• cümə axşamı, 28 mart, 21:14
  • Baku Bakı 13°C

Balaca şahzadə

14.06.20 12:00 6055
Balaca şahzadə
Yazıya başlamazdan əvvəl bir məsələ barədə düşündüm: "əxlaq” anlayışı hansı mənanı daşıyır? S.İ.Ojeqovun lüğətində bu anlayış "insanın idarə etdiyi daxili, mənəvi keyfiyyət, etik normalar, davranış tərzidir. "Əxlaqlı insan qüsursuz əxlaqı olan insandır” kimi izah edilir. Mən hər şeydən əvvəl "əxlaq” anlayışını dəqiq təyin etməli idim, çünki heç də hamı bu sözün dəqiq mənasını bilmir. Mənbələrdən birində göstərilir ki, "əxlaq” sözü bizə fransız dilindən, fransızcaya isə qədim Romadan (latıncada "Moralis” – "əxlaq” deməkdir) keçmişdir.
Aristotelin anlayışına görə etika əxlaq barədə xüsusi təcrübə elmidir, məqsədi isə insana xeyirxah olmağın yollarını öyrətməkdir. "Əxlaq” sözü rus dilində də mövcuddur. İlk dəfə bu söz 1798-ci ildə Rusiya elmlər akademiyasının lüğətində peyda olmuşdur. O "ədəb” sözündən deyil, "ədəb-ərkana uyğun”, "qəlbə görə” ifadələrinə əsasən yaranmışdır.
Rus inqilabçısı, demokrat, yazıçı, filosof, ədəbi tənqidçi, yazıçı Nikolay Qavriloviç Çernışevski yazırdı: "Rus dilində əxlaq məntiqin pozitiv inkişafını təşkil edir”. İlahiyyat və fəlsəfə tarixi üzrə mütəxəssis, fəlsəfi elmləri doktoru professor Aleksey Alekseyeviç Radugin deyirdi – "hörmət et, hesablaş, təzim et” normaları tərbiyə, real davranış isə əxlaqdır .
Beləliklə, əxlaq – individin (fərdin – X.N.) şüurlu xarakterinin şəxsi azadlığı və vicdanı ilə uyğun tərzdə (qanun çərçivəsindəki, individual davranışın zərurəti olan tərbiyə anlayışından fərqli olaraq) rəftarını formalaşdırmaq zərurətidir.
Nəzərə almaq lazımdır ki, əxlaqi dəyərlər müəyyən qiyməti verməklə qalmadığımız, yaxşı, xeyirxah insanlar kimi birmənalı olaraq təqdir etdiyimiz davranış və reallıqların əsasında formalaşır. Əlbəttə ki, hər hansı tərbiyəvi dəyərlərin əsasını özündə olduqca böyük həcmli fəaliyyəti birləşdirən xeyirxahlıq anlayışı, əxlaqi davranışların normaları, prinsiplər təşkil edir. Gənc nəslin özündə əxlaqi keyfiyyətləri aşılamasına nə kömək edə bilər? Bu cür faktorlar çox ola bilər, amma əxlaqın ən parlaq və göz qabağındakı nümunələrdən biri hər halda bədii ədəbiyyatdır. Tərbiyə və əxlaq mövzusuna həm yerli, həm də dünya ədəbiyyatından bir çox yazıçılar müraciət etmişlər. Amma mənim üçün əbədi insani dəyərlər haqqında yazılmış ən parlaq və yadda qalan əsər fransız yazıçısı, həyat tərzinə görə yüksək əxlaq nümayiş etdirməyə layiq olan Antuan de Sent Ekzüperinin "Balaca şahzadə” nağılıdır.

"Balaca şahzadə” nağılında əxlaqi ideyaların analizi

Nağılın başlıca ideyası nədir? O, bizə nəyi öyrətməlidir?
Bu kitab hamını bir-birinə fərqli nəzər salmağa məcbur edir. Balaca şahzadə hətta Antuan de Sent Ekzüperinin özü üçün də sirli, qəribədir. Mənim düşüncəmə görə biz hər birimiz elə balaca şahzadələrik, öz xırda planetlərimizdən qaçaraq gəlib yer kürəsinə çıxmışıq. Gəlib çıxmışıq ki, "ürəyimizin gözü ilə görək”. Hər kəsin öz qayğıları var, bizim hər birimiz kiməsə, nəyəsə görə cavabdehik. Əsərdə bunu balaca şahzadənin öz çiçəyi qarşısındakı borcunu yerinə yetirdiyi zaman görürük.
Nağıl mənim qəlbimdə hisslərin partlayışını əmələ gətirdi, insanın əməlləri və çatışmazlıqları üzərində düşünməyə məcbur etdi. Bu ulduz dünyasını bütün həyatın boyu özünlə gəzdirmək lazımdır. Müəllifin sözləri ilə desək, "fənərləri qorumaq lazımdı, yoxsa küləyin toxunuşu onları söndürə bilər...”
Təhkiyəçi-təyyarəçi ilə "uşaqlıq planeti”ndən gələn balaca şahzadənin görüşü təyyarəçinin təcili eniş etməli olduğu Böyük Səhrada baş verir. Təyyarəçi ilə Balaca Şahzadə quzunun rəsminə baxaraq söhbət edirlər. Qeyri-adilik reallıqla birləşir, həyati vacib problemlər uşaq qavrayışının xüsusiyyətləri ilə müzakirə edilir. Təyyarəçi "bircə dəfə də çiçək qoxulamayan, ulduzlara nəzər salmayan” böyüklərə oxşamır. O, öz balacalığını xatırlayır, elə ona görə də balaca şahzadənin taleyini ürəyinə bu qədər yaxın buraxır, onun "sirli və məchul qəlbini” bu qədər dərindən hiss edir.
Balaca şahzadə altı ayrı planetə səyahət edərkən rastlaşdığı bir çox problemlər üzərində düşünür. O, hakimiyyət, rəhbərin məsuliyyəti problemi barədə fikir yürüdür, Kralın "hakimiyyətin hər şeydən əvvəl ağıl üzərində qurulması” və "hər kəsdən nə verə biləcəyini soruşmaq lazımdı” fikirlərini bölüşür. Balaca şahzadənin şöhrətpərəst və əyyaşla görüşü ona yaxşı nəsə gətirmir. Ancaq zənginlik haqqında fikirləşən işbazın və heç yerə getmədən, heç nə görmədən qalın kitablar yazan coğrafiyaçı alimin fəaliyyəti də onu cəlb etmir. Balaca şahzadə təkcə çox balaca planetdə yaşayan və öz fənərini səliqə ilə işıqlandıran fənərçinin işində məna görür: "O, öz fənərini işıqlandıranda sanki daha bir ulduz və ya çiçək işıqlanır. Bu, həqiqətən də faydalıdır, çünki gözəldir”.
Bəs həqiqətən dəyərli olan nədir? Nəyi əbədi hesab etmək olar?
Tülkü ilə söhbət kiməsə "nəyisə öyrətməyin” nə olduğu və sənin öyrətdiyin kiməsə nə qədər lazım olmağını başa düşməyə kömək edir. Balaca şahzadə bir çox başqa şeylər də öyrəndi. Sən öyrətdiyin hər kəsə görə cavabdehlik daşıyırsan. Ən vacib olanı gözlərinlə görə bilməzsən – bəsirət gözü gərəkdir, o isə ancaq ürəklə görür. Çıraqları qorumaq lazımdır, küləyin mehi onları söndürə bilər; bütün yollar adamlara doğru aparır; insanların axtardıqlarını bir ədəd yeganə qızılgüldə, bir qurtum suda tapmaq olar.
Bütün bu kəşflər bütöv bir sistemdə birləşir. Tülkünün, "dünyada mükəmməllik yoxdur” deməsinə baxmayaraq, məlum olur ki, dünyada insaniyyət və tapşırılan işə görə cavabdehlik var. Ən vacib nəticə odur ki, hər kəs öz planeti və öyrətdiklərinə görə cavabdehdir. Balaca şahzadə Yer planetində müdriklik əldə edir. O, öz planetinə, öz qızılgülünün yanına geri qayıtmaq qərarına gəlir. "Mən ona görə cavabdehəm. O elə zəifdir ki! Həm də çox sadəqəlblidir. Onun ancaq dörd ədəd zəif tikanı var. Dünyadan müdafiə olunmaq üçün bundan başqa heç nəyi yoxdur”. Yaşadığın Yer kürəsinə görə cavabdeh olmaq və sənin köməyinə ehtiyacı olanları qorumaq – Antuan de Sent-Ekzüperinin əsas demək istədiyi də elə budur.
"Balaca Şahzadə” nağılının sadə süjeti özündə əxlaqi-etik planın nəhəng qatını daşıyır. Böyük xeyirxah qəlbi olan balaca adamın anlayışında böyük ömür müxtəlif çarpışmalarla keçməlidir. Nağıldakı bir çox cümlələr sanki qanadlanmışdır. Onlardan ciddi fikrin mənasını iki kəlmədə çatdırmaq üçün istifadə edirlər. "Biz nəyisə öyrətdiyimiz kəslərə görə cavabdehik”, "öz planetini qaydaya sal”. Sadə, amma necə də məzmunlu sözlərdir. Nağılın poetik obrazlarında neçə-neçə nəsil tərbiyə almışdır. "Balaca şahzadə” dedikdə gözəllik, romantik anlayış, xeyirxah musiqi və kəşflərdən yaranan sevinc hissi duyulur.
Balaca şahzadə və əsərin təhkiyəçisi olan təyyarəçi insanı sevməyi, həssas və müdafiəsiz gözəlliyi təlqin edir. Bu, humanizmin və varlığın mənasının axtarışında olan simvolik obrazların taleyidir. Balaca şahzadənin öz səyahəti zamanı gördüyü planetlərin təsvirində yer alan dünya sivilizasiyası "humanizm” sınağına malik deyil. Bütün bu krallar və şöhrətpərəstlər, coğrafiyaçı bürokratlar, işbazlar və əyyaşlar – bütün bunlar insan varlığının zəifliyi və dözümsüz təsviridir. Ancaq Fənərçi kimi kəslər fədakarlıq etməyə və gözəlliyə xidmət etməyə qadirdir, amma o, Balaca şahzadəyə gülməli görünməyən yeganə şəxs olmasına baxmayaraq ətrafdakıların nəzərində çox bacarıqsızdır.
"Budur – Balaca şahzadə yola davam edərkən öz-özünə dedi – hamının – kralın da, şöhrətpərəstin də, əyyaşın da, işbazın da nifrət edəcəyi adam bax, budur. Amma bununla belə onların arasında mənim fikrimcə bircə, o, gülməli deyil. Bəlkə də ona görə ki, o, ancaq özü barədə fikirləşmir”. Balaca şahzadə dərindən nəfəs aldı. "Bax, belə biri ilə dostluq etmək lazımdı – o, düşündü. – amma onun planeti olduqca balacadır. Orada iki nəfərə yer çatmaz...”
Onun hər şeydən əvvəl bu gözəl planetə görə təəssüflənməsinin daha bir səbəbi olduğunu özünə etiraf etməyə cəsarəti çatmadı – iyirmi dörd saat ərzində orada min dörd yüz qırx dəfə günəşin batmasını görmək olar!”
Yer kürəsi qəribə varlıqlarla doludur. Onların həyatı balaca şahzadənin əxlaqi cəhətləri sistemində mənasız görünür. Onlar bağlarındakı minlərlə gözəl qızılgülə görə qürurlanırlar, amma heç kimə xoşbəxtlik bəxş edə bilmədikləri kimi elə özləri də bədbəxtdirlər. Onlar çaylardan və göllərdən faydalanırlar, amma susuzluqlarını yatıra bilmirlər, çünki bərəkətin bircə qurtum suda olduğunu başa düşmürlər. Onlar gah tələsik şəkildə şimala, gah cənuba yollanır, sonra da axtardıqlarını tapmadan vurnuxurlar. Onlar zamana qənaət edirlər, bulaq suyunun gözəlliyini başa düşmürlər, suyun mənbəyini tapmamaq üçün susuzluğu dəf edən həblər alırlar. Soyuq və qəddar Yer planetində uşaqlara məlum olan çoxsaylı gözəl və müdrik həqiqətləri unutmuş, amma rəqəmlərə və nömrələrə inanan böyük, bədbəxt adamlar yaşayır. Rəqəmlərə və nömrələrə gülməyə, təəssüflənməyə və böyüklərə qarşı mərhəmətli olmağa çalışan müəllif bütün bunları kədərlə düşünür.
"Balaca şahzadə”də daha bir mühüm fikir səslənir. Bu fikir dostluq barədədir. İnsanlar dostluq etməyi, dostlara hörmət qoymağı, onların qədrini bilməyi yadırğayıblar. Nə üçün? Çünki bu, onların tərəfindən xüsusi cəhd tələb edir. Ekzüperi bu fikri Tülkünün sözləri vasitəsilə qeyd edir. "Ancaq öyrəndiyin məfhumları tanımaq olar – Tülkü dedi – insanların artıq nəyisə öyrənməyə vaxtı çatmır. Onlar hər şeyi mağazalardan hazır şəkildə alırlar. Amma dostların satıldığı mağazalar olmadığı üçün insanların dostları da yoxdu. Əgər sənin dostun olmasını istəyirsənsə, məni öyrət!
Bəs bundan ötrü nə etmək lazımdır? – deyə Balaca şahzadə soruşdu.
Səbr etmək lazımdı, – Tülkü cavab verdi. – Əvvəlcə bax orda – aralıda, otların üzərində əyləş, bax belə. Mən sənə çəpəki baxacam, sən isə sus. Sözlər bir-birini başa düşməyə mane olur. Amma hər gün azacıq yaxın əyləşərsən...
Ən yaxşısı həmişə eyni saatda gəl, – Tülkü xahiş etdi. – Bax məsələn, əgər sən saat dörddə gəlsən, mən artıq saat üçdən özümü xoşbəxt hiss edəcəm. Təyin edilmiş saata nə qədər yaxınlaşsaq, o qədər xoşbəxt. Saat dörddə mən artıq həyəcanlanmağa və təşviş keçirməyə başlayacam. Mən xoşbəxtliyin dəyərini öyrənəcəm! Amma əgər sən hər dəfə başqa vaxt gəlsən, mən ürəyimi hansı saata hazırlayacağımı bilməyəcəm... Adətlərə riayət etmək lazımdı.
Bəs adətlər nədir? – Balaca şahzadə soruşdu.
Bu da çoxdan unudulan bir nəsnədir, – Tülkü izah etdi. – Elə bir şeydir ki, ona görə hansısa bir gün qalan digər günlərə oxşamır, ya da hansısa saat digər saatlara. Bax məsələn, mənim ovçularımın belə bir adəti var: cümə axşamı günləri onlar kənd qızları ilə rəqs edirlər. Cümə axşamı elə gözəl gündür ki! Mən gəzməyə yollanıram və ta üzümlüyə qədər gedib çıxıram. Amma əgər ovçular nə vaxt oldu rəqs etsəydilər, bütün günlər eyni olardı və mən heç zaman dincələ bilməzdim”.
Ekzüperi nağılı "o balaca olanda” sərlövhəsi ilə qeyd-şərtsiz Leon Vertuya həsr etmişdir. Yazıçının böyüklərə etibar etməməyinin əsası var: onlar ürəkləri ilə görməyi bacarmırlar, halbuki ürək aydın görür, gözlər isə kordur. Böyüklər hər şeyi bazar dəyəri anlayışı ilə ölçür, mənəvi dəyərləri unudurlar. Yer üzündəki həyat niyə bu cür qurulub və necə eləmək lazımdı ki, uşaqlarda gözəl və anadangəlmə şəxsiyyət məhv olmasın, onlar ulduzları hesablamaq qayğısı içində vurnuxan iş adamlarına çevrilməsinlər və Fənərçiyə nifrət duymasınlar, dostlarına xəyanət etməsinlər, bircə ədəd yeganə qızılgüldə xoşbəxtlik görməyi və bulaq suyu ilə susuzluqlarını yatırmağı bacarsınlar. Ekzüperinin fikirləri bir çox suallar yaradır. Nağılçının yekun nəticəsi acıdır: Balaca şahzadə öz qızılgülünün yanına – şəxsi xoşbəxtliyinin dünyasına qayıtmaq qərarına gəlir. Bunun üçün isə İlanın köməyinə, onun ölümcül zəhərinə ehtiyacı olacaqdır.

Yekun

Bu əsərin oxunmasının oxucunun şəxsiyyətinin əxlaqi dəyərlərinin formalaşmasına əsaslı dərəcədə təsir edəcəyi nəticəsinə gəlmək olar. Fikrimcə, bu nağılı bizim hər birimiz ömründə heç olmasa bir dəfə oxumalıdır. Əminəm ki, bu zaman o, hər bir qəlbdə öz şəfalı və oyadıcı izini qoyacaq. Elə bu məqamda biz məşhur etik düsturu yenidən gündəmə gətirməkdə haqlıyıq. "Biz öyrətdiyimiz kəslərə görə həmişə cavabdehik” yerinə "Bizə etibar edənlərin, bizdən alçaqlıq və xəyanət gözləməyənlərin, dünyagörüşünü bizim formalaşdırdığımız şəxslərin xatirinə, özümüzdən üz döndərməyi bacarmalıyıq”. Mənim bir həmkarım isə mətnlə tanış olduqda, başqa daha lakonik variantı təklif etdi: "Biz bizə inananların xatirinə yaşayırıq”.
İrina Nikolayevna Anoxina
Rus dilindən tərcümə edən: Xatirə Nurgül

banner

Oxşar Xəbərlər