• cümə, 19 Aprel, 18:21
  • Baku Bakı 24°C

“Balaca şahzadə” Musiqili Teatra gəlir - Fotolar

09.05.17 13:30 3843
“Balaca şahzadə” Musiqili Teatra gəlir - Fotolar
Hər birimizin içində balaca bir uşaq yaşayır. Mən, məsələn, bu uşağı çox sevirəm, vaxtaşırı onunla söhbət edirəm, hətta məsləhətləşirəm də... Bu uşaq bir az mənə bənzəyir, bir az da Tanrıya... Saf, müqəddəs, duyğulu, xeyirxah, sadəlövh, inadcıl, küsəyən, kövrək, çoxbilmiş... İllər ötür, mən yaşa doluram, bu balaca isə böyümək bilmir ki, bilmir... Bəlkə də istəmir və öz aramızdır, heç mən də onun böyüməyini arzulamıram, çünki, bu uşaq mənim dünyamı kirlənməkdən, bozarmaqdan, köhnəlməkdən qoruyur. Mən onun gözü ilə yaşadığım aləmə baxıram, təkcə ətrafımda deyil, bütün dünyada yaşlı-başlı insanların yaradılan hər şeyi necə insafsızcasına məhvə sürüdüklərinə, bir udumluq nəfəs verməyə qadir olmadıqlarının canını necə qəddarlıqla, uf demədən aldıqlarına heyrət edirəm. İçimdəki bu uşaq bəzən hönkürüb ağlayır və hayqırır: "Axı mənim Qızılgülümün özünü qorumaq üçün cəmi 4 tikanı var. Dörd tikandan başqa onun bu dünyada heç nəyə gümanı gəlmir.”

Həmin an ürəyimdən acı bir göynərti keçir "Mən onun üçün qutuda quzu şəkli çəkəndə, ona buruntaq qoymamışdım, birdən o quzu onun sevdiyi, 4 tikandan başqa gümanı heç nəyə gəlməyən Qızılgülü yesə, o uşağın göz yaşları balacanın 500 milyon gülən zınqrovlu ulduzla süslənmiş hücrəsini dağıtsa, mən körpə dostuma nə cavab verəcəyəm, onu necə ovunduracağam?”
İçinizdəki o uşağı öldürməyin!
Bütün bu duyğuları Azərbaycan Dövlət Musiqili Teatrının məşq otaqlarında araya-ərsəyə gətirilən yeni tamaşanın - fransız yazıçı Antuan de Sent Ekzüperinin "Balaca şahzadə” adlı əfsanəvi əsərinin məşqlərinə baxarkən yaşadım. Daha çox uşaqlar üçün yazıldığı güman edilən bu hekayə əslində, biz böyüklərə "içinizdəki o uşağı öldürməyin!” mesajını verir.

İlk dəfə 1943-cü ildə çap olunan bu əsərin qəhrəmanını - özünə ev böyüklükdə bir planet kəşf etdiyinə sevinən qızılı saçlı Balaca şahzadəni dünyada tanımayan və sevməyən oxucu, dinləyici, tamaşaçı çətin tapılar. Əsər 180-dən çox dilə tərcümə olunub, film çəkilib, musiqi bəstələnib.

Bu məşhur əsərə Musiqili teatrın müraciət etməsi də təsadüfi deyil. Çağdaş dünyamızda supergüclü dövlətlərin bəşəriyyətə meydan oxuduğu, haqq-ədalət tərəzisinin pozulduğu, körpə gülüşlərinin silah səsləri ilə susdurulduğu bir dövrdə, bəlkə də insanlığın bu balaca şahzadə kimi düşünən, həyata onun gözü ilə baxmağa qadir olanlara, insanlara yer üzünün əşrəfi olduğunu xatırladanlara daha çox ehtiyacı var. Balaca şahzadə - əslində insanlığın simvolu kimi də xarakterizə edilə bilər - doğulduğu planetin amansız, sərt, bəzən də anlaşılmaz qanunları ilə barışmayıb özünə yeni bir dünya tapmaq ümidi ilə səyahətə çıxıb. Bu kiçik oğlan düşünür ki, dünya, böyüklərin idarə etdiyi kimi, onların ağlasığmaz tələb və təklifləri ilə mövcud ola bilməz və olmamalıdır. Müəllif öz qəhrəmanının dili ilə böyükləri bu dünyanın düzənini bir-birini hədələməklə, daha güclü silahlar istehsal etmək və onu günahsız insanların məhvinə səbəb ola biləcək müharibələrlə deyil, sülhlə, səmimiyyət, sevgi, qarşılıqlı anlaşma ilə sahmana salmağın yollarını axtarmağa çağırır.
BÖYÜKLƏRİN HAMISI NƏ VAXTSA UŞAQ OLUBLAR
Nə yaxşı ki, o şahzadənin bəsirət gözü açıqdır, əgər belə olmasaydı, bu qızılsaç oğlan təyyarəçinin çəkdiyi o balaca qutu şəklinin içində buruntaqsız quzunu da görməzdi və insanların, haradasa, qəlblərinin lap dərinliklərində gizlətməyə çalışdıqları hissləri duymaz və bu qədər narahat olmazdı! Öz tərtəmiz xəyallar və xeyirxahlıqlar dünyasında yaşayan Balaca şahzadə rastlaşdığı hər nəsnəni öz könlünün dili ilə dindirməyə, ifadə etməyə, dəyərləndirməyə çalışır. Onun ən böyük narahatlığı, çırpıntı və əndişəsi isə budur: "BÖYÜKLƏRİN HAMISI NƏ VAXTSA UŞAQ OLUBLAR, TƏƏSSÜF Kİ, BUNU XATIRLAYANLAR ÇOX AZDIR”. "Bizim Balaca şahzadəmiz belə düşünür, inanın ki, o haqlıdır” deyir gələcək tamaşanın quruluşçu rejissoru, Xalq artist, "Şöhrət” ordenlı Cənnət Səlimova: "Beynəlxalq layihə çərçivəsində hazırlanan tamaşada çox maraqlı beynəlmiləl yaradıcı heyət var. Bəstəkar, ABŞ-da yaşayan həmyerlimiz, bir sıra mötəbər müsabiqələrin qalibi Ruslan Ağababayevdir, tanınmış xoreoqraf və plastik hərəkətlər rejissoru Sergey Qritsayı Rusiyadan dəvət etmişik. O, tamaşa boyu görəcəyiniz artistlərin bütün plastik hərəkətləri, bütövlükdə tamaşadakı bütün rəqsləri düzənləmək üçün çox maraqlı nüanslar tapır və ifaçılar bu sənətkarla işləməkdən zövq alırlar. Onu da deyim ki, bu, Sergey İvanoviçlə üçüncü işimizdir, bundan əvvəl Gənc Tamaşaçılar Teatrında "Romeo və Culyetta” və "III Riçard” əsərlərində bərabər çalışmışıq. Quruluşçu rəssam kimi ilk dəfə qüvvəsini sınayan Məryəm Ələkbərlini də yəqin ki, tanıyırsınız. Bu istedadlı qızımızın fərdi sərgisi dünyanın bir çox ölkələrinin salonlarında nümayiş etdirili, əminəm ki, Məryəmin bizim teatrımızdakı debütü də uğurlu olacaq. Gələcək tamaşamızın çox maraqlı səhnə qrafikası isə Mehdi Məmmədova aiddir. "Tiexble solutions”şirkəti tamaşanın bədii tərtibatını, geyim, rekvizit, dekor işlərini öz üzərinə götürüb. Əməkdar artist, baş xormeyster Vaqif Məstanov, rejissor, əməkdar artist Nofəl Vəliyev, konsertmeyster Nərminə Əbdürrəhmanova və rejissor assistenti Sevinc Məmmədova da işlərini qüsursuz icra etməyə səy göstərirlər. Böyük zəhmət tələb edən bu layihəni nəzərdə tutulan vaxtda təhvil vermək üçün hər gün saatlarla çalışmalı oluruq. Balet qrupu, xor kollektivi, ayrı-ayrı aktyorlarla fərdi məşqlər, hər bir hərəkətin, sözün, səhnənin zərgər dəqiqliyi ilə cilalanması, eyni səhnənin və ya hərəkətin dəfələrlə təkrar edilməsi kənardan baxanlara çox yorucu və bəzən də bezdirici təsir bağışlaya bilər, ancaq teatra canlı bir orqanizmdir və bu sənətə könüldən bağlı insanlar üçün bu sadəcə illər boyu qazanılan bir vərdiş, maraqlı və gərgin işdir”.

Azərbaycan Dövlət Musiqili Teatrının yaradıcı heyəti ilə ilk dəfə əməkdaşlıq edən Rusiyalı qonaq - dünyanın ən ünlü sənət məbədlərində - ABŞ-ın Metropoliten Opera teatrında, S.Prokofyevin "Hərb və sülh”, İtaliyanın Parma teatrında "Bal maskarad”, Madridin Zala Tribunasında B.İnqlanın "Qana and”, həmçinin Almaniyanın, Niderlandın, İngiltərənin, İsveçrənin və Rusiyanın demək olar ki, ən böyük teatrlarında müxtəlif mövzulu tamaşalardakı rəqslərə və plastik hərəkətlərə quruluş verən Sergey Qritsay bizim artistlərin və yaradıcı heyətin işgüzarlığından və çalışmaq əzmindən çox məmnundur. Tanınmış sənətkar deyir ki, Cənnət xanımla və sizin kollektivlə işləməkdən zövq alıram, burada hər kəs öhdəsinə düşən işi dəqiq icra etməyə çalışır, həm də dil baryeri olmadığından biz asanlıqla ünsiyyət qurur və rahatca işləyə bilirik: "Mənim quruluş verdiyim hərəkətləri icra edən artistlər əslində daxillərində yaşayan o balaca uşağın arzularını dilə gətirir və belə bir fikir aşılamağa çalışırlar ki, hər gün söylədiyimiz yüzlərlə hədəfsiz söz və ifadə bəzən kimlərinsə həyatında dönüş eləməyə qadir ola bilər və bu sözlərin, verilən vədlərin hər birinin arxasında yaşından asılı olmayaraq, bir insanın ümidləri, arzuları var, onları reallığa çevirməksə o qədər də imkansız deyil”.
Göy üzündə hər kəsin öz ulduzu var
İstənilən hər hansı bir bədii nümunənin təsir gücünü artırmaq, müəllifin yaratdığı qəhrəmanların daxili aləmini, təqlin etməyə çalışdığı məqsəd və məramı oxucu və tamaşaçının daha yaxşı qavramasını təmin etmək üçün çap olunan kitablarda bəzən müxtəlif rəsmlər, mövzuya uyğun illüstrasiyalar verilir, səhnədə isə bu təsiri bir az da qüvvətləndirmək üçün quruluşçu rəssamın yaratdığı eskizlər köməyə gəlir.

Əsərləri daha çox xarici ölkələrdə nümayiş etdirilən və tablolarında nəzərə çarpan daxili dinamikanı, ifadəliliyi, rəng çalarını və məna əlvanlığını, bu yaradıcılıq nümunələrinə hopmuş saf, təmiz və işıqlı duyğuların tərcümanı olan istedadı, ustalığı mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən Məryəm Ələkbərli də Antuan de Sent-Ekzüperinin balaca qəhrəmanı kimi ömrü boyu öz xeyirxah daxili aləmini, dünyaya və onu əhatə edən hər şeyə münasibətini rənglərin dili ilə ifadə etməyə çalışır. Məryəmin mənəvi dünyasında və rəng palitrasında kədərə, narahatlığa, inamsızlığa yer yoxdur, onun rəsmlərindən boylanan çiçəklər də, dəniz də, kəpənəklər də, quşlar da şəndir, xoşbəxtdir. Bəlkə elə buna görə də yeni tamaşanın yaradıcıları səhnə tərtibatında təcrübəsi olan rəssama yox, məhz ona, qəlbi və gözləri gülən xanıma "Balaca şahzadə”nin arzular dünyasına şərik olmağı etibar ediblər. Balaca şahzadə illərin uzaqlığından məhz bu cür istedadlı insanlar üçün deyib: "Göy üzündə hər kəsin öz ulduzu var. Onlar da insanlar kimidir, bir-birilərinə bənzəməzlər. Sən sevdiyin çiçəkləri yaxından görmək istəsən, öz ulduzunun ziyasına güvən, bu işıq səni heç yaxt yanıltmaz!” Məryəm Ələkbərlinin əsərləri o qumsal səhradakı qızılsaçlı oğlanın sapsarı peyzajına yeni ruh, əlvanlıq və rəng gətrəcək.

Tamaşada əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Şövqi Hüseynov, Anton Ferşdant, aktyorlardan Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Əmrah Dadaşov, Nicat Əli, Aydan Həsənova, Emil Heydərov və Atəş Qarayev rol alıblar.

Balaca şahzadə obrazını iki məktəbli uşaq ifa edəcək. Rejissor Nofəl Vəliyev kiçik məşq salonunda saatlarla, səbirlə və yorulmadan balaca aktyorlara obrazı daha sərrast və inandırıcı yaratmağa kömək edəcək detalları izah edir, hadisələrin baş verdiyi məkanda - Saxara qumsallıqlarında öz dünyasını yaratmaq, dost tapmaq və rastlaşdığı bütün canlılardan Yer üzünün həqiqətlərini öyrənmək və anlamaq istəyən qəhrəmanın daxili narahatlıqlarının səbəbini qavramaq, hiss etmək üçün müxtəlif örnəklər gətirir, onların suallarını cavablandırır, təcrübəli aktyorları uşaqlarla daha səmimi ünsiyyət qurmağa çağırır.

Xatırladım ki, Balaca şahzadənin rolunu ifa edəcək Atilla və Rahib qardaş olmasalar da, hər ikisi eyni soyadı daşıyir: Məmmədov!

Rahib artıq bu səhnədə təcrübəli aktyor sayıla bilər. O, xalq yazıçısı Elçinin "Baladadaşın toy hamaımı”əsərindəki uğurlu rolundan sonra "Yatmış gözəl və cırtdanlar” nağıl-tamaşasında öz məharətini nümayiş etdirib. Atilla da dostundan geri qalmır, o da "Testene Art” Beynəlxalq İncəsənət müsabiqəsinin qalibidir. "Gələcəyin ulduzu” V Beynəlxalq müsabiqədə ikinci yeri tutub, qardaş Türkiyədə düzənlənən "O səs çocuqlar” televiziya yarışmasında isə finalçı olub. Uşaqlar balaca şahzadənin nağıllar və gözəlliklər dünyasında özlərini o qədər xoşbəxt hiss edirlər ki...
İnsanlar bura təkcə gülməyə, əylənməyə gəlmirlər
"Bizim teatrın təkcə binasının interyeri və daxili dizaynı dəyişməyib, həm də yaradıcılıq imkanları genişlənib, yeni ənənələr formalaşmağa başlayıb” deyir teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev. Tamaşaçılarımızın marağı da dəyişir, dünyagörüşü də. İndi insanlar bura təkcə gülməyə, əylənməyə deyil, həm də düşünmək, mənəvi dünyalarını zənginləşdirmək, zövqlərini formalaşdırmaq üçün gəlirlər. Biz də müasir dünyanın tələbləri ilə ayaqlaşmağa çalışırıq, repertuarımıza əl gəzdiririk, Beynəlxalq layihələrdə iştirak edirik, istedadlı insanlarla çalışmağa üstünlük veririk. Mən əminəm ki, dünyaca ünlü bir sənətkarın Musiqili teatrın yaradıcı heyətinə dəvət olunması, təkcə konkret bir tamaşanın uğuru deyil, həm də ustad dərsləridir ki, bizim cavanlar da bundan bəhrələnməyi bacarmalıdırlar. Vaxtaşırı sırf maraq və bir qədər də təcrübə toplamaq xatirinə mən də Sergey İvanoviçin məşqlərinə baxmağa gəlirəm.

Hava qaralır. Məşq salonunda isə iş davam edir. Balaca şahzadə ilə təyyarəçinin söhbətini dönə-dönə dinlədikdən sonra içimdəki o gülən uşağı daha çox sevirdim, onu qorumaq, yad baxışlardan uzaq tutmaq istəyirdim. İllərdən bəri mənimlə bərabər yol gələn o balaca dostum da sanki bu şahzadənin timsalında gün işığına çıxmışdı və o həmfikir tapdığı üçün xoşbəxt idi.

Bu duyğularla məşq salonunu tərk edirəm. Yaddaşımdakı səs "İnsanlar sürət qatarlarına doluşub gedirlər, amma hara getdiklərini, nə axtardıqlarını bəzən heç özləri də bilmir. Sonda da görürlər ki, ömürləri boyu eyni çevrə ətrafında fırlanırlarmış" deyərək bu dünyanın gerçək üzünü bir daha xatırladır.

Və mən də gözü də, fikri-zikri də əlindəki telefonda olan və yanından kimlərin keçdiyini, nələr düşündüyünü eyninə belə almayan hər kəsə hayqırmaq istəyirəm: Bu gün dünyadakı Qızılgülləri - gümanı 4 tikandan başqa heç nəyə qalmayan insanları, onlara tuşlanan güllələrdən qorumaq üçün içinizdəki o BALACA ŞAHZADƏ ilə danışmağı unutmayın. Çünki bu Uşaq sözün gerçəyini, həqiqətin acısını söyləyir. "Sən özün-özünü mühakimə et, onda görəcəksən ki, bu, çox çətin məsələdir, özünü mühakimə etmək özgələri qınamaqdan daha çətindir. Əgər bunu bacarsan, deməli sən MÜDRİKSƏN! Böyüklərin hamısı nə vaxtsa uşaq olub, amma təəssüf ki, bir çoxu bunu unudub!”.
Telli Pənahqızı

banner

Oxşar Xəbərlər