• cümə, 19 Aprel, 14:28
  • Baku Bakı 25°C

Balaca Paris Reportaj Fotolar

24.12.13 11:06 3830
Balaca Paris Reportaj Fotolar
Vaxtilə bu şəhəri “balaca Paris” adlandırıblar. Zaman-zaman “Alınmaz qala”, “Qızıl güllər diyarı” da deyiblər bu gözəl şəhərə. Qədim küçələri ilə irəlilədikcə, səliqəli, tər-təmiz, rahat yollar, tikilişi ilə maraq doğuran evlər diqqət çəkir. Burda hündür mərtəbəli, modern binalara rast gəlməzsən. Köhnə binalar və evlər bərpa olunub, müasirləşdirilib.
Hər addımda tarixiliyini qoruyub saxlayan, sənətkarlığın, folklor nümunələrinin inkişaf etdiyi, adət-ənənəsinin, milli-mənəvi dəyərlərinin qorunduğu bu şəhərin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2013-cü il üçün Azərbaycanın Folklor paytaxtı elan olunması da təsadüfi deyil. Nazirliyin “Xalq yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində təşkil etdiyi media turu ilə Zaqatalada Folklor İlinin yekun tədbirlərinə qatılarkən soyuq, şaxtalı havada mehriban, isti münasibətlərlə qarşılaşdıq.
Folklorun qorunduğu yerlər
Rayonun Mədəniyyət və Turizm Nazirliyi ilə birgə hazırladığı tədbirlər planı il ərzində uğurla həyata keçirib. Belə ki, respublika səviyyəli tədbirlər, konfranslar, konsertlər, xalq yaradıcılığı sərgiləri, sərgi yarmarkalar və s. tədbirlər nəinki rayon mərkəzində, həmçinin kənd və qəsəbələrdə də təşkil edilib. Zaqatalalılar bunu milli-mədəni dəyərlərinə verilən qiymət kimi dəyərləndirirlər. Şəhər və kəndlərdəki insanların əhval-ruhiyyəsindən də bunu duymaq çətin deyil.
Rayonun ayrı-ayrı kəndlərində yaşayan sakinlər folklor nümunələrinin təbliğ olunmasında maraqlıdırlar. Ən diqqət çəkən məqam isə mədəniyyət evlərinin sovet dövründəki kimi öz funksiyasını qoruyub saxlamasıdır. Elə bu üzdən yerli sakinlər mədəniyyət ocaqlarına həvəslə üz tuturlar. Zallardakı sıralar arasında gəzişən balaca uşaqlardan tutmuş ixtiyar qocalara qədər - insanlar keçirilən bütün tədbirlərdə iştirak edirlər. Qışın şaxtasında köz salan odun sobasının istisi isə insanları sanki bir ocaq başına toplayır. Bu ocağın ətrafında danışırlar, gülürlər, musiqi dinləyirlər, dərdləşirlər... Kəndlərdə və rayon mədəniyyət evində keçirilən tədbirlər həmçinin sakinlərin öz folklor nümunələrini nümayiş etdirmək üçün gözəl imkandır. “Biz öz ənənələrimizi təbliğ etmək istəyirik”- deyə onlar həvəslə bildirirlər.
Zaqatalada 20-yə yaxın azsaylı xalqın nümayəndəsi yaşayır. Məsələn, Yengiyan kəndi inqiloyların kompakt yaşadığı yerdir. Kənd Mədəniyyət Evində olarkən Folklor İlinin yekunu ilə bağlı maraqlı proqramlar hazırladıqlarının şahidi olduq. Mədəniyyət Evinin direktoru Əhmədiyyə Musayev dedi ki, burda həm Azərbaycan, həm də gürcü mədəniyyətinin izləri var. Belə ki, Yengiyan öz adət-ənənəsi ilə digər kəndlərdən fərqlənir. Özünəməxsus yeməkləri, folkloru, rəqsləri, öz ansamblları var. Yerli əhali mədəni tədbirlərə çox maraq göstərir. “Bizdə ənənələr yaxşı qorunur”- deyə Mədəniyyət Evinə yığışan kənd sakinləri də bildirdilər.
Əliabad kəndində də olarkən eyni qələbəliklə qarşılaşdıq. Öyrəndik ki, ümumiyyətlə, bütün azsaylı xalqlar yaşayan kəndlərin öz folklor kollektivləri və fərqli proqramları var. Onlar əsasən həvəskar ansambllar və ifaçılardır.
Zaqatala qalası
Zaqatala tarixi abidələrlə zəngindir. Rayonun ərazisində dövlət tərəfindən qorunan 100-ə yaxın abidə qeydə alınıb. Bunlardan ən qədimi Pəriqala, Armatay, Cingözqala, Şeytan qalası, Zaqatala qalası və s. abidələr hesab edilir. Kənd yerlərində VI-VIII əsrlərdən yadigar qalan 10-dan çox Alban abidəsi mövcuddur. Rayonda Mamrux (Mamrux kilsəsi), Mazıx, Muxax, Qəbirzadə, Yuxarı Tala (Yuxarı Tala məbədi) və Yuxarı Çardaxlar kəndlərində 6-7-ci əsrə aid çoxlu Alban abidələri, qalaları vardır ki, maliyyə çətinlikləri üzündən onların yenidən bərpası mümkün olmasa da qismən də olsa qorunması sahəsində müəyyən işlər görülür. Yerlərdə mövcud olan məscidlərin isə hamısında yenidənqurma, bərpa işləri aparılıb, tarixi abidə kimi onların qorunması təmin edilir.
Rayonun tarixi abidələrinin çoxu ən qədim vaxtlardan indiyə qədər salamat qalmış kəndlərdə yerləşir. Gözparaq və Halal kəndlərində 18-ci əsrə aid məscidlər, Keloba kəndində XV əsrə aid iki qüllə, Mazıx kəndində XII əsrə aid qüllə, Yuxarı Çardaxlar kəndində V əsrə aid Pəriqala, Car kəndində XIV əsrə aid Çingizqala və rayon Tarix Diyarşünaslıq Muzeyi, Paşan kəndində Alban qülləsi (XIII əsr) və Axaxdərə kəndindəki Alban qülləsi (XII əsr), rayonun müxtəlif kəndlərində, o cümlədən Əliabad və Mosul kəndlərində XIX əsrdə tikilmiş məscidlər salamat qalıb.
Zaqatala qalası kimi tanınan Tarix Mədəniyyət Qoruğunun yaşı üç əsrə yaxındır. Qala 1830-cu ildə tikilib. Qalanın direktoru Hümmət Bayramovun dediyinə görə, qalanın sahəsi 11 hektar ərazini əhatə edir. Qalanın arxa tərəfindən çay axdığından qala divarlarını aşınmaya məruz qoyur. Qalanın 3 giriş qapısı olmaqla yanaşı, ərazisində dövlət qeydiyyatında olan 17 abidə var.
Qalanın maraqlı tarixi var. 1804-1813-cü il Rusiya-İran müharibəsindən sonra Gülüstan sülh müqaviləsinə əsasən Azərbaycanın bir hissəsi Rusiya ərazisinə daxil olub. Rus ordu generalı Paskeviçin qərarı ilə Zaqatala qalası müdafiə məqsədi ilə tikilib. Üçbucaqlı formada inşa edilən qalanın tikintisində yerli xammaldan istifadə olunub. Ərazidə 2500 nəfərlik rus ordusu yerləşdirilib və onlardan üsyanları yatırmaq üçün istifadə olunub. O cümlədən, İmam Şamil hərəkatının və 1863-cü ildə baş verən Zaqatala üsyanını yatırmaq üçün həmin ordu hissələri cəlb edilib.
Sovet dövründə isə qala əhəmiyyətsiz abidə kimi diqqətdən kənarda qalıb. Ərazisi müxtəlif obyektlərdən ötrü istifadə olunub. Rus-yapon müharibəsi dövründə Patyomkin gəmisindən sürgün edilən 400 matros qalanın həyətindəki həbsxanalarda saxlanıb. Ən maraqlısı isə, “Yenilməz batalyon” filminin və “Cavad xan” filminin bəzi fraqmentlərinin qala ərazisinə çəkilməsidir.
Qala 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bərpa edilərək qorunur və qoruq kimi fəaliyyət göstərir.
Turistləri cəlb edən məkan
“Rayonda inkişaf üçün hər cür imkan var. Əhali də inkişafa meyillidir”- deyən rayonun icra başçısı Mübariz Əhmədzadə bizimlə görüşdə qeyd etdi ki, nazirlik tərəfindən təsdiq edilən “Xalq yaradıcılığı Paytaxtları Proqramı” bölgələrdə xalq yaradıcılığına yeni münasibət formalaşdırmaqla yanaşı, turizmin inkişafına da təkan verib. Belə ki, 125 minə yaxın əhalisi olan rayonda 29 bələdiyyə və 29 ərazi nümayəndəliyi fəaliyyət göstərir. M.Əhmədzadə keçən il may ayında baş verən zəlzələyə də toxunub: “Prezident İlham Əliyevin zəlzələdən dərhal sonra bölgəyə etdiyi səfər sakinləri ruhlandırdı. Ölkə başçısı əhali ilə görüşdü, təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlarını verdi. O vaxtdan bəri 4000-ə yaxın fərdi ev tikilərək zərərçəkən sakinlərin istifadəsinə verilib. Üç minə yaxın evdə bərpa-gücləndirmə işləri aparılıb. 22 məktəb və uşaq bağçası tikilib. Təbii fəlakətin fəsadlarının aradan qaldırılması işləri davam etdirilir”. İcra başçısının sözlərinə görə, rayona il yarım ərzində 500 milyona yaxın investisiya qoyulub.
Rayonda “Köhnəliyin bərpası” layihəsi əsasında keçmiş memarlıq nümunələri bərpa edilərək yenidən xalqa qaytarılır. Rayonda qaz, işıq və su ilə bağlı problemin olmadığını söyləyən icra başçısı bildirib ki, yeganə çətinlik su-kanalizasiya sistemi ilə bağlıdır. Belə ki, hazırda bu istiqamətdə işlər həyata keçirilir. “Rayonda pambıqdan başqa bütün kənd təsərrüfatı məhsulları yetişdirilir. Rayonda istehsal edilən çay yaponiyalı mütəxəssislər tərəfindən analiz ediləndən sonra “zərərsiz çay kimi” birincilik qazanıb.
Zaqatalada tikilən yeni Heydər Əliyev Mərkəzi isə gələn ilin may ayında - ulu öndərin doğum günü ərəfəsində istifadəyə veriləcək.
İcra başçısının sözlərinə görə, Milli Covqan Oyunu üçün Əliabad qəsəbəsində baza və komanda yaratmaq planlaşdırılır.
Zaqatala zəngin təbiətinə görə turistləri cəlb etdiyindən rayonda turizmin inkişafı ilə bağlı işlər genişləndirilir. Turizm infrastrukturunun inkişaf etdirilməsi, obyektlərin sayının artırılması və xidməti səviyyəsinin yüksəldilməsi üçün addımlar atılır. Rayonda çoxlu sayda turizm obyektləri, otellər, istirahət mərkəzləri istifadəyə verilib. Düzdür, bəzi obyektlərdə xidmət səviyyəsi o qədər yüksək deyil, ancaq çatışmazlıqların aradan qaldırılması istiqamətində işlər görülür.
Rayonda yerli medianın fəaliyyəti də diqqətdən kənarda qalmayıb. “Aygün” yerli telekanalı ilə bərabər gələn il 90 illik yubileyi qeyd ediləcək “Zaqatala” qəzeti də fəaliyyət göstərir.
Zaqatala xarici ölkələrlə də əlaqələrini genişləndirir. Rayon bələdiyyəsi ilə İzmir şəhər bələdiyyəsi qardaşlaşıb. Bundan əlavə, Pribaltika ölkələrindən biri də Zaqatala ilə turizm əlaqələrini inkişaf etdirmək üçün maraq göstərib. Həmçinin rayonun Yaponiya və Hollandiya ilə sıx əlaqələri yaranıb.
“Sənətkarlıq paytaxtı”na doğru...
Zaqataladan xoş ovqatla ayrılırıq. Yadımızda qalan isə şəhərin özünəməxsus görkəmi, insanlarının mehribanlığı və adət-ənənələrinə olan hörməti, milli azlıqların nümayiş və qonaq etdikləri zəngin mətbəxləri qalır.
Tarixi Zaqatalanın folklor aləminə səyahəti başa vurub Göygölə - ölkənin “Sənətkarlıq paytaxtı”na yollanırıq...
Təranə Məhərrəmova
Bakı-Zaqatala

banner

Oxşar Xəbərlər