• cümə axşamı, 25 aprel, 04:46
  • Baku Bakı 19°C

Balacaların kitab sevinci - Fotolar

03.04.15 05:49 2495
Balacaların kitab sevinci - Fotolar
Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında VII Milli Uşaq Kitab sərgisi keçirilir. Beynəlxalq Uşaq Kitab Gününə həsr olunmuş sərginin açılış mərasiminə daha çox balaca oxucular qatılsa da, onlarla yanaşı, tədbirdə müəllimlər, valideynlər və uşaq yazıçılarından Qəşəm İsabəyli, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Füzuli Əsgərli, Aygün Bünyadzadə və başqaları iştirak edirdi. Amma daha böyük həvəs və marağı balacaların üzündə görmək olurdu. Onlar böyük maraqla müəllim və valideynlərinə seçdikləri kitabları göstərirdilər. Hətta seçdikləri kitabları elə sərgidə oxumağa başlayanlar da var idi.
Son illər nəşr olunan uşaq ədəbiyyatı ilə tanışlıq...
Açılış mərasimində ilk olaraq çıxış edən kitabxananın direktoru Şəhla Qəmbərova bildirdi ki, sərginin təşkilində əsas məqsəd uşaqların informasiya tələbatının ödənilməsi ilə əlaqədar onların ölkəmizdə son illərdə nəşr olunan uşaq ədəbiyyatı ilə tanış edilməsi, kitaba və mütaliəyə həvəslərinin artırılması, habelə milli dəyərlərimizi yaşatmaqdır: “Beynəlxalq Uşaq Kitab Günü bütün dünyada qeyd olunur. Bizim kitabxanada isə artıq 7 ildir ki, milli uşaq ədəbiyyatından ibarət sərgi təşkil edilir. 22-dən çox başlıq altında müxtəlif mövzularda kitabları balaca oxucularımızın ixtiyarına vermişik. Azərbaycan milli uşaq ədəbiyyatı ilə bağlı nə varsa, bu sərgidə onları əhatə etməyə çalışmışıq”.
Daha sonra sərgi iştirakçıları üçün nümayiş olunan kitabların video slaydı da təqdim olundu. Bildirildi ki, sərgidə nümayiş edilən kitabların hər birindən fondda var və oxucular maraqlandıqları kitabları əldə edə bilərlər.
Sərgidə son dövrlərdə nəşr olunmuş uşaq ədəbiyyatı nümunələri 30 mövzu, o cümlədən “2 aprel - Beynəlxalq Uşaq Kitabı Günü”, “Xalq yaradıcılığı paytaxtları-2015”, “Nağıllar aləmində”, “Sizin sevimli yazıçılarınız”, “Gözlə bizi, Qarabağ” və digər adlar altında nümayiş olunur.
“Uşaqlar illüstrasiyalı kitablara maraq göstərirlər”
Hər il sərgiyə qatıldığını deyən uşaq ədəbiyyatı tədqiqatçısı Füzuli Əsgərli bildirdi ki, uşaqların sərgiyə marağı böyükdür: “Uşaqlar illüstrasiyalı kitablara maraq göstərirlər. Mən sərgidə uşaqların kitaba maraqlarına diqqət yetirirəm. Onlar kitabı vərəqləyirlər və illüstrasiya olmayanda örtüb yerinə qoyurlar. Belə bir sərginin təşkil olunması çox yaxşı haldır. Ən azından, oxucularımızın sayı çoxalacaq. Mən ali məktəbdə dərs deyirəm və tələbələrə zorla kitab oxutdururam. Belə olmamalıdır. Uşaqların kitaba marağının olmaması ailə və mühitlə bağlıdır. Hər bir ailədə ən azı 10-15 kitabdan ibarət balaca kitabxana olmalıdır. Valideyn oxuyanda, uşaq da kitaba həvəsli olur. Xarici ölkələrdə də internet var, amma kitab oxucularının sayına təsir etmir. Abdulla Şaiqin bir şeirini uşağa əzbərlətməklə heç nə qazanmırıq. Dünya ədəbiyyatı ilə rəqabətə girməliyik”.
“Marağım olmasaydı müəllim məni məcbur gətirə bilməzdi”
Kənardan izləməklə məktəblilərin də sərgiyə marağını açıq görmək olurdu. Onlar kitabları seçməklə yanaşı, tədbirə qatılan müəlliflərlə də ünsiyyətdə olurdular. Şükürlü Elşanə deyir ki, sərgiyə müəllimi ilə birgə gəlib: “Ən çox xoşuma gələn “Göyçək Fatimə” və “Rəsimli heyvanlar sözlüyü” kitabları oldu. O kitabları əldə etmək istəyirəm. Əvvəllər keçirilən sərgilərdə iştirak etməmişəm. Amma maraqlı gəldi. Evdə ən çox anam və babam kitab oxuyur. Mən də onlara baxıb həvəslənmişəm”.
Daha çox Azərbaycan nağıllarını oxumağı sevdiyini deyən Zərinə İmanova sərgini bəyəndiyini bildirdi: “Maraqlı kitablar çoxdur. “Tık-tık xanım”, “Cırtdan”, “Göyçək Fatimə” kitablarını isə çox bəyəndim. Bizdə evdə ən çox bacım kitab oxuyur. Mən də ona baxıb kitab oxumağa həvəslənmişəm. Sinif yoldaşlarımız arasında kitaba maraqlı olanların hamısı sərgiyə qatılıblar”.
Novruzova Jalə deyir ki, kitaba marağı olduğu üçün sərgiyə gəlib: “Müəllim bizə sərginin keçiriləcəyini dedi və sinifdə marağı olanlar gəliblər. Əgər marağım olmasaydı müəllim məni məcbur gətirə bilməzdi. “Dəniz qızı” və digər şeir və nağıllar kitabları xoşuma gəldi. O kitabları alıb oxumaq istəyirəm. Buradakı kitablar uşaqların yaşına uyğun seçilib. Mən baxdığım kitabların hamısı yaxşıdır. Kitabda şəkillər yox, yazılar daha çox xoşuma gəlir”.
“Uşaq nəyi oxuyacağını bilmir...”
Q.İsabəyli deyir ki, sərgi uşaqlar üçün bir xatırlatmadır: “Uşaq ədəbiyyatını ölmüş hesab etmirəm, amma rəhmətə getmiş adamı bir-iki ildən sonra xatırlamaq təəssüratı yaradır. Sərginin təşkil edilməsi yaxşı haldır. Uşaq nəyi oxuyacağını bilmir və sərgi onlara seçim imkanı verir. Amma tək bu, kitaba maraq yaratmaq üçün yetərli deyil. Maraq ailədən, müəllimdən, böyük bacı-qardaşdan gəlməlidir. Ailələrdə uşaqlara kitab oxumaq marağı aşılanmalıdır”.
Müəllimə Lətifə Məcidova deyir ki, şagirdlərini hər il sərgiyə gətirir. Açılış günü sərgiyə qatılmaq isə şagirdlər üçün daha maraqlı olur: “Sərgidə uşaqlar müxtəlif üslubda yazılan kitabları görürlər. Bu da onlara oxu seçimi verir və kitab oxumağa maraq aşılayır”.
Qeyd edək ki, sərgi aprelin 5-dək davam edəcək. Sərgidə iştirak edən bütün məktəblilərə isə kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı hədiyyə verilir.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər