• çərşənbə, 17 Aprel, 03:04
  • Baku Bakı 14°C

Balaca səfil

31.10.16 11:07 3429
Balaca səfil
Əgər siz də küçədə yağışın altında dayanan balaca Coyu görsəydiniz ona yazığınız gələrdi. Adicə payız leysanı idi, amma Coyun başına yağan yağış çox qəribəydi, yağış damcılarını görən adam bu yağışın palçıqlı və yapışqan kimi olduğunu deyərdi. Amma Bləksburq[1] kimi qəribə hadisələr baş verən bir şəhərdə belə şey çox olardı.
Hə, Bləksburqda çox qəribə şeylər baş vermişdi.
Məsələn, 10 ya da 12 il bundan qabaq göydən balaca qurbağalar yağmışdı. Alimlər göydən ə qədər qurbağa töküldüyünü dəqiq hesablaya bilməsələr də, belə yağışların Fransızlar üçün çox faydalı olacağını dedilər.
Qurbağa yağışından bir neçə il keçəndən sonra isə Bləksburqa tünd qırmızı qar yağdı. Qış fəsli girən kimi bu şəhərdə hava çox soyuq olur, çox tez-tez qar yağır, qar dizə çıxır. Amma qarın qırmızı olmasına heç kim şübhə etmirdi. Həmin il yağan qar qan rəngindəydi, elə əriyəndə də tünd qırmızı suya döndü. Bu qeyri-adi qar alimlərin də diqqətini özünə çəkdi, alimlər bu barədə heç nə bilmədikləri üçün müxtəlif cür izahlar verdi bu hadisəyə. Alimlər dəqiq bir fikir söyləməsələr də Bləksburqun yaşlı adamları nə vaxtsa belə qar yağdığını dedilər. Onlar alimlərdən çox bilirdi belə şeyləri. Qırmızı qarı görəndə bu yaşlı adamlar başlarını bulayıb dedilər ki, Bləksburqda nəsə olacaq.
Doğrudan da, Bləksburqda "nəsə” oldu. Həmin ilin yayı yaddaşlarda hansısa bir sirli xəstəliyin epidemya halında yayılmasıyla yadda qaldı. Həkimlər bu xəstəliyin adını bilməsələr də ən azı Allah bilirdilər bu nə xəstəlikdir. Bu xəstəlik şəhər əhalisinin yarıdan çoxunun həyatına son qoydu. Şəhər əhalisinin çoxu isə şəhərdən çıxıb getdilər, çox gec qayıtdılar. Şükür, gec də olsa geri döndülər. Yenə də körpələr doğuldu, amma neçə illər keçsə də şəhər əvvəlki kimi deyildi.
Bləksburqda baş verən qeyri-adi hadisələrdən biri də Hetti Parlovun ruhunun görünməsidir. Hetti Parlovun qızlıq familiyası Brovnon olub. Bləksburqda bu familiya adi familiya deyildi. Bu familiyanı eşidəndə çox şey yada düşürdü.
Brovnonlar nəsli çox qədim nəsil idi. Onların kökləri Fransanın müstəmləkə altında olduğu illərə gedib çıxırdı. Onların nəsli şəhərdə çox məşhur idi. Yəni, bu familiyanın daşıyıcıları şəhərin ən varlı və ən yaxşı adamları idi. Bu nəslin adamları damarlarında Brovnonların qanı axan hər kəsi son damla qanındək müdafiə edirdi - nəslin adı batmasın deyə.
Bu nəslin bəzi nümayəndələri Bləksburqdan uzaqda yaşayırdılar. Təhsil alan Brovnonların çoxu köçüb başqa yerlərə getsələr də Bləksburqda hələ kifayət qədər Brovnonlar yaşayırdı. Bu nəslin kişiləri şəhərdə yaxşı vəzifə tutur, qadınlar da yaxşı yerlərdə işləyirdi. Hetti Brovnonu şəhərdə hamı çox sevirdi, buna səbəb həm gözəlliyi, həm də xarakteriydi. O Bostonda Parlov familiyalı bir fırıldaqçı, əclaf bir adama ərə getdi. Yaxşı bir nəslin nümayəndəsi kimi Hetti Parlovu Bləksburqa gətirdi, onu kişi elədi, şəhər şurasının üzvü oldu Parlov. Onların bir oğlu oldu, uşağa Cozef adı verdilər. Onlar bu uşağı çox sevir, onu çox əzizləyirdilər. Sonralar bu regionda oğlan uşaqlarına Cozef adı qoymaq dəb halını aldı. Hetti Brovnon və onun əri Parlov da yuxarıda adını çəkdiyim epidemiyann qurbanı oldular. Cozef bir yaşında olanda yetim qaldı.
Bədbəxtlikdən, Cozefin valideynlərini aparan epidemiya bununla kifayətlənmədi. Epidemiya bütün Brovnonların kökünü kəsdi. Bu şəhərdən çıxıb gedən Brovnonlar isə bir daha geri qayıtmadılar. Şəhərdəki adət-ənənəyə son qoyuldu. Brovnonların mükləri, torpaqları yad əllərə keçdi. Beləliklə, şəhərdə yaşayan Brovnonların hamısı Oak Hill qəbirstanlığında torpaq altındaydı. Şübhəsiz, onlar yerin altında da ətraflarındakı yad tayfalardan qorunmaqda bir-birinə dayaq olur, ən yaxşı qəbirlərdə yatırdılar.
İndi isə Hettinin ruhu barədə.
Bir gecə, yəni Hetti Parlovun ölümündən üç il sonra Bləksburqdan olan bir dəstə cavan oğlan gecə faytonda Oak Hill qəbirstanlığınn yanından keçirmiş. Əgər siz burda olmusunuzsa onda yaxşı bilirsiniz ki, Qrintona gedən yol qəbirstanlığın cənub tərəfindədir. Cavan oğlanlar Qrintondan May festivalından qayıdırmış. Onların sayı 10-12 olarmış. Faytonda deyib-gülür, yolu qısaltmq üçün söhbət edirlərmiş. Gecə zil qaranlıq imiş. Onlar qəbirstanlığın yanından keçəndə faytonu sürən oğlan qəflətən faytonu saxlayır. Çox şübhəsiz, bu, möcüzəydi. Çünki Hetti Parlovun ruhu qəbirstanlığın tən ortasında dayanmışdı. Gördüklərinə şübhə ola bilməzdi, çünki Bləksburqda hər cavan oğlan Hettini yaxşı tanıyırdı. Onun əynində kəfən vardı. Uzun saçları pırtlaşıq idi, baxışları da uzaqlara dikilmişdi. Ruh qollarını üzü qərb tərəfə uzadıb sanki Allaha yalvarırdı ki, ulduzları göndərsin. Halbuki ulduzlar əlçatmaz idi.
Faytondakı oğlanların hamısı ruhu görən kimi səslərini kəsirlər. Onlar şənlənsələr də festivalda kofedən və limonaddan başqa heç nə içməmşdilər. Onlar Hetti Parlovun ruhunun səsini eşidirlər: O "Coy, Coy” deyib çağırırmış.
Bir an sonra ruh yoxa çıxır, gözə görünmür. Əlbəttə, buna hər adamın inanmağı gəlməz.
Bu hadisə baş verən anda hamının Coy çağırdığı Cozef ölkənin əks istiqamətində, Nevada ştatında, Vinnemukka yaxınlığındakı yovşanlıqda avaralanırdı. Onu bu şəhərə atasının uzaq qohumları olan yaxşı adamlar aparmışdı. Bu adamlar onu övladlığa götürmüş, onun qayğısına qalırdılar. Həmin axşam isə Cozef evdən çıxmış, səhrada azmışdı. Onu Piute hinduları tapmış, bir müddət onu yanlarında saxlamış, sonra isə onu Vinemukkadan uzaq olan bir dəmiryol stansiyasında şərqə gedən qatarla səyahət edən bir qadına satmışdılar. Bu qadının uşağı olmadığından Cozefi övladlığa götürdü. Həyatının bu mərhələsində Coyun vəziyyəti yaxşı idi.
Onun təzə anası xanım Darnell Ohayo ştatında, Klivlenddə yaşayırdı. Amma övladlığa götürdüyü uşaq onun yanında da çox qalmadı. Bir gün axşamtərəfi Cozefi polisin yanında görüblər. O bu dəfə də evdən qaçıb getmişdi. Bu dəfə o qatarla harasa getmək istəyirmiş. Üst-başı çirkli imiş. Polis onu evdən qaçdığı üçün Uşaq sığınacağına təhvil verir. Orda onun üst-başını yuyub çimizdirirlər. Coy Vaytvildə yerləşən uşaq sığınacaq mərkəzindən də qaçır. Bu dəfə onu meşədən tapdılar, onu bir daha sığınacağa qaytarmadılar.
Bu dəfə onu yağışlı bir gündə Bləksburqun küçələrindən birində tapdıq. Biz onu tapanda yağış palçıqlı və yapışqan kimi deyildi. Amma Cozefin üzü və əlləri bir az çirkli idi, elə bir rəssam əliylə onun üzü çirkli suyla yuyulmuşdu. Bu balaca səfilin ayağında ayaqqabı yox idi, ayaqları soyuqdan qızarmış, şişmişdi. Yeriyəndə hər iki ayağı da axsayırdı. O ki qaldı əynindəki paltara, buna paltar demək mümkün deyildi. O soyuqdan tir-tir əsirdi. Həmin axşam kim bayırda qalsaydı soyuqdan ölərdi. Heç kim bilmirdi Coy necə olmuşdu ki, bura gəib çıxmışdı. Hətta o harda olduğunu da deyə bilmirdi.
Üşüməyinə və ac olmağına baxmayaraq Coy axsaya-axsaya birtəhər yeriyirdi. Əvvəlcə o küçənin tinindəki həyətə girmək istədi. Amma o həyətə girməyə cəhd edəndə böyük bir it ona mane oldu. O itdən o qədər qorxmuşdu ki, bunu sözlə demək qeyri-mümkündür. Ona görə də o daha heç bir həyətə girməyə qorxurdu. Palçıqlı yolla o qaranlıqda Qrintona tərəf getməyə başladı. Qrintona gedən yol Oak Hill qəbirstanlığının yanından keçir.
O biri gün səhər tezdən Cozefi qəbirstanlıqdan tapdılar. O yenə də üşüyürdü, amma ac deyildi. Güman ki, o qəbirstanlığa ona görə girib ki, bəlkə orda it olmayan bir həyət tapıb orda daldalansın. Qaranlıqda yeriyəndə neçə qəbrin yanında yıxılıb, sonda it olmayan bir həyət tapmaq fikrindən daşınır. Onu tapanda o palçıqlı üzünü palçıqlı əlinin üstə qoyub qəbrin üstə yatmışdı. Üzünün torpağa dəyən tərəfi palçıqlı idi. O biri əliylə isə əynindəki cır-cındırı üstünə çəkməyə çalışıb ki, bədəni isti qalsn. Onun üzünün o biri tərəfi tərtəmiz idi, sanki Allahın mələklərindən biri öpmüşdü onu.
Sonra məlum oldu ki, bu balaca səfilin başını qoyub yatdığı qəbir öz anasının qəbri imiş. Hetti Parlovun qəbri.
İngiliscədən tərcümə: Sevil Gültən
[1] Amerika Birləşmiş Ştatlarında, Virciniyada şəhər adı
banner

Oxşar Xəbərlər