Balaca səfil
Əgər siz də küçədə yağışın altında dayanan balaca Coyu görsəydiniz ona
yazığınız gələrdi. Adicə payız leysanı idi, amma Coyun başına yağan yağış çox qəribəydi,
yağış damcılarını görən adam bu yağışın palçıqlı və yapışqan kimi olduğunu deyərdi.
Amma Bləksburq[1] kimi qəribə hadisələr baş verən bir şəhərdə belə şey çox olardı.
Hə, Bləksburqda çox qəribə şeylər baş vermişdi.
Məsələn, 10 ya da 12 il bundan qabaq göydən balaca qurbağalar yağmışdı.
Alimlər göydən ə qədər qurbağa töküldüyünü dəqiq hesablaya bilməsələr də, belə
yağışların Fransızlar üçün çox faydalı olacağını dedilər.
Qurbağa yağışından bir neçə il
keçəndən sonra isə Bləksburqa tünd qırmızı qar yağdı. Qış fəsli girən kimi bu şəhərdə
hava çox soyuq olur, çox tez-tez qar yağır, qar dizə çıxır. Amma qarın qırmızı
olmasına heç kim şübhə etmirdi. Həmin il yağan qar qan rəngindəydi, elə əriyəndə
də tünd qırmızı suya döndü. Bu qeyri-adi qar alimlərin də diqqətini özünə çəkdi,
alimlər bu barədə heç nə bilmədikləri üçün müxtəlif cür izahlar verdi bu hadisəyə.
Alimlər dəqiq bir fikir söyləməsələr də Bləksburqun yaşlı adamları nə vaxtsa
belə qar yağdığını dedilər. Onlar alimlərdən çox bilirdi belə şeyləri. Qırmızı
qarı görəndə bu yaşlı adamlar başlarını bulayıb dedilər ki, Bləksburqda nəsə
olacaq.
Doğrudan da, Bləksburqda "nəsə” oldu. Həmin ilin yayı yaddaşlarda
hansısa bir sirli xəstəliyin epidemya halında yayılmasıyla yadda qaldı. Həkimlər
bu xəstəliyin adını bilməsələr də ən azı Allah bilirdilər bu nə xəstəlikdir. Bu
xəstəlik şəhər əhalisinin yarıdan çoxunun həyatına son qoydu. Şəhər əhalisinin
çoxu isə şəhərdən çıxıb getdilər, çox gec qayıtdılar. Şükür, gec də olsa geri
döndülər. Yenə də körpələr doğuldu, amma neçə illər keçsə də şəhər əvvəlki kimi
deyildi.
Bləksburqda baş verən qeyri-adi hadisələrdən biri də Hetti Parlovun
ruhunun görünməsidir. Hetti Parlovun qızlıq familiyası Brovnon olub. Bləksburqda
bu familiya adi familiya deyildi. Bu familiyanı eşidəndə çox şey yada düşürdü.
Brovnonlar nəsli çox qədim nəsil idi. Onların kökləri Fransanın müstəmləkə
altında olduğu illərə gedib çıxırdı. Onların nəsli şəhərdə çox məşhur idi. Yəni,
bu familiyanın daşıyıcıları şəhərin ən varlı və ən yaxşı adamları idi. Bu nəslin
adamları damarlarında Brovnonların qanı axan hər kəsi son damla qanındək müdafiə
edirdi - nəslin adı batmasın deyə.
Bu nəslin bəzi nümayəndələri Bləksburqdan uzaqda yaşayırdılar. Təhsil
alan Brovnonların çoxu köçüb başqa yerlərə getsələr də Bləksburqda hələ kifayət
qədər Brovnonlar yaşayırdı. Bu nəslin kişiləri şəhərdə yaxşı vəzifə tutur,
qadınlar da yaxşı yerlərdə işləyirdi. Hetti Brovnonu şəhərdə hamı çox sevirdi,
buna səbəb həm gözəlliyi, həm də xarakteriydi. O Bostonda Parlov familiyalı bir
fırıldaqçı, əclaf bir adama ərə getdi. Yaxşı bir nəslin nümayəndəsi kimi Hetti
Parlovu Bləksburqa gətirdi, onu kişi elədi, şəhər şurasının üzvü oldu Parlov.
Onların bir oğlu oldu, uşağa Cozef adı verdilər. Onlar bu uşağı çox sevir, onu
çox əzizləyirdilər. Sonralar bu regionda oğlan uşaqlarına Cozef adı qoymaq dəb
halını aldı. Hetti Brovnon və onun əri Parlov da yuxarıda adını çəkdiyim
epidemiyann qurbanı oldular. Cozef bir yaşında olanda yetim qaldı.
Bədbəxtlikdən, Cozefin valideynlərini aparan epidemiya bununla kifayətlənmədi.
Epidemiya bütün Brovnonların kökünü kəsdi. Bu şəhərdən çıxıb gedən Brovnonlar
isə bir daha geri qayıtmadılar. Şəhərdəki adət-ənənəyə son qoyuldu.
Brovnonların mükləri, torpaqları yad əllərə keçdi. Beləliklə, şəhərdə yaşayan
Brovnonların hamısı Oak Hill qəbirstanlığında torpaq altındaydı. Şübhəsiz,
onlar yerin altında da ətraflarındakı yad tayfalardan qorunmaqda bir-birinə
dayaq olur, ən yaxşı qəbirlərdə yatırdılar.
İndi isə Hettinin ruhu barədə.
Bir gecə, yəni Hetti Parlovun ölümündən üç il sonra Bləksburqdan olan
bir dəstə cavan oğlan gecə faytonda Oak Hill qəbirstanlığınn yanından keçirmiş.
Əgər siz burda olmusunuzsa onda yaxşı bilirsiniz ki, Qrintona gedən yol qəbirstanlığın
cənub tərəfindədir. Cavan oğlanlar Qrintondan May festivalından qayıdırmış. Onların
sayı 10-12 olarmış. Faytonda deyib-gülür, yolu qısaltmq üçün söhbət edirlərmiş.
Gecə zil qaranlıq imiş. Onlar qəbirstanlığın yanından keçəndə faytonu sürən
oğlan qəflətən faytonu saxlayır. Çox şübhəsiz, bu, möcüzəydi. Çünki Hetti
Parlovun ruhu qəbirstanlığın tən ortasında dayanmışdı. Gördüklərinə şübhə ola
bilməzdi, çünki Bləksburqda hər cavan oğlan Hettini yaxşı tanıyırdı. Onun əynində
kəfən vardı. Uzun saçları pırtlaşıq idi, baxışları da uzaqlara dikilmişdi. Ruh
qollarını üzü qərb tərəfə uzadıb sanki Allaha yalvarırdı ki, ulduzları göndərsin.
Halbuki ulduzlar əlçatmaz idi.
Faytondakı oğlanların hamısı ruhu görən kimi səslərini kəsirlər. Onlar
şənlənsələr də festivalda kofedən və limonaddan başqa heç nə içməmşdilər. Onlar
Hetti Parlovun ruhunun səsini eşidirlər: O "Coy, Coy” deyib çağırırmış.
Bir an sonra ruh yoxa çıxır, gözə görünmür. Əlbəttə, buna hər adamın
inanmağı gəlməz.
Bu hadisə baş verən anda hamının
Coy çağırdığı Cozef ölkənin əks istiqamətində, Nevada ştatında, Vinnemukka
yaxınlığındakı yovşanlıqda avaralanırdı. Onu bu şəhərə atasının uzaq qohumları
olan yaxşı adamlar aparmışdı. Bu adamlar onu övladlığa götürmüş, onun qayğısına
qalırdılar. Həmin axşam isə Cozef evdən çıxmış, səhrada azmışdı. Onu Piute
hinduları tapmış, bir müddət onu yanlarında saxlamış, sonra isə onu
Vinemukkadan uzaq olan bir dəmiryol stansiyasında şərqə gedən qatarla səyahət
edən bir qadına satmışdılar. Bu qadının uşağı olmadığından Cozefi övladlığa
götürdü. Həyatının bu mərhələsində Coyun vəziyyəti yaxşı idi.
Onun təzə anası xanım Darnell Ohayo ştatında, Klivlenddə yaşayırdı.
Amma övladlığa götürdüyü uşaq onun yanında da çox qalmadı. Bir gün axşamtərəfi
Cozefi polisin yanında görüblər. O bu dəfə də evdən qaçıb getmişdi. Bu dəfə o
qatarla harasa getmək istəyirmiş. Üst-başı çirkli imiş. Polis onu evdən qaçdığı
üçün Uşaq sığınacağına təhvil verir. Orda onun üst-başını yuyub çimizdirirlər.
Coy Vaytvildə yerləşən uşaq sığınacaq mərkəzindən də qaçır. Bu dəfə onu meşədən
tapdılar, onu bir daha sığınacağa qaytarmadılar.
Bu dəfə onu yağışlı bir gündə Bləksburqun küçələrindən birində tapdıq.
Biz onu tapanda yağış palçıqlı və yapışqan kimi deyildi. Amma Cozefin üzü və əlləri
bir az çirkli idi, elə bir rəssam əliylə onun üzü çirkli suyla yuyulmuşdu. Bu
balaca səfilin ayağında ayaqqabı yox idi, ayaqları soyuqdan qızarmış, şişmişdi.
Yeriyəndə hər iki ayağı da axsayırdı. O ki qaldı əynindəki paltara, buna paltar
demək mümkün deyildi. O soyuqdan tir-tir əsirdi. Həmin axşam kim bayırda
qalsaydı soyuqdan ölərdi. Heç kim bilmirdi Coy necə olmuşdu ki, bura gəib
çıxmışdı. Hətta o harda olduğunu da deyə bilmirdi.
Üşüməyinə və ac olmağına baxmayaraq Coy axsaya-axsaya birtəhər yeriyirdi.
Əvvəlcə o küçənin tinindəki həyətə girmək istədi. Amma o həyətə girməyə cəhd edəndə
böyük bir it ona mane oldu. O itdən o qədər qorxmuşdu ki, bunu sözlə demək
qeyri-mümkündür. Ona görə də o daha heç bir həyətə girməyə qorxurdu. Palçıqlı
yolla o qaranlıqda Qrintona tərəf getməyə başladı. Qrintona gedən yol Oak Hill
qəbirstanlığının yanından keçir.
O biri gün səhər tezdən Cozefi qəbirstanlıqdan tapdılar. O yenə də
üşüyürdü, amma ac deyildi. Güman ki, o qəbirstanlığa ona görə girib ki, bəlkə
orda it olmayan bir həyət tapıb orda daldalansın. Qaranlıqda yeriyəndə neçə qəbrin
yanında yıxılıb, sonda it olmayan bir həyət tapmaq fikrindən daşınır. Onu
tapanda o palçıqlı üzünü palçıqlı əlinin üstə qoyub qəbrin üstə yatmışdı. Üzünün
torpağa dəyən tərəfi palçıqlı idi. O biri əliylə isə əynindəki cır-cındırı
üstünə çəkməyə çalışıb ki, bədəni isti qalsn. Onun üzünün o biri tərəfi tərtəmiz
idi, sanki Allahın mələklərindən biri öpmüşdü onu.
Sonra məlum oldu ki, bu balaca səfilin başını qoyub yatdığı qəbir öz
anasının qəbri imiş. Hetti Parlovun qəbri.
İngiliscədən
tərcümə: Sevil Gültən
[1] Amerika Birləşmiş Ştatlarında, Virciniyada şəhər
adı