• cümə axşamı, 18 aprel, 17:40
  • Baku Bakı 22°C

“Bakutel” 20 yaşını qeyd edir - Reportaj

08.12.14 10:05 1878
“Bakutel” 20 yaşını qeyd edir - Reportaj
Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi (Bakutel-2014) öz işinə başlayıb. 20 yaşını qeyd edən sərgi hər il olduğu kimi, bu il də dünya ictimaiyyətinin diqqətini özünə cəlb edərək Xəzər regionunun aparıcı İKT forumuna çevrilib. Biz də böyük marağa səbəb olan sərgi ilə tanış olmaq üçün sözügedən ünvana yollandıq.
Sərgidə dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edir ki, bu şirkətlər arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur brendlərin distribütorları var. Sərginin ekspozisiyası və konfransın keçirilmə yeri Bakı Ekspo Mərkəzinin üç zalını və foyesini əhatə edir.
Xatırladaq ki, sərgi keçirilən müddətdə “Koroğlu” metrostansiyasının yaxınlığından hər saatın tamamında pulsuz avtobuslar iştirakçıları Ekspo Mərkəzə aparır. Kompleksə daxil olan kimi foyedə Azərbaycan milli pavilyonu diqqətimizi çəkir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin son illərdə həyata keçirdiyi işlər, habelə İKT sənayesinin inkişafı üzrə gələcək planlar barədə dolğun məlumat verən bu pavilyonda iştirakçılar həm şəkil çəkdirir, həm də ən son xəbərlər haqqında məlumatlandırılırdılar.
Bakuteldə “Bakı 2015 Avropa oyunları”
Bildiyimiz kimi, ölkəmiz “Bakı-2015” Birinci Avropa Oyunlarına fəal şəkildə hazırlaşır. Bu əlamətdar hadisə “Bakutel” sərgisində də əks olunub. Kompleksin foyesində yerləşən “Bakı-2015” adlı stend Avropa oyunlarına hazırlıq prosesini, onun texniki və texnoloji məsələlərini, habelə növbəti ilin ən böyük idman bayramı çərçivəsində bizim hər birimizi gözləyən sürprizləri əks etdirir.
Havanın soyuq olmasına baxmayaraq sərgidə kifayət qədər ziyarətçi var idi. Ən son texnologiyalarla maraqlanan insanlar stendlərin qarşısında dayanıb məlumat toplayırdılar. Bəziləri isə sərgiyə yalnız şəkil çəkdirmək üçün gəlmişdi. Belə gənclərdən biri də Azərdir. Azər deyir ki, dostlarının təkidi ilə sərgiyə gəlib: “Vallah mənim yeni texnologiyalardan başım çıxmır. Amma təşkil olunan oyunlar, insanların toplaşdığı yerdə normal insan kimi gəzən robotlar çox maraqlıdır. Robotlarla xatirə şəkli də çəkdirmişəm”.
50 min dollarlıq ev telefonu
Hər il olduğu kimi, bu il də sərgidə ölkəmizin mobil operatorları maraqlı oyunlar və yarışmalar təşkil edərək insanları əyləndirirdi. Bu yarışmaların biri də “Azercell”in pavilyonunda təşkil edilmişdi. Suallara cavab verən vətəndaşlar mobil telefon, ödəmə kartları və digər hədiyyələr əldə edə bilirdilər. Həmçinin “Azercell” telekomun nümayəndələri ziyarətçilərə şirkətin texnoloji yenilikləri, Bakı və şəhərətrafı əraziləri əhatə edən 4G sistemi, mobil və simsiz cihazlar sahəsində yeniliklər və korporativ həllər haqqında məlumat verirdilər.
Sərgidə diqqət çəkən stendlərdən biri “Bakınıty” şirkətinin pavilyonu idi. Belə ki, burada şirkətə məxsus kameralı telefonlar nümayiş etdirilirdi. Bu telefonlar vasitəsilə internet olmada bir-birinə zəng edərək görüntülü danışmaq mümkündür. Şirkətin satış meneceri Samir Rüstəmov bildirdi ki, bu telefonun qiyməti baha olduğu üçün fərdi evlərdən daha çox şirkətlərə satılır: “Cisco şirkəti 1986-cı ildən, ölkəmizdə isə 20 ilə yaxındır ki, fəaliyyət göstərir. Bu telefon aparatı ilə birlikdə 50 min dollara başa gəlir. Qiyməti baha olduğu üçün fərdi insanlardan daha çox banklar və özəl şirkətlər alır. Onlar bu telefonlar vasitəsilə xarici ölkələrlə videokonfrans edirlər”.
Suya davamlı noutbuklar
Sərgidə ən son texnoloji yeniliklər göstərildiyi üçün burada insanın təəccüblənməməsi mümkün deyil. Bu vəziyyət bizim də başımıza gəldi. Stendlərdən birində üzərinə su dağıdılmış noutbuk diqqətimizi çəkdi. Insanların da toplaşdığı bu stendə yaxınlaşdıq. Əvvəlcə, elə bildik ki, sərgi iştirakçılarından kimsə bilmədən noutbukun üzərinə su dağıdıb. Sən demə, bu, elə texnologiya ilə hazırlanıb ki, üzərinə bir vedrə su töksən belə, noutbuka heç bir ziyan dəymir. Üstəlik, söhbət əsnasında məlum oldu ki, bu noutbukun qiyməti digərlərindən fərqlənmir. Hətta sərgidə noutbukun müştərisi belə çıxdı. İlhamə deyir ki, uzun müddətdir yaxşı noutbuk almaq istəyib, lakin, bu noutbuk qədər onun diqqətini çəkən olmayıb: “Bu stendin yanından keçəndə əvvəlcə noutbukların dizaynı diqqətimi çəkdi. Buradakı satıcılardan noutbuk haqqında öyrəndikdə, bildirdilər ki, suya davamlıdır. Həqiqətən də bunun şahidi oldum və almaq qərarına gəldim”.
Elvini isə ən çox maraqlandıran stend “Microsoft Azərbaycan”ın stendi olub. O deyir ki, Microsoftun nümayiş etdirdiyi servis çox sərfəlidir: “Mənim texnikaya uşaqlıqdan marağım var. Hər il sərgidə iştirak edirəm. Bu il diqqətimi çəkən əsas stend “Microsoft Azerbaycan”dır. Onların təqdim etdikləri xidmət vaxta və pula qənaət, eyni zamanda, dəyərli resursları azad etməyə yardım göstərir. “Office 365” istənilən yerdə fərdi kompyuter, planşet və ya smartfon vasitəsilə sənədlərlə işləmək imkanını yaradır”.
Məlumat üçün bildirək ki, “Microsoft Azerbaijan”ın bu tədbirdə iştirakının əsas məqsədi bulud texnologiyaları əsasında hazırlanmış “Office 365” xidmətinin yenilənmiş versiyasını geniş kütləyə nümayiş etdirməkdir. Belə ki, sərgi çərçivəsində “Microsoft Azerbaijan”ın stendinin ziyarətçiləri istənilən miqyaslı təşkilatın səmərəliyini artırmaq üçün bulud imkanlarını təklif edən sözügedən xidmətlə yaxından tanış ola biləcəklər.
Mürəbbəli texnologiya
Texnologiya sərgisində nümayiş olunan ən maraqlı stend “Ordubad nemətləri” nin satıldığı stend idi. Axı bu mürəbbələrin texnika ilə nə əlaqəsi var? Stend bizə maraqlı gəldi və söhbətləşmək üçün yaxınlaşdıq. Stend bələdçisi Yaşar Nəzərəliyev deyir ki, “ordubad nemətləri”nin içərsində əsas yeri böyrək otu tutur: “Bunlar elə belə məhsullar deyil. Böyrək otu qara ciyər, böyrək, mədə-bağırsaq xəstəlikləri üçün xeyirlidir. 17 növü olan bu böyrək otunu dəmlədikdən sonra 25 dəq saxlayıb gün ərzində 3 dəfə içirsən. Bu otun qiyməti 1 manatdır. Sərgidə böyrək otu ilə yanaşı, mürəbbələrimiz də nümayiş olunur. Mürəbbələrin qiyməti isə 3 manatdan başlayır”.
Formula1 həyəcanı
Texnologiya sərgisində mürəbbələrdən daddıqdan sonra zaldan çölə çıxırıq. Foyedə pavilyona toplanan insanlar diqqətimizi çəkir. Onlara yaxınlaşdıqda məlum olur ki, bu, türklərin stendidir və onlar oyun üçün olan formula1 maşını nümayiş etdirirdilər. Hərəkət edən bu maşın iştirakçıların diqqətini cəlb edirdi. Belə ki, bu oyunda oynayan iştirakçılar özlərini formula 1 yarışlarındakı kimi hiss edirlər.
Qeyd edək ki, 20 il ərzində dünyanın 50 ölkəsindən 2000-dən artıq şirkət sərgiyə qatılmış və yüz mindən çox ziyarətçi sərgidə iştirak edib. Dünyanın 19 ölkəsi, o cümlədən Koreya, Fransa, Kanada, Litva və digər ölkələr bu sərgidə mütəmadi olaraq öz milli pavilyonları ilə çıxış ediblər.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər