarla
ancaq ikitərəfli əlaqələrin müsbət məqamlarından danışır. Bu dəfə belə olmadı.
İlham Əliyev səfirə Yunanıstan haqqında bütün tənqidi düşüncələrini açıq dedi.
Birincisi, preizdent dedi ki, Yunanıstan iki il əvvəl Avropa
İttifaqı ilə Azərbaycan arasında
paraflanan "Tərəfdaşlıq Prioritetlərinə” sənədinə zidd siyasət aparır. Həmin sənəddə
Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyib. Bu səbəbdən Yunanıstanın Azərbaycan torpaqlarını işğal edən
Ermənistanla hərbi əməkdaşlığı genişləndirməsi Azərbaycanın haqlı narazılığına
səbəb olub. Digər tərəfdən İlham Əliyev Ermənistan, Yunanıstan və Kipr arasında
hərbi əməkdaşlıqla bağlı narahatlığını səsləndirdi.
İkincisi, İlham Əliyev Afinanın bir neçə il əvvəl Bakıya
verdiyi vədini yerinə yetirmədiyini xatırlatdı: "Yunanıstanın keçmiş hökuməti
bizə Yunanıstanın qaz şirkəti olan "DESFA”nın özəlləşdirilməsində SOCAR-ın
iştirakını təklif etmişdi. Biz tenderə qoşulduq və qalib olduq. Açıq tender
proseduru nəticəsində SOCAR ən yaxşı təklifi etdi və "DESFA”ya sahib olmaq
hüququnu qazandı. Bu, bizim Cənub Qaz Dəhlizinin tikintisi ilə bağlı planlarımız
baxımından da mühüm əhəmiyyət kəsb edirdi. Bu 6 il əvvəl olub. Biz düşündük ki,
Azərbaycan Yunanıstanı qazla təchiz edəcəksə, bu qazı paylaşdıran şirkətə sahib
olmaq da yaxşı olar. Ancaq əfsuslar ki, Yunanıstanın əvvəlki hökuməti SOCAR-ın
bu hüququ itirməsi üçün hər şeyi etdi. Əgər Yunanıstan hökuməti bizə belə
münasibət göstərirsə, biz də necə cavab verəcəyimiz barədə düşünməliyik”.
Üçüncüsü, İlham Əliyev Yunanıstan səfirinə açıq dedi ki, o Şərqi
Aralıq dənizində yaranan hazırki gərgin durumda birmənalı şəkildə qardaş və
strateji müttəfiq Türkiyəni dəsətkləyir: "Biz
heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik.
Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə
dəstəkləyirlər və biz onları bütün məsələlərdə, o cümlədən Şərqi Aralıq dənizində
kəşfiyyat məsələsində dəstəkləyirik”.
İlham Əliyev Yunanıstan səfirinə sonda onu da dedi
ki, Yunanıstanla Azərbaycan arasında əlaqələrdə müsbət məsələ tapa bilmir.
İlham Əliyevin sözlərinə görə, ikitərəfli əlaqələr Yunanıstan hökumətinin siyasəti
və mövqeyindən asılı olacaq.
Aydındır ki, Yunanıstan hökuməti Azərbaycanla bağlı
siyasətini dəyişməyəcək. Afina SOCAR-a "DESFA”nın səhmlərini verməyəcək, Ermənistanla
sıx əlaqələrdən imtina etməyəcək və Şərqi Aralıq dənizində Türkiyəyə müqavimət
göstərməkdə davam edəcək. Bu is o deməkdir ki, Azərbaycanla Yunanıstan
arasındakı əlaqələrin inkişafını gözləmək yersizdir. İki ölkə arasındakı əlaqələr
sadəcə, Azərbaycanın Yunanıstana qaz satmasından ibarət olacaq.
İlham Əliyev Yunanıstan səfiri ilə görüşdə
Rusiyanın Ermənistana hərbi yüklər göndərməkdə davam etdiyini də xatırlatdı.
İlham Əliyev bir müddət əvvəl bununla bağlı iradını rusiyalı həmkarı Vladimir
Putinə çatdırdıqdan sonra da Kreml Ermənistana hərbi yüklər göndərməkdə davam
edir. Demək, rəsmi Bakı Yunanıstanla olduğu kimi Rusiya ilə siyasi münasibətləri
korrektə etmək məcburiyyətindədir. Bu isə rəsmi Bakının illərdir apardığı
balanslaşdırılmış xarici siyasətin korrektə olunması deməkdir. Bu doğru
strategiyadır.
Elxan Şahinoğlu
"Atlas”
Araşdırmalar Mərkəzi